KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Müsəlman ölkələrini bürüyən xaosun səbəbi

Müsəlman ölkələrini bürüyən xaosun səbəbi

Kafkassam Editör Kafkassam Editör - - 11 dk okuma süresi
405 0

“Ərəb baharı” göstərdi ki, dinin siyasətdə rolu, siyasi hakimiyyətlə bağlı qərarsızlıq xaosun əsas səbəbi olaraq qalır
“Ərəb baharı” və ardınca baş verənlər müsəlman dünyası üçün ağır sınaq oldu. Qlobal terrorizm, cihadçı hərəkatlar və bütöv ölkələri viran qoyan yorucu müharibələr. 6 il əvvəl böyük ümidlərlə başlayan “Ərəb baharı”dan qalan xarabalıqlar və məhv olmuş insan taleləridir.

Nədən belə oldu? İnqilab nəinki demokratiya gətirmədi, əksinə, demokratiya ümidlərini dəfn etdi və dağıdıcı bir müharibə, xaos gətirdi. Doğrudur, Böyük Fransa inqilabından bu yana bütün inqilablar arxasınca vətəndaş müharibələri gətirir. Amma hər nə qədər dağıdıcı olsa da, inqilablar sonda müsbətə doğru dəyişikliklə nəticələnir. Ancaq məsələ ondadır ki, müsəlman aləmində dəyişikliyin baş verdiyi əvvəlki dalğada da müsbət hərəkət olmadı. Yalnız bir istisna xaric.

Müsəlman aləmində avtoritarizm və monarxiya rejimləri daha dayanıqlı və sabit sistemlər kimi özünü göstərir, nəinki demokratik sistemlərdə. Ərəb-müsəlman aləmində ilk siyasi dəyişiklik küləkləri 100 il əvvəl Osmanlı İmperiyasının dağılması ilə başladı. 500 il ərəb dünyasını bir dövlətdə saxlayan Osmanlı Birinci Dünya savaşında uduzduqdan sonra bu torpaqları da itirdi. Millətlər Məclisinin mandatı altında qurulan ərəb krallıqları müstəmləkə dövlətlərinin təsiri altında əslində quberniyalar idi. Bu siyahıda İraq, Misir, Səudiyyə Ərəbistanı və sair kimi böyük ölkələr vardı.

Müsəlman aləmində ikinci dövlətləşmə dalğası II dünya müharibəsindən sonra, daha dəqiqi 50-ci illərdən sonra baş verdi. Bu mərhələdə bir sıra müsəlman xalqları müstəqillik qazandılar. Pakistandan Əlcəzairə qədər böyük coğrafiyada 50-dək müsəlman ölkəsi, yəni bütöv bir müsəlman ölkələr birliyi ortaya çıxdı. Məhz bu dövrdə bir tərəfdə yeni dövlətlər yaranır, müstəmləkə işğallarına qarşı azadlıq müharibələri davam edir, digər tərəfdən isə 50-ci illər həm də Misirlə başlayan ərəb solunun parlaması, hərbçilərin hakimiyyəti ələ alması tendensiyası yaşanırdı. Misir, daha sonra İraq, Liviya, Yəmən, Suriyada 60-cı illərin sonlarına qədər davam edən hərbi çevrilişlər nəticəsində bir sıra müsəlman ölkəsində süni quberniya-krallıqlar dağıldı, onları hərbçilərin rəhbərlik etdiyi respublika rejimləri əvəz elədi.

Ancaq həm 20-ci əsrin 50-60-cı illərində baş verənlər, həm də bu gün yaşananları analiz edəndə maraqlı bir mənzərə alınır. Müsəlman ölkələrinin ən parlaq dönəmləri məhz avtoritar idarəçilik, monarxiya hakimiyyətlərinin mövcud olduğu zamandır. Məsələn, bu gün hətta ən sərt tənqidçiləri belə Liviyanı Qəzzafi zamanı ilə müqayisə edə bilmirlər. Çünki Qəzzafi zamanında dünyada rifah ölkəsi kimi tanınan Liviya indi rəsmən müharibə cəhənnəmidir, o ölkəyə gedən kiminsə sağ qalmaq ümidi belə yoxdur. Ölkə başdan başa silahlı. Bir-birinə qarşı düşmən münasibətdə olan terror qrupları, tayfa silahlıları ilə qaynayır. Ən azı iki dəfə hərbi və siyasi qruplar arasında sülh əldə olunsa da, ölkədə sabitliyə səbəb olmayıb.

Və yaxud Suriya, İraq nümunəsi. İraqda hər nə qədər qəddar Səddam Hüseyn diktaturası olsa da, ölkədə onun zamanında sabitlik və iqtisadi inkişaf mövcud olub. Ancaq 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra bu ölkədə sabitliyi bərpa etmək mümkün olmayıb. Və yaxud Əfqanıstanın Zahir şah və ondan sonrakı respublika dönəmi indi xoş xatirə kimi yada düşür.

Burada diqqət çəkən ən önəmli məsələ məhz siyasi keçidin uğurla baş tuta bilməməsidir. Yəni müsəlman xalqları monarxiyadan və ya avtoritar-diktator rejimlərdən qurtula bilmir və qurtulduqda isə daha pis rejimə düşür, demokratiya xəyal olaraq qalır. Ən son “ərəb baharı” və sonrası baş verənlər bunun əyani nümunəsi oldu. Əfqanıstanda Zahir şahı kommunistlər, onları isə uzun-uzadı müharibədən sonra Taliban əvəz elədi. Oxşar nümunələri digər ölkələrlə bağlı da çəkmək olar.

