KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Mubariz Goyushlu: Ermənistan sülh istəyir, yoxsa müharibə?

Mubariz Goyushlu: Ermənistan sülh istəyir, yoxsa müharibə?

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
458 0

Faşizmi təbliğ edən Ermənistan sülh istəyir, yoxsa müharibə?

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün bundan əvvəl Azərbaycanla sülh sazişi başlamaq istəyi ilə bağlı fikir səsləndirdi. Daxildən və xaricdən edilən təzyiqlər qarşısında çətin duruma düşən Ermənistanın rəhbərinin bu açıqlamada səmimi olması inandırıcı görünmür. Çünki müharibədən sonra belə sabitliyi pozmağa çalışan, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan nümayişkaranə şəkildə yayınan Ermənistanın baş nazirinin sülh sazişi imzalamağa özündə cəsarət tapacağı şübhəlidir. Əgər Paşinyan özündə güc tapıb bu addımı atmış olsa erməni xalqının xilası yolunda mühüm bir iş görmüş olar. Müharibədən məhv edilmiş şəkildə çıxan Ermənistan üçün ən doğru yol budur.

Ermənistanın keçmiş prezidenti, uşaq qatili, müharibə zamanı fərarilik göstərmiş Serj Sərkisyan da etiraf edir ki, II Qarabağ müharibəsində ölkəsi sındırıldı və kapitulyasiya aktına imza atmağa məcbur edildi. Buna rəğmən Ermənistanda qisasçılıq çağırışlarının hələ də bitməməsi bu ölkəni fəlakətə sürükləyir. Ermənistandan fərqli olaraq qalib Azərbaycan müharibədən sonra aqressiv davranışlar göstərmir, beynəlxalq hüquqa hörmət edir, sülh tərəfdarı olduğunu nümayiş etdirir. Bu isə Azərbaycanın dünyada artan nüfuzunu, etibarlı dövlət statusunu daha da gücləndirir.

Qalib Azərbaycan dövlətinin bir sıra xoşməramlı jestlərini, o cümlədən müharibə başa çatdıqdan sonra ərazimizə soxulan erməni terrorçularının həbsdən azad edilib qaytarılmasını düzgün dəyərləndirə bilməyən Ermənistanın davranışları adekvat deyil. Terrorçuları azad edən Azərbaycana verilən mina xəritələrinin qeyri-dəqiq olması qarşı tərəfin öz sözünə, vədinə xilaf çıxmasının növbəti göstəricisi idi. Ən son 8 erməni əsilli hərbi qulluqçunun qaytarılması müqabilində I Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların məlumatlarının verilməsi barədə öz üzərinə öhdəlik götürən Ermənistan bundan da imtina etdi. Bu ölkənin XİN-nin açıqlaması beynəlxalq humanitar hüququn pozulmasının ən bariz göstəricisidi idi. 4000-ə qədər azərbaycanlının taleyi haqqında məlumat verməkdən yayınan Ermənistanın sülh istəməsi qeyri-səmimiliyin ən bariz göstəricisidir.

Əslində faşizmi, onun tərəfdarlarını təbliğ etməklə məşğul olan Ermənistandan səmimi davranış, normal qonşuluq münasibəti gözləməyə də dəyməz. Faşizmi ideallaşdıranlar normal qonşuluq münasibəti saxlaya, beynəlxalq hüquqa riayət edə bilməz. Yeri gəlmişkən Ermənistanın faşizmi təbliğ etməsini də ilk dəfə siyasi gündəmə gətirən Azərbaycan və onun prezidenti İlham Əliyev olub. Təəssüf ki, beynəlxalq təşkilatlar və ölkələr qaldırılan məsələyə susqunluq göstəriblər. Cəllad Nijdenin və onun daşıdığı faşizm ideologiyasının təbliğinə laqeydlik göstərən dövlətlər qarşılığında Azərbaycandan Ermənistana hansısa güzəştlər etməsini istəyirlər. Rusiyada Nijdeyə həsr olunan tədbir keçirmək cəsarətində olan ermənilərin çalışmalarının qarşısı da məhz Rusiyanın müvafiq qurumları tərəfindən alınmışdır. Ancaq Ermənistanda onu hələ də qəhrəmanlaşdırırlar. Belə bir dövlətin başçısının sülh istəməsi, sülhdən danışması, Azərbaycana sülh təklif etməsi və bu təklifini yaxın vaxtlar üçün həyata keçirəcəyi əlbəttə ki, inandırıcı görünmür.

Başından ağır zərbə alan Ermənistandakı müharibə caniləri və tərəfdarları hazırda boynubükük yaşasalar da onların baş qaldırmayacağına dair zəmanət yoxdur. Erməni faşizmi baş qaldırmaq üçün fürsət gözləyir. Sadə bir misal. Ermənistan ərazisində fəaliyyət göstərən çoxsaylı terror təşkilatlarından birini, VOMA-nın mövcudluğunu qeyd etməyimiz kifayətdir ki, qarşı tərəfin hansı ideologiyada, hansı düşüncədə olduğu bir daha əyan olsun. VOMA təşkilatı dəfələrlə Azərbaycana qarşı döyüşlərdə, terror-təxribat əməllərində fəal iştirak edib. Yaxud müharibə zamanı dəfələrlə Azərbaycanın mülki obyektlərini, insanlarını bombalayan Ermənistanın sülh çağırışları nə dərəcədə səmimi ola bilər? Təkcə Gəncə şəhərinə 13 raket atılıb, onlardan 8-i partlayaraq insanların həyatına son qoyub. Ona görə də erməni faşizminin baş qaldırmasına qətiyyən imkan vermək olmaz. Daim orda gedən prosesləri nəzarət altında saxlamaq lazımdır. Azərbaycan xalqı heç vaxt bu vəhşilikləri unutmamalıdır və unutmur da. Qızışdırıcılıq proseslərində ermənilər qədər onları qızışdıranlar, onlara dəstək olanlar da məsuliyyət daşıyırlar.

Bütün bu cinayətlərə baxmayaraq Azərbaycan qarşılıqlı olaraq əraziləri tanımağa, sülh sazişi imzalamağa hazır olduğunu dilə gətirir. Azərbaycanın atdığı addımlar bizim bu prosesdə səmimi olduğumuzun göstəricisidir. Prezident İlham Əliyev qarşı tərəfə dəfələrlə mesaj verərək sülh müqaviləsi imzalamaq niyyətini açıqlayıb. Lakin şərt də var: Bu isə beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaqdan ibarətdir. Əgər Ermənistan sülh istəyirsə bu şərti yerinə yetirməlidir. Əgər bu şərt yerinə yetirilmirsə onda hansısa sülhdən, müqavilədən, əməkdaşlıqdan danışmaq mümkün deyil.
Mubariz Goyushlu

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir