İran-ABD çatışması için seçenekler

Gürcistan Pandora Kutusunu mu Açmış?

Gürcistan’a uçuş yasak

VAŞİNQTON GÖRÜŞÜ NƏ İLƏ NƏTİCƏLƏNDİ?

Novruz bayramı haqqında bilmədiklərimiz

Gündem 22 Mart 2019
76

Yaz bayramı – azərbaycanlıları birləşdirən milli-mənəvi dəyər

Dünyanın qədim bayramlarından birinin Novruz, yəni Yaz bayramının olması şübhəsizdir. Çünki bu bayramda bütün təbiət canlanır – donmuş çaylar axır, qurumuş ağaclar çiçək açır, qan təzələnir və s. Bir növ Novruz bayramı adı ilə qeyd edilən bu bayramda bir dəyişilmə, yeniləşmə baş verir. Bəlkə də, məhz bu səbəbdəndir ki, bir çox qədim xalqlar vaxtilə Yazın gəlişini bayram kimi qeyd etmişlər. Bu baxımdan hazırda azərbaycanlılar, iranlılarla yanaşı, başqa millətlərin də Novruzu milli bayram kimi qeyd etmələri başa düşüləndir. Ancaq o başqa məsələdir ki, hazırda Novruzu milli bayram kimi daha çox türksoylu (Türkiyə və Azərbaycan türkləri, özbəklər, qazaxlar, türkmənlər və b.) və irandilli xalqlar (farslar, kürdlər, əfqanlar və b.) qeyd edirlər.

Bizə elə gəlir ki, Novruz-Yaz bayramının hansı xalqa məxsus olmasından daha çox, onun mahiyyətini təşkil edən məsələlərə işıq salmaq daha maraqlı olardı. Yəni biz tarixi vərəqləsək görərik ki, bəzi mütəfəkkirlər (Firdovsi və b.) Novruzu yvlnız İranla bağladığı halda, onun türklərlə əlaqəsindən bəhs edənlər (Ə.Hüseynzadə və b.) da az deyildi. Məsələn, Firdovsi «Şahnamə» əsərində yazır ki, Novruz bayramını ilk dəfə qeyd edən qədim İran şahı Cəmşid olmuşdur. Onun fikrincə, Cəmşidin dövründə Novruz rəsmi şəkildə İranın milli bayramına çevrilmişdir.

Türk dünyasının, o cümlədən Azərbaycanının tanınmış mütəfəkkiri Əli bəy Hüseynzadə hələ, 20-ci əsrin əvvəllərində bu iddiaya cavab olaraq yazırdı ki, Novruz bayramının yalnız İranla bağlanması doğru deyildir. Belə ki, baharın gəlişini bayram kimi qeyd etmək yalnız İrana aid olmayıb, bütün atəşpərəst millətlər, o cümlədən türk atəşpərəstləri də bu günü bayram olaraq qeyd ediblər. Xüsusilə, türk şamanlar və türk atəşpərəstlər tərəfindən bu bayram qeyd edilmiş, şamanlar və atəşpərəstlər Yaz bayramında 4 ünsürlə (od, su, hava və torpaq) bağlı ayinləri icra etmişlər.

Çünki azərbaycanlı­la­rın ulu babalarında belə bir inam varmış ki, Göy Günəşin vasitəsilə Yeri qızdırır, yağış vasitəsilə onu mayalayır. Günəş şüası və yağış vasitəsilə Yerlə əlaqə sax­la­yan Göy həyat nemətlərinin yaradıcısıdır. Göy, torpağı ne­mət verməyə, məhsul verməyə hazır vəziyyətə gətirir. Belə bir inama, etiqada görədir ki, bu və başqa təbiət hadisəsini, şeyi, heyvanı, kosmik cismi müqəddəsləşdirmək üçün onu Göylə və onun rəngi ilə bağlayırlar. Hətta hunlar öz ulu, əcdad babaları Me­te­nin oğlunu «tanrının oğlu», onu «Yer və Göy»dən do­ğul­muş, Günəşlə, Ay tərəfindən məmur edilmiş saymışlar. Deməli, əski türklərə görə xaqanı Göy Tanrı təyin edirdi, yaxud da xaqan Göy Tanrının yer üzərində elçisi idi. Əski türklərin inamında «Göy» həm də yüksəklik, genişlik, ucalıq mənasını daşımış, öz əksini ailə və dövlət qurluşunda da tapmışdır. Qədim türklərin, o cümlədən Azərbaycan türklərinin mifoloji dün­ya­görüşündə Yer və Göyün ayrılması Tanrıyla bağlıdır. Ha­zır­da da bu cür mifik inanclara inananlar tapılır. Şübhəsiz bütün bunlar qədim türklərin Yaz bayramında (Novruzda) öz əksini tapmışdır.

Qədim türklərin şamanizm, atəşpərəstlik və tanrıçılıq təlimlərində təbiət ünsürlərinə, xüsusilə də oda olan münasibət bizə deməyə əsas verir ki, onlar bu mə­sələlərə hind-fars mənşəli etnoslardan tamamilə fərqli yöndən yanaşıblar. Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi, bu gün türklərin, o cümlədən Azərbaycan türklərinin Yaz bayramında təbiət ünsürləri (od, su, torpaq və hava) ilə bağlı keçirdiyi mərasimlərin kökü, mənşəyi zərdüştiliyə de­yil, şamanizmə, tanrıçılığa gedib çıxır. Məsələn, qədim türklərin dünyagörüşündə, o cümlədən şamanizmdə oda, ocağa tapınma ayrıca yer tutsa da, bu ilahi xarakter daşı­mamışdır. Sadəcə olaraq, ocaq ruhu (evin, otağın orta­sında yanan otağın-ocağın ruhu) od anası və od atası kimi ifadə olunmuş­dur. Şamanizmə görə, od tanrısı ocaq ruhunun sahibidir. Tanınmış türk tarixçiçsi, mifoloq Bahəddin Ögəl doğru qeyd edir ki, şama­nizmdəki və tanrıçılıqdakı «od tanrısı» ilə zərdüştilərin «od tanrısı» eyni mənanı ifadə etmir. Belə ki, türklərə görə, hər bir ocağın ayrıca sahibi və qoruyucusu var, bütün ocaqları tək ruh və tək od tanrısı təmsil etmir. Dədə Qorquda görə də, ocağın ruhu sitayiş edilən bir Tanrı deyildir.

Ocaq sözündən yaranan otaq anlayışı həm evin, həm də ocağun ruhudur. Bu mənada türklər, o cümlədən Azərbay­can türkləri indinin özündə də ocaq ruhuna – ocağa suyun tökülməsini günah sayırlar. Çünki ocaq ruhunu söndürmək, eyni zamanda evin, otağın ruhunun söndürül­məsi, yəni ailənin dağıla biləcəyi deməkdir. Deməli, bu zaman ocağa su tökməyin günah olması anlayışı odun müqəddəsliyi ilə bağlı deyildir. Burada vacib olan evini, ailəsini ocaq kimi başa düşən türklərin onun dağılmasını əngəlləməkdir. Bir sözlə, türklər odu deyil, ocaq-ailə ruhunu, ailə bütövlüyünü müqəddəs saymışlar və indi də belədir. Bu baxımdan, bu günün özündə də Azərbaycan türklərinin Novruz (Yeni gün) adı altında qeyd olunan Yaz bayramında (Novruz) fiziki və mənəvi mənada bədən və ruhlarını pis­lik­lər­dən, çirkablardan, xəstəliklərdən və s. təmizləmək üçün tonqal qalayıb onun üstündən tullanmaları da, onların oda nə cür münasibət bəsləmələrini bir daha ortaya qoyur. De­mə­li, qədim türklərin də odpərəstliyi insan ruhunun tə­miz­lən­mə­sindən, odun isə çirkabı təmizləməsin­dən və sairə­dən qay­naq­lanmışdır. Halbuki zərdüştilikdə nəin­ki belə adətlər olmuş, hətta onların kahinləri atəşgah mə­bə­di­nə yaxınlaşarkən nəfəsləri ilə, müqəddəs sandıqları odu mur­­darlamamaq üçün ağızlarını xüsusi ör­tük­lərlə bağlar­mış­lar.

Tanınmış alim Lev Qumilyov da qeyd edir ki, od kultunun yalnız zər­düştiliklə əlaqəsi, haqqındakı ehtimallar həqiqət­dən uzaqdır. O yazır: «İranda möbüdan-möbüd mü­qəddəs oda yaxınlaşarkən sifətinə örtük taxırdı ki, nəfəsi ilə odu murdarlamasın, türklərdə isə od vasitəsi ilə bəd ruhları, yəni dünyadakı ən şər qüvvələri qorxudurdular. Məsələ bura­sın­da­dır ki, İranda od dini sitayiş obyekti, türk tay­fa­la­rında isə ma­giya vasitəsi idi, yəni əslində onların arasında heç bir ox­şar­lıq müşahidə olunmurdu». Deməli, qədim türk­lər «od haqqı» dedikdə, heç də farsdilli etnos­ların başa düşdüyü ilahi odu nəzərdə tutmayıblar. Ancaq zaman keçdikcə irandilli tayfaların türksoylu etnoslarla qaynayıb-qarışması, dini-mədəni müba­dilə­lər Yaz bayramının Novruz kimi qələmə verilməsinə, müəyyən qədər odun ilahiləşdirilməsinə və s. səbəb olmuşdur.

Üstəlik, Əli bəy Hüseynzadə yazırdı ki, İran tarixində Cəmşid adlı hökmdar olmayıb, bütün bu uydurmanı Hindistdan İrana gələn Zərdüşt uydurmuşdur: «Demək ki, İranda Cəmşid adlı bir padişah olmamışdır ki, bir də Novruz icad etmiş olsun. Digər tərəfdən o zamanlar riyaziyyat elmi və cəmiyyət o qədər inkişaf etməmiş idi ki, bir təqvim vücuda gətirilib etidali-rəbiin yövmi – həqiqisi bayram ittixaz edilə bilsin. Bu qədər mükəmməl bir təqvimi vücuda gətirmək şərəfi Səlcuqi türklərindən Məlikşaha və onun dövrü-üləmasına aiddir».

Ə.Hüseynzadə o fikirdədir ki, Novruz bayramının müəyyən mənada islam bayramı hesab olunmasına səbəb də Səlcuq türkləri və onuş şahı Məlikşah olmuşdur. Belə ki, sünni məzhəbinə etiqad edən səlcuqilər və onun şahı bütün alimləri başına yığaraq bir təqvim yaratmış və həmin təqvim əsasında da Novruz bayramı yaranmışdır. Azərbaycan mütəfəkkiri yazır ki, Altaydan Ağ dənizə, Qaqazdan Hind okeanına qədər böyük bir ərazidə (Qafqaz, Xarəzm, Orta Asiya, Şam, Misir, İran, İraq, Şam, Anadolu və b.) hökmranlıq edən Məlikşahın dövründə bütün türk elləri Novruzu-Yaz bayramını qeyd ediblər: «Hər nədənsə səlcuqlardan sonra İranda gələn sülalələr bu bayrama riyaət etdikləri halda Anadolu səlcuqlarından sonra zühur edən Osmanlı sülaləsi buna əhəmiyyət verməmişdir. Anadoluda sakin əhali arasında isə bu bayram hələ xatırlanmaqdadır».

Əli bəy Hüseynzadə Novruz bayramı ilə bağlı fikirlərindən iki nəticə çıxarmaq olar. Birincisi, Novruz bayramının yaranmasını yalnız İrana bağlamaq doğru deyildir, bunun mənşəyi bir çox xalqlarla, o cümlədən türklərlə də bağlıdır. İkincisi, Novruz bayramının yaradıcısının türk hökmdarı olmasına baxmayaraq, İranın bu adət-ənənəni davam etdirdiyi halda, Osmanlı türklərinin Səlcuqlardan fərqli olaraq onu rəsmi dövlət bayram kimi qeyd etməmələri olmuşdur.

Azərbaycan mütəfəkkiri Məhəmməd Əmin Rəsulzadə də hesab edir ki, Novruz nə qədər bir İran ənənəsi hesab olunsa da, onun elmən təsbiti yenə bir türk hökmdarının köməyi ilə olmuşdur. Bu baxımdan, hər iki millətin Novruzu doğma bayram etməyə haqqı vardır. Rəsulzadə yazır: «Bu xüsus və tarixdə mövcud olan bu kimi xüsuslar, bu gün «türkçülük olsun»- deyə İran yadigarı hər nə varsa hamısını inkar edənlərlə, «farslıq olusun»- deyə turanlı olan hər bir şeyi inkar edən kütbeyin mütəəssiblər üçün əlbəttə bir vəsileyi-intibah ola bilər. Bu da vəsileyi-intibah olmazsa bolqar-yunan ixtilafından kimlərin faidmənd olduqlarını nəzəri-etinayə alsınlar da fars-türk ixtilafından hər halda nə farsın, nə də türkün fayda görməyəcəyini dərk etsinlər». Rəsulzadənin fikirlərindən belə nəticə çıxarmaq olar ki, o, Novruzu daha çox müsəlmanların birlik və bərabərlik bayramı kimi görmüşdür. Bu mənada, mütəfəkkir qeyd edirdi ki, «bayramlar hərdən bir cəmiyyətlə yaşamaqda olan heyətləri birləşdirmək, aralarında üns və iltifatı artırmaq üçün bir vəsilədir». Onun fikrincə, «bayramlar insanların ən qədim yoldaşlarından ədd olunuyor. Müctəme bir surətdə yaşamaq və bir din və ayin üzrə ictimai etmələri andan etibarən Adəm oğlu bayram saxlayaraq gəlmişdir».

Biz də, böyük mütəfəkkirlərimizin fikirlərinə qatılaraq hesab edirik ki, Novruzun bütün xalqlar, o cümlədən azərbaycanlılar üçün birlik və bərabərlik bayramı kimi qeyd olunması vacibdir. Çünki Azərbaycan əhalisi əksəriyyəti türklər olmaqla, digər etnik qruplarla da təmsil olunur. Xüsusilə, Azərbayanda Azərbaycan türkləri ilə yanaşı, irandilli (talış, tat, kürd və b.) və qafqazdilli (ləzgi, avar və b.) etnosların yaşaması və onların hamısının Novruza-Yaz bayramına olan isti münasibəti milli bərabərliyimizin və birliyimizin nümunəsidir.
Faiq Qəzənfəroğlu

Yorumlar