KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Namiq Bağırlı: Azərbaycanın fədaisi Həbib Səlimov

Namiq Bağırlı: Azərbaycanın fədaisi Həbib Səlimov

Kafkassam Editör Kafkassam Editör - - 15 dk okuma süresi
276 0

Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə də Azərbaycanın azadlığı uğrunda böyük şücaətlər göstərən fədailərdən biridir.
O, 1881-ci il 8 fevral tarixində İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında almış, daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olmuşdur. Həbib bəy 1900-cü ilin avqustunda könüllü şəkildə 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 14 ay xidmət etmiş, unter-zabit rütbəsi almışdır. 1902-ci ildə Tiflisdə süvari hərbi məktəbini bitirən Həbib bəy Üçüncü Qafqaz Atıcı Batalyonunda podporuçik vəzifəsində xidmət etmişdir. 1905-ci ildə batalyon komandirinin köməkçisi, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rota komandiri təyin olunan Həbib bəy Səlimov həmin ilin sentyabr ayında “Müqəddəs Vladimir” ordeni ilə təltif olunmuşdur. O, 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Culfa sərhədlərində xidmət etmiş, xüsusi tapşırıqla Tehrana göndərilmişdir. 1912-ci ildə kapitan rütbəsi almış və Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra polkovnik-leytenant Həbib bəy Səlimov ölkəyə qayıtmış və milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük tarix xidmətləri olmuşdur. O, ilk olaraq Milli Orduda Dəftərxana rəisi vəzifəsində çalışmışdır.
1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin edilmişdi.
Həmin tarixlərdə bolşevik-daşnak birləşmələrinə qarşı qızğın döyüşlərdə Gəncə-Bakı istiqamətində dəmir yolu xətti boyunca irəliləyən Cənub qrupunun komandiri H.Səlimovun təşkilatçılığı və igidliyi layiqincə qiymətləndirilmiş, Azərbaycan hökuməti tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Türkiyədə çıxan “Böyük hərbdə Bakı yollarında. 5-ci Qafqaz piyada firqəsi” kitabında türk polkovniki Rüştü bəy Həbib bəy haqqında yazırdı: “Cəsur, döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitləndəndir”.
Həbib bəy Səlimovun vətən qarşısındakı xidmətlərinin daim yüksək dəyərləndirildiyini 1919-cu il fevral ayının 26-da Müdafiə nazirliyinin 31 saylı əmrinə əsasən, general-mayor hərbi rütbəsi verilməsi də təsdiq edir. Qeyd edək ki, General Həbib bəy Səlimov əslən Litva tatarı olan, general-leytenant Məmməd bəy Sulkeviçdən sonra Azərbaycan Milli Ordusunda Baş Qərargah Akademiyasını bitirmiş ikinci general idi. Bir müddət sonra Həbib bəy Səlimov Azərbaycan ordusunun Baş Qərargahının rəisi kimi yüksək vəzifəni icra etmiş, Azərbaycanın Qarabağa erməni separatçılarına və Ermənistandan gəlmiş quldur dəstələrinə qarşı döyüşməyə göndərdiyi ordunun komandanı olmuşdur.
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun rəhbərliyi ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaqdan boyun qaçıran malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddət ərzində vali təyin edilmişdir.
Sovet Rusiyasının Azərbaycan torpaqlarında işğalçılıq planına uyğun olaraq 1920-ci il mart ayının 22-də Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyən daşnaklar Əsgəran keçidini ələ keçirməyə cəhd göstərdilər. Son dərəcə təhlükəli vəziyyətin yarandığını nəzərə alan hökumət artıq hərbi yürüşlərdə kifayət qədər təcrübə toplamış general Həbib bəy Səlimovun komandanlığı altında Yuxarı Qarabağa güclü əsgəri qüvvə göndərdi. Bu qüvvə işğalçı erməni dəstələri ilə 12 gün amansız vuruşmalardan, qanlı döyüşlərdən sonra daşnak ordusunu darmadağın etdi və erməni generalı Dəli Qazar öldürüldü. Həbib bəyin sərkərdəlik məharəti nəticəsində Azərbaycan əsgəri özünün ən şanlı vuruşlarından birini də zəfərlə başa çatdırmağa nail oldu. Tarixə “Əsgəran müharibəsi” kimi düşmüş bu savaş Vətən yolunda silaha sarılan qorxmaz türk oğlunun qarşısını heç bir qüvvənin almağa qadir olmadığını düşmənlərimizə bir daha sübut etdi. 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olmuşdur.
Azərbaycanda aprel çevrilişindən sonra bütün Zaqafqaziyanı ələ keçirməyə çalışan sovet Rusiyası bu məqsədlə həm diplomatik vasitələrdən istifadə edir, həm də guya ermənilərlə azərbaycanlılar arasında millətlərarası toqquşmalara yol verməmək adı altında hərbi əməliyyatlar üçün yeni planlar işləyib hazırlayırdı. Rusiya rəhbərliyinin tövsiyələrinə əməl edən 11-ci ordunun komandanı Levandovski bunu bəhanə gətirərək “Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədlərinin mühafizəsi haqqında” 1920-ci il may ayının 18-də 58 saylı əmr verir. Əmrin 4-cü bəndinə əsasən 11-ci ordunun 32-ci diviziyasının rəisi Şteygerə Naxçıvan-Cülfa-Ordubadı ələ keçirmək üçün həmin məntəqələr mayın 25-də güclü dəstələr göndərmək tapşırığı verildi. Lakin sovet hakimiyyəti əleyhinə Gəncə, Qarabağ üsyanları ilə əlaqədar bu dəstələrin göndərilməsi işi bir qədər ləngidi. Naxçıvanda isə həmin dövrdə vəziyyət həddən artıq ziddiyətli idi. Müstəqil Azərbaycan tərəfdarları ilə 11-ci ordunun yaxınlaşdığını duyduqca fəallaşan bolşevikpərəst qüvvələr arasında qarşıdurma günbəgün artırdı. Yerli bolşeviklər və AKP (b) MK Azərbaycan İnqilab Komitəsinin Naxçıvana göndərdikləri kommunistlər qrupu əhali arasında sovetləşmə təbliğatı aparırdılar. Ancaq hələ ki, bölgədə vəziyyətə Naxçıvan Milli Komitəsi nəzarət edirdi və Türkiyə əsgərlərinin kiçik bir dəstəsi ilə Xəlil bəy də burada idi. Ermənilərin bölgə üçün ciddi təhlükə yaratdığını görən Türkiyə Bəyazid diviziyası iyunun sonunda 9 min nəfərlik qoşunla Naxçıvan-Cülfa-Ordubad istiqamətində hərəkətə başladı və artıq iyulun 2-də 3 min nəfər Naxçıvan-Şahtaxtı rayonuna daxil oldu. Ancaq Şahtaxtı stansiyasından Naxçıvan dəstəsinə komandanlıq edən Kəlbalı xanın 14 və 16 iyul 1920-ci ildə general Həbib bəy Səlimova göndərdiyi məlumatlardan aydın olur ki, türklərin gəlişi də vəziyyəti o qədər düzəltməmiş, yerli əhalidən təşkil edilmiş hərbi dəstələrdə nizamsızlığı sonadək aradan qaldırmaq mümkün olmamışdı. Məhz bu vəziyyətdən istifadə edən və özünün hərbi hazırlıq işlərini müəyyən qədər başa çatdıran 11-ci ordu hissələri isə iyulun 28-də Gorus, Şahbuz və Cəhridən keçərək Naxçıvana daxil oldu. Naxçıvan inqilab komitəsi yaradıldı. Bu vaxt Həbib bəy İranda idi. O, 1920-ci il iyulun 19-da Naxçıvan şəhər general-qubernatoru tərəfindən 14 günlüyə Təbriz şəhərinə ticarət məsələləri ilə məşğul olmaq üçün göndərilmişdir.
Vətən qarşısında bu qədər xidmətləri olmağına baxmayaraq General Səlimov bolşeviklərin nəzərində quldur dəstəsinin başçısı idi və onun barəsində Fövqəladə Komissiyasının (ÇK) əməkdaşı Qubinin raportunda aşağıdakılar göstərmişdi: “Səlimovun təşkilatı barədə tərəfimdən yığılan arayışlar nəticəsində aşağıdakılar aydın olmuşdur. General rus hərbi xidmətinin Baş Qərargahının sürətləndirilmiş buraxılışının keçmiş podpolkovnikidir. Azərbaycan hökumətində general olmuşdur. Hazırda ingilislər tərəfindən yardım edilən dəstə yaratmışdır. Dəstənin fəaliyyət sahəsi Araz çayıdır. Dəstə ağqvardiyaçı quldur dəstələrin tör-töküntülərindən və şahsevənlərdən ibarətdir. Komanda heyəti ağqvardiyaçı zabitlər, ruslar, gürcülər və ermənilərdən ibarətdir. Dəstənin təşkilatlanması aparılmışdır: ermənilərin və Gürcüstanın hücuma keçəcəyi halda onlar Bakı-Tiflis dəmir yolunu kəsəcəklər. Təşkilat işlərində Ənvər Paşanın hələlik heç bir iştirakı və ümumi işbirliyi yoxdur. General Səlimov müsavat hökuməti dövründə Xəlil Paşa ilə (türk xadimi) münaqişəyə görə müsəlmanlar arasında məşhur deyil.”
Qubin guya Səlimovun ifadəsi əsasında belə nəticə çıxarmışdı: “Azərbaycanda iki üsyançı təşkilat fəaliyyət göstərir, biri Tiflisdə, digəri Bakıda. Onların məqsədi birgə üsyan qalıdrmaqdır. Vəsaitin bir hissəsi Bakıdakı kapitalistlər tərəfindən, bir hissəsi Vrangelin Tiflis və Batumdakı nümayəndəsi tərəfindən buraxılır. Silahı qaçaqmal yolu ilə Batumdan və Gürcüstandan general Səlimov gətirir və o, Tiflis təşkilatı ilə əlaqələrə malik olmaqla Bakı quberniyasında, Cavad qəzasında İran quldurlarına və Muğan sakinlərinə arxalanaraq, Bakıda bir neçə agenti olmaqla, burjuaziyanın və digər şübhəli elementlərin şəxsində iş aparır”.
Beləliklə, Həbib bəyin həbsi üçün ilkin materiallar toplanmışdı və artıq çıxarılması nəzərdə tutulan qərarın qarşısını almaq mümkün deyildi.
Həbib bəy Səlimov barəsində açılan cinayət işi protokolundan: “Səlimov Həbib Yusif oğlu, 39 yaş, 1881-ci il fevralın 8-də Naxçıvan şəhərində anadan olub…Bitərəfdir… Mülki təhsilini müəllimlər seminariyasında, hərbi təhsilini Baş Qərargahın məktəbində alıb… 1914-cü ilə qədər Kozlovski alayında podpolkovnik rütbəsinədək xidmət edib… Fevral burjua inqilabına qədər cəbhədə diviziyada adyutant olub… Oktyabr inqilabına qədər Petroqradda Baş Qərargahın Nikaleyvsk Akademiyasında oxuyub (7 mart 1918-ci ilə qədər) sonra onu birinci dünya müharibəsi cəbhələrinə göndəriblər… Almaniya-Türkiyə qüvvələrinə qarşı döyüşmək üçün Türkiyə cəbhəsindəki qüvvələrin tərkibində olub. Əvvəllər mühakimə edilməyib…”.
Həbib bəy yuxarıda göstərilən səbəblərdən dolayı bolşeviklərlə işləməkdən imtina etdiyi üçün 1920-ci ilin 1 sentyabrında həbs edilir və elə həmin ilin dekabr ayının 30-da saat 10:30-də bolşeviklər tərəfindən güllələnilir. Amansız repressiya caynağından, təəssüf ki, Həbib bəy də xilas ola bilmir… 39 il – qısa bir ömür sürməsinə baxmayaraq Səlimovun Azərbaycan dövləti qarşısında böyük xidmətləri olmuş, Azərbaycan torpaqlarını düşmən tapdağından azad etməkdə, ordunun formalaşmasında misilsiz xidmətlər göstərmişdir.

Namiq Bağırlı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir