KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putinin açıqlaması mesaj deyil, birbaşa nüvə təhdididir

Putinin açıqlaması mesaj deyil, birbaşa nüvə təhdididir

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
376 0


Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev Rusiya Prezidenti Vladimir Putinin Federal Məclis üzvləri qarşısındakı etdiyi sayca 14-cü çıxışının əsas tezislərini Teleqraf.com-a şərh edib.

O bildirib ki, V.Putin adətən bütün dünyanı təhdid edən bir mövzu haqqında danışıb. Rusiya Prezidenti dünyanın heç bir ölkəsində olmayan nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raket hazırladıqlarını bəyan edib:

“Bu açıqlama Rusiyada seçkilərə sayılı günlər qaldığı, NATO-nun Şərqi Avropada nüvə əleyhinə qurğular yerləşdirmək istədiyi, ABŞ Senatının Putinin ətrafına sərt sanksiyalar tətbiq etdiyi və yenidən tətbiq etmək niyyətini açıqladığı bir zamanda gəldi. Putin hər üç məsələni bir növ nüvə silahı ilə vurdu. O qeyd etdi ki, Rusiya 2017-ci ilin sonunda hətta raketin uğurlu sınağını da həyata keçirib. “Suriyadakı əməliyyatlar bizim müdafiə qüdrətimizi artırdı”, – deyən Putin Suriyada marağı olan bir neçə dövlətə eyni zamanda mesaj ünvanlamış oldu. Əslində bu cür gərgin açıqlamanın əsas səbəbi ABŞ-ın NATO vasitəsilə Şərqi Avropaya, daha doğrusu, Polşaya ağır zirehli texnika yeritmək niyyətini açıqlamasıdır. Rusiya Xarici İşlər Nazirliyi verdiyi açıqlamada bu məsələnin ağır nəticələrə səbəb olacağına dair xəbərdarlıq etmişdi”.

Z.Əmrəliyev qeyd edib ki, ancaq V.Putinin verdiyi bu açıqlama bir mesaj deyil, birbaşa nüvə təhdididir:

“Özü də bu, bir və ya bir neçə ölkəni deyil, bütün dünyanı əhatə edən bir təhdiddir. Çünki Kreml rəhbəri “konkret hansısa ölkəni vura biləcəyik” deyil, “dünyanın istənilən nöqtəsini vura biləcək nüvə silahımız var” dedi. Bu, “soyuq müharibə”dən sonra edilən ən böyük həmlə idi. Rusiya Prezidentinin açıqlaması onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək və ola bilsin ki, hətta ikinci “soyuq müharibə”yə səbəb olacaq”.

Analitik ABŞ-ın məsələ ilə bağlı atacağı addımın çox maraqlı olacağını vurğulayıb:

“NATO-nun baş katibi Yens Stoltenberq bu məsələnin böyük gərginliyə səbəb olacağına, Rusiyanın bütün təhlükəsizlik müqavilələri və razılaşmaları ayaqlar altına atdığına dair açıqlama verdi. Zənnimcə, ABŞ vəziyyəti daha da gərginləşdirməmək üçün Polşaya zirehli texnika yeritmək məsələsini bir qədər yubadacaq. Qeyd edim ki, NATO-nun, daha doğrusu, ABŞ-ın bu hərəkəti Polşanın istəyi ilə reallaşır. Çünki Polşaya qarşı bir Rusiya təhdidi var və Polşa Ukraynadakı hadisələrin onun da başına gələcəyindən ehtiyat edir. Polşa hökumətinin bu xahişi də Ukrayna böhranından sonra edilmişdi. Rusiyanın bu təhdidinə Qərb Rusiyadakı seçkilərdə aranı qatmaqla, yeni sanksiyalarla, bu ilin iyunun 14-15-də Rusiyada keçiriləcək futbol üzrə FİFA dünya çempionatının final oyunlarını boykot etməklə, ya da elə əks nüvə təhdidi ilə cavab verə bilər. Sonuncu ehtimal çox təhlükəlidir. Fikrimcə, Putinin bu açıqlaması həm də seçkilərə hesablanmış əla bir jest idi. Rusların hər zaman ən güclü lider kimi qəbul etdiyi Vladimir Putin yenə də bütün dünyaya əmr yağdırmaq həvəsində olan mühafizəkar tərəfdarlarını xəyal qırıqlığına uğratmadı. Bu təhdid Putinə seçkilərdə böyük üstünlük gətirsə də, beynəlxalq münasibətlərdə çox böyük gərginliyə səbəb olacaq”.

Səxavət Həmid

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir