Dmanisinin mərkəzində hərəkətə gələn soydaşlarımızı videoya çəkən jurnalist – Marneuli radiosunun əməkdaşı “Ayə, hariya gedeyrsən” deyə azı 5-6 nəfərə sual verir. Və məlum olur ki, heç kim hara və niyə getdiyini bilmir.
İlk anlarda soydaşlarımız əjdaha kimi görünürlər – polis bir neçə dəfə cəhd etsə də, onların qarşısını kəsə bilmir. Jurnalist hətta qaçaraq, onların dalınca çata bilmir. Onlar hara və niyə tələsir? Niyə bir istiqamətdə getdikləri halda, bir yerdə getmirlər?
Əslində bir dəstə svanın azərbaycanlılara məxsus marketə hücum etməsinə və polisin cinayət etmiş şəxsləri “burdan tutub, ordan buraxmasına” tam başqa cür etiraz edilməli idi. Bəlli bir saatda bütün soydaşlarımız bəlli bir meydana çağrılmalı, plakatlar, bayraqlar, şüarlar, çıxışlar və çıxışçılar hazırlanmalı idi. Marketə hücum edən şəxslərin tutulması üçün polisə, məsələn, 3 sutka vaxt verilməli idi və bu vaxtın sonuna daha bir aksiya təyin edilməli idi. Marketə hücum edən dəstənin törətdiyi vəhşiliyin videosu geniş yayıldığı üçün, buna qarşı aksiya hər yerdə anlayış və rəğbətlə qarşılanacaqdı.
Amma bunun əvəzinə biz hara və niyə getdiyini bilməyən bir dəstə görürük. Polis onların qarşısını kəsə bilmirdi. Ta o vaxtacan ki, soydaşlarımız yolun o başında onları gözləyən aqresiv svanların bir dəstəsinə gedib çatırlar.
Svanların əllərində, kərki, yaba, taxta, dəyənək və dəmir parçaları var. Bizimkilərin ağlına gəlməyib ki, davaya gediriksə, əliyalın getməyək. Svan dəstəsində qadınlar da var və onların da əllərində taxta-zad var.
Bunu görən soydaşlarımızın dərhal “köpü yatır”. Artıq onlar əvvəlki kimi polis kordonunu yarıb irəli şütümürlər. Sayca bura toplaşan svanlardan çoxdurlar, amma hətta bir yerdə olanda da bir yerdə deyillər. Ağız deyəni qulaq eşitmir. Jurnalist ona-buna “Tələbiniz nədir” sualını verib çəkdiyi tədbiri nəyəsə oxşatmağa çalışır. Amma ona tutarlı cavab verən bir nəfər tapılmır. Məsələn, biri deyir ki, tələbləri 30 svanın 15 azərbaycanlı ilə əlbəyaxa davaya çıxmasıdır, yəni bizimkilər sayca az olsalar da onları doyərlərmiş. Ardınca isə belə deyir, “yox, onlar döysə, çıxaq gedək dayna”.
Ən böyük rüsvayçılıq isə bundan sonra baş verir: svanlar azərbaycanlılara tərəf irəliləyərək daş atmağa başlayır. Ortada polis kordonu var idi, onu necə keçdikləri çəkilişə düşməsə də, bunun niyə və necə baş verdiyini təxmin etmək mümkündür.
Bura qədər özlərini əjdaha bilən soydaşlarımız pərən-pərən düşür. Jurnalist svanların dəstəsində baş verənləri bir müddət çəkdikdən sonra yenidən azərbaycanlıların dəstəsi olan yerə qayıdır, amma onlar artıq burada yoxdular. O dəstə əvvəl irəliyə elə sürətlə gedirdi ki, jurnalist onlara çata bilmirdi. Bundan cəmi 45 dəqiqə sonra elə sürətlə geri çəkildilər ki, jurnalist yenə onlara çata bilmədi.
Jurnalist “Bizimkilər hariya getdi” sualına, “yarısı buriya, yarısı oriya” cavabını aldı.
30 ildən çoxdur, Gürcüstanda yaşayan soydaşlarımızdan, onların svanlar vasitəsilə sıxışdırıldığını eşidirik. Svanlar Kodor dərəsi və Gürcüstanın şimal hissəsində aborigen olan etnik qrupdur, dünyada ümumi sayı 30 mindən azdır. Onların dağlardan düşürülüb məhz azərbaycanlıların kompakt yaşadığı ərazilərdə yerləşdirilməsi hələ Qamsaxurdiya dövründən geniş vüsət alan məkrli siyasətdir. Amma nə olsun? Niyə Gürcüstandakı yarım milyonluq toplum bu problemin öhdəsindən gələ bilmir?
Məncə bir-iki mütəşəkkil addımla bu problemi birdəfəlik çözmək olar. Bunlardan birini yuxarıda yazdım – dinc və davamlı kütləvi aksiyalar vasitəsilə Gürcüstanın huquq-mühafizə orqanlarını qanunu pozan şəxsləri cəzalandırmasına nail olmaq.
Azərbaycan Gürcüstandakı soydaşlarımıza sahib çıxmalıdır. İlk növbədə maariflənmə işi aparılmalı, onlara qanun çərçivəsində öz hüquqlarını müdafiə etmələrinin üsulları öyrədilməlidir. Bunun üçün fəal gənclər Bakıya dəvət edilə, onlar ücün treyninq və seminarlar təşkil edilə bilər. Hakimiyyət qrant ayırdığı QHT-lər vasitəsilə də bu işi görə bilər. Həmçinin Gürcüstana təlimatçılar göndərilə bilər.
Gürcüstanla qonşuluq və əməkdaşlıq münasibətlərinə xələl gətirmədən başqa da addımlar atıla bilər, istənilən halda, bu biabırçılıqdan nəticə çıxarılmalı, təkrarlanmaması üçün tədbirlər görülməidir.
Mustafa Hacıbeyli