İlham Əliev bu gün etdiyi çıxışında deyib ki, Rusiya 44-günlük müharibədə müntəzəm olaraq Ermənistana silah göndərib. O vaxt Azərbaycanın xahişi ilə qonşu Gürcüstan öz sərhədlərini Rusiyanın salah daşıyan təyyarələrinin və karvanlarının üzünə bağlayıb. Amma digər üç qonşu ölkə – İran, Türkmənistan və Qazaxıstan Kremlin sözündən çıxmayıb.
“Biz (silah daşınan) bu marşrutu izlədik – Rostovdan və Mozdokdan gəlirdi. Biz gürcüstanlı dostlarımıza dedik ki, onlar hava məkanını bağlasınlar və onlar bunu etdilər. Eyni zamanda, onlara dedik ki, Rusiyadan Ermənistana Gürcüstanın quru ərazisindən silah daşınmasının qarşısını alsınlar. Onlar quru yolunu da bağladılar. Biz Xəzəryanı dövlətlərə məktub göndərdik ki, onlar Rusiya yük təyyarələrinin öz ərazilərindən Ermənistana silah daşınmasına icazə verməsinlər. Bu barədə Qazaxıstan, Türkmənistan və İrana müraciət yollamışdıq. Lakin təəssüflər olsun ki, həmin ərazilərdən silah daşınması üçün istifadə edildi və o silahlar Ermənistana daxil oldu”, – deyə İlham Əliyev bildirib.
Xatırladaq ki, 44-günlük müharibə dövründə İran ərazisindən Ermənistana silah göndərildiyi hələ o vaxt üzə çıxmışdı. İrandan Ermənistana gedən hərbi texnika karvanlarının videoları sosial şəbəkələrdə geniş yayılmışdı. İndi məlum olur ki, bu işdə Türkmənistan və Qazaxıstan, daha doğrusu, oradakı rejimlərin də rolu olub.
Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni uduzduğu bir məqamda İlham Əliyevin 44 günlük müharibə dövründə Moskvanın Yerevana hərbi dəstəyi ilə bağlı təfərrüatları açıqlaması təsadüf deyil.
Rusiya Ukraynada üzləşdiyi çətinliklərdən qurtulmaq üçün Azərbaycan və Türkiyənin dəstəyinə nail olmaq istəyir. Təbii ki, Bakı və Ankara uduzacacağı şübhə doğurmayan Rusiya ilə eyni düşərgədə olmaq istəmir və ona görə təzyiqlə üzləşirlər. İstisna deyil ki, ötən gün Sumqayıtda Azərbaycan və Türkiyənin ən böyük ortaq biznes layihələrindən biri olan Azərsun holdinqdə baş verən böyük yanğın da bu təzyiqlərin tərkib hissəsidir.
İlham Əliyevin bu açıqlaması Moskvaya ötürülən siyasi mesajdır. Ortada cəmiyyətdən gizli saxlanan hansısa məsələ var. Yaxın zamanda, çox guman ki, Rusiyanın Donbasa növbəti hücumu dəf edildikdən sonra bu məsələnin nədən ibarət olduğu bilinəcək.
Mustafa Hajıbeyli