KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mubariz Goyushlu: Qazaxıstan – acların qiyamı, yoxsa KTMT bayrağı altında Rusiyanın işğalı?

Mubariz Goyushlu: Qazaxıstan – acların qiyamı, yoxsa KTMT bayrağı altında Rusiyanın işğalı?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
394 0

Qazaxıstanın bizə qonşu və qardaş ölkə olmasını, orada baş verənlərin təsir imkanlarını nəzərə alıb baş verənlərlə bağlı bir neçə məqamı vurğulamaq istərdik.

Maye qazın qiymətinin bahalaşmasından sonra Qazaxıstanda baş verən etirazlar, olaylar ölkədə vəziyyətin gərginləşməsinə, hakimiyyətin duruma nəzarəti itirməsinə gətirib çıxartdı. Xalqın sosial-iqtisadi durumunun mənfi olması, qiymətlərin bahalaşması ilə vəziyyətin lap ağırlaşması insanları ayağa qaldırdı. Bu durumdan faydalanan isə kənar qüvvələr və onlarla əlbir olan daxildəki bir sıra siyasi qüvvələr oldu.

Sanki hər şey əvvəlcədən planlaşdırılmış kimi görünür. Əvvəlcə maye qazın qiyməti 100 tengeyə qlaxır, sonra etirazlar başlayır və qiymətin yenidən əvvəlki vəziyyətə qaytarılmasına baxmayaraq insanlar sakitləşmir. İlk olaraq ölkənin Manqistau vilayəti və Almatı şəhərində yanvarın 5-i saat 01:30-dan yanvarın 19-u saat 00:00-a qədər elan olunan fövqəladə vəziyyət rejimi də durumu sakitləşdirmir, hətta daha da qızışdırır deyə bilərik. Nəticədə bütün ölkə boyu fövqəladə vəziyyət rejimi tətbiq olunur ki, bu da durumun ağırlığından yaranan bir məqam oldu.

Lidersiz və təşkilatsız hərəkət etdiyi deyilən kütlə çox ardıcıl şəkildə etirazlarını davam etdirir. Nəticədə hökumət istefaya göndərilir, müvəqqəti hökumət təsdiq edilir. Bura qədər olanları, hətta Qazaxıstan üçün, qazaxlar üçün çox böyük işlər görmüş ilk prezident, elbaşı Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasından istefasını, heykəlinin uçurulmasını və s. kimi addımları da xalqın sosial-iqtisadi durumunun ağırlığına bağlamaq olardı. Anlaşılandır ki, Nazarbayev bizlər üçün cəlbedici görünə, Türk Dünyası üçün önəmli siyasi fiqur sayıla bilər. Lakin sosial durumu ağır olan qazaxlar üçün Nazarbayevin Türk Dünyasında, lap elə Qazaxıstanda gördüyü işlər deyil maddi rifah halı daha önəmli ola bilər.

Ancaq bu hadisələrdən dərhal sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkədəki vəziyyətlə bağlı KTMT-yə müraciət etməsi xoruzun quyruğunun görünməsi demək oldu. Ölkədəki terror qruplarının (!) mövcudluğunu əsas götürən Qazaxıstanın KTMT-yə (əslində Rusiya) müraciəti hadisələrin niyə, necə, haradan baş verdiyini ortaya qoymuş oldu. Hələ aydın olmayan məqamlardan biri də budur ki, xalqın dinc etiraz aksiyalarından dərhal sonra ortaya çıxan terror qruplaşmaları deyilən qruplar necə yaranıb və kimlər tərəfindən idarə olunur? Bu özü də ayrıca bir araşdırma mövzusudur. Baş verənlər gözümüzün önünə Suriyanı gətirir ki, əlacımız ancaq “Tanrı qardaş qazax xalqını Suriya olaylarının təkrarlanmasından qorusun” deməkdən başqa bir şeyə qalmır.

Yeri gəlmişkən mənə bir azərbaycanlı olaraq təsir edən məqam Qazaxıstanın KTMT-yə müraciətinə Ermənistanın baş naziri, 2022-ci ildə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyanın dilindən cavab verilməsidir. “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, – deyən Paşinyan sanki bununla Nazarbayevin illər öncə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ona vurduğu tərs şillənin cavabını vermiş oldu.

Nəticə isə budur ki, KTMT sülhməramlıları vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaq, obyektlərin və infrastrukturun təhlükəsizliyini təmin etmək adıyla ölkəyə tam nəzarət edəcəklər. Yeri gəlmişkən Rusiyadan Qazaxıstana KTMT bayrağı altında 45-ci Hava Desant Alayı, 98-ci Hava Desant Diviziyası və “Senej” xüsusi təyinatlıları, Belarusdan isə 103-cü Hava Desant Diviziyasının hərbi qulluqçuları yollanır. Azərbaycan da, MDB ölkələri də, Rusiyanın yaxın-uzaq qonşuları da rus ordusunun hansı missiya daşıdığını, nə işlər görə biləcəyini yaxşı bilirlər.

Hazırda qardaş Qazaxıstanda hakimiyyət dəyişikliyi gerçəkləşdirilməkdədir. Baş nazir, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini – Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi və s. kimi önəmli vəzifələr “təmizlənməkdə”, KTMT nəzarəti altında, böyük ehtimalla Rusiyanın istək və arzularına uyğun şəxslər gətirilməkdədir.

Almatı şəhərində asayişin yaradılması üçün hərbçilər silahlı şəxlərə (bəlkə də terrorçular – !) qarşı xüsusi antiterror əməliyyatına başlayıb. Çünki Almatıda polis idarəsinə, həmçinin rayon və polis idarələrinə hücuma cəhd göstərilib. Rəsmi məlumata görə onlarla silahlı şəxs öldürülüb. Vəziyyət isə heç də ürəkaçan deyil. Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 317 polis əməkdaşı və Qazaxstan Milli Qvardiyasının hərbi qulluqçusu xəsarət alıb, 8 nəfər həlak olub.

Bugünə vəziyyət bundan ibarətdir. Sosial-iqtisadi narazılıqlarla başlayan etirazlar Nazarbayevin hakimiyyətə nəzarətini itirməsini, Rusiyanın KTMT bayrağı altında bu türk dövlətinə tam yerləşməsini, hakimiyyətin önəmli postlarında Moskvaya loyal şəxslərin oturdulmasını müşahidə edirik. Əlbəttə sosial-iqtisadi durum çox önəmlidir və əhalini, vətəndaşı bu məsələdə narazı etmək düzgün deyil. Dövlətin əsas işi vətəndaşın hüquqlarını qorumaq, onun sosial rifahını və s. istiqamətdə durumunu yaxşılaşdırmaq olmalıdır. Lakin Qazaxıstanda baş verən olayları sosial-iqtisadi durumun gərginliyindən istifadə edən xarici qüvvələrin, daha dəqiqi desək Rusiyanın vəziyyətdən istifadə etməsi, bir türk və MDB ölkəsini “cəzalandırmaqla” digərlərinə dərs vermək cəhdi kimi də qiymətləndirmək mümkündür. Qazaxıstanın, daha dəqiq desək elbaşı Nursultan Nazarbayevin Türk Dövlətləri Təşkilatı ilə bağlı aktiv çalışmaları, MDB-də, KTMT-də fəallığı Putinin gözündən qaçmırdı və bunun bir cavabı olmalıydı. Ehtimal ki, bu hadisələr elə Putinin də cavabıdır.

Türk Dövlətləri Birliyi və Qazaxıstanın bu məsələdə gələcəkdə tutacağı mövqedən isə narahat olmağına dəyməz. Çünki Türk Birliyi məsələsi artıq bir tarixi proses və reallıqdır. Onun qarşısını nə Rusiya, nə də digər beynəlxalq güclər ala bilməzlər. Türk xalqları ayılıb və birliyə doğru yürüməkdədir. Qazaxıstanda baş verən analoji olaylar prosesi sadəcə zəiflədə, bir az istiqamətini dəyişə bilər. Lakin Türk Dövlətləri Təşkilatının daha da güclənəcəyi heç kimə sirr deyil. Belə olaylar bu və ya digər formada digər Orta Asiya türk ölkələrində baş verib, amma proses dayanmayıb, əksinə daha da irəliləyib. Dəyişən isə bu ola bilər ki, Nursultan Nazarbayev Türk Dünyasının tanınmış siyasətçisi olaraq tarixin arxivinə gedəcək. Bizlərin isə hazırkı durumda ona xidmətlərinə görə təşəkkür etməkdən, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün önləm almaqdan başqa görə biləcəyimiz iş yoxdur desək yəqin ki, yanılmarıq.

Tanrı Türk Dünyasını, türk dövlətlərini, türk xalqlarını qorusun!

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir