KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ – Bakının yeni PLANI

Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ – Bakının yeni PLANI

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
379 0

Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ – Bakının yeni PLANI
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır.

Musabəyov Ermənistan KİV-inə müsahibəsində Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olduğunu, rəsmi Bakının vaxt itirmək istəmədiyini qeyd edib.

“Azərbaycandakı seçkilərdən sonra nizamlanma prosesində qarşılıqlı kompromislər tamamilə realdır. Tərəflər münaqişənin həllinə mərhələlərlə, qarşılıqlı güzəştlərlə və əvəzində müəyyən bonuslar əldə etməklə irəliləyə bilərlər. Yəni tərəflər dərhal hər şeyi əldə etmir, addım-addım, güzəştlərə gedə-gedə həllə yaxınlaşır. Məsələn, “çərçivə razılaşması”nın qəbulundan dərhal sonra birinci mərhələdə 2-3 rayon boşaldılır, əvəzində Azərbaycan və Türkiyə Ermənistanla bütün kommunikasiyaları açır. Bu, elə də az deyil. Xüsusən nəzərə alanda ki, Ermənistan Türkiyə üzərindən Avropaya və Yaxın Şərqə, Azərbaycan üzərindən isə İrana və Rusiyaya dəmir yol çıxışı əldə edir. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və qarşıdurmanın azalması tərəflərə növbəti addıma keçməyə imkan verəcək. Bu mərhələdə Dağlıq Qarabağın aralıq statusu razılaşdırılacaq. Əvəzində isə daha 2-3 rayonun işğaldan azad edilməsini həyata keçirmək mümkündür. Nizamlama prosesində pozitiv dinamikanı təmin etmək mümkündür və artan qarşılıqlı etimad atmosferində bu gün həlli mümkün görünməyən bir çox məsələləri həll etmək olar”, – deyə Musabəyov bildirib.

Mümkündür ki, Musabəyovun bu müsahibəsi Bakının Dağlıq Qarabağ planının bir parçasıdır. Yəni, Azərbaycan tərəfi seçkidən dərhal sonra münaqişənin həlli istiqamətində real addımlar atılmasını istəyir və bunun üçün yeni “yol xəritəsi” də hazırlanıb. Əslində seçkinin vaxtının 11 aprelə – Ermənistanda keçiriləcək seçkilər ərəfəsinə salınmasının arxasında da bu plan dayanır.

Seçkinin vaxtı niyə dəyişdirildi? – Qarabağ faktoru və 2 MÜHÜM MƏQAM

Bakı yeni “yol xəritəsi”ni Ermənistan mediasında açıqlamaqla 5 hədəfə nail ola bilər:

Birinci: İşğalçı Ermənistan rejimini konstruktiv mövqeyə dəvət edir və Ermənistan mediasının üzərindən təkliflərini erməni ictimaiyyətinə təqdim edir. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin erməni ictimaiyyətini “Azərbaycan sülh istəmir” iddiaları ilə aldatmasının qarşısını ala, həmçinin, Ermənistanda müharibə istəməyən böyük kəsimin hakimiyyət üzərində “münaqişənin həllinə razılaş” təzyiqini artıra bilər.

İkinci: Musabəyov müsahibəsində münaqişənin həlli nəticəsində Ermənistanın əldə edəcəyi iqtisadi dividendləri açıqlayır. Ermənistan işğala son qoyarsa, bölgədəki layihələrə qoşula, kommunikasiya yolları açıla bilər. Bu, faktiki olaraq, Ermənistanın düşdüyü ağır iqtisadi vəziyyətdən xilas yoludur. Bakının bu mesajı işğalçı rejimə yox, erməni ictimaiyyətinə hesablanıb. Çünki Ermənistanda müharibədən varlanan hakimiyyət ölkənin düşdüyü ağır vəziyyətin günahkarı kimi Azərbaycanı göstərir. Azərbaycanın “yol xəritəsi”nin erməni mediasında açıqlanması işğalçı rejimin ermənilər üzərində oynadığı oyunu da ortaya çıxarır. Mümkündür ki, bu, erməni ictimaiyyətində müharibədən qazanc əldə edən Sarkisyan hakimiyyətinə qarşı etiraz əhval-ruhiyyəsini qaldıracaq.

Üçüncü: Bakı bu “yol xəritəsi”ni Ermənistanda apreldə keçiriləcək seçkilərdən öncə gündəmə gətirməklə incə gediş edir. Çünki Azərbaycanın münaqişənin həllində maraqlı olması erməni ictimaiyyətinin “Qarabağ klanı”nın müharibə ritorikasına qarşı çıxması və seçkidə ümumi rəyə təsir etməsi ilə nəticələnə bilər.

Dördüncü: Bakı bununla həm də Dağlıq Qarabağda qondarma rejimin təzyiqi altında yaşayan erməni vətəndaşlarına da çıxış yolu göstərir.

Beşinci: Azərbaycan Ermənistana son olaraq şərt irəli sürür: razılaşmasalar, status-kvonu saxlamaq mümkün olmayacaq və müharibə başlayacaq. Və bunun Ermənistan mediasında açıqlanmanması erməni ictimaiyyətinə gələcək müharibənin əsl günahkarının İrəvan rejimi olduğunu göstərmək gedişidir.

Azərbaycan ərazilərinin azad olunması üçün son diplomatik həmləsini edir və böyük ehtimalla bundan sonra seçiləcək variant müharibə olacaq.

Asif Nərimanlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir