Rusiya, Lavrov açıq mətnlə deyir ki, Laçin yolu da, erməni əsilli azərbaycanlıların yaşadığı Xankəndi və ətrafı da bizimdi, Rusiyanındı, biz söz sahibiyik, biz qərar veririk – yəni, Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunda biz sərhəd keçid məntəqəsi (SKM) qura bilmiriksə, deməli Kreml deyəndi, yox əgər Ana Yasamıza, Konstitusiyamıza uyğun öz sərhəddimizə nəzarəti bərpa edəcəyiksə, Moskva deyən yox, biz deyən olacaq. Azərbaycan hakimiyyətinin Lavrovun bu həyasız bəyanatına cavab vermək üçün zamanı azdır, cavab olmasa daha da irəli gedəcəklər.
Bundan başqa Milli Məclis də öz mövcudluğunu göstərməlidir, biz illərdir yazırdıq-deyirdik ki, daha qəliz idarəetmə sisteminə ehtiyac var ki, xaricdən gələn basqılara davam gətirmək mümkün olsun – yəni, məsələn, Prezident də Parlamentə istinad edərək bəzi dövlətlərə deyə bilsin ki, məndən asılı deyil, Parlament var, orada müxtəlif fikirlər var, mən nə edə bilərəm ki?! Məsələn, Konstitusiyanın 94-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir və bunlardan biri də (21-ci bənd) dövlət sərhədi rejiminin müəyyən edilməsidir. İndi MM toplaşıb Laçın yolunda SKM-nin yaradılması ilə bağlı qərar verə, Prezident də Moskvaya deyə bilərdi ki, bu Parlamentin səlahiyyətidir, mən bir şey edə bilmərəm. Amma bunun üçün də normal, seçilmiş, fraksiyalar olan Parlament lazımdır – indiki MM belə addım atsa da inandırıcı olmayacaq.
İndiki qarışıq, çox qəliz dünyada Azərbaycanın idarəetmə sistemi də mürəkkəb, effektiv və çoxşaxəli olmalıdır, təzyiqlərin artacağını nəzərə alsaq, məhz belə sistemin yaradılması artıq olmazsa-olmazdır, Dövlətimizin varolma, sağqalma məsələsidir…
Natıq Jafarli