KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Murtəza Həsənov: Zəfər Dastanımız Bir Yaşında 44 Günə Sığdırılan Böyük Qələbəmiz

Murtəza Həsənov: Zəfər Dastanımız Bir Yaşında 44 Günə Sığdırılan Böyük Qələbəmiz

Kafkassam Editör Kafkassam Editör - - 18 dk okuma süresi
320 0

Azərbaycan dillərə dastan olan zəfərə imza atdı. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, Qarabağ dastanı, otuz ilin həsrəti , iki əsrlik münaqişənin 44 günlük zəfər salnaməsidir və qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi həkk olunmuşdur. Şanlı zəfərlərlə dolu tariximiz bizim ilham qaynağımızdır. Zəfər ruhumuz heç sönməyəcəkdir. İkinci Qarabağ müharibəsi tariximiz üçün bir dastan və gələcək nəsillər üçün bir ilhamdır.
XX əsrin sonlarından başlayaraq Ermənistan açıq şəkildə Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. O dövrdə Azərbaycan hakimiyyətində olan hərc – mərclikdən istifadə edilərək torpaqlarımızın 20%-i işğal edildi və Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurdlarından məcburi olaraq çıxarıldı.
​Bundan sonra Azərbaycana qarşı olan bu hərbi təcavüzün qarşısının alınması, həmçinin BMT Təhlükəsizlik Şurasının bu məqsədlə qəbul edilmiş qətnamələrinin həyata keçirilməsi üçün 30 illik aparılan danışıqların heç biri Ermənistanın bu mövzuya laqeyd münasibətinə görə nəticə verməmişdir.
​Artıq 2019-cu ildən etibarən Ermənistan rəhbərliyinin ardıcıl olaraq təxribat xarakterli bəyanatları və attığı addımlar onun əsas məqsədinin nə olduğunu aydın şəkildə biruzə verirdi. Belə ki, Ermənistan əsl məqsədinin işğal etdiyi ərazilərdə öz hakimiyyətini gücləndirmək və yenidən Azərbaycanın bəzi ərazilərini zəbt etmək olduğunu nümayiş etdirdi. Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz olaraq məskunlaşma aparması, vətəndaşlara qarşı yeni ərazilər işğal etmək uğrunda onları yeni müharibəyə səsləməsi, cəbhə xəttinə yaxın olan ərazilərdə hərbi əməliyyatlar üçün qoşunun hazır vəziyyətə gətirilməsi və ümumilikdə iki dövlət arasındakı gərginliyin artırılması Ermənistanın hücuma hazırlaşdığını göstərirdi. 2020-ci il iyulun 12-də Ermənistanın Tovuz istiqamətində təxribat törətməsi nəticəsində birçox hərbi qulluqçumuz şəhid olmuşdur.
​Ermənistanın bu hərbi təcavüzünə və törətdiyi təxribatlara cavab olaraq Azərbaycan 2020-ci ilin sentyabrın 27-də torpaqlarını işğaldan azad etmək üçün Vətən müharibəsinə başladı. 44 gün müddətində davam edən müharibə nəticəsində Azərbaycan xalqı qələbə qazanmış, öz ərazi bütövlüyünü bərpa etmiş və Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyulmuşdur.
​Vətən müharibəsinin davam etdiyi bu günlərdə Azərbaycan xalqı da öz mərdliyi və cəsarəti ilə Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək dövlətimizin gücünü bütün dünyaya göstərdi. Bir sıra dünya ölkələri də Azərbaycan xalqının necə bir müzəffər sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu gördü. Prezident İlham Əliyev döyüş meydanında nümayiş etdirdiyi uğurlu siyasətilə yanaşı diplomatik sahədə də öz sözünü deyə bildi. Çünki o informasiya mübarizəsində xalqımızın haqq səsi oldu, göstərilən bütün təzyiqlərə qarşı qorxmadan mübarizə apardı. Azərbaycan – Ermənistan arasında baş verən müharibədə hər kəs qələbəni yalnız tank və toplarla deyil, ən üstün insan zəkası ilə də qazanmağın mümkün olduğunu gördü.
​Azərbaycanın öz qədim torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı bu müharibədə hərb dünyası üçün nümunə olacaq döyüşlərdən biri də Şuşa döyüşü olmuşdur. 44 günlük Vətən müharibəsində Şuşa döyüşü öz əhəmiyyətini hər zaman qoruyub saxlayacaqdır. Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyev xalqa müraciət edərək bu sözləri söyləmişdir :
“ – Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.”
​Cənab Prezident hər zaman öz çıxışlarında deyirdi : “Biz Qarabağa qayıdacağıq, çünki Qarabağ tarixi Azərbaycan torpağıdır.” İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, o, Azərbaycan xalqına verdiyi sözü tutdu. Ata vəsiyyətini yerinə yetirmək, inanaraq qələbə qazanmaq heç də asan olmadı. Həmişə sülh yolu ilə bu məsələni həll etməyə çalışan Prezident İlham Əliyev döyüş meydanında da öz cəsarətini göstərdi. Müharibənin getdiyi dövr ərzində başqa dövlətlər Azərbaycana təzyiq göstərməyə, bir sıra sanksiyalar tətbiq etməyə çalışsalar da öz istəklərinə nail ola bilmədilər, müharibənin sonunda isə Azərbaycanın qələbəsini qəbul etməyə məcbur oldular.
Ulu Öndər Heydər Əliyevin Qarabağ arzusu hər zaman çox böyük olmuşdur. O həmişə deyirdi : “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur.” Bunu da qeyd etməliyik ki, Prezident İlham Əliyev Şuşanın azad edilməsindən sonra xalqa müraciəti zamanı bu ifadələri söyləmişdir : “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik ! Bu, böyük qələbədir ! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ! Gözün aydın olsun, Azərbaycan ! Gözünüz aydın olsun, dünya azərbaycanlıları !” .
​44 gün ərzində davam edən Vətən müharibəsində 2020-ci il 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa işğaldan azad edilmişdir. Azərbaycan və Ermənistan arasında imzalanan müqaviləyə əsasən 2020-ci il 10 noyabrda Dağlıq Qarabağ münaqişə zonasında aparılan bütün əməliyyatların tamamilə dayandırılması, 1 dekabradək Ermənistan dövlətinin hərbi qüvvələrinin Dağlıq Qarabağ ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat əlaqələrinin inşasının təmin edilməsi elan edilmişdir. Bundan sonra noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonları azad edilmişdir .
​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən 44 günlük Vətən müharibəsində qazanılan qələbəmizin adına hər il noyabr ayının 10-u Azərbaycanda Zəfər günü kimi qeyd edilməsi qərara alınmışdır.
10 noyabr həm də Türkiyə Cümhuriyyətinin yaradıcısı, adını tarixə qızıl hərflərlə yazdırmış böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Ümumilli lider Heydər Əliyev demişdir : “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Bununla yanaşı, Mustafa Kamal Atatürkün Azərbaycan üçün dediyi sözləri də unutmuruq : “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”. Mustafa Kamal Atatürkün xatirəsi bizim ölkəmizdə hər zaman böyük ehtiramla yad edilir .
10 noyabr Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğu nəzərə alınaraq dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir. Belə ki, Şuşa şəhərinin işğaldan azad olunmasının vacibliyi də nəzərə alınaraq tarixi qələbənin – Zəfər Gününün hər il noyabr 10-da deyil, noyabrın 8-də qeyd edilməsi qərara alındı. Xalqımızın döyüş cəsarətinin və gücünün nişanəsinə çevrilmiş bu qələbənin – Zəfər gününün ölkəmizin həm gələcək inkişafı, həm də nüfuzu baxımından çox böyük önəmi vardır .
Vətən müharibəsində qazanılan zəfərin ən böyük səbəbkarları şəhidlərimizdir. Prezident İlham Əliyev müharibə şəhidlərinin xatirəsinin anılması haqqında da sərəncam imzalayıb. Bu sərəncama əsasən, 4 dekabrda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, ümumilikdə, İkinci Qarabağ müharibəsində 2907 hərbi qulluçu şəhid olub.
2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hər il 27 sentyabrda Anım Günü kimi qeyd olunur. Anım Günü – 44 gün davam edən Vətən müharibəsində böyük şücaət göstərmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər, zabit və şəhidlərimizə qarşı ehtiram ifadəsidir. Anım Günü bu il də sentyabrın 27-də qeyd olunmuşdur. Prezident İlham Əliyev müharibə şəhidlərimizin xatirəsinə hər zaman yüksək ehtiram göstərir, bununla yanaşı, qazilərimizin sağlamlıqlarının bərpası məsələsini daima öz diqqət mərkəzində saxlayır. O, müharibənin bitməsi ilə bağlı olaraq xalqa müraciətində demişdir :
“ – Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbiçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
​Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da şəhidlərimizə qarşı olan hörmət və ehtiramını bu sözlər ilə ifadə etmişdir : “Azərbaycan xalqının igid oğulları Zəfər naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq” . Beləliklə, Anım Günündə şəhidlərimiz xatirəsi dini məbədlərdə ehtiramla yad olunub, onların ruhuna çoxlu dualar oxunub. Eyni zamanda,Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb. Daha sonra axşam saatlarında isə şəhərin bəzi binalarında, həmçinin Heydər Əliyev Mərkəzinin binasının və “Alov qülləri”nin üzərində Azərbaycan bayrağı əks olundu. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də 27 sentyabrda anım tədbirləri keçirilmişdir .
2021-ci il 1 – 10 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizin birinci ildönümü münasibətilə tədbirlər keçiriləcək. Bu tədbirlər çərçivəsində ölkəmizin teatr və konsert zallarında qabaqcıl kollektivlərin iştirakı ilə konsertlər təşkil olunacaqdır. Bu proqram siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır !” simfonik konserti, “Qarabağ şikəstəsi” Oratoriyası, “4.4” Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın səsi !” milli musiqi axşamı, “Jazz says Victory” adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Cavad xan” baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib. Bu günlərdə önəmli hadisələrdən biri də odur ki, nazirliyin dəstəyi ilə təşkil olunmuş Vətən müharibəsindəki Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində açıqlanacaq. Keçirilən bu tədbirlərə şəhid və qazi ailələri, həmçinin müharibə iştirakçıları dəvət olunacaq .
​Bir sözlə, 8 noyabr xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Hər zaman “Qarabağ Azərbaycandır və nida işarəsi” –söyləyən Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə gedən deyil. 44 günlük Vətən müharibəsi bizim şanlı qürur mənbəyimizdir. Qarabağ Azərbaycandır!

İstifadə olunan ədəbiyyat :
1. “Azərbaycanda Anım Günüdür : Vətən müharibəsinin başlanmasından 1 il ötür”,2021
https://www.trt.net.tr/azerbaycan/aktual/2021/09/27/az-rbaycanda-anim-gunudur-v-t-n-muharib-sinin-baslanmasindan-1-il-otur-1710714
2. “Azerbaijan to celebrate Victory Day every year on November 8”, 2020
https://azertag.az/en/xeber/Azerbaijan_to_celebrate_Victory_Day_every_year_on_November_8-1657507
3. “Azerbaijan to celebrate Victory Dayon Nov. 8”, Jeyhun Aliyev, 2020
https://www.aa.com.tr/en/azerbaijan-front-line/azerbaijan-to-celebrate-victory-day-on-nov-8/2065056
4. “Tarixi Qələbə, Zəfər günü – 8 noyabr”, Zərifə Quliyeva, 2020
https://sesqazeti.az/news/politics/840834.html
5. “Zəfər Gününün tarixi dəyişdi : 8 noyabr”, 2020
https://qol.az/news/152648-zefer-gununun-tarixi-deyisdi-8-noyabr
6. “8 noyabr – Zəfər Günü”, 2020
https://azerbaijan.az/related-information/77
7. “8 noyabr – Zəfər Günü ilə bağlı tədbirlər”, 2021
https://report.az/medeniyyet-siyaseti/nazirlik-8-noyabr-zefer-gunu-ile-bagli-kecirilecek-tedbirlerin-siyahisini-aciqlayib/
8. “27 sentyabr – Anım Günü ”, 2021
https://azertag.az/xeber/27_sentyabr_Azerbaycanda_Anim_Gunudur-1886041
9. https://apa.az/az/xeber/daxili-siyaset/8-Noyabr-Azrbaycanda-Zfr-Gunu-kimi-tsis-edilib-colorredSRNCAMcolor-618005
10. https://mod.gov.az/az/news/anim-gunu-ile-bagli-herbi-gemilerden-yaylim-atesleri-acilib-37785.html

Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir