KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Putin yaxşıdır, ətrafı pisdir?”

Putin yaxşıdır, ətrafı pisdir?”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
382 0


Putinin hazırda davam edən müharibə ilə bağlı mövqeyinin təməlləri çoxdur: Əsasən Türkiyənin qərarlı duruşu, Rusiyanın daxilində və ətrafındakı geniş Türk-Müsəlman coğrafiyası, bir çox regionda (Ukraynanın şərqi, Gürcüstan, Suriya, Liviya və s.) yaşadığı “isti münaqişələr”, “Navalnı hadisəsi” kimi hadisələrə, “seçkilərə və siyasətinə müdaxilə” iddiasına görə Qərblə yaşadığı problemlər, Yaponiya ilə ərazi problemi, Dnestryanı, Krım kimi potensial münaqişələr, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu və s. Rusiyanı hal-hazırda çəkindirən və gələcəkdə fərqli addımlardan çəkindirə biləcək başqa bir amil isə münaqişənin yenidən dondurulmasının gələcəkdə Rusiyanın regionda daha böyük itkiləri bahasına yenidən alovlanması riskidir.
Yəni, Putin Azərbaycana aşiq olmayıb. Mövqeyi əvvəlki Rusiya hakimiyyətlərinin mövqeyi ilə müqayisədə çox daha müsbət görünür. Bunu təqdir etmək, müsbət dəyərləndirmək lazımdır. Amma, səbəblərini də düzgün təhlil etməliyik. Bu mövqeyə görə, əsas təşəkkür Türkiyənin düzgün və qərarlı yanaşmasına, eləcə də Azərbaycan hakimiyyətinin illərdir səbrlə yürütdüyü siyasətə və indiki zamanlama strategiyasına düşür.
Çünki Putin hakimiyyətə yeni gəlməyib. 20 ildən artıqdır ki, Rusiyanı idarə edir. Ermənistan kimin sayəsində işğal altında tutduğu ərazilərdə istehkamları qurub, 2016-cı ilin aprelində “canını qurtarıb”, son 3 ayda belə güclü silahlanıb (hətta son 15 gündə Gümrüdəki bazadan hərbi dəstək verildiyini prezident İlham Əliyev də dedi) və s., bunlar hamıya bəllidir. Təbii ki, Rusiya köklü dövlətdir, güclü kadrları, ənənələri var, onların dəyişməsi çox asan deyil, amma bir daha qeyd edirəm ki, Putin hakimiyyətə yeni gəlməyib (20 ildir hakimiyyətdədir), təsadüfən gəlməyib (dövlətin içindən yetişib), məsələləri və güc balansını çox yaxşı bilir. Deməli məsələ sadəcə “Putin yaxşıdır, ətrafı pisdir” məsələsi deyil.
Rusiyanın müharibə ilə bağlı əsas hədəfləri:
1. Müharibə mümkün qədər problemin tam həlli ilə yekunlaşmasın.
2. Müharibə Ermənistan və Azərbaycanın hər ikisini taqətdən salacaq qədər davam etsin.
3. Proses elə idarə olunsun ki, Ermənistan düşünsün ki, Rusiya olmasaydı nəticə onun üçün daha ağır olacaqdı. Azərbaycan isə düşünsün ki, Rusiya istəməsəydi (icazə verməsəydi), nəticə onun üçün yaxşı olmazdı.
4. Mümkün qədər Türkiyə ilə birbaşa qarşıdurma olmasın.
5. Proses regionda kənar güclərin mövqelərini güclənməsiylə nəticələnməsin.
6. Ermənistan daxilindəki proseslər Rusiya tərəfdarı bir hakimiyyətlə nəticələnsin, ermənilər Rusiyadan uzaqlaşmağın yaratdığı təhlükəni “tam aydın başa düşsünlər” və uzun müddət Rusiyadan uzaqlaşmaq barədə düşünməsinlər.
Sadəcə olaraq Rusiya üçün başqa sahələrdə (mövzularda) və coğrafiyalarda problemlərin önə çıxması ehtimalı artdıqca və Azərbaycan Rusiyanın arzuladıqlarından daha çoxuna və daha tez şəkildə nail olmağa başladıqca Rusiya Azərbaycan ilə Ermənistan arasındakı hərbi əməliyyatların daha tez və onun istəyinə daha uyğun şəkildə bitməsini istəyəcəkdir. Əks halda münaqişənin hər iki tərəfə başa başa gəlməsi üçün əlindən gələni edəcəkdir. Nəticəni isə Azərbaycan və Türkiyənin qərarlılığı müəyyən edəcəkdir.

Araz Aslanlı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir