KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Mubariz Goyushlu: İki diktatorun və imperiyanın müharibəsi niyə “bizim” olmalıdır ki?..

Mubariz Goyushlu: İki diktatorun və imperiyanın müharibəsi niyə “bizim” olmalıdır ki?..

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
447 0

Hitlerizmin Stalinizmə qarşı işğalçı, imperialist müharibəsinin Azərbaycan xalqına hansı formada aidiyyatının olmasını dərk etmək çətindir. 600 min azərbaycanlının Stalin tərəfdən Hitlerə qarşı döyüşməsi, minlərlə azərbaycanlının da Hitler tərəfindən Stalinə qarşı döyüşməsi bizim tariximizin ən dəhşətli məqamlarındandır, faciələrindəndir. Stalinin və Hitlerin xalqlara, o cümlədən bizim xalqımıza qarşı da soyqırımı unudulmamalıdır. Allah həmin müharibədə həlak olan bütün günahsız insanlara, o cümlədən də azərbaycanlılara rəhmət eləsin. İki şər imperiyasının və onlara dəstək verib qızışdıran ABŞ-ın, İngiltərənin oyunları dünyanı viran qoydu. II Dünya müharibəsi Azərbaycan xalqına, o cümlədən digər türk-müsəlman xalqlarına çox baha başa gəldi. İmperialistlərin dünya ağalığı üçün apardığı savaşın bizə heç bir aidiyyatı olmayıb, ola da bilməz. Bu cür təbliğatlara son qoyulması lazımdır.
Bizim milli davamız Qərbi Azərbaycan torpaqlarının erməniyə verilməsi, Qarabağda Dağlıq Qarabağ adlı separatizm zonasını yaradılması, Sovet imperiyası adlı qanlı bir dövlətdə azərbaycanlıların sındırılması, sıxışdırılması, deportasyası, Axıska türklərinin, Krım türklərinin sürgünü, soyqırımı və s. kimi önəmli məsələlər olmalıdır. 1920-ci və 30-cu illərdə minlərlə vətənpərvər, namuslu, vicdanlı ziyalını, azərbaycanlını sürgün edən, öldürən qanlı Sovet imperiyasını Hitlerə qarşı müdafiə etmək bizim davamız ola bilməz.
600 min azərbaycanlı əlacsız və məcburi şəkildə Stalin uğrunda müharibəyə, ölümə göndərilmişdi. Əgər Azərbaycan müstəqil dövlət olsaydı, əgər Azərbaycan Xalq Cümhuriyyəti SSRİ tərəfindən işğal edilməsəydi, o da Türkiyə kimi II Dünya müharibəsində bitərəf mövqe seçə bilərdi. İnsanları, təbii sərvətləri də SSRİ adlı “şər imperiyası” üçün istifadə edilməzdi. Bizim üçün kommunizmin qalib gəlməsi, yaxud faşizmin qalib gəlməsi həyati əhəmiyyətli bir məsələ olmamalıdır. Bizim öz Vətən müharibəmiz var. I Qarabağ və II Qarabağ müharibələri bizlər üçün milli mücadilədir, Vətən müharibəsidir, ölüm-dirim müharibəsidir. II Dünya müharibəsi isə sadəcə olaraq “şər imperiya”larının dünyanı bölüşdürmək üçün apardığı ədalətsiz, amansız bir müharibə idi və biz bu tarixləri xüsusi bir şəkildə qeyd etməkdən, onu “bayram” kimi keçirməkdən imtina etməliyik…

Mubariz Goyushlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir