KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Okan Yeşilot: Rusiya regionda hansı rolu oynayırsa, Türkiyə də eyni rolda olacaq

Okan Yeşilot: Rusiya regionda hansı rolu oynayırsa, Türkiyə də eyni rolda olacaq

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
375 0

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Qarabağın incisi olan Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Nəhayət Şuşanın da alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Azərbaycan 30 ildir düşmən tapdağında olan doğma torpaqlarına qovuşdu.

Dövlətimizin və Ordumuzun bu qələbəsi Azərbaycana dost münasibəti bəsləyən bütün xalqları da məmnun etdi. Xüsusilə qardaş Türkiyə və türk cəmiyyəti əks-hücum əməliyyatları başlayan ilk gündən Azərbaycana dəstəyini ən içdən şəkildə ifadə etdi, həm siyasi, həm mənəvi birlik nümayiş etdirdi.

Bununla bağlı Marmara Universitetinin professoru Okan Yeşilot Modern.az-a müsahibə verib.

Öncə qeyd edək ki, Okan Yeşilot Azərbaycana bağlılığı, hələ 1990-cı illərdə Birinci Qarabağ Müharibəsi illərindən ölkəmizlə yaxın əlaqəsi ilə seçilir. O, həm Azərbaycan tarixi, irsi və mədəniyyəti ilə bağlı araşdırmalar aparır, həm də tələbələrinə bu mövzularla bağlı elmi tədqiqatlar həyata keçirir.

Okan Yeşilot Giresunda doğulub. İbtidai məktəbi Gökçealidə, məktəb və liseyi Samsun Ladik Akpınar Müəllim liseyində tamamlayıb. Daha sonra Marmara Universiteti Atatürk Pedaqoji Fakültəsi Tarix Müəllimliyi bölümünə daxil olub, 1992-ci ildə buradan məzun olub.

1999-cu ildə Marmara Universiteti Türkologiya İnstitutunun magistr mərhələsini “Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti” mövzusunda, doktorantura təhsilini isə İstanbul Universiteti Sosial Elmlər İnstitutu Ümumi Türk Tarixi ixtisası üzrə “Həsən Məlikzadə Zərdabinin həyat və fəaliyyəti” mövzusunda tədqiqat işləri ilə başa çatdırıb. 1995-1996-cı illərdə Azərbaycanda Bakı Dövlət Universitetində qonaq tədqiqatçı kimi fəaliyyət göstərib. 1997-1998-ci illərdə Beynəlxalq Türk-Qazax Xoca Əhməd Yəsəvi Universitetinin Çimkent bölümündə müəllimlik edib. “Çarlıq dövrü Azərbaycan tarixi” üzərində sistemli şəkildə çalışan Yeşilot, 1991-ci ildən sonrakı yeni dövr Azərbaycanın problemləri ilə bağlı da araşdırmalar aparıb. 2008-ci ildə dosent elmi dərəcəsini qazanıb. 2014-cü ildə professorluğa yüksəlib. Hazırda Marmara Universiteti Fənn-Ədəbiyyat Fakültəsi Tarix Bölümündə müəllim, Türkologiya İnstitutunda müdir kimi fəaliyyət göstərir.

Onunla söhbəti təqdim edirik:

– Okan bəy, Azərbaycan 30 ildir gözlədiyimiz bir savaşdan qalib çıxdı. Torpaqlarımız erməni işğalından qurtuldu. Bu müharibə ilə bağlı fikirləriniz bizim üçün vacibdir.

– Bu problem 1800 -cı illərin əvvəllərindən bəri bölgəyə rusların gəlməsi, Gəncə və Bakının rus işğalına girməsi ilə ermənilərin Osmanlıdan və digər bölgələrdən İrəvana və Qarabağa köçürülməsiylə başlandı. Burada yaşayan Azərbaycan Türkləri qətlə yetirildi, qovuldu. Erməni əhalinin sayı artırıldı. 1905-də ilk münaqişələr, erməni təcavüzü başlandı. 31 mart 1918-ci il tarixində böyük bir hücum oldu. Rəsmi qeydlərə görə, 12 min, qeyri-rəsmi mənbələrə görə isə 30 min insan qətlə yetirildi. Qızıl ordu 1920-ci ilin aprel ayında Qafqaza gələndən sonra ermənilər daha çox təxribatlara əl atdı. Zəngəzur başda olmaqla, Azərbaycanın bir çox torpağı ermənilərə verildi. Sovetlər gəlməzdən əvvəl Azərbaycan torpaqları 114 min kv. kilometr idisə, 1990-da bu rəqəm 86 min kv/km-a düşdü. Torpaqlarımız ermənilərə paylandı, hədiyə edildi.

Ermənilər 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin özlərinə aid olduğunu iddia etdilər. Burada yaşayan Azərbaycan əhalisi məqsədli şəkildə azaldılırdı. Beynəlxalq dəstək aldılar, Rusiya onları cəsarətləndirdi. 1988-ci ilə gəlincə, ermənilər mitinqlər keçirdilər, ərizələr yazdılar və sivil Azərbaycan Türklərinə erməni hücumları başladı. Sovetlər Birliyi Dağlıq Qarabağ ərazisinin Azərbaycana məxsus olduğunu həmişə deyirdi. 1990-cı illərdə savaş başlamış oldu. Ermənilər Qarabağdan başlayaraq, Azərbaycan Türklərinə hücum etdilər. 1988-ci ildə İrəvan Xanlığının mirasçısı olan İrəvan Türkləri də Ermənistandan çıxarıldı. Beləliklə, Türksüz Ermənistan planı həyata keçirildi. Hansı ki bütün bu ərazilər tarixi Türk yurdudur. 1994-cü ildə atəşkəs elan olundu. Bu problem guya ATƏT-in Minsk qrupu ilə həll olunacaqdı. Amma qrupun həmsədrlərinə baxın – Amerika, Rusiya və Fransa. Onlar məsələni həll etməyə heç də maraqlı deyildilər. Qəbul olunmuş 4 qətnamənin hər biri bunu deyir ki, işğal olunan torpaqlar Azərbaycana aiddir və Ermənistan Ordusu dərhal burdan çıxmalıdır. Amma bunların heç biri gerçəkləşmədi.

2016-cı il aprel döyüşlərində Azərbaycandan sərt reaksiya alan ermənilər hücumu dayandırmağa məcbur oldular. Tovuz hadisələrində də eynilə. Torpaqları işğal olunan Azərbaycan, işğal edən Ermənistan, qətliam törədib hücumlar edən yenə də Ermənistandır. Bundan sonra 44 günlük bir müddətdə Azərbaycan Ordusu möhtəşəm bir zəfər qazandı. İllərdir qoyulan vəsaitlər, ciddi çalışmalar ilə yaranan müzəffər Azerbaycan Ordusu Ermənistanı meydanda pərişan etdi. 30 ildir torpaqlarımızda xəndəklər qazıb mina döşəmələrinə baxmayaraq, savaşı Azərbaycan minumum şəhid ilə nəticələndirdi. Allah şəhidlərimizə rəhmət etsin. Onların ruhu inanıram ki şaddır, çünki qanları yerdə qalmadı.

– Bildiyim qədərilə ermənilərin 1990-cı illərdə Qarabağda bizə gətirdiyi fəlakətlərin canlı şahidlərindən birisiniz. İlk Qarabağ müharibəsi ilə mövcud vəziyyət arasında hansı vacib fərqlərdən danışmaq olar?

– Başından bəri deyirdim ki, bu məsələ “müharibə diplomatiyası” ilə həll olunar. Çünki kimsə bizə bu torpaqları xoşluqla verməyəcək. Paşinyanın erməniləri təhrik etməsi, başqa torpaqlara iddia etmək üçün hazırlanması Ermənistanın bugünkü vəziyyətinin səbəkarıdır. Azərbaycan möhtəşəm bir zəfər qazandı. Ağıllı davranması, orduya qoyulan sərmayə və İlham Əliyevin göstərdiyi mətanət ilə bu baş tutdu. Ordusu və milləti ilə bir olan Azərbaycan, Türkiyənin də dəstəyi ilə qalib gəldi. 1990-cı ildən etibarən ermənilərin başımıza gətirdiyi faciələrin canlı şahidiyik. Buradakı əsas fərq, Azərbaycan artıq köhnə Azərbaycan deyil. Mən bura ilk gəldiyimdə küçələr dağılmışdı. Qaçqınların yaşadığı acıları özüm müşahidə elədim. Bununla bağlı ilk beynəlxalq məqaləni də mən yazdım. Yurdlarından didərgin düşmüş insanlar çox acınacaqlı vəziyyətdə idi. Bu müddət ərzində Azərbaycan dövləti qaçqınlar və qaziləri ortada qoymadı. Onları işlə, evlərlə təmin etdi. Çox şükür ki, artıq o vaxtlarda olan acılar, ağrılar keçmişdə qaldı.

– Bütün dünyaya bir daha məlum oldu ki, ermənilər müharibədə belə qəddar, vandal bir yanaşma nümayiş etdirdilər. 1990-cı illərdə olduğu kimi, bu müharibədə dinc insanları da öldürdülər. Döyüş meydanından çox-çox uzaqda olan Gəncə, Bərdə və Tərtər kimi bölgələrimizə raket atdılar. Bu vəziyyətə görə dünyanın ermənilərə münasibəti necə olmalıdır? Ermənilər hansı cəzaya layiqdirlər?

– Ermənilər tarix boyu Anadoluda, Qarsda, Ərzurumda Adanada və daha bir çox yerlərdə məsum, sivil xalqı qətl etdilər. Biz Türklər bu erməni vandalizmi ilə bütün əsrlərdə mübarizə aparmışıq. Bunun son nümunələrini təəssüf ki, Gəcə və Bərdədə gördük. Onlar bu insanlıq cinayətini, terror aktını illərdir dünyanın gözü önündə törədirlər. Bu, onların ilk dəfə məsum xalqı qətl edişi deyil. Biz buna yüz illərdir şahidlik edirik. Ermənilər beynəlxalq hüquqa görə cinayət işləyirlər, lakin bunun cəzasını verə biləcək bir güc hələ yoxdur. Onlardan bir ədalət gözləmirik, çünki onlar günahkarın tərəfindədirlər.

– Müharibə başlayandan bəri qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini gördük. Türkiyənin İkinci Qarabağ müharibəsində rolu və əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Bundan sonra Türkiyənin bölgədəki mövqeyində hansı müsbət dəyişikliklər olacaq?

– Türkiyə proseslərin başından etibarən Azərbaycanın yanında yer alır. Texniki məsələlər, ordunun tədrisi baxımından Türkiyə aktiv rol oynadı. Prezident Ərdoğanın da dediyi kimi, Azərbaycan necə istəyirsə, elə olacaq. Xarici işlər naziri 4 dəfə, Müdafiə nazirimiz və İstihbarat təşkilatının rəhbəri dəfələrlə Azərbaycanı ziyarət etdi. Bizlər Türk xalqı olaraq müharibəni başından sonuna qədər həyəcanla izlədik və Azərbaycanın qələbə qazanması üçün dualar etdik.

– Türkiyə ilə Rusiya arasında yaxınlaşma mərhələsi olaraq, Qarabağ mübahisəsinin həllində birlikdə iştirak etmək iki ölkə arasındakı münasibətlərə təsir edəcəkmi?

– Bundan sonra regionda Rusiya nə rol oynayırsa, Türkiyə də eyni rolda olacaq. Türkiyə və Azərbaycan bölgədə qurulacaq hər hansı masada aktiv rol oynayacaq. Rusiyadan gələn heyətlə görüşmələr davam edir. Bəzi mövzularda problemlər var. Amma nə olursa olsun, artıq heç kim Azərbaycan Türklərinin haqqını yeyə bilməyəcək. Haqq, ədalət təmin ediləcək və Türkiyə də bunun ən böyük dəstəkçisi olacaq. Rusiya da Türkiyənin gücünə yaxşı bələddir. Azərbaycanda cəbhə xətti təmizlənəcək. Şuşada illər sonra cümə namazının qılınışını göz yaşlarıyla seyr etdik. Kəlbəcər, Ağdam və Laçına da qovuşuruq. Yenidən oralar canlanacaq, ağaclar əkiləcək, evlər tikiləcək, meşələr salınacaq, quş səsləri, uşaq səsləri eşidiləcək. Torpaqlarına həsrət qalmış minlərlə Azərbaycan Türkü yurdlarına qovuşacaq. Çətinliklər var, lakin Azərbaycanın bunu qarşılayacaq qədər iqtisadi və siyasi gücü var. Azərbaycan bütün dünyaya haqlılığını və savaş meydanında gücünü sübut etdi.

– Okan bəy, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında quru əlaqəsi olacaq. Bunun əhəmiyyəti haqqında fikirləriniz maraqlıdır.

– Mən Bakı-Tblisi-Qars yolunu “dəmir ipək yolu” adlandırmışdım. İğdırdan çıxacaq bir ucu Sədərəyə, digər yoluyla Zəngilandan Bakıya gedəcək olan yola isə “Könül körpüsü” deyirəm. Bu yol Naxçıvanla Azərbaycanı bağlayacağı kimi, Türkiyə ilə Türk dünyasını birləşdirəcək könül yoludur. Əvvəllər Naxçıvandan Bakıya təyyarə ilə gəlməyə məcbur olan soydaşlarımız, artıq tarixi yerlərimizə, Xudafərinə salam verərək Bakıya gedə biləcəklər. Rusiya bundan sonra o körpünü qoparmağa qadir deyil. Ermənistan üç dəfə ciddi təxribata əl atdı, hər dəfə də cavabını aldı. Kim insanlığa zərər verərsə, cavabını alacaq. İqtisadi baxımdan yolun daha qısa olması yaxşıdır. Bu hədəfə çatdığımıza görə dəyərli Prezidentlərimizə, ordumuz və xalqımıza öz minnətdarlığımı bildirirəm. Bizim üçün bir xəyal idi, gərçək oldu. Ümid edirəm əsarət altındakı bütün türk yurdları tez zamanda azad olunar. Eşq olsun Azərbaycan ordusuna, millətinə və prezidentinə. Eşq olsun Azərbaycan Türkiyə qardaşlığına!


Aysel Aslan

Fidan ƏLİ

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir