KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qarabağ planı”nda yeni oyunçu: “Qoca qurd” Xankəndiyə niyə gəldi?

Qarabağ planı”nda yeni oyunçu: “Qoca qurd” Xankəndiyə niyə gəldi?

Hasan Oktay Hasan Oktay - - 10 dk okuma süresi
425 0

Qarabağ planı”nda yeni oyunçu: “Qoca qurd” Xankəndiyə niyə gəldi?
petrosyan
Erməni Milli Komitəsinin sədri Levon Ter-Petrosyanın dünən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna gələrək, qondarma rejimin “prezidenti” Bako Saakyanla görüşü son dövrlər haqqında çox danışılan məşhur “Lavrov planı” və Serj Sarkisyanın Xankəndində Qarabağla bağlı qalmaqallı toplantısı fonunda diqqətdən yayınmadı.

“Dördgünlük müharibə”nin gətirdiyi diplomatik həll variantları və baş verənlərin xronologiyası arxasında ehtimallar buraxır.

Ermənistanın 24 il sonra açıq məğlubiyyəti ilə nəticələnən aprel döyüşlərindən dərhal sonra Rusiya diplomatiyası regionda aktivləşdi. Putinin baş diplomatı Sergey Lavrov və hökumət sədri Dmitri Medvedevin İrəvan-Bakı istiqamətində intensiv səfərləri başlandı. “Lavrov planı” adlandırılan rusların həll təklifinə görə; işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i qaytarılır, Laçın dəhlizi müvəqqəti olaraq saxlanılır, Dağlıq Qarabağın statusu üzərində danışıqlar aparılır, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsələsi müzakirə olunur. (http://publika.az/p/131626).

Rusiyanın İrəvana göndərdiyi bu təkliflər öncə normal qarşılandı, hətta xarici işlər naziri Nalbandyan “6 rayonu qaytarılması ilə bağlı müzakirələr aparılır” deyə açıqlama verdi.

“Dördgünlük müharibə”dən dərhal sonra Ermənistan daxilində maraqlı hadisə baş verdi. Belə ki, Serj Sarkisyan əzəli rəqibi olan Levon Ter-Petriosyanla telefon əlaqəsi yaradaraq, Qarabağdakı vəziyyəti müzakirə etdi. Onun sələfi ilə təması sonrakı günlərdə də davam etdi. Sarkisyanın bu addımı iki kontekstdən dəyərləndirilirdi: birincisi, o, vaxtilə münaqişənin həllinə çalışan və buna görə devrilən Petrosyandan “Lavrov planını” ilə bağlı məsləhətlər alıb, ikincisi, Sarkisyan ermənilərin “təslimçi sülh” adlandırdğı bu prosesdə məsuliyyəti təkbaşına daşımamaq üçün “qoca qurda” üz tutub. Burada aprel döyüşlərindəki məğlubiyyətdən sonra ciddi ictimai etirazla qarşılaşan Sarkisyanın Koçaryan klanına qarşı Levonla birlikdə cəbhə yaratması ehtimalı da görünürdü.

Və ermənilərin məğlubiyyəti ilə nəticələnən qısa müharibədən dərhal sonra başlanan danışıqlar prosesinə hazırlıq mərhələsi Sarkisyanın Xankəndində keçirdiyi qapalı toplantıya qədər ümidverici idi.

“Dördgünlük müharibə”dən 13 gün sonra – aprelin 18-də Sarkisyan Xankəndində gəldi. İlkin məlumatlara görə, o, məğlubiyyətdən sonra bölgədəki erməni hərbiçilərinə ürək-dirək vermək və Azərbaycanın azad etdiyi əraziləri öz gözləri ilə görmək istəyib. Həqiqətən də onun Lələ Təpəyə qorxa-qorxa baxması fotoobyektlərdən yayınmadı.

Amma səfərin əsas məqsədi bu deyildi. Aprelin 18-i axşam saatlarında Xankəndində separatçı rejimin “rəhbərliyi”, həmçinin, İrəvandan Sarkisyanla birlikdə gələn “Daşnaksütyun” partiyasının üzvləri və generallardan ibarət qapalı görüş keçirilib. Erməni mediasının yazdığına görə, qapalı iclasda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiyanın irəli sürdüyü plan və bu plana uyğun olaraq Ermənistanın tərk edəcəyi ərazilər müzakirə olunub. İclasda bununla bağlı ciddi fikir ayrılığı yaranıb. Sabiq xarici işlər naziri Georqi Petrosyan ayağa qalxıb və qapını çırparaq gedib. General Vitali Balasanyan bildirib ki, kimsə bu razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək. (http://publika.az/p/133541).

Bu məlumatlar Sarkisyanın iki od – Rusiya və daxildəki millətçilər arasında qaldığını göstərdi. Məhz həmin görüşdən sonra erməni ictimaiyyətində anti-Rusiya etirazları başladı. Nəhayət, Lavrov yenidən – aprelin 21-i İrəvana səfər etdi. İki gün davam edən səfərdə bağlı qapılar arxasında məhz Qarabağın müzakirə edildiyi şübhəsiz idi. Rus diplomatın İrəvan səfərindən bir gün sonra – aprelin 23-ü Sarkisyanın “Bloombergə” müsahibəsində danışıqlardan imtina etdiklərini açıqlaması və “təhlükəsizlik zəmanətləri olmadan Azərbaycanla sülh danışıqlarına başlamaq ağılsızlıqdır” deməsi, ardınca hücumlara başlayaraq, cəbhə boyu yaşayış məntəqələrində mülki əhalini hədəfə alması iki versiyanı gündəmə gətirdi.

1. Lavrov “sülhməramlı” punktunu qəbul etməyən Bakıya təzyiq üçün ermənilərə “vur” əmrini verib. (http://publika.az/p/133829).

2. Rusiyanın “5 rayonu qaytar” tələbinə boyun əymək istəməyən İrəvan rejimi mülki əhalini hədəfə alaraq, ABŞ-ın diqqətini regiona cəlb etmək və okeanın o tayında irəli sürülən “Atəşkəsə nəzarət mexanizmi” ideyasını gerçəkləşdirmək. Sarkisyanın danışıqlardan imtina etdikdən sonra üç şərt irəli sürməsi və bu şərtlərdən birinin “insidentlərin araşdırımasına dair mexanizmlərin tətbiq edilməsi” olması da bu ehtimalı ön plana çıxarırdı. (http://www.publika.az/p/134493).

Bu siyasi proseslər fonunda Petrosyanın Xankəndinə səfər edərək, separatçı “prezidentlə” görüşü “Rusiyanın təklif etdiyi həll planının Levon vasitəsilə qəbul etdirilməsi” və “Sarkisyana dəstək” ehtimallarını ön plana çıxardı.

Levonun Rusiyanın həll təklifini öz çantasında daşıyaraq, bunu daxili abı-havaya qəbul etdirmək ehtimalı onun siyasi həyatında bəzi çalarlar baxımından mümkün görünür.

Petrosyanın Qarabağın işğalında ən aktiv rol alan daşnaklara “siz bizim gələcəyimizi məhv edirsiniz” sözləri məşhurdur. O, Qarabağın işğalı dövründə ölkəyə rəhbərlik etsə də, sonra bu münaqişənin ölkəsinə həqiqətən bəlalar gətirdiyini anladı və 1998-ci ildə “Mərhələli həll” variantı ilə razılaşdı. Bu varianta görə, yeddi rayon qaytarılır, qaçqınlar evlərinə dönür və Dağlıq Qarabağın statusu müzakirə olunur. Petrosyan anlayırdı ki, münaqişə Ermənistanın blokadaya düşməsinə, nəticə etibarilə indiki iqtisadi vəziyyətlə üzləşməsinə gətirib çıxaracaq. Məhz buna görə o, “Azərbaycanla sülh olmasa, Ermənistanın gələcəyi yoxdur” deyə açıq şəkildə bildirirdi. Onun bu sözləri hakimiyyətini itirmək bahasına başa gəldi.

“Dördgünlük müharibə” İrəvan rejiminə hərbi və diplomatik olaraq necə zəif olduqlarını sübut etdi. Bu özlərinin özlərinə etiraf edə bilmədiyi zəifliyin başqası – Azərbaycan Ordusu tərəfindən diktə edilməsi idi. Bu məğlubiyyətdən sonra Sarkisyanın əzəli rəqibi Levonla təmaslar qurması, daha sonra Xankəndində qalmaqallı toplantının baş verməsi, dünən isə ermənilərin birinci prezidentinin Qarabağa səfəri belə düşünməyə imkan verir: Sarkisyanın Rusiya planını “Qarabağ klanına” qəbul etdirə bilmir. O, hər iki halda, həm Rusiyaya qarşı çıxarsa, həm də Moskvanın həll planını qəbul edərək, 5 rayonu Azərbaycana qaytararsa, hakimiyyətinə ciddi təhlükə olacağını yaxşı anlayır. Petrosyan məhz bu işdə ona yardım əlini uzadır və Rusiya planının ictimai şüurda qəbulu üçün, yəni onun tarixi yanaşması ilə desək, Ermənistanın gələcəyinin qarantisi olan “əraziləri tərk etmə” prosesinin reallaşması üçün birbaşa separatçı “prezidentlə” görüşür.

Bu işdə hər iki əzəli rəqibin öz maraqları var.

Sarkisyan: erməni siyasətinin “qoca qurdu” ilə eyni səfdə olduğunu göstərərək, ona qarşı olan Koçaryan klanına mesaj verir. Həmçinin, hakimiyyətinin ömrünü uzatmaq məqsədilə Rusiyanın “güzəşt” tələbinin qismən təmin olunması üçün Petrosyan kartından yararlanmaq istəyir. Bu, həm də məsuliyyətin təkbaşına daşımaq təhlükəsini aradan qaldırır. Petrosyanın onunla eyni səfdə olması “dördgünlük müharibə”dən sonra sürətlə zəifləyən ictimai dəstəyin bərpa edilməsinə imkan yarada bilər.

Petrosyan: “Qoca qurd” bununla illər sonra özünün ölkəsinə lazımlı olduğunu göstərir. Bu, siyasətə qayıdış yolunda da mühüm məsələdir. Doğrudur, Petrosyanın dərhal “əraziləri tərk edin” çağırışı etməsi gözlənilən deyil. Hər halda 1998-ci ilin acı təcrübəsinə görə, Levon bunu açıq şəkildə söyləməyəcək. Lakin prosesin sonunda onun ölkəsini danışıqlar masasına gətirəcəyi ehtimalı az da olsa var. Hələlik Petrosyan Sarkisyanın düşdüyü vəziyyətdə ona kömək etməklə yenidən hakimiyyəti bölüşdürmək niyyətindədir.
asif
Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir