KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Mubariz Goyushlu: Putin-Duqin cütlüyü Rusiyanı uçurumun astanasına gətirib

Mubariz Goyushlu: Putin-Duqin cütlüyü Rusiyanı uçurumun astanasına gətirib

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
302 0

“Bu hərbi əməliyyat bizim üçün ölüm-qalım məsələsidir. Ya var olacağıq, ya da məhv olacağıq. Məğlubiyyət ehtimalını düşünmürük. Çünki bu ola bilməz. Əgər olsa, nə Putin, nə Rusiya, nə də dünya olacaq”. Bu fikirləri bir müddət əvvəl Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı ideoloq Aleksandr Duqin demişdi. Görünən budur ki, Rusiya da bu fikirlərin icraçısı olmaqla öz məhvini addım-addım yaxınlaşdırmaqdadır.
Kifayət qədər sərt və aqressiv mahiyyət daşıyan bu cümlələr Rusiyanın Ukraynaya müdaxiləsinin, qəddar və beynəlxalq hüquqa zidd müharibəsinin mahiyyətini açıb göstərir. Duqin Rusiyada Putinin, bu dövlətin ideoloqlarından, başbilənlərindən, fikir rəhbərlərindən sayılır. Putini müharibəyə təhrik edənlərdən biri də odur. Putinə cəsur və böyük lider olduğunu deməklə, Ukraynanın itirlməsinin Rusiyanı məhvə aparcağını söyləməklə müharibənin ilhamvericilərindən birinə çevrilən Duqin və duqinkimilər rus xalqını da məhvə doğru sürükləməkdədir.
Məsələ burasındadır ki, nə Rusiya rəsmi Kiyevin belə müqavimətini gözləyirdi, nə də dünya dövlətləri, xüsusən də Qərb sanksiyalara məruz qalan Rusiyanın Ukraynada bu qədər uzun müddət, amansız və qəddar şəkildə müharibə aparacağına inanırdı. Rusiya dövlətinin siyasi liderlərinin, ideoloqlarının imperialist düşüncəsi, imkanları ilə üst-üstə düşməyən iddiaları, yanlış qərarları bu dövlətin məhvini sürətləndirməkdədir. Var olmaqla, yox olmaq dilemması qarşısında ağır, fəlakətli, avantürist bir prosesə baş qoşan Rusiya çıxılmaz bir vəziyyətlə qarşılaşıb. İrəli getməyə güc çatmır, geri çəkilməyə xəstə iddialar imkan vermir.
Ukrayna dövlətinin və ordusunun qəhrəmancasına müqavimət göstərməsi rusları, Putin-Duqin cütlüyünü fakt qarşısında qoyub. Bir neçə günə Kiyevi tutmaq iddiası ilə, ağayana şəkildə hücuma keçən rus ordusu geri çəkilir, Donbas ətrafında qoşunları cəmləməklə, əlverişli fürsət tapıb Ukrayna qoşunlarını mühasirəyə almaq və tezliklə, birdəfəyə darmadağın etmək istəyir. 45 gün əvvəl bəlkə də bu mümkün ola bilərdi. Amma indi bu ümumiyyətlə mümkün görünmür. Ötən hər gündə vəziyyət Ukraynanın xeyrinə dəyişir, təşəbbüs Rusiyanın əlindən çıxır. Müharibəni başlayanda bütün Ukraynanı, alınmazsa heç olmasa Kiyev də daxil olmaqla ölkənin yarısını ələ keçirmək iddiasında olan Putin indi ancaq Donbasla kifayətlənməyə məcbur buraxılıb. Lakin Ukrayna müqaviməti gücləndirsə, təzyiqləri artırsa bunlar da Rusiyanın əlindən çıxacaq.
Rusiyanın bu avantürist müharibəni uduzması get-gedə daha çox əyan olmaqdadır. Rusiya bu məğlubiyyətdən acışmış durumdadır. Məğlubiyyət ehtimalında dünyanı da məhv olmaqla hədələyən ruslar bu faciəyə son qoymaq əvəzinə onu daha da dərinləşdirirlər. Lakin bu çıxış yolu deyil. Rusiyanı uçurumun astanasına gətirən Putin-Duqin cütlüyü bu avantüranı tez bir zamanda bitirməsə Rusiya ümumiyyətlə bir dövlət kimi darmadağın olacaq.

Mubariz Goyushlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir