KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Mübariz Ağalarlı: “Cəmiyyətə və Şəhid anasına mənəvi əziyyət verən davranışlar yolverilməzdir”

Mübariz Ağalarlı: “Cəmiyyətə və Şəhid anasına mənəvi əziyyət verən davranışlar yolverilməzdir”

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
448 0

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü,
tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı ile musahabe
Sual – Polad Həşimovun ailəsinə məhz “Qasım Süleymani” medalının təqdim olunmasının arxasında sizcə hansı gizli mesaj durur. Süleymani bildiyim qədərlə I Qarabağ savaşında azərbaycan əleyhinə döyüşlərdə iştirak edib. Qasım Süleymaninin adına təsis olunmuş ordenin xarici görünüşü saxta erməni soyqırımının 100 illiyinə həsr olunmuş rəmzlə demək olar ki, eyniyyət təşkil edir. Bu barədə danışmağınızı istərdim.
Cavab – İlk öncə qeyd etmək istərdim ki, hər hansı bir hakimiyyətin siyasi və mənəvi jestlərinin arxasında həmin dövlətin maraqları dayanır. Bu maraqlar mənfi və ya müsbət xarakterli ola bilər. Lakin bu tipli siyasi və mənəvi davranışlar müəyyən siyasi və etik çərçivədə həyata keçirilməli, cəmiyyətin, xalqın mənəvi dəyərlərinə və heysiyyətinə toxunmamalıdır. Əgər İran səfirliyi tərəfindən təqdim olunan bu medal cəmiyyətimizin çoxsaylı üzvləri arasında müəyyən suallar doğurursa, azərbaycan cəmiyyəti bu ödülün verilməsinin mənəvi dəstəkdən çox, siyasi mesaj xarakterli olduğunu düşünürsə, deməli cəmiyyət haqlıdır və bu cür mənəvi və siyasi jestlər arzuolunmazdır. Həmçinin xarici ölkə səfirliyi tərəfindən Şəhid ailəsinə ödül təqdim olunarakən, bu mükafata bütün cəmiyyətin münasibəti, doğuracağı müsbət və ya mənfi reaksiya nəzərə alınmalıdır. Çünki, bu ödül tək Polad Həşimovun ailəsinə deyil, bu ailənin timsalında azərbaycan xalqına təqdim olunmuş bir hədiyyədir. Bu tipli hədiyyələr istər təqdim olunmuş şəxslərdə, istərsə də cəmiyyətdə mənəvi dəstəkdən çox, məyusluq yaradırsa, belə davranışlar xoşməramlı olsa belə, öz mənəvi əhəmiyyətini və mahiyyətini itirir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətində General Qasım Suleymaniyə münasibət birmənalı deyildir. Məhz bu şəxsin adını daşıyan medalın Azərbaycanın Milli Qəhrəmanının ailəsinə təqdim olunmasını uğurlu saymaq olmaz. Digər tərəfdən, məlumdur ki, şəriət qanunlarında hədiyyə olaraq medal təqdim etmək ənənəsi yayğın deyildir. Bu baxımdan teokratik hakimiyyətlər bu cür hədiyyələr təqdim edərkən daha çox dini kitablara (Məsələn “Qurani-Kərim) və digər dini-mənəvi mahiyyətli ödüllərə üstünlük verməlidirlər.
Qeyd etdiyiniz kimi, Qasım Süleymaninin adına təsis olunmuş ordenin xarici görünüşünün saxta erməni soyqırımının 100 illiyinə həsr olunmuş rəmzlə demək olar ki, eyniyyət təşkil etməsi də olduqca üzücüdür. Azərbaycan xalqının saxta erməni soyqırımı məsələsinə həssaslığını bütün dünya bilir. Bu formada təqdim olunan medalın cəmiyyətimizdə ciddi narazılıq yaratması təbii olaraq gözləniləndir və normal xarakterlidir. Hesab edirəm ki, məqsədindən, müsbət və ya mənfi xarakterindən asılı olmayaraq, bu adda, bu formada, bu məzmunda medalın Azərbaycanın Şəhid Qəhramanına təqdim olunması arzuolunmaz davranışdır, və bu cəmiyyətimizdə ciddi məyusluq doğurmuşdur. Bu cür davranışlar xalqlarımız arasında mənəvi bağların möhkəmlənməsinə heç də xidmət etmir.
Sual – İrandan Qarabağa yüklərin daşınması ilə bağlı yeni görüntülər yayınlandı. Bu əlbəttdə Ermənistan tərəfinin yaymış olduğu dezinformasiya da ola bilərdi. Amma bununla belə gələcək illərdə Azərbaycan-İran münasibətlərini hansı səviyyədə görürsünüz?
Cavab – Hər kəsə məlumdur ki, uzun illərdir ki, İranla – Ermənistan arasında hərbi-siyasi və iqtisadi müstəvidə sıx əməkdaşlıq mövcudur. Hətta bəzi politoloqlar İranı Ermənistanın mövcudluğunun əsas amili hesab edirlər. Zaman-zaman sosial şəbəkələrdə və KİV-də İrandan Qarabağa daşınan yüklər haqqında videogörüntülər yayımlanır. Hətta II Qarabağ savaşında İrandan Ermənistan daşınan hərbi yüklərlə bağlı videogörüntülər də yayılmışdır. Bu tipli videogörüntülərin mövcud olması və sosial şəbəkələrdə yayılması azərbaycan cəmiyyətində ciddi narahatlıq və təəssüf hissi ilə qarşılanır. Bu tipli görüntülərin Ermənistan tərəfindən məqsədli şəkildə yayılması ehtimalı da mümkündür. Amma etiraf etmək lazımdır ki, bu görüntülər fakt olaraq sosial şəbəkələrdə mövcuddur. Biz çalışmalıyıq ki, düşmənlərimizə hər iki dövlət arasında gərginlik yaratmaq üçün əsas verməyək.
Azərbaycan – İran münasibətlərinin inkişafının siyasi, iqtisadi və mədəni baxımdan böyük perspektivləri vardır. Çünki hər iki xalqın yüz illərə söykənən ortaq tarixi, mədəniyyəti və mənəvi dəyərlər sistemi mövcuddur. Tarixən Azərbaycanın siyasi dövlətçilik təsisatları Yaxın Şərqdə hegemon rolda çıxış edərək, bu bölgənin siyasi və mədəni sisteminin formalaşmasında böyük rol oynamışdır. Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız bu gün də İranın siyasi və sosial mədəni həyatında öz dəyərli töhfələrini verməkdədirlər. 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsində Cənubi Azərbaycandan olan on minlərlə soydaşımız İran dövlətinin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. Mən hesab edirəm ki, bu gün region dövlətləri içərisində İranla dostluq və strateji müttəfiqlik siyasətini səmimi şəkildə istəyən və həyata keçirməyə çalışan öncül dövlətlərdən biri Azərbaycandır. Lakin Azərbaycan xalqının da iranlı qardaşlarımızdan haqlı olaraq gözləntiləri vardır. Xüsusilə də dövlətimizin ərazi bütövlüyünün bərpası məsələlərində və region üçün böyük təhlükə yaradan erməni faşizminin kökünün kəsilməsində din qardaşlarımızın birmənalı şəkildə yanımızda olmasını istərdik. Təəssüf ki, II Qarabağ savaşında İran dövlətinin azərbaycan xalqını qane etməyən siyasi mövqeyi, İrandan Ermənistana daşınan hərbi yüklərin videogörüntülərinin yayılması və digər məsələlər cəmiyyətimizdə haqlı olaraq müəyyən suallar yaratmışdır.
Sual – 1918-1920-ci illərdə Urmiya və ətraf bölgələrdə on minlərlə türk-müsəlman əhalisini qətlə yetirmiş erməni-daşnaklarına İran dövlətinin münasibəti necə olmuşdur? Tarixçilər arasında belə bir fikir var ki, xüsusilə XX əsrdə İran Rusiya, Ermənistan üçlüyü Azərbaycanın əks tərəfindəı yer alaraq dövlətimiz üçün ciddi problemlər yaratmışlar. Bu məsələni necə dəyərləndirə bilərsiniz?
Cavab – İlk öncə qeyd edim ki, 1918-1920-ci illərdə təkcə Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda da erməni-aysor terrorçu dəstələri tərəfindən on minlərlə türk-müsəlman əhalisi qətlə yetirilmişdir. Bu dövrdə Qacarlar hakimiyyətində başlayan tənəzzül prosesi, siyasi hakimiyyətin bu qırğınların qarşısının alınmasında rolunu sıfıra endirmişdir. Bu qırğınlarda ingilis, rus, fransızlar ermənilərə hərbi-siyasi dəstək göstərmişdir. Qeyd etməliyik ki, bu qətliamların qarşısının alınmasında yerli əhalinin özünümüdafiə dəstələri və türk ordu hissələrinin həmin bölgəyə daxil olması böyük rol oynamışdır. Rəsmi məlumatlara görə İran coğrafiyasında qətlə yetirilən azərbaycanlı əhalinin sayı 200 min nəfərə yaxın olmuşdur.
Sualın ikinci hissəsinə cavab olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın müəyyən dövrlərdə bölgədə mövcud olan çevrə dövlətləri ilə hərbi-siyasi qarşıdurmaları mövcud olmuşdur. Lakin biz bu gün dünyada və bölgədə baş verən siyasi proseslərə nəzər yetirsək görərik ki, regionun sülh və barışa, xüsusilə də iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə böyük ehtiyacı vardır. Hər zaman Azərbaycan dövləti qonşularına qarşı münasibətdə səmimi və dürüst olmuş, bu davranışı dəfələrlə əməli fəaliyyətində ortaya qoymuşdur. Biz bir dövlət və xalq olaraq çevrə dövlətlərindən də bizə qarşı səmimi münasibətin olmasını gözləyirik.
Sual – Erməni işğalı dövründə Şuşadakı Gövhər Ağa məscidinin İran abidəsi adı ilə təmir edilməsi, əslində İranın bölgədə dini-siyasi maraqlarının dərin olmasından xəbər vermirmi?
Cavab – İranın bölgədə maraqları müxtəlif istiqamətlərdə təzahür edir. Sözsüz ki, bu istiqamətlərdə dini-ideoloji tərəflər əsas amillərdən biridir. Qeyd etmək istəyirəm ki, iranlaşdırılan maddi və mənəvi mədəniyyət nümunələrimiz tək Gövhər Ağa məscidi ilə sərhədlənməmişdir. Onlarla mədəni abidələrimiz, tarixi əsərlərimiz, ədəbi-bəddi nümunələrimiz, hətta şairlərimiz, yazıçılarımız belə İranlı kimi təqdim edilməyə çalışılmışdır. Təəssüflər olsun ki, dünyada mövcud olan bu yanaşmalar elmi əsaslara söykənmədiyi kimi, ədalətlilik meyarlarına da ziddir. Erməni işğalı dövründə Qarabağda mövcud olan məscidlərimizdə donuz saxlayan, mədəni həyatda vandal hərəkətləri həyata keçiriən ermənilərin davranışlarını bilə-bilə, Şuşada Azərbaycanın mədəni-memarlıq incilərindən biri olan Gövhər Ağa məscidinin bir İran məscidi kimi təmir edilməsi məyusedici hal idi. Əgər bir müəslman şəhəri və bu şəhərdə olan məscid düşmən işğalındadırsa, bu məscidlərdə donuz saxlanılırsa, bu məscidləri təmir edib düşmənin ixtiyarına verməyin nə mənası vardır. Düşmən işğalında olan bu məscidlərdə azan oxunmayacaq və namaz qılınmayacaqdırsa bunu təmir etməyin mahiyyətini necə başa düşmək olar?.
Sual – Bir neçə gün öncə yayılan məlumatlara görə Polad Həşimovun anası İran səfirliyinin təqdim etdiyi medaldan imtina etdiklərini və bu medalın geri qaytarılması üçün müvafiq orqanlardan yardım istədikləri bildirilir. Bu məsələni necə dəyərləndirirsiniz?
Cavab – Bu məsələ olduqca həssas və cəmiyyətdə mənəvi çəkisi ağır olan vəziyyət yaratdığı üçün Şəhid anasının hadisəyə münasibəti başadüşüləndir. İran səfirliyi rəsmiləri tərəfindən cəmiyyətin və Şəhid anasının bu adekvat reaksiyası nəzərə alınmalı idi. Digər tərəfdən mənfi və ya müsbət xarakterindən asılı olmayaraq hər hansı bir davranış, ödül təqdimi, nəticə etibarilə cəmiyyətə, xüsusilə də Şəhid anasına mənəvi əzab verəcəksə, bu davranışın sərgilənməsi əxlaqi və dini dəyərlərə zidd olan hadisədir.
Təşəkkür edirəm.

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir