KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Qənimət Zahid: haqq edilməmiş zənginliyin kədərli tarixçəsi: Rusiya

Qənimət Zahid: haqq edilməmiş zənginliyin kədərli tarixçəsi: Rusiya

Kafkassam Editör Kafkassam Editör - - 22 dk okuma süresi
37 0

Sovet İttifaqı dağılandan sonra bir müddət tərəddüddə qalan Rusiya böyük neft pullarını əldə etməyə başlayan kimi aktiv və aqressiv xarici siyasətini bərpa etdi. Bu aktivlik və aqressiya ilk növbədə keçmiş Sovet Respublikalarına yönəlməkdəydi, çünki bu dövlətlər Rusiyanın öz təbiri ilə desək onun «təsir dairəsinə» daxil idi və onların rəqib düşərgəyə meyl etməsinə imkan vermək olmazdı.

Bəs, bu dövlətlər niyə «rəqib düşərgəyə», yəni NATO blokuna doğru inteqrasiyaya can atırlar? Çox sadə səbəb üzündən. Orda texnoloji inkişaf və daha çox qazanmaq imkanı verən mexanizmlər var. Misal üçün deyək ki, Rusiyanın illik büdcəsi 340 milyard dollardan aşağıdırsa, Avropa Birliyinə üzv olan cəmi 3 dövlətin- Almaniya, Fransa və İtaliyanın illik büdcəsi 4,5 trilyon dollardan çoxdur! NATO blokuna daxil olan ABŞ kimi super dövləti isə bu rəqəmlərlə narahat etməyə belə dəyməz. Üstəlik, onu da nəzərə alsaq ki, Rusiya həm ərazi, həm də təbii resurslar baxımından NATO blokuna daxil olan istənilən dövlətdən daha böyük və daha zəngindir. Sadəcə bu böyüklükdən və zəngin resurslardan milli sərvətlər yaratmaq mexanizmi yoxdur, belə mexanizmləri yaratmaq həvəsi və təcrübəsi də yoxdur.

Hətta keçmiş sovet respublikalarının əksəriyyətində korrupsiyaçı liderlər totalitar sistemlər yaradaraq idarə etsələr də, onlar da daha çox qazanmaq və daha çox manevr imkanları əldə etmək üçün Qərb dünyasına, NATO bloku olan ölkələrə şəxsi investisiya yatırmaqda maraqlıdırlar. Baxmayaraq ki, bu liderlərin demək olar ki, hamısının Rusiyada geniş şaxələnmiş biznes layihələri var. Məsələn, Nursultan Nazarbayevin orda mədən sənayesi, otel- turizm biznesi, İlham Əliyevin istehsal müəssisələri və otel biznesi kimi və sairə. MDB ölkələrinin liderlərinin Rusiyada şəxsi biznes layihələrini genişləndirməsi şəxsən Vladimir Putinə zəruri sədaqətin göstəricilərindən biri kimi nəzərdə tutulur.

Bir də xalqların istəyi var. Bu düşərgədə məskunlaşan xalqlar insan ləyaqəti, insan haqları kimi fundamental hüquqların Qərb düşərgəsində daha nümunəvi qaydada həll edildiyini gördükləri üçün cəmiyyətlər də bu düşərgəyə can atır, bəzən bu canatımlar avtoritar, amma Qərbin yaratdığı maddi fürsətlərdən imtina etmək istəməyən liderlər və sistemlər üçün rahatsızlıq yarada bilir.

Rusiyanın özünü də misal göstərmək olar. Bu nəhəng ölkə bir nömrəli təbii sərvət sayılan neft-qaz ehtiyatlarının istehsalını artırmaq və dünya bazarında öz ölçülərinə uyğun ləyaqətlə iştirak etmək üçün xarici investisiyalara ehtiyac duymuşdu. Rusiyada neft-qaz sektoruna yatırılan xarici investisiyaların 70 faizi Niderland, Lüksemburq, Böyük Britaniya, Çin və başqa dövlətlərə aiddir. Göründüyü kimi, dünyanın ən böyük dövləti ən xırda dövlətlərdən sayılan Lüksemburqdan belə investisiyalar cəlb etməyə ehtiyac hiss etmişdir.

Keçmiş sovet respublikalarının Rusiyadan asılılığı azaltmaq, balans siyasəti üçün tərəf axtarmaq cəhdlərinin bir mühüm səbəbi də onların müstəqilliyinə təhdidlə bağlıdır. Bu təhdid isə heç zaman gizlədilməyib. Rusiyanın yüksək vəzifəli dövlət şəxsləri, hətta prezidenti belə dəfələrlə keçmiş sovet respublikalarını «yarımdövlət», Rusiyanın mərhəməti sayəsində istiqlal əldə edə bilmiş ölkələr kimi qiymətləndiriblər. Bu ritorika hər zaman onu təlqin edib ki, əgər Rusiya istəməsəydi və bundan sonra da nə zaman istəməsə, bu dövlətlərin yaşamaq, var olmaq şansı yoxdur. Bu, aqressiya təhdidinin hər zaman aktual saxlanılması deməkdir. Bir sıra hallarda isə bu aqressiyanın yalnız ritorika deyil, gerçək davranış nümunəsi olduğunu da göstəriblər. 2008- ci ildə Gürcüstana hücum, 2014 və 2022- ci ildə Ukraynaya hücum bu praktik aqressiyanın yalnız ən qabarıq şəkildə görünən nümunələridir.

İlk baxışdan görünməyən nümunələr də var. Məsələn, keçmiş sovet respublikalarında etnik münaqişələr, Rus ordusunun bu ölkələrdə nəyin bahasına olursa- olsun və ya hər hansı adla saxlanılması, dövlət idarəetmə aparatına Rusiya rəhbərliyinin tövsiyyə etdiyi kadrların yerləşdirilməsi, idarəetmədə «tək adam» prinsipinin himayə edilməsi və demokratiya vərdişlərinin faktiki olaraq qadağan edilməsi…

İnsafən, Rusiyanın özü də demokratiyadan imtina edərək bu satellit dövlətlərə örnək olmağı bacarıb. Yəni, biz demokratiya istəmirik və siz də bunu istəməyəcəksiz, çünki bu mənasız vərdiş cəmiyyətləri və xalqları, eləcə də həmin xalqların yaşadıqları ölkələri Qərbə doğru inteqrasiyaya həvəsləndirir.

Rusiyanın demokratikləşdirilməsi ötən əsrin 90-cı illərində Yeltsin və Klinton tandeminin gündəliyində idi. Daha sonra Putin və Buş zamanı gəldi, Buş Rusiyanın demokratikləşmsində maraqlı deyildi, onu əsasən terrorizmlə mübarizə narahat edirdi və Rusiyanı da bu sferada əhəmiyyətli müttəfiqlərdən biri kimi qəbul edirdi.

Meeting with the President of Russia. Kempinski Grand Hotel Heiligendamm.
Rusiya rəhbərləri belə hesab edirlər ki, indi biz hərbi- iqtisadi baxımdan rəqabət qabiliyyəti olmayan ölkəyik, amma güclənəcəyik və biz güclənənə qədər təsir dairəmizdə olan ölkələr bizim təsir dairəmizdə qalmalıdır. Amma bu güclənmə prosesinin, nəhayət, nə zaman çin çıxacağı ilə bağlı da heç bir konkret plan- proqram, proqnozlar yoxdur. Ümumi baxışlardan belə qənaət yaratmaq olar : Rusiya tədricən öz çevrəsindəki ölkələri siyasi və ya hüquqi yollarla ilhaq etdikcə sərhədlərini genişləndirəcək, sərhədlər genişləndikcə Qərbə, NATO blokuna qarşı şantajları artıracaq, onları Rusiyanın indiki siyasi modeldə inkişafı üçün işləməyə məcbur edəcək və Rusiya nəhayət, dünyanın super dövləti olacaq. Bu, əlbəttə, avantürist niyyətdir, amma gerçək budur.

Rusiyanın alternativ seçim imkanları vardımı?

Əlbəttə vardı.

Rusiyanın gələcəyi ətrafında bu müzakirələr həmişə olub və indi də var. Fərqli baxışlar var. Bəziləri belə hesab edir ki, Rusiya cəmiyyəti avtokratiyanı dəstəkləyir, hətta sosial sorğularda belə əhalinin dörddə üçünə yaxın zümrə demokratik azadlıqları Rusiyaya düşmən olan NATO blokunun oyunu sayır, buna görə də Rusiyanın demokratikləşməsi perspektivlərini çətin təsəvvür etmək olar. Bunlar, əlbəttə pessimist yanaşmalardır, buna görə də bir kənara ataq.

İlk növbədə, Rusiya imperiya ideyalarından imtina etmiş siyasi kursu qəbul etməlidir. Yəni, başqa dövlətlər,- istər onun sərhədlərinə bitişik olsun, istərsə də uzaqlarda olsun, fərq etməz, həmin dövlətlər Rusiyanın hüdudları daxilində deyil, xarici ölkələrdir, bu ölkələri Rusiya iqtisadiyyatının inkişafı üçün maraqlandırmaq lazımdır. Rusiyanın nəhəng biznes potensialı var. Sərt qanun rejimi bu biznes potensialını hər kəsin üzünə aça bilər : həm ölkə vətəndaşlarının, həm də xaricilərin. Qanunlar işləmədiyinə görə Rusiya mütəşəkkil cinayətkarlıqdan əziyyət çəkən ölkədir və bu parametr üzrə dünyada 38- ci yerdədir. Əvvəllər daha pis göstəriciləri vardı.

2000- ci illərin əvvəllərindən, böyük neft pullarının axınından başlayaraq inadla oliqarxiya sisteminin yaradılması Rusiyada daxili iqtisadi təşəbbüsləri məhdudlaşdırıb. Əlbəttə, biz bu kateqoriyalar üzrə Rusiyanı Azərbaycan kimi ölkələrlə müqayisə edə bilmərik. Azərbaycanda azad iqtisadiyyat bir sistem olaraq məhv edilib, amma Rusiya böyük geosiyasi qayğıları olan ölkədir, buna görə də, orada bu təşəbbüslərin nisbi də olsa, azadlığı dövlətin sabitliyi və uzun müddətli gələcəyi üçün zəruridir. Amma nisbi azadlıqlar yetərli deyil. İmperiya iddialarından imtina etmək və bunun əvəzində cəmiyyətə yüksək rifah, bunun üçün isə geniş iqtisadi azadlqlar vermək lazımdır. Rusiya azadlıqlar əvəzinə idarə edilən oliqarxiya kapitalizmini genişləndirdi və nəticə belədir: əhalinin əhəmiyyətli faizi, 30 faizə qədəri yoxsulluq həddindən aşağı yaşayır; 20 mindən çox kənddə əhali yaşamır; 100- dən artıq şəhər və şəhər tipli qəsəbə tərk edilmiş durumdadır və onları «xəyalat şəhərlər» adlandırırlar; ildə ortalama 20-25 min korrupsiya cinayəti işi məhkəməyə göndərilsə də, ölkənin korrupsiya üzrə reytinqi 139-cu yerdədir! Və əlbəttə, çoxlu başqa faktorlar sadalamaq olar. Yəni, Rusiya ya böyük biznes üçün zəmanət verir, ya da «olum və ya ölüm» üzərində qurulan biznesə. Hərçənd, bu ikinci kateqoriyanın adı onun zəmanət altında olmadığını göstərir.

Rusiyanın xarici siyasət konsepsiyası iki mühüm müstəvi üzərində aparılır. Yaxın və Uzaq xarici ölkələr. Bu, coğrafi bölgü deyil, Rusiya hesab edir ki, vaxtı ilə Sovet İttifaqının tərkibində olmuş ölkələr Yaxın xarici ölkələrdir, qalanları isə bu kateqoriyaya daxil deyil. Yaxın xarici ölkələrə münasibətdə Rusiyanın xarici siyasəti daxili siyasətin uzantısı kimidir. Onlar belə hesab edirlər ki, Pribaltika üçlüyü istisna edilməklə qalan bütün sovet respublikaları Rusiyanın birmənalı hökmü altında olmalıdır, bu ölkələrin daxili siyasi sistemi Rusiyadakı siyasi sistemin təkrarı olmalıdır. Bu kursdan yayınmalara qarşı sərt davranış qəlibləri vardır. Məsələn, Gürcüstanda, Ukraynada olduğu kimi. Açıq hərbi müdaxilə imkanı yoxdursa, o halda (məsələn, Ermənistanda olduğu kimi) Rusiya meylli müxalifəti bütün vasitələrlə gücləndirib mərkəzdən yayınma təcrübəsinə son vermək lazımdır. Rusiyada hələ də belə hesab etməkdədirlər ki, Yaxın Xarici Ölkələr yalnız zor və avtoritar idarəetməni qoruyub saxlamaq hesabına Rusiyanın orbitində qala bilərlər. Hərçənd, bu baxışların alternativi də ola bilərdi. Əgər Rusiya keçmiş sovet respublikalarında demokratik keçidə mane olmasa, özünün zəngin sərvətləri və nəhəng bazar imkanları hesabına bu ölkələr üçün olduqca cəlbedici mərkəz funksiyasını qoruyub saxlaya bilərdi. Rusiya bu fürsətdən yararlana bilmədi. Əvəzində nələri qazandı. Məsələn, ictimai rəyin nəsə demək olduğu Azərbaycan və ya Qazaxıstan kimi ölkələrdə yerli diktaturalara nifrətin əhəmiyyətli faizi Rusiyanın da payına düşür. Ukrayna müharibəsi də göstərdi ki, bu nifrət əsassız deyilmiş.

Rusiyanın öz ətrafında yaratdığı siyasi aura hərbi təşəbbüslərlə də möhkəmləndirlib. Bu, KTMT adlı layihədir. Doğrudur, MDB ölkələrinin heç də hamısı bu hərbi bloka daxil deyil. Məsələn, Özbəkistan və Azərbaycan. Amma Azərbaycan KTMT üzvü olmasa da (1999-cu ildə bu hərbi blokdan rəsmən çıxıb) birgə hərbi təlimlərdə iştirak edir, Rusiyadan hərbi texnika və silah- sursatın alınması kimi öhdəlklərinə əməl edir. Bu cür münasibət hər iki tərəfə sərf edir: ən azı, hərbi ticarət əməkdaşlığı həm Rusiyanın, həm də Azərbaycanın siyasi elitasına böyük korrupsiya gəlirləri qazandırır.

Amma Rusiya KTMT faktorunu həm də MDB ölkələrinin NATO ilə hərbi əməkdaşlığını önləmək üçün yaradıb. Əslində, KTMT istər müdafiə, istərsə də hücum imkanlarına görə NATO ilə müqayisə ediləcək hərb maşını deyil. Nüvə arsenalını çıxsaq, müasir hərb təcrübəsi baxımından KTMT NATO ilə müqayisədə ya metallom qalağıdır, ya da ətdən qeyri- effektiv çəpər. Hərçənd, Rusiya KTMT-də olan partnyorları ilə müqayisədə çox güclüdür, buna görə də onun yaxın xaric adlandırdığı ölkələrlə siyasi davranışları zaman- zaman hərbi yumruq təcrübəsi ilə zənginləşdiriləndə vahiməli və əlacsız ortaqlıq şəraitini tamamlayır. «Ətdən hasar» imkanları da NATO ilə müqayisə olunmaz: NATO-nun ordu sıralarında 313 milyon, KTMT-nin isə 89 milyon nəfəri var. Ehtiyatda olanların sayı isə NATO blokunda 328 milyon, KTMT blokunda 94 milyon nəfərdir.

Rusiya nə MDB-ni, nə də KTMT-ni NATO bloku ilə rəqabətdə effektli güc kimi istifadə edə bilərdi. Bu qurumlar ona öz çevrəsində şumlanmış, kultivasiya edilmiş təhlükəsiz bufer zolağı kimi gərək idi. Buna görə də Rusiyanın öz ətrafında yaratdığı bu bufer zolağına daxil olan ölkələrin ən optimal şəraitdə ondan açıq şəkildə imtina edəcəyini gözləməmək sadəlövhlük olardı. Sadəcə, Vladimir Putin həmişə belə hesab edib ki, bu «optimal şərait» onun prezidentliyi (mövcud olduğu) zaman ərzində yarana bilməz. Yəni, bütün diktatorlar kimi, Vladimir Putin də idarə etdiyi dövlətin perspektivlərini özünün siyasi ömrünə hesablayır.

Alternativ vardımı ? Yəni, Rusiya öz hərbi və ya siyasi blokunu təhdid üçün deyil, mümkün təhlükələri dəf etmək, dövlət olaraq güclənmək, ölkə olaraq varlanmaq, toplum olaraq yüksək rifaha qovuşmaq məqsədləri üçün nəzərdə tuta bilərdimi ?

Əlbəttə, edə bilərdi və bunun üçün daha uzaqgörən olmaq gərək idi. Ətrafındakı dövlətləri özünə diktatorların şəxsi sədaqəti ilə yox, həmin ölkələrin təbii mənafeləri ilə bağlamaq olardı. Bu dövlətlərin azadlığını, xalqların seçim hüququnu tanımaqla; bu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaqla; müttəfiq adlandırdığı dövlətləri daxildən şantaj elementləri olan etnik qarşıdurmalarla, siyasi təhdidlərlə idarə etmək düşüncəsindən vaz keçməklə və sairə.

«Davamlı təhdidlərə qarşı davamlı səfərbərlik»

Əlbəttə, Rusiyanın rəsmi məntiqi «davamlı təhdidlərə qarşı davamlı səfərbərlik» üzərində qurulur: «Rusiya Federasiyası çoxlu xalqlardan ibarətdir, bu xalqların öz müqəddəratını təyin etmə hüququ ilə bağlı problemlər nə zamansa qabara bilər və buna görə də, Rusiya demokratikləşə bilməz, demokratikləşmiş Rusiya indiki Federativ dövlət şəklində belə qala bilməz». Rəsmi Moskvanı bu perspektiv qorxudub və maraqlıdır ki, rus cəmiyyətinin də ən azı dörddə üçünün demokratiyadan imtina etməsini şərtləndirən əsas arqumentlərdən biri budur. Buna görə də Rusiya zaman- zaman gah Sovet İttifaqına dönüş, gah hətta Çar Rusiyasının bərpası kimi qorxuducu ritorikanı istifadə edir və bu məntiqə görə Rusiya əhalisi bu imperial niyyətlər haqqında düşünən diktaturanı dəstəkləməyə meylli olacaq. Amma bir neçə səbəbə görə bu məntiqlə düşünməyin praktik faydası yoxdur. Ən başlıcası ona görə ki, əgər qarşıda Rusiyanın etnik mülahizələrə görə, daxili səbəblər üzündən parçalanması kimi perspektiv varsa, onu heç bir vasitə ilə önləmək mümkün olmayacaq. İkincisi, əgər belə bir «qorxulu» perspektivi önləmək mümkün olacaqsa da, bu, yalnız həmin xalqların, federasiya subyektlərinin azad, xoşbəxt həyatını təmin etməklə mümkün ola bilər. İstənilən halda daha çox sıxmaq partlayışı daha tezləşdirməkdir. Ukraynaya hərbi təcavüz «daha çox sıxmaq» nəzəriyyəsinin praktik iflasıdır və təsadüfi deyil ki, bu ideyanın fəlsəfi arqumentasiyası ilə məşğul olan Duqinin ailəsinin olduğu avtomobil də bu savaşın gedişində partladı! Daha çox sıxmaq daha tez partlayış deməkdir.

Rusiyanın ağıllı adamları isə bu «qorxulu məntiq»in saxta olduğunu israr ediblər və ölkənin demokratikləşməsini gələcəyə aparan yeganə yol sayıblar. Məsələn, Yeltsin zamanında Rusiyanın İqtisadiyyat naziri işləmiş iqtisadçı alim Yevgeni Yasin belə hesab edir ki, bütün bu qorxulu proqnozlar biznes elitası ilə eyniləşmiş bürokratiyanın təhdididir. «Rusiyada isə bürokratiya və biznes elitasının özbaşınalıqlarının açıq müstəviyə keçməsinin qarşısını almağın, ictimai nəzarət və özünütənzimləmə mexanizmlərinin gücləndirilməsinin yolu yalnız demokratiyadan keçir və Rusiya nəyin bahasına olursa- olsun, özünü demokratiyadan yayınma perspektivindən xilas etməlidir».

Rusiyanın gələcəyini təhlükəyə atan amil demokratiya deyil, onun yoxluğudur.

Fərqli Rusiya

Fərqli Rusiya postsovet ölkələri üçün daha cəlbedici ola bilərdimi ? Məsələn, Azərbaycan üçün. Tamamilə mümkün idi. Rusiya nəhəng bazardır, bütün keçmiş sovet xalqları üçün psixoloji olaraq daha rahat qəbul edilən toplumdur, xüsusi inteqrasiya prosesləri keçmədən əməkdaşlıq ediləcək layihələrin müstəvisidir.

Bütün dövlətlər və xalqlar üçün qırmızı xəttlər var. Bunlar ərazi bütövlüyü, suverenliyin təminatı, dövlətin varlıq səbəblərinə sayğı, cəmiyyətin ləyaqət duyğularına anlayışlı yanaşma və sair arqumentlərdir. Bu göstəricilərin təmin edilməsi şərti ilə siyasi və ya hərbi bloklar qurulur, davam edir. Bu göstəricilər olmadan qurulan və ya sırınan bütün ittifaqlar saxtadır, birinci fürsətdə dağılır və ən pisi də odur ki, yalnız bu saxta ittifaqı quran dövlət deyil, həm də oraya məcburən cəlb edilmiş dövlətlər də uzun bir zaman itirərək tarixi yenidən başlamalı olurlar.

Postsovet məkanında bu tarixi boşluq fəlakətindən yaxasını qurtara bilmiş yalnız 3 dövlət var. Latviya, Litva və Estoniya. Qalan bütün dövlətlər SSRİ dağılandan indiyə qədər olan müddəti itiriblər, bu qədər zaman da geriyə düşüblər.

Qənimət Zahid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir