KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qənimət Zahid: Qura bilməyəcəyiniz Turanı qura bilməyəcəyiniz səbəblər

Qənimət Zahid: Qura bilməyəcəyiniz Turanı qura bilməyəcəyiniz səbəblər

Kafkassam Editör Kafkassam Editör - - 21 dk okuma süresi
244 0

Bu səbəblər qaldıqca, ideyanız ölüdür

Çox iri yazıdır, amma problemlə maraqlananlar üçün qısa vəsaitdir.
Ötən günlərdə Türk birliyi məsələsi ilə bağlı bir yazı yazdım, hətta rəngləri bir qədər də tündləşdirərək yazdığımın fərqindəyəm. Obyektivlik üçün deyim, bu yazı onu oxuyanların çoxluğunun rəğbətini qazandı, amma əlbəttə iradlar və qınaqlar da oldu. Mən də həm təqdir edənləri, həm də irad tutanları və qınayanları nəzərə alaraq bu yöndəki fikirlərimi bir qədər daha ətraflı yazaraq bölüşməyə qərar verdim. Maraqlıdır ki, yazını oxuyanların bəziləri, hətta bir qədər qabağa yürüyərək mənim etnik kimliyimi də sorğulamışdılar. Buna görə də bəri başdan bildirim ki, bütün nəslimiz türkdür, türk millətinə mənsub bir ailənin övladıyam, bundan başqa, «azərbaycanlılar türk deyil, türkdilli xalqdır» ifadəsini də yersiz və əsassız qənaət sayıram. Azərbaycanlılar türkdür və dilləri də türk dilidir. Mən də o cümlədən.
Bəs, o halda mən nəyə görə hesab edirəm ki, indi Türk biriliyi, ortaq türkcə kimi məsələlərin prioritet müzakirə mövzusu kimi qabardılması demoqogiyadır, heç bir ciddi nəticələr doğura bilməz?
Dəyərli xalq, uca millət, bunun bir neçə səbəbləri var. Etnik mənsubiyyət əsasında Birlik yaratma ideyaları yalnız türklərə məxsus olan ideyalar deyil. Bu dünyanın başqa xalqlarında da bu cür müzakirələr gedib, indi də gedir. Türk birliyi (Turan) ideyası Slavyan Birliyi, Avropa Birliyi, German birliyi, İran Birliyi kimi uzun müddətdir davam edir. Bunların arasında uğurlu təcrübi nəticəsini tapan yeganə Birlik Avropa Birliyidir. Nə qədər qəribə olsa da, Avropa Birliyi ideyası üçün iık praktik addımı da ilk dəfə atan Rusiya çarı Birinci Aleksandr olub. Napoleonu məğlub edən koalisiya, məhz, onun təkidi ilə 1815- ci ilin sentyabr ayında Xristianların Müqəddəs İttifaqı ideyası ilə Avropa dövlətlərini birləşdirməyi nəzərdə tutan Xartiya imzalamışdı. Doğrudur, bu cəhd alınmadı, amma Avropa dövlətlərinin Birliyi ideyası o zamanlardan başlayaraq ictimai-siyasi müzakirələrdə qalmaqda idi. Ona görə alınmadı ki, həmin zamanlarda bu söhbətlər hərbi- romantika təəssüratları ilə aparılırdı və ortaq dəyərlər yox idi. Xristian dini kimliyi də dövlətləri işlək mexanizm halında birləşdirmək üçün optimal «yanacaq» deyildi. Bundan daha əvvəlki çağlardan başlayaraq Slavyan xalqların birliyini nəzərdə tutan böyük Slavyan ittifaqının yaradılması, belə bir İttifaq dövlətinin slavyan xalqları dünyanın əsas gücünə çevirə biləcəyi yönündə müzakirələr başlamışdı. Hələ 16- cı əsrdən! Yeri gəlmişkən, Slavyan xalqların ittifaqı ideyasını ilk dəfə 16-cı əsrdə yaşamış Xorvat yazıçısı və ictimai xadimi Vinko Proboeviçin adı ilə bağlayırlar. Mən tarixi araşdırma yazmıram, maraqlananlar qaynaqlardan özləri tapıb oxuya bilərlər. 19- cu əsrin əvvəllərində German xalqlarının birliyi ideyası da doğulmuşdu. Daha dəqiq, konsepsiyalarla işləməyi daha tez mənimsəmiş German xalqları da belə siyasi birlik yarada bilmədilər. İndi də bu məsələni müzakirə edənlər var, Alman millətçiləri onu aktual saxlayırlar, amma marginal və o qədər də cəlbedici olmayan ideya kimi bir kənarda qalıb.
Bəlkə, sizin üçün daha maraqlı olar ki, İran xalqlarının siyasi birliyi ideyası da var, onun da əsasını qoyan etnik mənsubiyyətinə görə fars deyil, məhz, türkdür, əfşarlardandır. Böyük İran ideyası da şimali Əfqanıstana, indiki İran ərazisinin tamamına, Mərkəzi Asiyaya, eləcə də Cənubi Qafqaza iddia edir. Daha ətraflı yazmaq istəmirəm, çünki mövzu bu deyil.
Gələk, Türk birliyinə, Turan ideyasına. Dediyim kimi, Avrasiya xalqlarının zəmanətli səadət və qalıcı güc modelləri axtarmağa başladığı zamanlarda ya hərbi romantika, ya da ədəbi romantika əsasında müxtəlif böyük birlik nümunələri üzərində düşündükləri çağlarda türk mütəfəkkirlər də belə bir modelin axtarışına və müzakirəsinə başlamışdılar. Bu baxımdan fəxr edə bilərik ki, dünyanın başqa xalqlarının gündəmini zəbt edən mövzular bizim üçün də əhəmiyyətsiz olmayıb, bizim fikir babalarımız da bu müzakirələrə qoşulublar, həm də əli yalın olmayıblar. Həm də axı, Turan ideyasının siyasi- fəlsəfi müstəviyə gətirilməsi üçün ciddi arqumentlər də vardı. Böyük bir coğrafiyanın yerli sakinləri, gerçək sahibi olan türk xalqları yaşadıqları ərazilərin faktiki sahibliyindən məhrum edilmişdilər, Rus işğalı, Osmanlı imperatorluğunun tədricən zəifləməsi fonunda qalıcı perspektivlər üzərində düşünməmək intellektual qısırlıq ola bilərdi. Xoşbəxtlikdən, bizim babalarımız bu mərhələni boş qoymayıblar və zəngin əqli irs qoya biliblər. Bir də onunla fəxr edə bilərik ki, Türk birliyi ideyasının müəllifləri arasında, bu ideyanın arqumentləşdirilməsi prosesində azərbaycanlı mütəfəkkirlərin müstəsna xidmətləri olub.
Bu siyasi ideyanın ortalığa atılması, populyaşdırılması, əsaslandırılması bizə nələri verdi deyə soruşacaqsızmı? Birinci dünya savaşından sonra müxtəlif türk dövlətlərinin meydana gəlməsi bu ideyalar qarşısında kompromis idi. Bu ideyanın milli elitaların şüurunda, təsəvvürlərində oturuşması dünyanın böyük güclərini də məcbur etdi ki, müxtəlif türk xalqlarının dövlət quruluşlarının yaranmasını zərurət kimi qəbul etsinlər.
Gəlirik indiki zamanlara.
Biz indi 100 il əvvəlki Turan ideyasının elə 100 il əvvəlki arqumentlərlə əsaslandırılmasını müşahidə edirik. Sanki, heç nə dəyişməyib. Amma çox şeylər dəyişib. Dəyişmiş qlobal situasiya bu ideyanın özünə də yeni baxış tələb edir. Dəyişimin ən önəmli faktoru budur ki, 100 il əvvəl müzakirə edilən bu modellərdən biri uğurlu həllini tapıb. «Amertika kəşf edilib», yaxud «velosiped icad edilib»! Avropa birliyi yaranıb, əziz dostlar. Bu qısa arayışı ona görə təqdim etdim ki, önümüzdəki bu boyda nümunəni bir kənara atıb, bəzən hətta onu inkar edib 100 il əvvəlki müzakirələrə 100 il əvvəlki təsəvvürlərlə qatılmağın nə qədər geridə qalmış təəssüratlar olduğunu anlayaq.
Tamam, «biz türkük, türkdən böyük millət yoxdur, türk millətinin qarşısında dayanan güc yoxdur, ya da olmamalıdır»… Bunu anladıq. 100 il əvvəl Turan ideyasının dartışıldığı auditoriyalarda başqa bir bomba da atılmışdı. Mirzə Ələkbər Sabirin «Fəxriyyə» adlı şeiri var, lütfən, onu tapın və oxuyun. Sabir nəhəng adamdır, sadəcə şair deyil, böyük vətənpərvərdir, fikir adamıdır, mənsub olduğu millətin yılmaz təəsübkeşidir. Onun «Fəxriyyə» şeiri həmin zamanlarda Turan dərslərinin keçirildiyi məktəblərdə öyrədilən fənnlərdən biridir. Yəni, potensialınıza tənqidi baxacaqsınız. İmkanlarınızı olduğundan böyük (Nəsib Nəsibli demişkən, «yekə- yekə») qiymətləndirməyəcəksiniz.

Əlinizdə olan imkanların nəyə yaradığını bilmədən praktik fəaliyyətə başlaya bilməzsiz. Bunun üçün Turan ideyasına bənzər olan müzakirələrin uğurlu nəticəsi kimi qeyd etdiyimiz Avropa Birliyinin hansı standartlar əsasında yarandığına qıyıq gözlə bir nəzər fırlatmalıyıq. Avropa Birliyi ideyası da elə 1815- ci ildə rus çarı İ Aleksandrın ortaya atılıb qırağa çəkilduiyi zamandan soyuducuya, yaxud o zaman soyuducu olmadığı üzündən zirzəmiyə, buzxana quyusuna atılmamışdı, zaman- zaman hətta cəhənnəm alovu kimi savaşların da predmeti olmuşdu. Məsələn, Hitlerin bütün Avropanı vahid dövlət sərhədləri daxilində birləşdirmək iddiaları kimi. Amma Avropa Birliyi nəyin əsasında yarandı? Sivil və mədəni prinsiplərin. Avropa Birliyinin baza prinsipləri, obrazlı şəkildə «dördlük» adlandırılan qaydalardır. Yəni, Avropa Birliyinin sərhədləri daxilində «insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti». Bu, iqtisadi azadlıq deməkdir və əlavə olaraq Avropa hüququnun əsas, həm də felən işlək, sabotaj edilməyən, dərk edilərək çalışdırlan hüquq normativləri arasında qızıl qaydalar var: insan azadlıqları və söz azadlığı.
Avropa Birliyinin əsasında dini və ya etnik eynilik dayanmır. Bu eyniliklər üzərində, ən başlıcası dini eynilik üzərində Avropa dövlətlərinin birliyini yaratmaq cəhdləri iflasa uğrayıb, dövrəyə hüquq girəndə isə bu cəhd uğurla alınıb. Müqayisə edəkmi, Turan yaratmaq iddiasında olan dövlətlərin gerçəkləri ilə?
Söz azadlığının ağlar durumuna görə Qırğızstan 72- ci yerdə (ən yaxşı yer), Qazaxıstan 122- ci, Özbəkistan 133, Türkiyə 149, Azərbaycan 154, Türkmənistan isə 177-ci yerdədir və Türkmənistandan o tərəfə naxçıvanlılar demişkən, «xozanlıqdır», adam yaşamayan və alaq basmış yerlərdir.
İnsan azadlıqları standartılarına görə Qırğızstan 71 (ən yaxşı göstərici), Qazaxıstan 76, Azərbaycan 116, Türkiyə 120- ci yerdədir. Türkmənistanın «fredoommetr»i qaynayaraq partladığına görə bu cür sorğulara daxil edilmir, layiq görülmür.
Bu azadlıqların olmaması səbəbindəndir ki, türk dövlətlərinin başçıları, siyasi elitası xirtdəyə qədər çirkabın içinə qərq olub və çirkabın səviyyəsini ölçən cihaz da korrupsiya metridir. Buyurun, korrupsiyalaşma səviyyəsinə görə :
Qazaxıstan 101- ci, Türkiyə 109, Özbəkistan 126, Qırğızstan 140, Azərbaycan 157, Türkmənistan isə 167- ci yerdədir. Elə bir Türk dövləti yoxdur ki, onu iqtisadi və ya humanitar azadlıqların səviyyəsinə görə ortaq məxrəc xəttinə qoyub çevrəsində yerləşə biləsən.
İnsana sayğı göstərməyən idarəetmə rejimləri xalqları da adam yerinə qoymaz, çünki xalqlar, dəyərli izləyicilər, bildiyiniz kimi, insanlardan ibarətdir. 100 baldan artıq korrupsiya bilirsizmi, nə deməkdir ? O deməkdir ki, həmin dövlətləri idarə edən hakim zümrə, yaxud hakim ailə (elita, necə istəyirsiz, eləcə də olsun) idarə etdikləri dövlətlərdən daha zəngindirlər. Məsələn, Azərbaycanda qara iqtisadiyyatın kütləsi 60 faizə qədərdir. Türk dövlətlərinin demək olar ki, hamısında xalqlara qarşı aşkar sayğısızlığın (yumşaq desək) ən parlaq nümunəsi seçki sisteminin iflic edilməsi və dövlətin formalaşmasında xalqların iştirak hüququnu qəsb etməkdir. Xalqların siyasi iştirakçılıq haqqının mənimsənilməsi həmin xalqların mandatının əlindən alınmasıdır, hakimiyyətlərin qəsb edilməsidir, zorakılığın təntənəsidir.
Qeyd etdiyim kimi, Avropa Birliyinin sərhədləri daxilində «insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti» bu Birliyin baza prinsipləridir. Türk dövlətləri arasında məsələn, Azərbaycanla Türkmənistanın quru sərhədləri nəinki başqalarının, hətta öz vətəndaşlarının da üzünə bağlıdır. Quru sərhədlərin açılması belə problemi həll etmir və yəqin ki, hansısa başqa məhdudlaşdırıcı normaların tətbiqi ilə müşayiət olunacaq.
Bəs, bütün bu neqativ görsənişlərin, qara rəqəmlərin Turan ideyasına dəxli varmı ? Əlbəttə, var! Bunu hələ 100 il əvvəl bu ideyanı siyasi gündəmə gətirib dartışan, onu Türk coğrafiyasının kredosuna çevirmək iddiasında olan böyük mütəfəkkir babalarımız görürdülər və buna görə də müstəsna olaraq nə deyirdilər? Deyirdilər ki, türk birliyi, islam təəssübü öz yerində, amma siyasi ekol və texnologiyaları Avropadan əxz etməliyik. Bəs Azərbaycan bayrağındakı qırmızı rəng hardan götürülüb? Bunu mücərrəd anlayışların daxilində axtaran varmı? Əlbəttə yoxdur. Əli bəy Hüseynzadənin, Turan ideyasının ən möhtəşəm müəlliflərindən olan bu fikir adamının yazılarına baxın. Əhmədbəy Ağaoğlunun varisi olan Səməd Ağaoğlu da bunu müstəsna sitat olaraq verir : “İslam ümmətindən, qərb mədəniyyətindən, Türk Millətindən olmaq” ideyasını o ilham etdi».
Ötən yazımdan sonra bəziləri yarımhaqlı olaraq Əli bəy Hüseynzadəni, Əbülfəz Elçibəyi, M.Ə. Rəsulzadəni xatırladaraq gerçək yolun bu böyük mütəfəkkirlər tərəfindən cızıldığını göstəridilər. «Yarımhaqlı» nəyə görə? Ona görə ki, bu böyük mütəfəkkirlər Turan ideyasına qovuşmağın siyasi xəttini Avropa dəyərlərini əxz etməkdə görürdülər. Əbülfəz Elçibəyin millətçi olduğunu deyənlərin neçə faizi onun gerçək bir demokrat olduğunu inkar edir ki? Yəni, Turan ideyasının baniləri belə insan hüquq və azadlıqlarını bu ideyanın mərkəzində görürdülər.
Mən Avropa Birliyini Turan ideyasına qarşı qoymuram, dəyərli izləyicilər. Tamamilə mümkündür ki, hətta yaxın gələcəkdə, məsələn, Cənubi Amerika ölkələrinin daha mükəmməl və daha mütərəqqi bir İttifaqı meydana çıxsın. (Ərəb dövlətlərinin birliyi dünya siyasətinin demirəm, heç, ərəb ölkələrinin də ciddi siyasi uğuruna çevrilə bilməyib). Sadəcə olaraq əminəm ki, Türk dövlətlər Birliyi konsepsiyasının əsasında insan azadlıqları, söz azadlığı, iqtisadi azadlqlar dayanmırsa, onu bəri başdan aparın tullayın 100 il əvvəlki tarixə və müzakirələri də 100 il əvvəlki ədəbi romantika janrında aparın. Əgər avtomobil istehsal etmək istəyirsizsə, bunun üçün plan- smeta, texniki şərtlər hazırlayırsızsa, istehsalatın mərkəzində ən vacib faktor kimi nəyi qoyacaqsız? Əlbəttə, mühərriki, özü də daxiliyanma mühərrikini. Başqa heç nə sizin məhsulunuzu bazara çıxara bilməz. Dünya bazarında deyil, heç daxili bazarda da mövqe qazana bilməzsiz. Təqribən 2 ay bundan əvvəl yerli mətbuatda belə bir qaynar xəbər yayılmışdı ki, Naxçıvanda əl arabaları istehsal edən sex fəaliyyətə başlayıb. Arabanın şəklini də vermişdilər və xeyli insan da bu istehsal xəttinin nəcib nəticələrini lağa qoymuşdu. Turan ideyasını diktatorların şübhəli məqsədləri fonunda istismar etmək də «boş- boş söhbətlərdir».
Mən haqlı olaraq şübhələnirəm ki, indi bu ideyanın şəklini Nəsib Nəsibli demişkən «yekə- yekə» salonlardan asan diktatorlar Rusiyanın zəruri çöküşünün mümkün zərərlərindən sığortalanmaq üçün dünya demokratiyası qarşısında barrikada kimi istifadə etmək niyyətindədirlər.
Hələ bir başqa tənqidçim də emosiyalarına inteqrasiya edərək belə yazmışdı: «İndi Türkçülüyü boş söz- söhbət adlandıran Qənimət Zahid vaxtilə AXC içində başlanmış Bütöv Azərbaycan müzakirələrini də boş söz- söhbətlər adlandırmırdımı». Yox, dəyərli müəllif! Ciddi elmi- politoloji müzakirələrə belə provinsial yarımqənaətlərlə hücumun qarşısını təəssüflə alaraq ərz edirəm. Mən heç zaman Bütöv Azərbaycan ideyasına qarşı olmamışam. Əksinə, Azərbaycanda Bütöv Azərbaycan adlı təşkilatın qurucuları sırasına baxmağınızı tövziyyə edə bilərəm. Bu təşkilatın 3 nəfər təsisçisi olub. Əbülfəz Elçibəy, Əli Məsimov və Qənimət Zahid. Bu təşkilatın ideya platformasında «Bütöv Azərbaycan» adlı jurnalı da ilk dəfə elə mən dərc etmişəm. Lap o zamanlar «İkiyə bölünmüş Vətən» adlı kitabıma da ön sözü Əbülfəz Elçibəy yazıb.
Diktatorların Türk birliyinə daha çox xidmət edə biləcəyi qənaətlərini iddia edən həmin provinsial təsəvvürlər gərək dünyanın gərdişinə, ötəri də olsa, bir nəzər atsınlar. Böyük layihələrin altına imza atmaq iddiasında olan bir diktator, xırda- xırda insanların haqqını çırpışdırırsa, xırda- xırda insanların taleyini qara dəftərlərə yazırsa, idarə etdiyi dövləti özünün həşəmətli və əzəmətli ailəsinin dədə mülkü kimi istismar edirsə, həmin o böyük layihələrə hansı gözlə baxdığını və hansı iştaha ilə meyl saldığını görmək üçün mikroskop gərək deyil.
Əgər Turan ideyasının nəhəng ölçülü müəlliflərindən- banilərindən sitat gətirirsizsə, o zaman zəhmət çəkin həmin insanların mənsub olduqları xalqlar üçün rəva gördükləri istiqlal və hürriyət anlayışlarına da xor baxıb qafiyələri qarışdırmayın. Azadlıqlar yoxdursa, böyük birlik olmayacaq. Azadlıqlar və hüquq tərəfləri bərabərləşdirən müstəsna faktorlardır. Bərabər olmayan, hüququn bərabərləşdirmədiyi tərəfləri «moment» yapışqanı ilə də birləşdirə bilməzsən. Buna görə də, mütəfəkkir iddiası ilə, Nəsib bəy Nəsibli demişkən, «yekə- yekə iddialara düşməzdən əvvəl» dünyada tətbiq edilən uğurlu modellərə baxın, elm oxuyun, taftalogiyanı bir kənara atın və ideyanızda səmimiyyət dərəcəsini yox, bu niyyətlərə gerçək varış üsullarını əxz edin. Çağdaş dünyada hüquq və azadlıqları bünövrəsinə almayan heç bir geosiyasi birlik qalıcı ola bilməz, inkişaf və tərəqqi edə bilməz, nikibin nəticələri ola bilməz!
Bu nəhəng yazı müzakirələrə açıq elan edilir
Sayğılarla

Qənimət Zahid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir