KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nasib Nasibli: 27 Aprel İşğalı ve Ona Müqavimət

Nasib Nasibli: 27 Aprel İşğalı ve Ona Müqavimət

Kafkassam Editör Kafkassam Editör - - 44 dk okuma süresi
170 0

 

1917-ci il Fevral inqilabından sonra Rusiya Qafqazlardan çəkildi. Buradakı üç əsas millət önce (1918-ci ilin 22 aprelində) toplu şəkildə, daha sonra isə ayrı-ayrılıqda Güney Qafqazın Rusiyadan ayrıldığını elan etdilər. Azərbaycan 28 May 1918-ci il tarixli İstiqlal Bəyannaməsi ilə müstəqilliyini elan etdi. Bu müstəqil modern laik dövlət cəmi 23 ay yaşadı. 1920-ci ilin aprelin 27-də baş vermiş hadisə nəticəsində Azərbaycan Demokratik Respublikası/Azərbaycan Xalq Cümhuriyyəti tarix oldu. Onillərlə Sovet tarixçiliyi və rəsmi ideologiya bu hadisənin adını “Aprel inqilabı” qoydu, bu iddiasını əsaslandırmaq üçün minlərlə kitab-məqalə yazıldı. Bu hadisə yeni Sovet respublikasının əsas günlərindən biri kimi bayram tutulub, şüurlara yerləşdirildi. Ancaq əndə Sovet tarixçiliyinin bu yanaşması tamamilə köhnəlmiş, yararsız təbliğat materialına çevrilmişdir.

Başqa bir fikir cərəyanı – milli demokratiya isə bu hadisənin sıradan bir işğal aktı olduğunu bildirmiş, məhdud imkanları ilə (əsasən xaricdə) bu tezisini sübut etmək üçün kitablar hazırlamış, məqalələr çap etdirmişdir. Qərb dünyasında Azərbaycan haqqındakı araşdırmaların demək olar hamısında bu hadisə məhz “işğal” kimi qiymətləndirilmişdir. Bu, akademik problem xarakterini artıq itirib. Ancaq ölkənin gələcəyə inamla irəliləməsi üçün işğal/inqilab məsələsində tam aydın təsəvvürün yaranması gərəkdir.

27 Aprel Faciəsi
Azərbaycanın bağımsızlığı, Rusiyanın təsir dairəsindən azad olmaq problemi deməkdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu gerçəyi yaxşı dərk edərək Rusiya ilə modus vivendi problemini çözməyə çalışdı. İstiqlal Bəyannaməsində öz əksini tapmış qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin bərqərar olması prinsipi birinci növbədə Sovet Rusiyasına şamil edilirdi. Tarixi sənədlər göstərir ki, Sovet Rusiyası ilə əlaqələrin yaradılmasını Azərbaycan hökuməti zəruri hesab etmiş, bu yolda çeşidli addımlar atmaq təşəbbüsündə bulunmuşdu. Bu yanaşmanın iqtisadi izahı da vardır. Ənənəvi iqtisadi əlaqələrin pozulması, neft, pambıq və başqa ixrac məhsullarının Rusiya bazarından məhrum olması yeni iqtisadi əlaqələr sisteminin hələ yaranmadığı bir şəraitdə Azərbaycan iqtisadiyyatını böhran vəziyyətinə salırdı.

Milli Şuranın sədri M. Əmin Rəsulzadə Azərbaycan hökumətinin sədri və xarici işlər nazirinə hələ 1918-ci ilin yayında İstanbuldan yazdığı məktubda “Bolşevik hökumətilə birbaşa əlaqələrin yaradılmasında” israr edirdi. Sentyabrın 13-də Azərbaycan xarici işlər naziri Tiflisdəki diplomatik nümayəndəyə göndərdiyi şifrəli teleqramda göstərirdi ki, “…Moskvaya gəldikdə, biz Moskva ilə alaqə yaratmaq istəyirik. Biz ümumiyyətlə, Rusiya, o cümlədən Sovet hakimiyyəti ilə daimi dostluq şəraitində yaşamaq istəyirik.” Bakı neftinin müxtəlif yollarla Rusiyaya göndərilməsi davam edirdi. Moskva vilayəti ərzaq komitəsinin nümayəndəsi İ.P. Orlov Azərbaycanla rəsmi iqtisadi əlaqələr yaratmaq üçün Bakıya gəlmiş, Bakıda və Moskvada rəsmi nümayəndənin təyin olunması müzakirə edilirdi.

Bununla belə Sovet Rusiyası Azərbaycanın bağımsızlığını qəbul etmeəkdən uzaq idi, müxtəlif yollarla Azərbaycana qarşı təzyiqlərini davam etdirməkdə idi. 1919-cu il avqustun sonlarında Sovet Rusiyası Xarici İşlər Komissarı Georgi Çiçerin və komissarlığın Müsəlman Yaxın Şərq Şöbəsinin Müdiri Nəriman Nərimanov Azərbaycan, Dağıstan və Gürcüstan fəhlə və kəndlilərinə müraciət edib, bu ölkələrin “öz təhlükəsizliyi üçün qorxan hakim dairələrinin Denikinlə sazişə gələcəklərini” bildirirdilər. Azərbayсan zəhmətkeşlərinin “təyini-müqəddərat haqqını” tanıdığını, lakin hakim siniflərinin onları aldadaсağı haqqında xəbərdarlıq edən bu əсaib nota-müraсiətindən sonra bir müddət rəsmi Moskva Azərbayсana təzyiqlərinə ara verdi. Denikinin Könüllülər Ordusunun tam ləğvi ərəfəsində Moskva yenidən diplomatik təzyiqlərə başladı.

Rusiyanın Denikinə qarşı hərbi ittifaq yaratmaq haqqında müraciəti 1919-cu il yanvarın 6-da Dövlət Müdafiə Komitəsində müzakirə edildi. Müdafiə Komitəsi bu təklif barədə Gürcüstanla (eyni məzmunlu nota-müraciət Gürcüstana da göndərilmişdi) ilkin məsləhətləşmələr apardı ve Gürcüstanla hərbi pakt imzalandı. Ermənistan da bu pakta qoşulmağa dəvət edildi. Amma Ermənistan, Gürcüstan və Azərbaycanla savaş yolu seçdi. Bu savaşlar Qafqazda “millətlərin sülh şəraitində yaşamağa qadir olmasına” Qərb ölkələrində şübhə yaradır və hərbi yardım məsələsində onların soyuqqanlı hərəkətini şərtləndirirdi. Eyni zamanda Sovet Rusiyasının notası barədə Paris Sülh Konfransına da məlumat verildi. Sülh Konfransı Rusiyanın bu notasını ciddi təzyiq kimi qiymətləndirdi, Azərbaycan və Gürcüstanı müdafiə etmək məqsədilə onların tanınmasını sürətləndirdi. Azərbaycan və Gürcüstan 1920-ci il yanvarın 11-də de-fakto tanındı.

Bu zaman Moskvada Azərbaycanın müstəqilliyi məsələsinə münasibətdə kəskin mübarizə gedirdi. Bir tərəfdən, Xundadzenin başçılığı ilə Gürcü diplomatik heyəti Lenin və Sovet hökumətinə təsir edərək, onları Gürcüstan və Azərbaycanın müstəqilliyini tanımağa sövq etməyə çalışır, digər tərəfdən Qafqaz bolşevikləri Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınmasına qarşı kəskin mübarizə aparırdılar. Bu mübarizə son nəticədə ikincilərin qələbəsi ilə bitdi: Sovet hökuməti Azərbaycan hökuməti ilə müzakirələrə başlamaqdan və Azərbaycanın bağımsızlığını tanımaqdan imtina etdi. Azərbaycanı sovetləşdirmək üçün həm Azərbaycanda, həm də ondan kənarda hazırlıq işləri genişləndi.

Moskva, Azərbaycandakı bolşeviklərə (onların əksəriyyəti yerli millətdən deyildi) böyük ümid bəsləyirdi. Onların ixtiyarına istənilən qədər pul və silah göndərilirdi. Ən təcrübəli kadrlar, ilk növbədə Anastas Mikoyan bu işə cəlb edildi. Mart ayında yerli və gəlmə bolşeviklər Bakıda dövlət çevrilişi təşkil etmək istədilər. Lakin müvəffəq olmadılar. Neft qıtlıqı üzündən Rusiya təsərrüfatının iflic vəziyyətə düşdüyü martın 17-də (1920) Lenin Bakının işğalı haqqında Azərbaycan bolşeviklərinin çoxdan gözlədikləri əmri verdi: “Bakını tutmaq bizə son dərəcə və son dərəcə zəruridir. Bütün səyinizi buna verin.” Aprel ayının 17-də isə Lenin hələ olmayan Bakı Neft Komitəsinin sədrliyinə A.Serebrovski adlı birisini təyin etdi və ona neftin Rusiyaya daşınması sahəsində fövqəladə səlahiyyətlər verdi.

Xaricdən və daxildən təzyiqlərin artdığı şəraitdə Bakıda hökumət böhranı baş verdi. Mart ayında olmuş konfransda xarici işlər naziri Xoyski və tərəfdarlarının müxalifətinə baxmayaraq, Hacınski qrupunun siyasi xətti, yəni Rusiyaya oriyentasiya cəhdi qalib gəldi. Konfransın qərarları ilə razı olmayan Nəsib Bəy Yusifbəyli istefa verdi, yeni hökumətin təşkili isə Hacınskiyə tapşırıldı. Rusiyaya neft və müttəfiqlik qarşılığında Azərbaycanın bağımsızlığını qoruyub saxlamağa ümidlər vardı.

Böhranı dərinləşdirən şərtlərdən biri də bu idi ki, Azərbaycanda, xüsusən Bakıda olan Türkiyəli kommunistlər və ittihadçılar xalq arasında Türkiyənin populyarlığından istifadə edərək, Qırmızı Ordunun gələcək yürüşü xeyrinə təbliğat aparırdılar. Guya bu ordu Anadoludakı Milli Mücadilə Hərəkatına köməyə tələsməsinə baxmayaraq, İngilispərəst Azərbaycan hökuməti onu öz ərazisindən buraxmadığından onlar yerli və xarici bolşeviklərlə birlikdə onu devirməyə çağırırdılar. Sovet Rusiyasının nümayəndələri də öz növbəsində Azərbaycanda yalnız hökumət dəyişikliyinin olacağı, Sovet Azərbaycanının bağımsızlığını qoruyacağını vəd edirdilər.

Sovet Rusiyasının planlaşdırdığı təcavüzdə ən həssas amil Ermənistanın Azərbaycana qarşı patoloji düşmənçiliyindən istifadə oldu. 1920-ci ilin əvvəllərində Erməni nümayəndələri Pirumov və Zaxaryan Moskvaya gedib, ərazi güzəştləri müqabilində Azərbaycan hökumətini devirmək işində öz hökumətlərinin təklifini bildirdilər. Qarabağda Erməni əhalisinin qiyamı və Ermənistanla Azərbaycan arasında savaş planlaşdırıldı. 72 minlik Qırmızı Ordu hissələri Samur çayı kənarında cəmləşdiyi vaxt Qarabağda qiyam başladı. Azərbaycan Ordusu hissələrinin təxminən hamısı ölkənin qərbinə yeridildi, quzey sərhədi isə təcavüzə açıq qaldı.

Maraqlıdır ki, bu arada Sovet Rusiyası ilə ticarət sahəsində danışıqlar davam edirdi. Martın 30-da Sovet Rusiyası-Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalandı. Sentrosoyuzun Bakıdakı nümayəndəsi S.İ.Selavri Moskvaya göndərdiyi teleqramda bu müqavilə barədə məlumat verir, gələcək işləri üçün təlimat göndərmələrini xahiş edirdi. Aprelin 17-də Rusiya Xarici İşlər Komissarının Müavini Karaxan Azərbaycanla ticarət-iqtisadi əlaqələrin yaranmasına prinsipial olaraq razılaşdıqlarını bildirən teleqram göndərdi. Aprel ayında ticarət əlaqələrinin genişləndirilməsi sahəsində danışıqlar davam edirdi (neftin qiyməti barədə danışıqlar aprelin 27-dək çəkdi).

Belə bir şəraitdə Fətəli Xan Xoyski aprelin 15-də (1920) növbəti və sonuncu nota ilə Çiçerinə müraciət etdi. “Dağıstan ərazisinin Denikin qüvvələrindən təmizlənməsindən sonra Azərbaycan xalqı quzey tərəfdən qorxu çəkmədən sakit yaşayacağını ümid edirdi” sözləri ilə başlanan notasında Xoyski külli miqdarda Sovet ordu hissələrinin Dərbənd ətrafında cəmləşməsi səbəbini soruşur, “Rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaranması üçün danışıqlara başlamağa” təkid edib, bu təklifin qəbul edildiyi təqdirdə danışıqların başlanması vaxtını və yerini təyin etməsini xahiş edirdi. Fəqət bu nota cavabsız qaldı.

Azərbaycan bolşevikləri aprel ayında Petrovsk şəhərinə gedərək gələcək silahlı üsyanla XI Ordunun hərəkətini uyğunlaşdırmaq barədə XI Ordunun başındakı Orconikidze ilə danışmış, silahlı üsyanın başlanmasından 24 saat sonra bu ordunun Azərbaycan sərhədini keçməsi qərarlaşdırılmışdı. Lakin bu razılaşma şərtləri pozularaq aprelin 26-dan 27-nə keçən gecə, Mikoyanın xatırladığı kimi, birə beş-on dəqiqə işləmiş başda III İnternasional olmaqla zirehli qatarlar qrupu Samur çayı üzərindəki sərhəd körpüsünü keçib, sürətlə güneyə doğru irəliləməyə başladı. Azsaylı sərhəd quvvələrindən ibarət Azərbaycan Ordusu hissələrinin fədakarlığı düşməni durdura bilmədi. Bakıdakı parlaman və digər mühüm dövlət orqanlarını qorumalı olan Yardım Alayı da yuxarıda adı çəkilmiş Türkiyəli komandirlərin təhriki ilə bolşeviklər tərəfə keçdi. Hərbi gəmilərin topları parlaman binasına tuşlanmışdı.

Saat 4-də Azərbaycan Kommunist Partiyası, Rusiya Kommunist Partiyası və Fəhlə Konfransı adından Azərbaycan Parlamanına hakimiyyətin təhvili haqqında ultimatum verildi. Hakimiyyəti ələ alacaq bolşeviklər aşağıdakı şərtlərə riayət edəcəklərini bildirdilər: 1. Rus ordusu Bakıya girmədən dəmiryolu ilə birbaşa Anadolunun imdadına gedəcək; 2. Azərbaycan istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və quyuddan [məhdudiyyətdən, ilhaqdan, köləlikdən] qorunacaq; 3. Azərbaycan Ordusu olduğu kimi qalıb buraxılmayacaq; 4. Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək; 5. Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək; 6. Azad şəkildə toplanacaq Azərbaycan şuraları hökumətin idarə şəklini təyin edəcək.

1920-ci il aprel ayının 27-si axşam saat 11-də Azərbaycan Parlamanı hakimiyyətin təhvil verilməsi haqqında qərar qəbul etdi. Bu, artıq Azərbaycan Xalq Cümhuriyyətinin sonu idi. Azərbaycanda yeni, 71 il sürən Sovet erası başlanırdı.

 

(İkinci bölüm)

İşğalın İlkin Nəticələri

Rusiya 100 il sonra yenidən Azərbaycanı işğal etdi. Hakimiyyətin təhvilindən keçən az vaxtda aydın oldu ki, bolşeviklər verdikləri vədlərin heç birinə əməl etmək fikrində deyillər. Aprel inqilabı’nın elə səhəri günü təşkil edilmiş mitinqdə şüarın müəllifi Anastas Mikoyan Müstəqil Sovet Azərbaycanı şüarının köhnəldiyini bildirdi. Bakıda talan həftəsi (qrabnedelya) başladı, qırmızı ordu Azərbaycanın şəhər və kəndlərini bir-birinin ardınca işğal etdi. Anadoluya yardım məsələsi bir daha gündəmə gəlmədi. Rusiya Fəhlə-Kəndli Müdafiə Şurasının Bakı Neft Komitəsinə işğaldan on gün qabaq sədr təyin etdiyi Serebrovski öz işinə başladı; aprel ayının 30-dan may ayının 16-a qədər Bakıdan Həştərxana 3,8 mln pud mazut, 119,8 min pud neft, 260,4 min pud kerosin, 52,8 min pud maşın yağı; Petrovska 67,5 min pud mazut, 112,8 min pud neft, 283,6 min pud kerosin, 31,6 min pud maşın yağı, 3,3 min pud silindr yağı göndərdi.

Yeni siyasi ortamda ali hakimiyyət orqanı hüquqi legitimliyi olmayan müvəqqəti Azərbaycan İnqilab Komitəsi (ya Azrevkom) deyilən, Sovet Rusiyasının təyin etdiyi üzvlərdən ibarət orqan sayılırdı. Həqiqətdə prinsipial məsələlər haqqında XI Ordunun İnqilabi-Hərbi Şurası (Revvoensovet) qərar verirdi. Hətta xarici diplomatik nümayəndəliklər bütün önəmli məsələlərlə bağlı məhz XI Orduya müraciət edirdilər. Yerlərdə yaradılan inqilab komitələrinin tərkibi də XI ordunun razılığı ilə müəyyən edilirdi.

1921,1925,1937 və 1978-ci illərdə qəbul edilmiş Azərbaycan Sosialist Şura Cümhuriyyətinin/ Azərbaycan Sovet Sosialist Respublikasının Anayasasında bu müttəfiq respublikanın müstəqil dövlət olması haqqında müddəa belə yox idi. Sovey dönəmi üçün xarakterik ifadə suveren dövlət idi. Məhz bu suverenliyi inadla müstəqillik anlamında işlətməyə çalışmışlar. Halbuki suverenlik ölkə daxilində hərəkətlərdə sərbəstliyi ifadə edirsə, müstəqillik xarici qüvvədən azad olmaq, onun nüfuzundan çıxmaq anlamı daşıyır.

27 Aprel işğalından sonra bağımsızlığını itirməsindən başqa Azərbaycanın daxili idarəçilik haqqı belə Rusiyaya keçdi. Moskvadan göndərilmiş emissarlar ölkə idarəçiliyini əllərinə aldılar. Hakimiyyətin təhvilinin ikinci bəndinin ikinci hissəsi – ölkənin ərazi bütövlüyünün qorunması haqqında şərt də tezliklə yaddan çıxdı. Mübahisəli ərazilərlə birlikdə 114 min kvadrat kilometr, Azərbaycan hökumətinin faktik nəzarət etdiyi 96 min kvadrat kilometr ərazini təhvil alan yeni hakimiyyət dövründə Sovet Azərbaycanının ərazisi 86 min kvadrat kilometrədək kiçildi. Zəngəzur, Göycə və başqa bitişik ərazilər Ermənistana verildi. Ermənistanın iddia etdiyi Naxçıvana gəldikdə, onun Azərbaycanın tərkibində saxlanılması birbaşa Türkiyənin xidməti sayılmalıdır. Bu azmış kimi tarixi Qarabağ torpaqlarının bir hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı Erməni muxtariyyəti quruldu.

Ərazi-inzibati idarəçilik məsələlərindən danışarkən, Bakının statusu məsələsinə də qısaca toxunmağa dəyər. Məsələ bundadır ki, ilk öncə Bakını Azərbaycandan ayırıb, birbaşa Rusiyaya bağlamaq istəmişdilər. Rusiya hüquqçuları və iqtisadçıları Bakının Azərbaycanın başqa yerləri ilə əlaqəsinin olmadığını əsaslandırmağa çalışmışlar. Stalinin bu məsələ ilə bağlı söylədiyi fikir – sənaye Bakısını feodal-patriarxal Azərbaycanla qarışdırmaq yanlışdır – onların istinad etdikləri əsas dəlil idi. Bakını Azərbaycandan ayırıb ya xüsusi statusda, ya da Rusiyanın bir ərazisi kimi ona birləşdirmək mümkün olmadıqda, Bakıya Azərbaycan daxilində xüsusi status verməyi düşündülər. Paytaxtın idarəsi uzun müddət Rus və Erməni bolşeviklərinə tapşırıldı. Buradakı Rus əhalisinin sayını artırmaq üçün on minlərlə Rus mühaciri Bakıya köçürüldü. Etirazlara baxmayaraq Rus istila ordusuna seçki haqqı verildi. Yenə Rus çoxluğu təmin edilməyincə, hər 100 fəhlə və əsgərə bir, hər 1000 kəndliyə də yenə bir nümayəndə hesabı ilə Bakı Sovetinə seçkilərdə Rus çoxluq yaradılmış oldu. Bu surətlə Rus idarəsinə keçən Bakı Soveti, Azərbaycan içərisində bir muxtariyyət şəklini aldı.

İşğalının ilk günlərindən etibarən yeni Sovet hakimiyyəti verdiyi vədə – Azərbaycan siyasi partiyaları hürriyyət və sərbəstliyini mühafizə edəcək (hakimiyyəti təhvilin 4-cü maddəsi), keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək (5-ci maddə) – qətiyyən əməl etmədi. Repressiyalar burada göstərilən siyasət adamlarının çərçivəsini xeyli aşdı, o, kütləvi xarakter aldı. Hakimiyyətin dinc yolla təhvil verildiyinə baxmayaraq, XI Ordu və yaranmaqda olan repressiv qurumlar Azərbaycana, savaşda məğlub olmuş ölkə kimi yanaşdılar, burada qəddar işğal rejimi quruldu. Sovet rejimini təmsilən Rusiya, bağımsız olmağa və yaşamağa cürət etdiyi, üstəlik Güney Qafqazın başqa ölkələrini də bağımsızlığa təhrik etdiyinə görə Azərbaycandan intiqam alırdı.

Cümhuriyyətin keçmiş nazirləri, məmurları, hərbçilər, bəylər və xanlar “qırmızı terror”un ilk qurbanları oldular. Çeka [KGB’nin sələfi] may ayında Cümhuriyyətin baş naziri Nəsib Bəy Yusifbəylini qətl etdi.Yenə Çeka agentləri Tiflisdə ilk baş nazir Fətəli Xan Xoyskini, az sonra Parlaman sədrinin birinci müavini Həsən Bəy Ağayevi, İstanbulda nazir Behbud Xan Cavanşiri, nazir K. Lizqarı, Əks-kəşfiyyat İdarəsinin ilk rəhbəri Məmməd Bağır Şeyxzamanlını, vali Dr. Xudadad Bəy Rəfibəylini və başqalarını terror etdilər. Məmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” adlı əsərinə əlavədə edam edilən 46 nəfər görkəmli ordu mənsubu, siyasətçi, ziyalı və peşə sahibinin siyahısını vermişdir. Müəllifin də göstərdiyi kimi, bu siyahı tam deyildir, işğaldan sonrakı ilk illərdə qırmızı terrorun qurbanlarının sayının azı 10 min olduğu təxmin edilir. Başqa bir qaynağa görə, bolşeviklərin Azərbaycanda hakimiyyətinin ilk ilində 12 general, 27 polkovnik, 46 kapitan, 148 gizir və Azərbaycan Ordusunun 266 başqa mənsubu tutulub güllələnmişdi.

Sovet qaynaqlarında kütləvi repressiya qurbanlarının ümumi sayının gizlədilməsi və SSRİ-nin çökməsindən sonra bu materialların tam açılmaması səbəbindən Sovet repressiyalarının miqyasını dəqiq müəyyən etmək bir problemdir. Bəzi məlumatlara görə, 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək olan dövrdə Azərbaycanda qırmızı terrorun 48 min qurbanı olmuşdur. Başqa bir məlumata görə, Azərbaycanda Bolşevik hakimiyyətinin ilk iki ili ərzində 80-90 min adam məhv edilmişdir. Bir başqa qaynaqda isə təkcə 1937-38-ci illərdə Mir Cəfər Bağırovun əmri ilə 70 min adamın məhv edildiyi bildirilir. Bunların da 29 min nəfəri ziyalı təbəqəsinə aid imiş. Tarixçi Məcid Katibliyə görə, 1937-ci ildə Azərbaycanda 29 min nəfər xalq düşməni kimi güllələnmiş, ya da Sibirə göndərilmişdir. Yenə həmin 1937-də təkcə Xəzər Gəmiçiliyi İdarəsindən 200 rəhbər işçi, 19 gəmi kapitanı həbs edilmişdi. Repressiya məsələlərini araşdırmış, özü də onun şahidi olmuş Murtuz Sadıqov yazır ki, “ən cüzi hesablamalara görə, 30-40-cı illərdə azı 250 min azərbaycanlı cəza tədbirlərinin acısını-ağrısını dadmışdır.” Başqa bir qaynaq 1937-38-ci illərdə Azərbaycanda 120 min adamın repressiyaya qurban getdiyini bildirir. Repressiyanın miqyasına görə, Azərbaycan və Gürcüstan yalnız Ukraynadan geridə qalmış, qalan yerlərə nisbətən burada vəziyyət daha bərbad olmuşdur.

İşğalın ilkin şoku keçər-keçməz faciənin həqiqi mahiyyəti aydınlaşmağa başladı. XI Ordunun Anadoluya yardıma gedəcəyi haqqında böyük yalan üzə çıxdıqca, repressiyaların miqyası genişləndikcə, yeni Sovet hakimiyyətinin qarət və qırğınları artdıqca insanlar ölkədə inqilabın deyil, adi işğalın olduğunu dərk etməyə başladılar. İşğaldan bir neçə gün sonra Azrevkomun dekreti ilə məlum Yardım Alayı buraxıldı, daha sonra ölkədəki bütün hərbi hissələr, ilk növbədə milli Azərbaycan Ordusunun hissələri Sovet Rusiyasının fəhlə-kəndli ordusunun ixtiyarına verildi. Bu arada Azərbaycan Ordusunun bəzi hissələrinin tərk-silah edilməsi, digərlərinin komanda heyətlərinin Ruslar və Ermənilərlə dəyişdirilməsi hələ tam dağıdılmamış milli ordu hissələrində qəzəb yaratmaqda idi. İlk silahlı üsyan mayın sonlarında milli ordunun Gəncədəki hissələrində başladı. Gəncə üsyanı qəddarlıqla yatırıldı. 1923-cü ilə qədər 53 dəfə, İkinci Dünya Savaşınadək isə 200-dən artıq silahlı çıxış olmuşdur.

Hərbi kommunizm siyasətinin tələblərinə uyğun olaraq kəndlidə olan məhsul artığını müsadirə edən işğal ordusunun hərəkətləri müxtəlif formada (bu sıradan silahlı) narazılıq yaradır, bu da onlara qarşı ordunun repressiyalarına səbəb olurdu. Yeni kommunist rejimi burjuaziya, xan-bəy təbəqəsinə qarşı sadəcə olaraq savaş açdı, bu təbəqələrin qanını halal elan etdi. Kollektiv təsərrüfatların yaranması kampaniyasında (kollektivləşmə dövründə) maddi cəhətdən az-çox təminatı olan hər bir kəndli qolçomaq (Ruscası kulak) elan edildi və kütləvi surətdə repressiyaya məruz qaldı. Yeni rejim əski oxumuş təbəqəni, eləcə də ruhaniləri özünə yad və düşmən sayıb, onu kütləvi repressiyaya məruz qoydu. Dünya tarixində böyük terror hadisəsi kimi məşhur olan bu kütləvi repressiyaların qeyri-adiliyi həm də onda idi ki, terror maşını bir qədər sonra bu rejimi yaradanların özlərini belə məhv etməyə başladı. Bir sözlə, Sovet rejiminə yad olanlar, hətta onun yaradıcılarından bir hissəsi düşmən sayıldı və terrora məruz qaldı.

Müxalif siyasi partiyaların davam edən fəaliyyətini heç cür qəbul edə bilməyən yeni hakimiyyət onlara qarşı da cəbhə açdı. Dirəniş özünü siyasi həyatda da göstərdi. Rəsmi tarixçilikdə az bilinən bu dirəniş haqqında bu gün belə əhatəli və güvənli qaynaq yox kimidir. Aprel işğalından sonra siyasi qüvvələrin, ilk növbədə Müsavat Partiyasının mübarizəsindən bəhs etmək gərəkdir. Başda Müsavat Partiyası olmaq üzrə siyasi partiya üzvlərinin bir hissəsi “Aprel inqilabı” hadisəsini və yalanını qəbul etməmiş, gizli siyasi fəaliyyətə keçdi. Müsavat Partiyası kadrları gizli İstiqlal Komitəsi yaratmış, “İstiqlal” qəzetinin çapını təşkil etmişdilər. Gizli şəkildə Sovet rejiminin cinayətlərini ifşa edən bəyannamələr yayıldı. “İstiqlal” qəzetinin 19 sayı çap edildi. Qəzetin çap edildiyi gizli mətbəənin ifşa edildiyi 1923-cü ilin iyunundan sonra Müsavata qarşı yeni repressiya dalğası başlandı. Onlarla Müsavatçı həbs edilərək Şimal dənizindəki məşum Solovki adalarına məcburi işə göndərildi. Müsavatçı məhbusların Solovkidə göstərdiyi mərdlik Rus müəlliflərinin sonralar işıq üzü görmüş əsərlərində də öz əksini tapmışdır.

Sovet rejiminin repressiyalarına baxmayaraq, müxtəlif sahələrdə dirəniş hərəkatı ta İkinci Dünya Savaşınadək aktiv şəkildə davam etmişdir. Azərbaycan Dövlət Siyasi İdarəsinin (KGB-nin sələfi) sənədlərindən birində deyilirdi: “Qeyri-Türk ziyalıların müəyyən hissəsinin şovinist meylləri (ali məktəblərin Türkləşdirilməsinə müqavimət, Türk mədəniyyətinə etinasız münasibət və s.) obyektiv olaraq Türk millətçiliyinin artımına şərait yaradır.” Bütün ziyalıların 10-15%-nin anti-Sovet əhval ruhiyyəsində olduğunu bildirən və təhsil sahəsində millətçilik təbliğatının yollarından bəhs edən başqa bir sənəddə isə deyilirdi: “Türk ziyalıları arasında millətçiliyin daha bir növü geniş yayılmışdır. Bu da əsasən üç məsələ ətrafında cəmləşir: Sovet aparatlarının, xüsusən də ali məktəblərin Türkləşdirilməsi, Azərbaycanın təbii sərvətlərinin (neftin) satılmasından əldə edilən gəlirin çox hissəsinin tələb edilməsi, gəlmələrin – Rusiyadan köçənlərin Azərbaycanda yerləşdirilməsi.” Anti-Sovet təbliğat işinin miqyasını bu “cinayətə” görə həbs edilmiş şəxslərin sayı dolaylı olaraq göstərməkdədir. Rəsmi sənədlərə görə, 1929-cu ildə 1142 nəfər Müsavat Partiyasının və 474 nəfər İttihad Partiyasının tərəfdarı həbs edilmişdi.

Dirəniş hərəkatının maraqlı detallarında biri də Gənc Azər adlı gizli təşkilatın yaranması və fəaliyyəti ilə bağlıdır.Gənc Müsavatçıların 1926-cı ildə üç nəfərlik özəklər prinsipi ilə qurduğu bu təşkilat əsasən təhsil müəssisələrində təşviqat işi ilə məşğul olurdu.1929-cu ilin yanvarında rəhbərliyi həbs edilmiş bu təşkilat, öz məqsədini bir üzvünün ifadəsinə görə belə müəyyən etmişdi: “Təhsil alan gənclərdən Gənc Azər təşkilatında gənc kadrlar – Müsavatçılar hazırlamaq, onları Müsavat partiyasına vermək və bu partiya ilə birlikdə Azərbaycan SSR-də Sovet hakimiyyətini devirmək, Azərbaycanın Rusiyadan ayrılmasını, onun təkcə Türk-Tatar xalqlarının deyil, bütün Müsəlman Şərqinin siyasi və mənəvi mərkəzi olan Türkiyəyə birləşməsi işində fəaliyyət göstərmək, Azərbaycanda Sovet hakimiyyətini devirmək və ya daha doğrusu Azərbaycanı Rusiyadan ayırmağın yolunu Türkiyədən və oradakı Müsavatçılardan yardım almaqda görürdük.”

Milli Davanın Davamı

İkinci Dünya Savaşından Sovet İttifaqının qalib çıxması Sovet rejimini, eləcə də onun təbliğatını gücləndirdi. Cəmiyyətin böyük hissəsində əski qorxu hissi ilə yanaşı Sovet rejiminin yaşarlığı haqqında fikirlər gücləndi. Azərbaycan Türklüyünün həyatı totalitar hakimiyyətin tam kontrolu altında keçdi. Bu kontrol bəzi dövrlərdə artdı, bəzən azaldı, ancaq kommunist hakimiyyətinin xarakteri bu kontrolun yox olmasına heç zaman icazə vermədi. Hətta tam əminliklə demək olar – bu kontrol Çar Rusiyasının müstəmləkə hakimiyyətinə nisbətən dəfələrlə güclü oldu. Milli həyat əslində Sovetlərin müəyyən etdiyi şərtlər daxilində və onların müəyyənedici təsiri altında bir onillikdən obirisinə keçdi. Bu ağır şəraitdə belə milli hərəkat müxtəlif formalarda təzahür etməkdə idi.

Hələ savaş illərində, 1942-ci ildə 8 nəfərdən ibarət “gizli millətçi gənclər qruplaşmasının” üstü açılır. Üç nəfərə güllələnmə hökmü verilir, beş nəfəri isə 10 il həbs düşərgəsinə göndərilir. “İldırım” adlı təşkilat anti-Sovet fəaliyyətin ən diqqətçəkən təzahürlərdən biri idi. Bakı Dövlət Universitetinin 5 müəllimindən ibarət olan bu təşkilat hələ savaş dövründə anti-Sovet təbliğatı ilə məşğul olmağa başalayır. Onlar təşkilatı qurarkən sədaqət andı içməyi lazım bilmişlər. 1948-ci ilin sentyabrında “İldırım” qrupunun həbs edilməsi haqqında qərar verilmiş, qrup üzvlərindən üçünə 25 il, dördünə isə 10 il Sibirə sürgün cəzası verilmişdi.

1957-ci il may ayının 28-də üçrəngli milli bayrağın Bakıdakı Qız qalasının üstünə sancılması da diqqətədəyər hadisələrdən biri olmuşdur. Məhz bu fədakar əməlinə görə Sovet rejimi Cahid Hilaloğlunu 10 il azadlıqdan məhrum etmişdi. 1957-ci il Milli Azadlıq Qərargahı (MAQ) adlı başqa bir gizli anti-Sovet təşkilatın yarandığı ildir. 25 il bu təşkilata sədrlik etmiş Oqtay Eldəgəz çox sonralar bu quruma Azərbaycanın görkəmli ziyalılarının daxil olduğunu bildirmişdir. Cəmi 95 üzvü olan bu təşkilatın anti-Sovet təbliğatında xalqın adının bərpa edilməsi, milli dilin dövlət dilinə çevrilməsi, Rus dilinin isə ali məktəb və texnikumlarda yalnız könüllü olaraq tədris edilməsi zərurəti önəmli yer tuturdu. 1965-ci ildə bir qrup vətənsevər, millətsevər gənc Azərbaycan Milli Dilinin Müdafiə Komitəsi adlı təşkilat qurmuş, milli dilin statusunun genişləndirilməsi zərurəti haqqında təbliğat işi aparmışdır. Bu təşkilatın sədri Allahverdi Qurbanov sonralar anti-Sovet fəaliyyətinə görə həbs edilmişdir.

Sonralar Azərbaycanda milli-demokratik hərəkatın lideri və Azərbaycan Respublikasının prezidenti olmuş Əbülfəz Elçibəyin (Əliyevin) dissident fəaliyyəti 1970-ci illərin birinci yarısına düşür. Hələ tələbəlik illərindən o, Sovet rejiminin müstəmləkə siyasətini ifşa etmiş, gizli tələbə dərnəkləri qurmuş, azadlıq ideyalarını yaymışdır.1975-ci ilin yanvarında KGB tarixçi alimi tələbələr arasında millətçi (Türkçü) və anti-Sovet təbliğatı apardığına görə həbs etmiş, 1976-cı ilin iyulunudək siyasi dustaq olaraq azadlıqdan məhrum etmişdir. 1976-cı ildə KGB başqa bir gənc alimi istintaqa cəlb etdi. Bakı Dövlət Universitetinin fəlsəfə müəllimi Qənbər Əsgərov anti-Sovet fikirlərinə və söhbətlərinə görə qapalı keçirilən məhkəmədə ittiham edildi. Maraqlıdır ki, irəli sürülən rəsmi ittiham siyasi xarakterli deyildi. Tələbələr arasında populyarlığını göz önünə alıb, onu şəxsi-məişət müstəvisində cinayətdə ittiham etdilər və məhkəmə ona ən ağır cəza – güllələnmə hökmü verdi. Sovet repressiya sisteminin sıx-sıx istifadə etdiyi bu metod – Sovetlərə qarşı fəaliyyəti və şəxsiyyəti gizlətmək- Azərbaycanda da tənqidi düşünən, azadfikirli adamlara münasibətdə tətbiq edilirdi.

Azərbaycanda dissident hərəkatı mövzusunda son dönəmlər ortaya çıxmış araşdırmalar, dirəniş hərəkatının ayrı-ayrı formaları haqqında müəyyən təsəvvür yaradır. KGB arxivlərinin gələcəkdə açılması və sənədlərin araşdırmaya cəlb edilməsi bu təsəvvürlərin dolğunlaşmasına səbəb olacaq.

Mühacirətin Bağımsızlıq Davası

Siyasi mühacirətin fəaliyyətini də milli davanın davamı hesab etmək gərəkdir. Siyasi mühacirətin varlığı toplumun bəlli bir bölümündə milli fikrin ardıcıl davamçılar yaratmasının göstərgəsidir.

1920-ci ildən sonrakı Azərbaycan mühacirəti keyfiyyət baxımından əvvəlki dövrlərin mühacirətindən kəskin şəkildə seçildi. Hər şeydən əvvəl o, təşkilatlandı, işini sistemli şəkildə qura bildi. Aprel İşğalından sonra o, artıq ictimai-milli hadisə xarakteri aldı. Bunun əsas səbəbi Cümhuriyyət dönəminin milli şüurda dərin izlər buraxması və bəlli siyasi kadrlar yetişdirməsi idi. 1918-20-ci illərdə millət-dövlət quruculuğu vəzifəsini öhdəsinə götürmüş qüvvələr Aprel İşğalından sonra da siyasi mühacirətin təşkili işinə girişdilər. Mühacirətin social tərkibi də genişləndi. Mülkədar, ticarət və sənaye burjuaziyasından başqa milli ordunun zabitləri, nazir, parlaman üzvü, yüksək rütbəli dövlət məmurları, siyasi partiya rəhbərləri, sərbəst sənət sahibləri və ziyalıların ölkədən getməsi ilə Azərbaycanın özündə social-sinfi struktur hiss ediləcək dərəcədə yoxsullaşdı. Bununla belə bolşevik repressiya maşınından canını qurtarmış milli ziyalıların xaricə gedə bilməsi və orada milli davanı davam etdirməsi, şübhəsiz, milli baxımdan bir qazanc oldu.

Azərbaycan mühacirətinin coğrafiyası da genişləndi. Siyasi mühacirətin bir hissəsi İranda yerləşdi. Ancaq İrana köçmək zorunda qalmış şəxslər bu ölkədə mövcud rejimin Azərbaycana zidd xarakteri üzündən uzun müddət fəaliyyət göstərib, təşkilatlana bilmədi. 1941-ci ildə Sovet qoşunlarının İranın şimalını işğalından sonra onların bir hissəsi ya məhv edildi, ya da yenidən mühacirət etməyə məcbur oldu. Avropada, özəlliklə Parisdə olan bir sıra dəyərli şəxs (Əli Mərdan Bəy Topçubaşı, Ceyhun Bəy Hacıbəyli, Məhəmməd Məhərrəmov və b.) Azərbaycan davasının dünyada tanıdılması yolunda bir sıra işlər görmüş, ancaq azsaylı olduğundan geniş fəaliyyət imkanına malik olmamışdır.

Azərbaycan mühacirlərinin əksəriyyəti Türkiyədə sığınacaq tapdı ve bu ölkə dünyanın dörd bir tərəfinə səpələnmiş Azərbaycan mühacirlərinin mərkəzi oldu. Məmməd Əmin Rəsulzadənin 1922-ci ildə İstanbula gəlişinədək dünyanın müxtəlif ölkələrinə səpələnmiş mühacirlər müxtəlif mühacir cəmiyyətləri qurmuş, imkanları daxilində çalışmışlar. Ancaq bu cəmiyyətlər uzun müddət yaşaya bilməmiş, dağılmışdılar. Rəsulzadə ilk növbədə Müsavat Partiyasının Xarici Ölkələr Bürosunu qurdu. 1923-cü ilin sentyabrında isə Azərbaycan mühacirətini bir yerə toplaya biləcək Yeni Qafqasya dərgisini təsis etdi. Bu dərgi həqiqətən toplayıcı, birləşdirici tarixi rol oynadı. Məhz onun nəticəsi idi ki, 1924-cü ilin aprelində Azərbaycan siyasi mühacirətinin müxtəlif dəstələrini vahid bir təşkilat ətrafında birləşdirən Azərbaycan Milli Mərkəsinin təşəkkülü mümkün oldu.

Aprel işğalından sonra Azərbaycanın xaricdəki rəsmi nümayəndəlikləri, özəlliklə Azərbaycan Sülh Heyəti öz işini davam etdirmiş, beynəlxalq məclislərdə Azərbaycanın işğalına kəskin etirazını bildirmişdi. San-Remo konfransına (Spa, 1920-ci ilin iyulu) təqdim etdiyi memorandumla Əli Mərdan Bəy Topçubaşı işğal aktını ifşa etmiş, Azərbaycanın bolşeviklərdən təmizlənməsini tələb etmişdi. Noyabr ayında Topçubaşı Cenevrəyə gedərək Azərbaycan davasını yeni yaranmış Millətlər Cəmiyyətində müdafiə etmişdi. Bundan sonra Topçubaşı heyət üzvləri ilə birlikdə 1922-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarına qatılaraq Azərbaycanın milli maraqlarını müdafiə etmişdir. Onun fəaliyyəti nəticəsində məlum Genuya konfransı bolşeviklərin Azərbaycan adından danışmağa səlahiyyəti olmadığı haqqında qərar vermişdi.

Mühacirətin siyasi fəaliyyətinin başlıca istiqamətlərindən biri Qafqaz mühacirətinin işini birləşdirmək idi. Hələ 1921-ci ildə Parisdə olan Azərbaycan, Gürcüstan və Quzey Qafqaz sülh heyətləri Qafqaz İstiqlal Komitəsini yaradıb, Qafqaz konfederasiyası haqqında bəyannamə imzaladılar. Bu sənəddə müstəqil Qafqaz Konfederasiyası istiqlal əldə etmək və onu qorumaqda, Qafqaz xalqları arasında ziddiyyətləri yumşaltmaqda bir vasitə hesab edilirdi. Qafqaz siyasi mühacirəti arasında iş birliyi 1934-cü ilin iyulunda Qafqaz Konfederasiyası Paktının imzalanması ilə nəticələndi. Bu sənədi də Azərbaycan, Gürcüstan və Quzey Qafqaz nümayəndələri imzaladılar. Qafqaz mühacirətinin fəaliyyətini əlaqələndirən Qafqaz Konfederasiyası Şurası yaradıldı. Müstəqil Qafqaz Konfederasiyası ideyasına sədaqət siyasi mühacirətin 1952-ci ilin sonundakı Münhen konfransında bir daha təsdiq edildi.

Azərbaycan siyasi mühacirəti Qafqazdan xaric başqa Rus olmayan millətlərin mühacirət işinin əlaqələndirilməsinə də böyük önəm vermişdir. Məhz Rəsulzadənin təşəbbüsü ilə 1928-ci ildə Parisdə Rusiya məzlum millətlərinin (Belaruslar və Ermənilərdən başqa) Prometey Birliyi yarandı. Birlik Fransızca Prométhée adlı siyasi dərgi də nəşr etmiş, 1940-cı ilin başlarına – Parisin Almanlar tərəfindən işğalınadək fəaliyyət göstərmişdir.

Azərbaycan siyasi mühacirətinin ən böyük xidmətlərindən birisi də milli azadlıq hərəkatının strategiya və taktikası haqqında özünəməxsus konsept işləməsidir. Aprel İşğalından sonra Azərbaycan davası əsasən xaricdə aparılmaqla yanaşı, milli ictimai-siyasi fikir də Azərbaycan mühacirətinin səyi nəticəsində xeyli qabağa getmişdir. Məmməd Əmin Rəsulzadənin, Əhməd Ağaoğlunun, Mirzə Bala Məmmədzadənin, Əbdül Vahab Yurdsevərin, Hüseyn Baykaranın, Cahangir Zeynaloğlunun Azərbaycan tarixi barədə yazdıqları onlarla irili-xırdalı əsəri sonrakı onillər üçün böyük metodoloji önəmə malik qaynaqlara çevrildilər. XIX – XX yüzillər tarixinə milli-demokratik baxış Azərbaycan ziyalılığının bu görkəmli nümayəndələrinin əsərlərində hakimdir və son iki əsrlik milli tarixin obyektiv əksi rəsmi Sovet tarixində deyil, məhz bu əsərlərdədir.

Sonuc Yerinə

27 Aprel Azərbaycan Türklərinin tarixində ən həssas və faciəli dönəmin başlanğıcını qoymuşdur. Bu dönəmin qapanması üçün hər şeydən öncə vətəndaşlarımızın 27 Aprel’in mahiyyətini yaxşıca dərk etməsi gərəkdir. Özəlliklə 27 Aprel rəsmi milli günlərimiz siyahısında gərəkən yerini almalı, İkinci İşğal Günü olaraq hər il anılmalıdır; Aprel İşğalı’nın minlərlə şəhidi hər il xatırlanmalıdır.

Quzey Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini rəsmən bərpa etdi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bildirdi. Ancaq 27 Aprel’in sonuçları aradan qaldırıldımı? Yəni üstündən 101 il keçəndən sonra Azərbaycan, bağımsızlıq problemini çözə bildimi, Azərbaycan torpaqları üzərində suveren haqlarına qovuşdumu, bir zamanlar elan etdiyi və ilk addımlarını atdığı demokratik idarəçiliyə sahib ola bildimi? Cavab mənfidir. Çünki hələ də prinsipial qərarlar vermək üçün rəsmi Bakı gözlərini Kremlə dikir; hələ də Qarabağın tamamında Azərbaycan bayrağı asılmamışdır; hələ də ölkədə avtoritar rejim hakimdir.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir