KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Mubariz Goyusli: Durum gerçekten Azerbaycan için karışık mı?

Mubariz Goyusli: Durum gerçekten Azerbaycan için karışık mı?

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
253 0

Azərbaycan üçün vəziyyət doğurdanmı qəlizdir?
Dünən Azərbaycan Müdafiəz Nazirliyinin bəyanatı, Xarici İşlər Nazirliyinin notası ölkə gündəmini və diqqətləri bu mövzuya yönəltdi.
MN-in Rusiya sülhməramlılarını ittiham edən açıqlaması tam yerində idi. Bir müddətdir ki, Rusiya ordusunun Qarabağda yerləşdiyi ərazilərdən Azərbaycan ordusunun atəşə tutulması, sərhəddə ermənilərin törətdikləri gərginliklər rəsmi Bakının səbrini daşırdı. Bununla yanaşı ermənilərin rusların gözü qarşısında, onların icazəsi, hətta dəstəyi ilə Azərbaycan ərazisində – Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki yerlərdə yeni postlar qurması 10 noyabr 2020-ci il razılaşmasının kobud pozulduğunu sübut etdi. Rusiyanın bundan başqa digər təsir mexanizmlərini işə salması (Jirinovskinin açıqlamaları, Rusiya MN-in saytında “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadəsinin işlədilməsi və s.) “şimal ayı”sının Azərbaycandan nə isə almağa çalışması kimi fikirlər yaradıb.
Rusiyanın Azərbaycandan ən böyük istəyi isə təbii ki, ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmasıdır. Bu istəyi hər zaman geri çevirən Azərbaycanın 44 günlük müharibədən dərhal sonra Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Türkiyə və Pakistanla imzaladağı Bakı Bəyannaməsi Rusiyanı möhkəm qıcıqlandırıb, hətta bərk rəncidə edib. Türkiyənin bölgəyə gəlişi dolayısı ilə NATO-nun da gəlişi deməkdir ki, bu hallar Rusiyanı heç cür razı sala bilməz. Baxmayaraq ki, Rusiya və Türkiyə bir sıra bölgələrdə, o cümlədən Cənubi Qafqazda müttfiq kimi çıxış edirlər. Rusiyanın əlindəki rıçaqları işə salıb ölkəmizə qarşı təzyiq kimi istifadə etməyə çalışmasının səbəblərindən ən böyüyü bu ola bilər. Amma çətin ki, bununla Azərbaycanı yoldan saxlamaq mümkün ola bilər. Azərbaycanı KTMT-yə və AİB-ə qoşmaq mümkün olmayacağı təqdirdə heç olmasa digər əməkdaşlıq formatlarından çəkindirib neytral saxlamağa çalışmaq da Rusiyanın planlarına daxildir.
Digər səbəb isə Rusiyanın Ermənistanı tam olaraq itirmək qorxusu ola bilər. Ermənistanda anti-Rusiya ovqatının artması Moskvanı məcbur edə bilər ki, bu ölkəyə jest olaraq belə addımlar atsın. Müharibədəki məğlubiyyətin məsuliyyətini Rusiyanın üzərinə atmaq istəyən Paşinyanın əlindən bu arqumenti almaq istəyən rus siyasiləri Azərbaycana qarşı bu cür provakisyalara gedə bilərlər. Rusiya bu addımıyla Ermənistandakı nüfuzunu, düşmən ölkənin sürətlə ABŞ və Fransanın qucağına düşməkdən saxlamağa çalışa bilər. Bununla yanaşı Xankəndi və ətraf ərazilərdəki ermənilərin ilk fürsətdəcə oranı tərk etməsi də Rusiya üçün ciddi problem kimi görünür. Rusiya bu fəaliyyətlərlə separatçı erməniləri orada saxlamağa, hətta mümkün olarsa gedənləri geri qaytarmağı da hədəfləyib. Çünki orada ermənilər olmazsa o zaman sülhmərmalılara da ehtiyac olmayacaq, nəticədə Rusiyanın da Qarabağda mövcudluq amili sona çatacaq. Azərbaycan ərazisində terrorçu ermənilərə postların qurulması, erməni silahlılarına meydan verilmə cəhdləri Xankəndi separatçılarını, dolayısıyla Ermənistandakı radikalları və əhalini həvəsləndirmək, onlarda “Rusiya sizi qoruyur” düşüncəsi yaratmaq, bununla da bölgədəki varlığını uzatmaq hədəfləri ola bilər.
Rusiyanın bu provakasiyalarına inanmaq istəyən Ermənistan və Qarabağdakı separatçılar isə 44 günlük mahribədən dərs çıxarmalıdırlar. Rusiyanın yaratdığı süni geosiyasi durumdan həvəsə gəlib hansısa xəstə iddialarını gerçəkləşdirmək düşüncəsindən vaz keçməyəcəyi təqdirdə ermənilər üçün yeni problemlər yaranacaq. Azərbaycan öz torpaqlarından, haqqından vaz keçəcək deyil. Yaranan ilk fürsətdəcə rəsmi Bakı Xankəndi və ətraf ərazilərdəki separatçıları məhv edərək oradakı hüquqlarını bərpa edəcək. Ona görə də Ermənistanın yeni hakimiyyətinin realist yanaşması, problemin həllində konstruktiv rol oynaması, nəinki Rusiyanın, heç ABŞ və Fransanın da qızışdırıcılığına razılaşmaması lazımdır.
Rusiya çətin ki, bu addımlarıyla istəyinə çata bilər. Azərbaycan artıq müəyyənləşdirdiyi hədəfə doğru gedir. Əlbəttə bu o demək deyil ki, biz hər addımda Rusiya ilə baş-başa gəlməyə çalışmalı, arada gərginlik olmasına çalışmalıyıq. Mümkün bütün əməkdaşlıq imkanlarından istifadə edib Rusiyanı müttəfiq kimi, alınmazsa neytral durumda saxlamağa çalışmalıyıq. Amma qırmızı xətt keçildiyində xəbərdarlığımızı etməli, heç nəyə baxmadan Türkiyə və Pakistanla tutduğumuz strateji müttəfiqlik münasibətlərini daha da genişləndirməli, dərinləşdirməliyik. Bundan başqa rəsmi Bakı Türk Konseyinin güclənməsindən, təsir imkanlarının artmasından, İslam Əməkdaşlıq Təşkilatının imkanlarından istifadə etməklə də Rusiyanın təzyiqini, təsirini məhdudlaşdırmağa çalışa bilər.
İranla bağlı durum da diqqətdə olmalıdır. Bir müddət əvvəl İran nömrəli maşınların Qarabağdakı separatçıalra yardım aparmasıyla bağlı qeyri-rəsmi məlumatlar yayılmışdı. Dünən Azərbaycan XİN-in bununla bağlı İran səfirinə etiraz notası təqdim etməsi vəziyyətin gərgin olduğunu göstərir. İran tərəfinin Azərbaycanın bu narahatlığını anlaması, diqqət göstərməsi, səbəbkarları cəzalandırması lazımdır. Azərbaycanla normal qonşuluq münasibətləri üçün İran tərəfinin Qarbağa dair həssaslığımızı nəzərə alması, bu istiqamətdə çalışmaların rəsmi Bakı ilə tam olaraq razılaşdırması lazımdır. Əks təqdirdə iki qonşu, tarixi, mədəni, dini və s. istiqamətdə çoxsaylı ortaq məqamları olan dövlətlər arasında gərginliklər səngiməyəcək. Bu isə nə İrana, nə də bizə faydalı deyil. Azərbaycanla İran arasında daimi gərginliyin, düşmənçilik münasibətlərinin olması Ermənistanla yanaşı bölgədə marağı olan, amma bölgədən çox-çox uzaqlarda yerləşən dövlətlərə sərf edir. Azərbaycan və İran rəsmilərinin dostluq, mehriban qonşuluqla bağlı açıqlamalarını əsas götürərək, əməli fəaliyyətlərdə bir-birimizin maraqlarına hörmət edərək hərəkət etməyimiz problemlərimizin həllində mühüm amil olmalıdır. Hər iki ölkədə bulanıq suda balıq tutmağa çalışanların, hər addımda dövlətlərarası münasibətlərdə gərginlik yaratmaq istəyənlərin çalışmalarına fikir verməmək, dövlətlərin maraqlarından çıxış edərək mehriban münasibətlər qurmağa çalışmalıyıq. İran anlmalıdır ki, Azərbaycanı işğal edə bilməz, Azərbaycan isə qəbul etməlidir ki, İranı dağıda bilməz. Bizlər bir-birinə möhtac iki qonşu dövlət olduğumuzu unutmamalıyıq. Gələcək fəaliyyətlərdə isə Azərbaycan İrandakı soydaşlarımızın imkanlarından, Türkiyənin potensialından istifadə edərək İranı Azərbaycan maraqlarına həssaslıqla yanaşan bir dövlətə, hətta dost dövlətə belə çevirməyə çalışa bilər. Eyni zamanda biz illər əvvəl həyata keçirilən Azərbaycan-İran-Türkiyə rəsmi qurumlarının təmaslarını, dialoqunu bərpa edə, münasibətlərimizi daha da sxılaşdıra bilərik.
Rusiya və İran 3+3 formatının – Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İran əməkdaşlığının baş tutmasına, bu çərçivədə problemlərin həllinə çalışmağı hədəfləməlidir. Bölgədəki problemləri bölgə dövlətləri, bölgə dövlətlərinin qonşusu olan ölkələr özləri qarşılıqlı anlaşma və hörmət ruhunda özləri həll etməyə çalışmalıdır. Çünki əks təqdirdə ortaya çıxacaq hər hansısa alov hər kəsi yandırıb yaxa bilər. Bu isə bölgədən uzaqda yerləşən dövlətlərin maraqların uyğundur.
Sadaladıqlarımızla yanaşı Azərbaycan vətəndaşı, təşkilat rəhbəri və media təmsilçisi olaraq hər zaman ölkəmizin maraqlarından çıxış etməyi vacib sayıram. Hansı dövlətin nə etməsindən, bizə nə qədər yaxın və ya uzaq olmasından asılı olmayaraq Azərbaycanı qorumalıyıq, onun müstəqiqlliyinə xələl gəlməsinə imkan verməməliyik. Azərbaycan maraqları, müstəqilliyi, güclü olması bizlər üçün hər şeydən öncə olmalıdır. Bizim bundan da çətin anlarımız olub, amma onların hamısını ötürmüşük. Bu da ötüb keçəcək, baş verənlər bizlər üçün sınaqdır. Biz bu sınaqdan çıxacağıq və bu bizi daha da gücləndirəcək. Tezliklə bayrağımız Xankəndində, Xocalıda və digər ərazilərimizdə dalğalanacaq, Zəngəzur dəhlizindən keçərək Naxçıvana və Türkiyəyə gedə biləcəyik.

Mubariz Goyusli
Modern kalkınma sendikası genel başkanı siyasi yorumcu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir