KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Mübariz Goyushlu: Ermənistan prezidentinin istefa qərarı ölkədəki siyasi böhranın dərinliyini göstərir

Mübariz Goyushlu: Ermənistan prezidentinin istefa qərarı ölkədəki siyasi böhranın dərinliyini göstərir

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
336 0

Ermənistan prezidenti Armen Sərkisyanın qəfil istefası bu dövlətin, onun iqtidarının, dövlət aparatının çıxılmaz və ağır durumda olduğunun göstəricisidir. Bundan əvvəl də Ermənistanda vəzifəli şəxslər, o cümlədən nazirlər və s. istefa verirdilər. Lakin prezidentin istefası, özü də istefa ərizəsində yazdığı nüanslar böhranın, yüksək dövlət rəsmiləri arasındakı uçurumun, ziddiyyətin nə qədər dərin olduğunu ortaya qoydu. Bu addımı “demokratiya göstəricisi” elan edənlərin diqqəti Ermənistandakı böhrandan yayındırmaq cəhdləri effekt vermir. Hazırda düşmən ölkədə yolsuzluq, ümidsizlik, qarşılıqlı ittiham və təhqirlər baş alıb gedir.

Paşinyan və ətrafı ilə Armen Sərkisyanın arasında narazılığın olduğu baş nazirin hakimiyyətə gəlməsinin ilk həftələrindən ortaya çıxmışdı. Əvvəlki hakimiyyətin “adamı” sayılan Armen Sərkisyanla Paşinyan arasında ilk açıq gərginlik isə Ermənistan Baş Qərargahının rəisi Onik Qasparyanın istefaya göndərilməsi zamanı yaranmışdı. Baş nazir Paşinyanın O.Qasparyanın istefası barədə təklifinə dərhal müsbət münasibət göstərməyən prezident A.Sərkisyan çox ciddi təzyiqlərlə üzləşmişdi. Paşinyanın təklifinin gecikdirilməsi baş naziri və ətrafını xeyli hiddətləndirmişdi. Aydın məsələ idi ki, Nikol bu hadisəni unutmamış və Sərkisyanla haqq-hesab çürütmək üçün fürsət axtarmaqda idi.

Müharibədəki məğlubiyyətdən sonra Robet Köçəryan və Serj Sərkisyanın Paşinyanı hakimiyyətdən devirmək üçün göstərdiklərə cəhdlərə Ermənistan prezidentinin gizli və açıq dəstək verməsi onun baş nazir Paşinyanla münasibətlərini daha da soyutmuşdu. R.Köçəryan və S.Sərkisyan Paşinyanı açıq mübarizədə məğlub edə bilmədiklərini görüb hər vəchlə onun fəaliyyətinə mane olmağa, dövlətin daxilində müxtəlif sabotajlar həyata keçirməyə çalışırdılar. Gah Azərbaycanla sərhəddə, gah Azərbaycan ərazisində (Xankəndi və ətraf yerlərdə) atəşkəs ordudakı köhnə hakimiyyətin dəstəkçiləri tərəfindən pozulur, gah dövlət aparatında öz adamları vasitəsilə təxribatlar gerçəkləşdirilir, gah da prezident Armen Sərkisyan vasitəsilə dövlət qurumlarının fəaliyyətləri tormozlanmağa çalışılırdı. Əlbəttə Paşinyan və ətrafı bütün bunları görür, ona qarşı effektiv mübarizə aparmağa çalışırdı. Lakin qarşıdurmalar və gərginliklər hakimiyyət üçün ciddi problemlər də törədirdi.

Paşinyan iqtidarına bir şey bəlli idi ki, köhnə hakimiyyətin tərəfdarları dövlət aparatından, ən önəmli yerlərdən təmizlənməyənə qədər təxribatların qarşısını almaq, qarşıya qoyulan siyasi hədəfləri gerçəkləşdirmək mümkün olmayacaq. Köhnə hakimiyyətin dəstəkçiləri siyahısında ən başda isə prezident Armen Sərkisyan gəlirdi. Elə buna görə də Paşinyan qarşısında ən böyük maneə və tormozlayıcı mexanizm kimi beynəlxalq dəstəyə malik olan, 44 günlük müharibədə məğlubiyyətin məsuliyyətini bölüşməkdən boyun qaçıran hazırkı prezidenti – Armen Sərkisyanı görürdü. Ona görə də onun bütün səlahiyyət və imkanlar məhdudlaşdırılmışdı. İstefa ərizəsində Armen Sərkisyan bu məqamları qeyd etmişdi. Hətta prezidentin və yaxın ətrafının təhdidlərə məruz qalması ilə bağlı fikirlər erməni mediasında geniş şərh olunmaqdadır. Paşinyan hakimiyyətini ən çox qıcılandıran məqamlardan biri də A.Sərkisyanın qonşu ölkələrə səfərlər edərək sərbəst davranışlar göstərməsi, müsahibə və bəyanatlar verməsi idi. Təzyiqlərin artması, ölkə siyasi həyatındakı proseslərə təsir edə bilməməsi, siyasi tərəflər arasında milli böhranın daha da geniş vüsət alması A.Sərkisyanı istefa qərarı verməsinə qədər gətirib çıxartdı.

Lakin Ermənistanda bu ehtimallarla yanaşı Rusiya-Ukrayna gərginliyinin də istefanın səbəblərindən ola biləcəyi şərh olunur. Məsələ burasındadır ki, Rusiya Ukraynaya qoşun yeritmək üçün tam hazır vəziyyətdədir. Rəsmi Moskva bu addımı KTMT-nin də əliylə ata bilər. Yeri gəlmişkən Qazaxıstanda baş verən (yaxud törədilən) hadisələr KTMT üçün, Rusiya üçün Ukrayna öncəsi bir məşq də ola bilərdi. Rusiya hərbi əməliyyatlara başlayacağı təqdirdə KTMT üzvlərini də yanında görmək istəyə bilər. KTMT-nin hər hansısa bir üzvünün, o cümlədən Ermənistanın Ukraynaya hərbi müdaxilə prosesində iştirak etmək istəyi isə böyük şübhə doğurur. Görünür bu məsələ də Ermənistanda hakimiyyət üzvləri arasında ixtilafların daha da dərinləşməsinə səbəb olub. Ermənistanda heç kim Ukraynaya hərbi hücum kimi avantürist məsələdə boynuna məsuliyyət götürmək istəmir. Prezident Sərkisyanın istefaya aparan addımlardan biri də məhz bu ola bilər.

Sərkisyan istefa qərarını geri çəkəcəyi təqdirdə bundan sonrakı siyasi fəaliyyətində Paşinyanın dedikləri ilə oturub-durmaq məcburiyyəti ilə razılşamalı olacaq. Başqa cür mümkün deyil. Çünki Nikol Paşinyan ona maneçilik törədə biləcək qüvvələri zərərsizləşdirməkdə qətiyyətli görünür. Geri çəkilməzsə, istefa qəbul olunarsa o zaman onun yerinə Nikol Paşinyanın öz adamını gətirəcəyi ehtimalı yüksəkdir.

İstənilən halda, nəyin necə olmasından asılı olmayaraq Sərkisyanın istefa qərarı onsuz da durumu gərgin olan Ermənistanı lap çıxılmaz vəziyyətə salıb. Ölkədə siyasi ehtiraslar o qədər gərgin, qütbləşmə o qədər dərindir ki, durumun tezliklə düzələcəyinə inam çox azdır. Azərbaycanın vurduğu dəmir yumruqdan özünə gələ bilməyən Ermənistanın problemlər girdabında hələ çox çabalayacağı, əlavə istefaların olacağı, böhranın davam edəcəyi ehtimal yüksəkdir.
Mübariz Goyushlu Kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir