KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Mubariz Goyushlu: Ukrayna böhranının həlli görünmür

Mubariz Goyushlu: Ukrayna böhranının həlli görünmür

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
330 0

Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı ABŞ-Avropa və Rusiya arasında gərginlik davam edir. Qərb ölkələrinin bugün səhər Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı dedikləri özünü doğrultmadı. Anlaşılan bu yazılanlar, səsləndirilənlər psixoloji müharibənin tərkib hissəsi idi. Məqsədin nə olduğunu daha dəqiq bu dezinformasiyanı ortaya atanlar bilir. Böyük ehtimal Qərb dairələri, xüsusi xidmət orqanları yaxın hədəf üçün qarşılarına qoyduqları məqsədə çatmış oldular.
Bir zamanlar İraq da beləcə işğal edilmişdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Seymur Herş adlı bir jurnalistin dili ilə Səddam Hüseynin guya kimyəvi silahlar əldə etməsi, İraqın hücuma hazırlaşması və s. bağlı dezinformasiyaları dövriyyəyə buraxmışdı. Bu dezinformasiyalar üzərindən ABŞ qoşunları İraqı işğal etdi, altını-üstünə çevirdi, ölkəni xarabaya çevirdi. Aylar sonra çıxıb dedilər ki, İraqda kimyəvi silah yoxdur. Amma artıq olan olmuşdu. O gün bu gündür İraqda hakimiyyətə gələn şəxslər buranı düzəldə və normal bir dövlət qura bilmir.
Hazırda baş verən savaşda, gərginlikdə də ən çox itirən Ukraynadır. Daha dəqiq desək sadə xalqdır. 30 ildir işğal yaşayan bir dövlətin vətəndaşı olaraq, işğalın, müharibənin, fəlakətinin nə demək olduğunu yaxşı anlayan bir şəxs kimi bunları yazırıq. Xankəndi və ətraf ərazilərdə rus qoşunlarının olması, ermənilərə açıq şəkildə və həyasızlıqla verilən rus dəstəyi da bizə Ukraynanın dərdini daha dərindən hiss etməyə imkan verir. Hazırda Ukrayna hakimiyyəti çox riskli addımlar atır. Ən böyük risk isə ABŞ-ın, Avropanın ipi ilə quyuya düşməkdir, yəni Rusiya ilə qarşıdurmaya getməkdir. Nəticə fəlakətlidir. Torpaqlar işğal olunub. Səni bu fəlakətə itələyənlər isə Rusiyaya qarşı effektiv addımlr atmırlar. Ukrayna mövzusu onlar üçün siyasi alver predmetinə dönüb.
Bu proseslərdə müəyyən qədər itirən həm də Rusiyadır. İqtisadi, siyasi, hərbi, diplomatik və s. istiqamətlərdə itirir Rusiya. Rusiyanın iqtisadi gücü bu ağırlığı qaldırmaqda zorlanır. Rusiya aqressiv siyasəti ilə ətrafındakı hər kəsi özündən qaçırtmaqdadır. Baş verənlər Rusiyanın küncə sıxışdırılmasıyla nəticələnib. Amma Rusiya imperiya ambisyalarından da geri çəkilmir və çəkilmək istəmir.
Bundan sonra kiminsə geri çəkiləcəyi də inandırıcı görünmür. Çünki əməkdaşlıq üçün bütün körpülər yandırılıb. Dünyada daha bir həlli uzanan münaqişənin mövcudluğunu təəssüflə izləyirik. Görünən budur ki, kiçik dövlətlərin taleyini həll edən böyük dövlətlər dünyamızın sakit və rifah içində yaşmasını istəmir. Öz maraqları üçün dünyanı qan içində boğmaqda davam edirlər. Əsas itirən isə sadə insanlardır, xalqdır.
Hazırkı situasiyada Ukrayna xalqına bu mübarizədən az itkiylə çıxmağı arzulamaqdan başqa əlimizdən heç nə gəlmir.

Mubariz Goyushlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir