KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Qafar Çaxmaqlı Vahe Avetyan ölkəyə buraxılmalıydı, bu göydəndüşmə bir təbliğat fürsətiydi”

Qafar Çaxmaqlı Vahe Avetyan ölkəyə buraxılmalıydı, bu göydəndüşmə bir təbliğat fürsətiydi”

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
387 0

“Vahe Avetyan ölkəyə buraxılmalıydı, bu göydəndüşmə bir təbliğat fürsətiydi” – Qafar Çaxmaqlı
“1918-ci ildə ermənilər “Yaşasın Azərbaycan” şüarı ilə mitinq keçirib”
Milli Məclisin sonuncu plenar iclasında deputat, Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Orucun ermənilərlə bağlı səsləndirdiyi təklif birmənalı qəbul olunmadı.

Deputatın Azərbaycana qarşı döyüşən erməni canilərlə mülki erməniləri fərqləndirmək zərurətindən danışması və bu xüsusda konkret təkliflər səsləndirməsinə fərqli yanaşmalar var. Onun bir müddət öncə İsveçrədə mühacirətdə yaşayan Vahe Avetiyanın Bakıya gəlib Azərbaycan xalqından ermənilər adından üzr diləmək və Xocalı abidəsini ziyarət etmək istəyinin qarşısının alınmasına etirazına da ayrı-ayrı ekspertlərin yanaşması fərqlidir.

Azərbaycan Z.Orucun təklif etdiyi bu siyasətdən nə isə qazana, ermənilərin fikrini öz xeyrinə dəyişə bilərmi? Ümumiyyətlə, Azərbaycandakı bu polemika Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında hansı reaksiya doğurub. Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin və Türkiyənin Ərciyəz Universiteti Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Çaxmaqlı ilə bu mövzuda danışdıq.

– Qafar bəy, deputat Zahid Oruc parlamentdə çıxış edib dedi ki, erməni hərbçilərlə mülki erməniləri fərqləndirmək lazımdır. Sizcə, biz ermənilərin fikrini xeyrimizə dəyişmək üçün nələri edə bilərik? Araşdırmalarınız nə deyir, Qarabağ erməniləri Azərbaycanın bayrağı altına keçmək istərlərmi, bu, istiqamətdə cəhdlərimiz faydalı ola bilərmi?

– Mən deputat Zahid Orucun dediklərinə bir az fərqli yanaşıram. O, erməni hərbçilərini mülki əhalidən fərqləndirmək deyəndə nəyi nəzərdə tutur, bilmirəm. Mənim nəzərimdə Qarabağ separatizmi təkçə buradakı Ermənistan hərçilərin fəaliyyəti deyil. 1988-dən bəri buranın erməni əhalisi əyninə hərbi paltar geyinib əlinə silah alıb və öz dövlətinə qarşı vuruşub. Mənim üçün PKK nədirsə, Dağlıq Qarabağdakı qondarma qurum da odur. Bunu da, onu da ermənilər yaradıblar. Əgər burada yaşayan mülki əhali ilə separatçıları bir-birindən ayıra bilsəydik və birincilərin bu illər ərzində hər hansı dirənişi olsaydı, Zahid Oruc deyənlə razılaşmaq olardı. Danışmağa nə var ki?

– Deputat bu yaxınlarda Bakıya ermənilər adından üzr istəməyə gələn, amma hava limanından geri qaytarılan Vahe Avetyanla bağlı baş verənləri də xatırlatmışdı. Siz bu hadisə ilə bağlı nə deyə bilərsiniz, erməni vizasız gəldiyi halda, onu ölkəyə buraxmaq olardımı?

– Əlbəttə, doğru deyir ki, Avetyan ölkəyə buraxılmalıydı. Bu da normal hal deyil ki, Avetyan kimi bir Azərbaycan yanlısı olan erməni ictimai xadiminin ölkəyə gəlməsindən kimsənin xəbəri olmur. Erməni Mühacir Yazarlar Birliyinin sədri Vahe Avetyanın Bakı hava limanından geri qaytarılması ilə bağlı onun erməni mətbuatına verdiyi müsahibəni mən tərcümə etmişəm və Azərbaycan mətbuatında yayılıb. Onun Türkiyə mətbuatında yayılmasını da təşkil etdim. Bilirsiniz, bizim təbliğatımızda elə məsələlər var ki, göydəndüşmədir. Çox təəssüf ki, bəzən bəzi adamların nadanlığı üzündən o bizim əleyhimizə işləyir. Avetyanın hava limanından geri qaytarılması da onun kimi. Ermənilər dərhal bu faktdan istifadə etdilər və dünyaya yaymağa başladılar ki, baxın, bu adamlarla bir arada yaşamaq mümkündürmü? Təxminən 15 il bundan öncə də buna bənzər hadisə olmuşdu. Bakı aeroportunda erməni, özü də qarabağlı insan haqları müdafiəçisi Karen Ohancanyanı biri şillələmişdi. Ohancanyan isə bu hadisədən bir ay əvvəl ilk erməni olaraq Xocalı faciəsinə görə Azərbaycandan üzr istəmişdi. Belə bir paralellik də aparmaq olar. Demək, 15 il ərzində bizdə heç nə dəyişməyib. Ermənilərlə bağlı təbliğatımız da dəyişməyib. Əlbəttə, Avetyanın gəlib Xocalı soyqırımı anıtına əklil qoymasına imkan verməliydik. Hava limanında çalışan bir məmur bunu anlamırsa, onun rəsi də anlamırsa, demək, biz ermənilərlə bağlı siyasətimizi düzgün qura bilmirik.

– Son məlumatlara görə, Bakıda 40 min erməni yaşayır, amma onların səsləri çıxmır. Bakı ermənilərindən Qarabağ məsələsində necə yararlanmaq olar? Onları prosesə qoşmaq mümkün deyilmi?

– Bakıda yaşayan ermənilərlə bağlı da indiyədək heç bir fəaliyyətimizin olmaması normal hal deyil. Dünya bunu bilməlidir ki, Bakıda on minlərlə erməni yaşayır, amma Ermənistanda, Dağlıq Qarabağda, işğal olunmuş 7 rayonda bir nəfər də olsun türk yoxdur. Deyirik ki, Dağlıq Qarabağ bizim ərazimizdir və burada yaşayanlar da bizim vətəndaşlarımızdır. Elə isə onlara yönəlik siyasətimiz olmalıdır. Mən Dağlıq Qarabağ ermənilərinin fikrini belə ümumiləşdirə bilərəm: burada yaşayan ermənilərdə Azərbaycan hakimiyyətini qəbul etmək və keçmişdə yaşadıqları kimi ölkəmizin tərkibində yaşamaq fikri yoxdur. Adını çəkdiyimiz və çəkmədiyimiz onlarca erməni tanıyıram ki, onlar öz ölkələrində Ermənistanın işğalçı olduğunu deyirlər, amma Qarabağ məssələsinə gələndə burada yaşayanların “öz müqəddəratını təyinetmə haqqından” dəm vururlar. Demək, Qarabağda erməni toplumunun bu fikrini dəyişdirmək çətin olacaq. Belə adamların sayı yüzlərcə olsa da, indi həm Ermənistanda, həm də Qarabağda olan fikri dəyişdirmək mümkün deyil . Təbliğatımız üçün belə adamlardan istifadə edə bilərik, lakin son hədəfimizə çatmaq üçün onun faydalılıq əmsalı aşağı olacaq.

– Azərbaycan prezidenti Dağlıq Qarabağa muxtar respublika statusu vəd etdi, amma bu güzəştə də normal qarşılıq verilmədi, əksinə, cəbhədə təxribatlar artdı. Sizin məlumat və müşahidələriniz necədir, erməni əhalisi Bakının bu güzəşti ilə razılaşa bilərmi, onlar arasında ictimai rəy necədir?

– Zənnimcə, bu əraziləri Azərbaycanın etmək üçün güc tətbiq edilməlidir. Belə tarixi təcrübəmiz də var. 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Qarabağda güc tətbiq edərək nəzarətə aldı və hətta ermənilər özləri Azərbaycanın tərkibində qalmağı ölümdən, qandan və aclıqdan üstün tutdular. Üstəlik, o zaman ermənilər “Yaşasın Azərbaycan” şüarı ilə mitinq keçirib, bu, faktdır…

Aprel döyüşlərindən sonra Ermənistanda bir qorxu sindromu hökm sürür. Bu, bizim xeyrimizədir. ATƏT-n Minsk Qrupu həmsədr ölkələri də bu döyüşlərin təkrarlanması üçün səylər göstərirlər. Azərbaycan prezidentinin ermənilərə muxtariyyət təklif etməsini onlar problemin paket həllindən kənara çıxılması kimi dəyərləndirdilər. Rusiyalı həmsədr Ermənistanda verdiyi bir müsahibədə bunun doğru olmadığını bildirdi. Çünki həmsədr ölkələr Dağlıq Qarabağda nəticəsi əvvəlcədən bəlli olan bir “plebisit”- referendum keçirmək və Dağlıq Qarabağın Azərbaycandan qoparılması mexanizmini tətbiq etmək istəyirlər. Bunun detalları ilə Azərbaycan ictimaiyyəti tanışdır. Bu təhlükəni görməmək mümkün deyil. Mən hələ müharibə demirəm, aprel savaşına bənzər əməliyyatlarımızı davam etdirsək, o zaman Qarabağın erməni əhalisində fikir dəyişikliyinə nail ola bilərik. Düşünürəm ki, bu məsələdə Təbliğat çox da effekt verməz. Avetyan örnəyi də bunu sübut edir. Avetyan kimisi azərbaycanlı olsaydı, ermənilər dünyanı ayağa qaldırmışdılar. Onun öz müsahibəsində dedikləri də diqqət çəkir. “Aprel müharibəsinin dərsləri, o cümlədən Ermənistanda son hadisələrin analizi ilə bu nəticəyə gəlmək olarmı ki, azərbaycanlılarla ermənilər bir birinə düşmən demək məsələsində fikirlərini dəyişdirsinlər” sualına Vahe Avetyan belə cavab vermişdi: “Rusiyanın Federal Kəşfiyyat Xidməti gah erməniləri, gah da onları atəş altında qoyursa, iki zərərçəkənin birini nə üçün düşmən saymalıyam? Bu, dardüşüncəlilikdir. Əksinə, o ölkə bizim potensial və təbii müttəfiqinizdir”. “Potensial və təbii müttəfiq” fikrinə görə Ermənistanda “vətən xaini” sayılan, özünü siyasi mühacir sayan Avetyan “Azərbaycanı qətiyyən düşmən hesab etməmişəm və mən bütün erməniləri milli xain adlandırıram” deyib. Bir daha təkrar edirəm, Avetyan kimisi azərbaycanlı olsaydı, ermənilər bütün dünyanı ayağa qaldırardılar. Biz niyə bu faktorlardan yararlanmayaq?..

Elşad PAŞASOY

Musavat.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir