Son günlər Türkiyədə səfərdə idim, siyasi partiyalarla, Millət Vəkilləri ilə, jurnalistlərlə, qardaş ölkədə yaşayan həmvətənlərimizlə çoxsaylı görüşlər keçirdim və bir daha əmin oldum ki, siyasi olaraq Türkiyə Azərbaycanı tanımır, Azərbaycanda isə Türkiyə siyasi səhnəsi haqqında çox bəsit məlumatlandırma var, amma, biz Türkiyə siyasətini daha yaxşı bilirik.
Türkiyədə post-Erdoğan dövrünə ciddi hazırlıqlar gedir, yeni siyasi partiyalar yaranır, hər kəs AKP seçmənindən öz payını almağa tələsir. Son 40 ildə Türkiyədə hakimiyyətə olub sonra seçkilərdə məğlub olaraq hakimiyyətdən gedən partiyalar həmişə dağılıb, ciddi zəifləyib, çox dar çərçivədə qalıblar. İndi də eyni prosesə start verilib – qardaş ölkədə AKP dönəmi sona çatır, bütün siyasi oyunçular anlayır ki, məğlub olduqları ilk seçkidəcə AKP seçicisi partiyadan üz döndərib başqa partiyalar axtaracaq. Ona görə də, ən azı, üzdə olan, və ya potensialı olan 5 yeni partiya qurulur, köklü partiyalar da (məsələn, CHP kimi) AKP seçmənindən pay almağa çalışır. AKP seçkilərdə məğlub olsa MHP də ziyan görəcək, onun seçməni də İYİ Parti və digər sağ-mühafizəkar partiyalara dağılacaq.
Xülasə, Türkiyədə 2023-cü ilə ciddi hazırlıqlar gedir, başları özlərinə qarışıb, iqtisadi çətinliklər, lirənin ucuzlaşması əsas mövzudur, amma xarici siyasət məsələsi də müzakirə mövzularından biridir.
Gələk Azərbaycana münasibətə: 1) Azərbaycanın siyasi sistemini tanımırlar, hətta bəzi ciddi siyasətçilər, millət vəkilləri belə bizdə konstitusiyalı monarxiya olduğu düşünürlər. Müxalifət haqqında bilgiləri yoxdur, yeganə tanınan şəxs rəhmətlik Elçibəydir, onu da Prezident olduğu, “türkçü-millətçi” olduğu üçün yadda saxlayıblar. Amma rəhmətlik Elçibəyi yaşlı siyasətçilər tanıyır, gənclərin heç o haqda da məlumatı yoxdur, 2) Azərbaycanı “körfəz ölkələri” kimi alqılayırlar – pul çoxdur, neft-qaz gəlirləri dəryadır, ölkə ciddi inkişaf edib, xalqın rifahı çox yaxşıdır, məhz bu fikirlər dominantlıq təşkil edir. Bakıda səfərdə olan siyasətçiləri, millət vəkillərini elə qonaqlayıblar ki, məhz belə fikir formalaşıb. Bakının mərkəzi hissəsini, 5-6 km2-lik ərazini gəzdirərək ölkəni bu kiçicik ərazidə tanıdıblar, ona görə də belə təsəvvürlər var, 3) Seçki, demokratiya, insan haqları məsələsi ilə bağlı maraqları yoxdur, çünki bilgiləri çox azdır, 4) Demək olar ki, bütün siyasi partiyalar, “Post-AKP dönəmində yenə qardaş olacağıq”, deyirlər, amma heç birinin strateji baxışı yoxdur, ancaq şüarlar var, 5) Görüşdüyüm siyasilər arasında, iki siyasi partiyada REAL və onun sədri İlqar Məmmədov haqqında məlumat var – Osman Kavala işində İlqar Məmmədovun adı keçir deyə, məhz İlqarın işinə istinad var deyə, bir az öyrənib, araşdırıblar.
Azərbaycanın da Türkiyə siyasətini tanımaq strategiyası yoxdur: Bütün əlaqələr iqtidar, AKP və Ərdoğan üzərinə inşa edilib. Rəsmi Bakının post-AKP siyasəti görünmür. Rəsmi Bakı AKP-nin xoşuna gəlməyəcək deyə heç bir müxalif siyasi partiya ilə işləmir, görüşmür, bilmir, öyrənmir (eyni yanaşma qardaş Türkiyənin Azərbaycan Böyük Elçiliyinə də aiddir – Rəsmi Bakının xoşuna gəlməz deyə onlar da Azərbaycan müxalifəti ilə görüşmürlər, fikir mübadiləsi aparmırlar). Azərbaycanda post-AKP dövrü haqqında təsəvvür belə yoxdur, məncə, düşünürlər ki, zatən qardaşıq, kim olur-olsun iqtisadi maraqlarını təmin edib münasibətləri davam etdirəcəyik – amma, heç də hər şey belə sadə olmayacaq.
Rəsmi Bakı bütün “yumurtaları bir səbətə” yığıb (yəni ancaq iqtidarda olanlarla münasibət qurub), ümumiyyətlə, qonşu ölkələrin siyasi spektoru ilə çalışmırlar, nə Gürcüstanda, nə Ukraynada, nə Orta Asiyada, nə də ki, qardaş Türkiyədə çoxşaxəli siyasi iş aparılmır. Məncə, bu səhv yanaşmadır, çünki, 44 günlük Hərbi Qələbədən sonra bizim xarici və daxili siyasətimizdə ciddi yeni strategiya ehtiyacı yaranıb ki, möhtəşəm Hərbi Qələbəni diplomatik, iqtisadi, sosial, siyasi zəfərə çevirə bilək. İndi isə biz, böyük ölçüdə, Türkiyəyə bağlı hərbi-siyasi addımlara önəm veririk – bu strateji olaraq doğru olsa da, taktiki olaraq müəyyən problemlər doğura bilər. Sabah qardaş Türkiyədə yeni iqtidar, yeni koalisiyalar qurulsa rəsmi Bakının həmin şəxs və partiyaları öncədən tanımaq kimi yanaşması mütləq olmalıdır və əgər rəsmi Bakı AKP-də müəyyən qıcıq doğuracaq addımlardan çəkinirsə, bu işdə müxalif partiyalar öndə ola bilərlər – çünki, Dövlət idarəçiliyi, milli maraqlar partiya mənsubiyyətindən çox öndə olan məsələdir.
Uzun sözün qısası – qardaş olduq, qardaşıq, qardaş da olacağıq, amma indi həm də bir-birimizi tanımaq, öyrənmək zamanıdır…
P.S. Azərbaycanın siyasi səhnəsi bərbad gündədir, illərdir primitiv mövzuların müzakirəsi gedir, strateji olaraq düşünən müxalifət, nəyi-necə-nə zaman etməyi bacardığını xalqa anlata, inandıra bilən müxalifət olmasaq, bu sistem primitiv gündəmlər yratmaqla hələ uzun zaman ayaqda qalacaq…
Natig Jafarli