Məsələ ondadır ki, müsəlman aləmində inqilabların terror, xaos və müharibələrə çevrilməsi konseptual problemlə bağlıdır. Xüsusən də son 6 ildə baş verənləri analiz edəndə aydın olur ki. əslində inqilabların qanlı müharibələrə və xaosa çevrilməsinin əsas səbəbi ideoloji seçim və istiqamətin olmamasıdır. Daha konkret ifadə etsək, müsəlman dünyası uyğun idarəçilik modelini hələ tapa bilməyib. 20-ci əsrin əvvəllərində krallıqların yaranması və sonrakı proseslər göstərdi ki, xarici mandatla mövcudluğunu qoruyub saxlayan bu süni krallıqla xalqlarla dərin bağı yoxdur. Yalnız bir neçə ölkədə yerli şərtlər, eləcə də dini-ideoloji manipulyasiyalar ərəb krallıqlarını legitimləşdirdi. Ancaq İkinci Dünya Müharibəsindən sonra bir sıra böyük müsəlman ölkəsində baş verən hərbi çevrilişlər və xalqın yeni qüvvələrə dəstək verməsi bir tərəfdən köhnə hakimiyyətlərə etimadın olmaması idisə, digər tərəfdən uyğun model axtarışı idi. Ancaq tezliklə xalq dəstəyi ilə gələn hərbçilərin rəhbərlik etdikləri respublikalarda avtoritar rejimlər yaranmağa başladı. Əslində başqa yol da yox idi. Çünki xalq böyük ölçüdə istədiyini ala bilməmişdi, müsəlman xalqın dünyəvi hərbçilərə ilk dəstəyi olsa da, sonradan rejimlərin sərtləşməsi bu ittifaqları parçaladı.

“Ərəb baharı”ndan sonra bir sıra ölkələrdə silahlı gücə çevrilən islamçıların, yəni həm də inqilabın lokomotivlərinin ələ keçirdikləri ərazilərdə “demokratiya haramdır” yazılan lövhələr yerləşdirməsi yeni model axtarışının ən bariz nümunəsi idi.

Görünən odur ki, müsəlman aləmi seçim qarşısındadır. Xüsusən də ərəb coğrafiyasında yaşayan xalqlar gələcəyə hansı model idarəçiliklə getməklə bağlı seçim etməlidirlər. Son zamanlar Misir və Liviya nümunəsində ərəb dünyasında dünyəvi hakimiyyətlərin geri dönməsi tendensiyası müşahidə olunur. Gələcəyin müsəlman dövlətləri dini hakimiyyət, yoxsa sırf dünyəvi idarəçilik sistemində olacaqlar? Yeri gəlmişkən, Türkiyədə AKP hakimiyyətə gəldikdən sonra ərəb-müsəlman dünyasında “Türkiyə modeli” deyilən bir modeldən danışılmağa başladı. Hakimiyyətə seçki yolu ilə islamçı partiyaların gəlməsi ideyası Türkiyədən sonra Fələstində seçkiləri HƏMAS-ın qazanması ilə daha da gücləndi. Müsəlman aləmində islamçı hərəkatları fəallaşması ümidləri artırırdı. Hətta “ərəb baharı”nın ilk vaxtlarında Türkiyə inqilab edən müsəlman ölkələri üçün model idi.

Ancaq yalnız Tunis istisna olmaqla digər müsəlman ölkələrində inqilabda qalib gələn islamçılar Türkiyə modelini örnək ala bilmədilər. əvəzində müharibələr başladı. Tunisdə isə yetkin islamçı siyasi qüvvə “ən-Nahda” Hərəkatı və onun lideri Rəşid Qannuşi parlament sistemini dəstəkləməsi, birbaşa hakimiyyətə iddia etməməsi, koalisiya hökumətinə getməsi Tunisdə həm ölkəni ehtimal olunan vətəndaş müharibəsindən qorudu, həm də islamçıların nüfuzunu saxladı. İndi hazırda Yaxın Şərq münaqişələrində ən çox iştirak edən tunislilər olsa da, ölkədə terror demək olar ki, yoxdur. Misirdə isə “Müsəlman Qardaşlar” Hərəkatı hakimiyyətə gəlsələr də, onu yalnız bir il qoruya bildilər.

Nəticə etibarı ilə xaricdən güclü müdaxilə, regional və beynəlxalq oyunçuların müsəlman dünyasındakı həddən artıq təsirinin olması, üstəlik daxildə yetkin siyasi baxışlı qüvvələrin olmaması müsəlman aləmini yolayrıcında saxlayır. Demokratiya, yoxsa dini hakimiyyət, monarxiya yoxsa respublika və ya xilafət. Təəccüblü də olsa indi müsəlman aləmində xilafət tərəfdarları da az deyil.

Tunis nümunəsi göstərdi ki, siyasi qüvvələrin yetkinliyi, təşkilatlanmış olması ölkəni müəyyən qədər kataklizmdən qoruyub saxlaya bilir. Doğrudur, Tunis bir az kənarda idi. Amma Qannuşi faktoru, onun demokratiya və siyasi plüralizm tərəfdarı olması son nəticədə Tunisi qoruyub saxlaya bildi. Ümumilikdə isə siyasi hakimiyyət doktrini, İslam dininin siyasətə nə qədər təsiri olması ilə bağlı köklü sualların cavabları tapılmadıqca müsəlman aləmində davamlı siyasi və ictimai sabitlikdən, inkişafdan danışmaq çətin olacaq.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir