KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Nəsib L. Nəsibli: Seçim Zamanı: Kosmopolit, yoxsa Milli?

Nəsib L. Nəsibli: Seçim Zamanı: Kosmopolit, yoxsa Milli?

Kafkassam Editör Kafkassam Editör - - 19 dk okuma süresi
187 0

Son aylarda Prezident Əliyevin Türk Birliyi və Güney Azərbaycan mövzularındakı bəyanatlarını mövcud hakimiyyətin fəaliyyətində yeni trendin göstəricisi saymaq olar. Bir neçə il öncə dövlət başçısının “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların [Türklərin], o cümlədən İranda yaşayan azərbaycanlıların [Türklərin] müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir.” səpkili bəyanatını təsəvvür belə edə bilməzdik. Bu yeniliyə görə nəyə borcluyuq sualı bir yana qalsın. Bu bəyanatlara fərqli münasibət ortaya çıxdı, öncə ona baxaq. Məmur, trol, başqa konformist təbəqələrin heyranlığı anlaşılandır. Bu mövzuların rəsmi TV kanallarının sevimli mövzusuna çevrilməsinin, onların yüksək olmayan reytinqinə müsbət təsir etməsi də bir başqa gerçəklikdir.
Fərqli düşünən, sorğulaya bilən təbəqələrdə isə yanaşma bu qədər birmənalı, bəsit olmadı.
“Dədəm mənə kor dedi, gələnə-gedənə vur dedi.”
Türk Birliyi fikriyyatı və fəaliyyəti; bizim müxalifətin bir hissəsi üçün sevilməyən mövzulardan biridir. Hər cür birlik pozitiv sayılır, Türkün birliyinə gəldikdə neqativə dönür. Pan-Türkizm adı ilə rədd edilir. Əvvəllər də belə idi. Uzun illər boyu liberal kəsim milli olan hər şeyə savaş açmış, aqressiv şəkildə milli dəyərləri aşağılamaqla məşğul olmuşdur. Ən bariz, həm də ən yanlış tezis də Qərbi tanımayanların Qərb, bizdə demokratik dövlətin qurulması üçün hər şeyi edəcək tezisi idi.
Türk Dünyasında inteqrasiyanın/bütünləşmənin irəliləməsi bu kəsimin üslubunu da tündləşdirmişdir. Sosial mediada bu istiqamətdə onlarla yazıya rast gəlirik. Aktiv söz və fikir sahiblərindən yalnız bir-ikisindən örnək alacağıq. Bir yazıda Türk birliyi mövzusunda müzakirələr, isterik müzakirə, boş- boş söhbət, avara söhbət adlandırılır. Səthi və əsassız dəlillər üzərində baş sındırmayın deyə yekə məsləhət verilir. Gerilikçilik və cahillik; danabaş və görməmiş diktatorlar kimi ifadələr yer alır. Türk dövlətlər birliyi ideyası ilə alışıb yanan millətçilər də unudulmur. Onlar da bilməlidirlər ki, nə ortaq Türkcəyə ehtiyac var, nə də ortaq Türk dövlətinə. Bir başqası
Turan-Türk birliyi illüziyasına qapılmamağı tövsiyyə edir. Çünki, Türk Dövlətləri
Təşkilatı Türk diktatorları təşkilatı imiş…
Beləcə, milli əsasın və dəyərlərin rədd edilməsi, yəni kosmopolit yanaşma ortadadır. Tariximizdə də kosmopolitizmin acı təcrübəsi vardır. Ölkəmizdə bolşeviklik şəklində təzahür edən kosmopolitizmin 1918. ildəki davranışına göz ataq. Bəlli Mart Qırğınları baş verib, Bakıda azı 12 min, Azərbaycanın şərq hissəsində toplam 30 mindən çox soydaşımız qətl edilib. Millətin fiziki varlığı məsələsi gündəmdədir. Milli qüvvələr Osmanlı Dövlətindən hərbi yardım istəməyi yeganə çıxış yolu sayır və Osmanlı siyasilərinə ardıcıl müraciətlər edirlər.
Bu dramatik durumda bizim başbəlası bolşevik ünsürlərin hərəkəti diqqət çəkir. Əvvəla, onlar Mart Qırğınlarını etnik əsasda toqquşma deyil, “vətəndaş müharibəsi” sayırdılar. Bu bolşeviklərin nisbətən abırlısı sayılan Nəriman Nərimanov Osmanlıdan yardım tələblərinə qarşı qəzəbli çıxışlar edirdi. Baş Nazir Nəsib Bəy Yusifbəyliyə yazdığı təhdid və təhqir dolu məşhur məktubunda fəxtlə elan edirdi: “Mən Türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi çıxış etmişəm. Hətta mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin [milli hökumətin] indiki vəziyyətinizi aşkar və aydın surətdə
1

göstərmişdim. Siz pantürkizm və panislamizm ideyalarını yayarkən, mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım.”1
Dönəmin başqa bir sənədinə də baxaq: 1 iyun 1918 tarixli Türk İşğalçıları və Daxili Əks- inqilaba Qarşı Mübarizəyə Çağıran Bakı Xalq Komissarları Sovetinin Zaqafqaziya Fəhlə və Kəndlilərinə Müraciəti başlıqlı sənədi Sovetin sədri, Qafqaz işləri üzrə fövqəladə komissar Şaumyan, Daxili işlər komissarı Caparidze, Hərbi-dəniz işləri komissarı Korqanov, Xalq təsərrüfatı komissarı Fioletov, Maliyyə komissarı Kireyev, Ədliyyə komissarı Karinyan (Qabrielyan), Maarif komissarı Kolesnikova, Yollar, poçt-teleqraf komissarı Suxartsev, Ərzaq komissarı Tsibulskiy, XKS’nin işlər idarəsi rəisi Kuznetsov imzalamışlar. Bu siyahıda iki milliyəti olmayan müsəlmanın – Şəhər təsərrüfatı komissarı (indiki qarşılığı – Bakı İcra Hakimiyyətində şəhər təsərrüfatı şöbəsinin müdiri) Nərimanov və Əkinçilik komissarı Vəzirovun da imzası vardır. Nədən bu şəxslərin milliyəti yoxdur dedik? Çünki, sənədin altbaşlığında da, mətnində də hədəf məhz “müsəlmanlar, Ermənilər, Gürcülər və Ruslardır.” Yəni Qafqazda Erməni var, Gürcü var,
Rus var, amma Türk yoxdur. Bundan daha önəmlisi bu müraciətin mətnidir: “Türk qoşunlarını Bakıya müsəlmanları müdafiə etmək üçün dəvət edirlər deyən bu yalançılara – müsavatçı və menşeviklərə inanmayın. Niyə sizin bəylər və xanlar, Gürcü knyazları buraya Türklərin gəlişini istəyirlər? Müsəlman və Gürcü kəndlilərinə yaxşı olsun deyəmi? Əlbəttə, yox. Türk ağalığı yalnız mülkədarların xeyrinə olacaq, onlar kəndli torpaqlarını qəsb edəcək və əvvəlki kimi əməkçi sinfə zülm edəcək, onları istismar edəcək.”2
Bu gün bolşevik, ya kommunist adı dəbdə deyil, bu adı az adam üstünə alır. Amma əski kommunist nomenklatur ailələrin şanlı davamçıları eyni milli nihilizm yolunda həvəslə irəliləməkdədirlər. Bu zümrənin (bolşevik-kommunistlərin) xisləti tək özlərinə aid deyil, siyasi mühitdə hər addımda qarşımıza çıxmaqdadır.
Milli yanaşma
Çox öncələr Rəsulzadənin Yubileyi başlıqlı məqaləmizdə (2009) belə bir qeyd vardı: “Ötən məqalələrin birində yazmışdıq ki, hökumət gec-tez müxalifətin əlindən onun silahını – milli dəyərləri alacaq, bu sıradan Rəsulzadəyə heykəl də qoyacaq. Bunu millət-dövlət quruculuğu nəzəriyyəsinin imperativləri ilə əsaslandırmağa çalışmışdıq. Amma olmadı. Ölkədə öz yolunda getməyən o qədər işlər var ki – bu da onlardan biri.”3 Son illərdəki adıçəkilən bəyanatları məhz bu kontekstdən dəyərləndirmiş olsaq, görünür, yazıdakı “yolunda getməyən işlər” ifadəsinə bu gün gecikmiş və hələ ki içi doldurulmamış işlər fikrini də əlavə etmək gərəkdir.
Görünür, təpədəkilər; millət-dövlət qopuqluğunun enində sonunda mövcud hakimiyyətlərin sonunu yaxınlaşdırdığı universal qaydanın fərqinə varmağa başlamışlar. 2020’dəki Polad Paşa olayı və yüzminlərlə gəncin “Yetər artıq!” deyib, mövcud durumu protest etməsi; bir milli iradə bəyanı idi. Hakimiyyət onu ciddiyə aldı və siyasi iradənin nəhayət şahidi olduq. Üçüncü Qarabağ Savaşının başlanması – bildiyimiz dünənki keçmişimizdir.
Siyasi iradənin ifadə edilməsinin iki digər örnəyi də ortadadır.
Birincisi, ümum-Türk bütünləşməsi sürəcində iqtidarın aktiv iştirakı. Sovet İttifaqı adlı imperiyanın çökməsi eyni zamanda Rusiya Federasiyasının da zəifləməsi deməkdi. Sovet məkanındakı əski məzlum xalqların hamısında sürətli millətləşmə və dövlətləşmə sürəci başladı. Bu sürəc bir-birindən ayrı salınmış, hətta bir-birinə yabançılaşdırılmış Türk respublikalarını da içinə aldı. 100 illik tarixi olan Türk bütünləşməsi düşüncəsinin gerçəkləşməsi üçün unikal tarixi imkan yarandı. Elə 1992’də Türk dövlət başçılarının İstanbul zirvəsindən sonra ilk ürkək addımlarını atan bu sürəc; 2009’da Türk Kəneşi, 2021’də Türk Dövlətləri Təşkilatının, neçə-neçə yan quruluşun yaranması ilə bəlli bir məsafə qət etdi.4 Birliyin hər zirvə toplantısını, ya da yan quruluşunun elan edilməsini dünyanın və bölgənin böyük gücləri olan Rusiya, İran və Çin (tarixi anti-Türk düşmən üçbucağı) rəsmiləri soyuq qarşıladı, hətta öz maraqlarına zidd hərəkət saydı.
2

Hər dəfəsində təşkilat rəsmiləri bu qurumun üçüncü dövlətin maraqlarına qarşı olmadığını, bölgədə əmin-amanlığın yaranmasına və inkişafa xidmət etdiyini, daha çox humanitar-mədəni funksiya daşıdığını vurğulamağa məcbur oldular.
Türk dövlətləri və xalqları arasında hər hansı bir yaxınlaşmanı özü üçün təhlükə sayan xarici güclərin yanaşması, pan-Türkizmdən cin iynədən qorxan kimi qorxması anlaşılandır. Eyni zamanda bağımsız Türk dövlətlərinin hamısında az və ya çox dərəcədə avtoritar rejimlərin olması və bu tip siyasi rejimlərin inteqrasiyaya yatqın olmaması gerçəkliyi; bu birliyin mahiyyəti ilə bağlı fərqli fikirlərin ortaya çıxmasını şərtləndirir. Rəsmi bəyanatlara və sənədlərdəki vurğulara baxmayaraq, keçmiş Sovet respublikaları arasında ümum-Türk bütünləşməsinin əsas qayəsi Rusiya Federasiyasının nəzarətindən çıxmaqdır. Türkiyə Cümhuriyyətinin (Cünhurbaşkanının kimliyindən asılı olmayaraq) dəstəyi ilə bu sahədə müəyyən irəliləmələrin olması aşikardır. Rusiya, Ukraynaya təcavüzdən (24 fevral 2022) sonra geopolitik çıxmaza girdi, “yaxın xaric” saydığı ölkələrə təsiri gözgörəsi zəifləməkdədir. Bu, Türk dövlətlərinin bağımsızlığının möhkəmləndirilməsinə əlavə şans tanımaqdadır. Ukrayna ilə savaşda Rusiyanın ehtimal edilən məğlubiyyəti bu şansları daha da artırır. Belə bir geopolitik ortamda ümum-Türk bütünləşməsinin daha da irəli getməsi Azərbaycanın milli və dövlət naraqlarına tam uyğundur.
Bu arada Turan ideyasını “…diktatorlar Rusiyanın zəruri çöküşünün mümkün zərərlərindən sığortalanmaq üçün dünya demokratiyası qarşısında barrikada kimi istifadə etmək niyyətindədirlər” (Qənimət Zahid) fikrinə münasibət bildirmək lazımdır. Ciddi bir ittihamdır. Öncə, realist məktəbə görə, anarxik dünyamızda “dünya demokratiyası” (və ya “dünya ictimaiyyəti”) deyilən bir şey yoxdur. Bu ifadənin yerinə “bəzi böyük güclər” qoysaq daha gerçəkçi olardı. Ondan daha önəmlisi, həmin bu güclər, deyək ki, ABŞ, Birləşmiş Krallıq, Fransa Türk dünyasında demokratik idarəçilik sisteminin qurulması üçün alışıb yanırlarmış. Çox rahat işbirliyi qurduqları avtoritarları devirəcəklərmiş. Bu, 30-35 illlik bir yanılqıdır, beynəlxalq münasibətlərin əlifbasından bixəbər olmaq deməkdir. Qərb mədəniyyəti (sivilizasiyası) və dəyərləri həqiqətdir. Fəqət bu həqiqətin yanında başqa bir həqiqət – Qərb imperializmi də var. İmperializm tarixi kateqoriya deyildir, indi də mövcuddur. Qərbin Türk və müsəlmanları istismar obyekti olaraq gördüyünü görməmək, bağışlayın, korluqdur. Görüb də göstərməmək – daha pis- imperializm uşağı rolunu oynamaqdır.
Türk Dövlətləri Təşkilatı digər birliklərə üzvlüyü rədd etmir. Yeddi Türk dövlətinin bir yerdə olması onların gücünə güc qatır. Uyğun olaraq Şərqdəki, ya da Qərbdəki ittifaqlar bu birləşmiş güclə əməkdaşlıq etməyə daha həvəsli olurlar.
İqtidarın Güney Azərbaycan məsələsində son bəyanatları da heyrət və müzakirələrə səbəb oldu. Heyrət hissi son 30 ildə İran istiqamətində sürdürülən siyasətin mahiyyətinə tam 180 dərəcə əks istiqamətdə bəyanatların verildiyi üçün yarandı. Bu bəyanatı bəyənməyənlər, təhrif edənlər də oldu. Hətta birisi durub Bütöv Azərbaycan fikrini KGB ortaya atıb deyə əsassız iddia irəli sürdü.
Bu milli məsələ haqqında biz də yazdıq. Qısa özəti: Bir halda ki iqtidar yeni strateji ortaya atdı, məntiqlə ardıcıl olmaq, A’dan sonra B demək (və etmək) gərəkdir. TDT’nin Səmərqənd zirvəsindən (Noyabr 2022) keçən neçə ay ərzində TV’dəki aşağı keyfiyyətli söhbətlərdən başqa Güney Azərbaycan istiqamətində nə işlər görülüb? Ya da hansı işlər başlanıb? Sıfır da olmasa, gözəgörünən heç nə! Güney istiqamətində eyni üslubda “yandım-öldüm” kampaniyası davam edir. Xoydakı zəlzələdən ziyan çəkənlərə yardım edilmədi; İran repressiya maşınının əzdiyi milli fəallara və ailələrinə həyan olunmadı; 50 milyonluq millətin tək dövlətində Güneylilər təmsil olunmadı; Güneyli yazarların əsərlərinə sahib çıxılmadı; yeni diaspor siyasətinin olacağı ümidləri suya düşdü; Uzun illər Bakıda yaşayan Güneyli soydaşlarımızın vətəndaşlıq məsələsi həll
3

edilmədi; Güney məsələlərini araşdıran güclü bir mərkəzin yaranması istiqamətində addım belə atılmadı; Güney əsilli iş adamları ilə ilişkilərin qurulmasını eşitmədik; din sahəsində fərqli milli siyasətin yeridiləcəyi əlamətləri görünmür; Güneyli tələbələrdən əvvəlki qaydada əcnəbilərdən alınan təhsil haqqı alınmaqdadır… Əvəzində İrandakı mövcud rejimlə münasibətlərin gərilməsinə rəva görüldü. Nüvə silahına sahib olmanın bir addımlığında olan, Türklük və Azərbaycanın qəddar düşməni olan bir bölgə gücündən bəhs edirik! Var olanı qorumaq (Azərbaycan Respublikasının təhlükəsizliyi, Güneydə milli fəalların varlığı) vəzifəsi gözardı edilmiş, bəyan edilən yeni strateji istiqamətində tutarlı bir iş başlamamışdır. Bu gedişlə əsaslı bir işin də görüləcəyinə ümid azdır. Bizcə, milli siyasi fikri narahat edəcək əsas məsələlərdən biri də budur!
Sonuç
Dövlətin milliləşməsinin, ya da milləti qarşısına deyil, yanına almasının alternativi yoxdur. Bölgədə dəyişən geopolitik ortam hakimiyyətin milli ideallara uyğun hərəkət etmək, ən azından bu idealları dilə gətirmək imkanı yaratmışdır. İqtidar da bu şansdan istifadə etmək sahəsində ürkək addımlar atmaqdadır.
İndi durub iqtidarın sosial – iqtisadi siyasəti bərbaddır, təhsil, səhiyyə sahəsində durum acınacaqlıdır, xarici siyasəti də sıxıntılıdır… deyib, ümum-Türk bütünləşməsi, Güney Azərbaycan istiqamətində bəyanatları və fəaliyyətləri də kökündən baltalamaq doğru deyildir. Zərdabidən, Rəsulzadədən, Elçibəydən, Heyətə qədər milli düşüncəni (Türk milliyətçiliyini) təmsil edənlərin mirasına qarşı çıxmaq labüd uğursuzluqdur. “Rəsulzadəçı” və “Elçibəyçi” olmayan, amma onların xalq arasında sevgisi və mirasını istismar edənlərin bu seçimi yanlışdır. Türk Dünyasındakı ağlamalı duruma (avtoritarizm, insan haqları, söz azadlığı daxil) həssas münasibət bir şeydir, Türk Dünyasının özünə, mahiyyətinə nifrət etmək fərqli bir yanaşmadır. Sözdən (sərt bəyanatlardan) işə (ciddi fəaliyyətə) keçmək zamanıdır tələbində bulunmaq daha rasional olardı. Çünki, hakimiyyətin formaca milli görünməsi; hər halda formaca kosmopolit olmasından daha yaxşıdır. Səbəbi bəllidir: Verilən bəyanatlar həm də öhdəlik yaradır.
Tarix, tayı-bərabəri olmayan bir təcrübədir. Amma ondan dərs almağı bacaranlar üçün. Aşağı-yuxarı 100 il öncə milli əsası yaxın qoymayan bizim kosmopolit təbəqə (bolşeviklər və digərləri) millətin faciəsində mühüm rol oynadı. Dəbdə olan parıltılı modern dəyərlərə çatmaq üçün milli dəyərləri ayaq altına aldı. Eyni yanlış yol ikinci dəfə gedilməməlidir. Zatən acı tarixi təcrübə buna yol verməz.
1 N. Nərimanov, Məqalələr və nitqlər, I cild, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1971, s. 216.
2 Нариман Нариманов, Избранные произведения, том 2, Баку: Азербайджанское Государственное издательство, 1989, с. 159.
3 Yeni Müsavat, 21. 02. 2009; Nəsib Nəsibli, Güneyli-Quzeyli Məsələlərimiz, Bakı: Aypara3, 2013, s. 239-242. 4 Bu sürəcin qısa özəti üçün baxın: https://turkcudusuncebirliyi.com/books_pdf/fg1475.pdf

Prof. Nəsib L. Nəsibli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir