KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Netanyahunun İrandakı “gizli nüvə mərkəzi” ilə bağlı iddiaları

Netanyahunun İrandakı “gizli nüvə mərkəzi” ilə bağlı iddiaları

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
379 0

Netanyahunun İrandakı “gizli nüvə mərkəzi” ilə bağlı iddiaları uzun illər karyerasında dərin iz buraxacaq
İsrailin baş naziri Benyamin Netanyahunun Tehranda gizli nüvə mərkəzinin olması haqda iddiası onun özünə qarşı yönəlib. İndi iranlılar baş nazir Netanyahunun fotosunu paylaşdığı “nüvə mərkəzi”nə axın edərək bina qarşısında şəkil çəkdirirlər. Çünki İsrail baş nazirinin gizli nüvə obyekti olduğunu iddia etdiyi yer, sən demə, xalçayuma müəssisəsi imiş.

Hər şey ondan başladı ki, İsrail baş naziri ötən həftə BMT-də etdiyi növbəti çıxışını hər il olduğu kimi bu dəfə də İrana həsr etdi. İsrail baş naziri İranın 2015-ci ildə imzalanmış nüvə anlaşmasına sadiq olmadığını, gizli şəkildə uran zənginləşdirməyə davam etdiyini bildirdi.

Netanyahu bildirib ki, İranın paytaxtı Tehranda “gizli atom anbarı” saxlanır. Eyni zamanda o, BMT nüvə müfəttişlərini yoxlamalar aparmağa çağırıb. İranın anbarda tonlarla nüvə avadanlıqlarını saxladığını iddia edən baş nazir bunun 2015-ci il sazişinə zidd olduğunu bəyan edib. Netanyahu bildirib ki, bu avadanlıqlar nüvə silahlarının hazırlanmasında istifadə edilir. Baş nazir İranın gizli nüvə obyektinin adını və yerləşdiyi küçənin adını, həmçinin fotolarını BMT tribunasından göstərdi. Netanyahu bildirib ki, gizli nüvə anbarında 300 nüvə məhsulu saxlanılır. Eyni zamanda o, 15 kiloqram zənginləşdirilmiş uranın Tehranın müftəlif yerlərində gizlədildiyini iddia edib.

Ancaq Netanyahunun iddiaları dünyada inandırıcı qəbul olunmayıb. Vaşinqtonun dövlət rəsmilərindən biri “Röyters” agentliyinə bildirib ki, Vaşinqtonun Netanyahunun adını çəkdiyi nüvə mərkəzindən xəbəri var. Ancaq bu mərkəzdə İsrail baş nazirinin iddia etdiyi kimi, nüvə zənginləşdirilməsi işi aparılmır, sadəcə, İranın nüvə proqramı ilə bağlı qeydlər və arxiv saxlanılır.

Bir başqa ABŞ kəşfiyyatı təmsilçisi agentliyə bildirib ki, Netanyahunun BMT tribunasındakı çıxışı “çaşdırıcı” olub. Kəşfiyyat rəsmisi qeyd edib ki, ABŞ kəşfiyyatının sözügedən nüvə mərkəzi barədə məlumatı uzun müddətdir ki, var. O, sözügedən mərkəzdə, sadəcə, sənədlərin olduğunu, həmin bazada İranın nüvə anlaşmasını poza biləcək hər hansı bir cihazın mövcud olmadığını deyib.

İranın xarici işlər naziri Cavad Zərif Netanyahunun Tehran yaxınlığında gizli nüvə mərkəzinin olması ilə bağlı fikirlərini “yalançılıq” adlandırıb. Zərif Netanyahunu “yalan danışmaqdan əl çəkməyən bir yalançı” adlandırıb. Və eyni zamanda İsrail baş nazirinin iddialarının heç bir əsasının olmadığını bildirib. Sitat: “Dünya belə bir yalan, mənasız və əsassız bir çıxışa, saxta şouya, sadəcə, qəhqəhə çəkər”.

İranda Netanyahunun BMT-dəki çıxışına reaksiya fərqli olub. İranlılar Netanyahunun fotolarını nümayiş etdirdiyi mərkəzə gedərək onun qarşısında selfi edərək, sosial şəbəkələrdə yaymağa başlayıblar. Daha sonra isə məlum olub ki, qeyd olunan obyekt xalçayuma sexinin binasıdır.

B.Netanyahunun çıxışında qeyd etdiyi küçənin adının Mahir deyil, Mehr olduğu, fotoda göstərilən obyektin isə “Ağayi Rzayi və şərikləri” adlı özəl bir xalçayuma sexi olduğu məlum olub.

İsrail baş nazirinin İranla bağlı qəzəbinin səbəbi yalnız nüvə məsələsi deyil. Söhbət İranın nüvə fəaliyyətindən daha çox Yaxın Şərqdəki İsrail əleyhinə apardığı siyasətdir. Ancaq indi belə görünür ki, İsrail hakimiyyətinin uzun illər İranla bağlı apardığı təbliğat şübhə altına düşür. Artıq hətta ABŞ kəşfiyyatı belə Netanyahunun açıqlamalarına şübhə ilə yanaşır. Oxşar açıqlamanı Almaniya hökuməti də bir neçə ay əvvəl Netanyahunun İranla bağlı ittihamlarına vermişdi. Ancaq indi şübhə yaranır, dünyada ən güclü kəşfiyyat xidmətinə sahib olan İsrail dövlətinin İranla bağlı bu qədər yanılmasının səbəbi nədir? İsrail kəşfiyyatı İranda uzun illərdir fəaliyyət göstərir, hətta bir neçə il əvvəl, daha dəqiqi, 2009-cu ildə İranın Natanz zavodundakı kompüterlərə “Stuxnet” virusu salıb və nəticədə zavod sıradan çıxmağa başlayıb.

Lakin indi İsrailin baş naziri dünyanın gözü qarşısında çətin vəziyyətə düşür. Bunun səbəbi nə ola bilər? Bir sıra agentliklərdə Netanyahunun son yanlışının səbəbləri ilə bağlı bir sıra versiyaları yazıb. Bu versiyaların bir neçəsini qeyd edək.

Birincisi, Netanyahu bilərəkdən yanlış məlumat yayıb və bununla dünyanın diqqətini İranın nüvə proqramına cəlb etmək istəyib. İkinci fikir ondan ibarətdir ki, Tehran yaxınlığında həqiqətən belə bir mərkəz var, ancaq Netanyahunun dediyi kimi, uran zənginləşdirmir, sadəcə, amerikalıların dediyi kimi, köhnə arxivlər saxlanılır. Üçüncü fikir ondan ibarətdir ki, İran kəşfiyyatı məqsədli şəkildə, İsrail baş nazirini lağ obyektinə çevirmək üçün İsrail agenturasına yanlış məlumat ötürüb. Dördüncü fikrə görə, bunu başqa ölkələrin, o cümlədən İsrail baş nazirini o qədər də sevməyən ABŞ kəşfiyyatı edə bilərdi. İstənilən halda kimin etməsindən asılı olmayaraq bu hadisə İsrail baş nazirinin karyerasında üçün uzun illər silinməyəcək bir iz buraxacaq.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir