KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Müasir Beynəlxalq Münasibətlər Sistemində “Yumşaq Güc” və Azərbaycan

Müasir Beynəlxalq Münasibətlər Sistemində “Yumşaq Güc” və Azərbaycan

Kafkassam Editör Kafkassam Editör - - 30 dk okuma süresi
519 0

“Qloballaşma” mövzusu son illər ərzində intellektual diskussiya meydanında aktuallığına görə əsas mövzudur. Bu, sadəcə gələcəyin nəzəri modeli haqqında diskussiyalar deyil, bütün dünyanı əhatə edən sivilizasiya prosesinin analizinə cəhdlərdir. Qloballaşma prosesi obyektivdir. Güc anlayışının insanlıq tarixi qədər qədim tarixi var. Beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən bu konsepsiya üçün fərqli təriflər verilir. Beynəlxalq sistemdəki aktyorlar haqqında hər hansı bir şey deyildikdə və ya müzakirə edildiyi zaman bu anlayışı istisnasız olaraq eşidirik və ya oxuyuruq. Güc, beynəlxalq münasibətlər sistemində ölkələrin fəaliyyətində və siyasət təhlilində tez-tez istifadə olunan açıqlayıcı bir anlayışdır. SARS-CoV-2 / COVID-19 pandemiyası ölkələrin “yumşaq güc” siyasətlərini tətbiq etmələri üçün çox vacib bir qapı açdı.
Beynəlxalq münasibətlərin həyata keçirilməsi istiqamətində dünyada qlobal inteqrasiya prosesi çərçivəsində iki mühüm yanaşma vardır : “sərt güc – hard power” və “yumşaq güc – soft power”. Josef Nay bu iki yanaşmanın bir – birindən necə fərqləndiyini bu cür izah edir : “Yumşaq güc mədəni dəyərlər və ideyalar vasitəsi ilə yola gətirə bilmək qabiliyyəti, sərt güc isə adətən hərbi qüvvə vasitəsi ilə məcbur etmək deməkdir.
Uzun müddət ərzində beynəlxalq əlaqələrdə sərt güc üstün vəziyyətə malik olmuşdur. Lakin soyuq müharibənin sonu, Sovet İttifaqının və o dövrdə mövcud olan kommunist rejimlərin süqutu yumşaq güc yanaşmasının da getdikcə öz mövqeyini möhkəmləndirməsinə təkan verdi.
Təhlükəsizlik, güc və müharibə məfhumları zamanla dəyişdi. Artıq güc dedikdə, təkcə təzyiq, silah və birinin digərindən üstünlüyü deyil, eyni zamanda razılıq anlayışı başa düşülməyə başladı. Məhz bundan sonra bu iki yanaşmanın fərqi daha bariz şəkildə özünü büruzə verdi.
“Yumşaq güc” ideyasını ədəbiyyata gətirən Josef Nay – a görə, qlobal sistemin çoxcəhətli quruluşu, beynəlxalq təşkilatlar və medianın da getdikcə artan təsiri ilə əlaqədar olaraq hərbi güc arxa planda qalmışdır. O yumşaq gücü “əgər istədiyim şeyin sənin də istəməni təmin edə bilirəmsə, onda səni mənim istədiyimi etməyə məcbur etmək qarşısında qalmıram” şəklində müəyyən etmişdir. Buradan aydın olur ki, yumşaq güc bir dövlətin maraqlarının digər dövlətlər tərəfindən də düşünülməsini vadar edə bilər.Yumşaq güc ünsürlərinə bölgənin qeyri – hökumət təşkilatları, mədəniyyəti və mədəni dəyərləri, siyasi liderləri və s. daxil edilir. Bu yanaşmada zorakı olmayan üsullar əsas sayılır, önəmli olan onları xoşagələn və cəlbedici etməkdir. Bu gün dünyanın böyük ölkələri öz mədəniyyətlərindən başqalarına təsir etmək, onları bu təsir altında saxlamaq və onların mədəniyyətlərinə həm müdaxilə, həm də nəzarət etməklə məqsədlərinə nail olmaq istəyirlər. Bu məqsədlər isə siyasi, hərbi və geosiyasi məqsədlər olmaqla üç yerə ayrılır. Əgər əvvəlki dövrlərdə ölkələr öz siyasi və ya iqtisadi gücləri hesabına dünyanı ələ keçirməyə çalışırdılarsa, bugün bunu mədəniyyət yolu ilə etməyə çalışırlar. Məhz Josef Nayın “yumşaq güc” anlayışı bunun ən aşkar nümunəsidir.
Josef Nay “yumşaq güc” dedikdə, dövlətlərin geosiyasi mövqelərini hərbi və iqtisadi güc ilə deyil, onların mədəniyyəti, siyasi idealı və proqramları ilə təmin etməyi nəzərdə tutur. Onun fikrinə əsasən, “sərt güc” bir mənada məcburiyyət deməkdirsə, “yumşaq güc” könüllü iştirak deməkdir. Lakin hətta “könüllü iştirak”da da axırıncı məsələ dövlətin mədəni prinsiplərini qəbul etməkdən ibarətdir. Nay “Yumşaq güc : dünya siyasətində uğur qazanmağın yolları” adlı əsərində belə yazır : “Güc hava kimidir, yəni ona bənzəyir. Baxmayaraq ki, onun haqqında danışılır və hamı ondan asılıdır, lakin heç də hamı onu birmənalı olaraq anlamır. Hava haqqında məlumat barəsində öncədən xəbərdarlıq edildiyi kimi, gücün tarazlıqda olması barədə də ölkələrin siyasi liderləri proqnozlar verir və balansda olan dəyişikliklərə də xüsusi diqqət yetirirlər.”
J.Nay “Yumşaq güc” (“Soft Power”) adlı kitabında bu anlayışa belə tərif vermişdir : “bir ölkənin başqa ölkə üzərində hərbi və ya iqtisadi təzyiq tətbiq etmədən, cəlbedici yollarla istənilən nəticəyə nail olunması” – “yumşaq güc” üsuludur. Josef Nay qeyd edirdi ki, : “gücə sahib olmaq və onu qiymətləndirmək sevgi kimi asandır.” Onun bu sözləri ədəbiyyata gətirdiyi “yumşaq güc” haqqında daha doğrudur. O bu anlayışa “istədiyini məcbur etməklə və ya pulla yox, maraq oyatmaqla əldə etmək qabiliyyəti” tərifini vermişdir. Ölkələrin bu yolla xarici siyasətdə məqsədlərinə nail olması elə “yumşaq güc”ə sahib olmaqları deməkdir.
Uzun illər analitiklər beynəlxalq münasibətlərdə gücü ölçmək üçün formullar üzərində düşünmüşlər. 1997-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək səviyyəli rəsmisi Ray Klayn gücü hesablamaq üçün istifadə etdiyi düsturu çap etdirdi. Ray Klaynın öhdəliyi soyuq müharibə dövründə ABŞ və SSRİ arasında mövcud olan gücün tarazlığı barəsində ABŞ-dakı siyasi liderlərə məlumat vermək idi. Onun fikir olaraq irəli sürdüyü düstur belədir :
Güc = (əhali + ərazi + iqtisadiyyat + hərb) x (strategiya + iradə)
O bu düsturda lazımi rəqəmləri yerinə qoyub, hesablama apardıqdan sonra gördü ki, ABŞ güc baxımından SSRİ-dən zəifdi. Hətta göstəricilər bu zəifliyin ikiqat çox olduğunu müəyyən etdi. Lakin bu hal uzunmüddət davam etmədi, tezliklə SSRİ süqut etdi və ABŞ yenidən dünyanın ən güclü ölkəsinə çevrildi.
Nay “yumşaq güc”ə sahib olmaq üçün ölkənin dəyərlərini üç hissəyə ayırır :
1) bu ölkənin mədəniyyəti ;
2) siyasi dəyərləri ;
3) xarici siyasəti .
Onun fikrinə görə, hər hansısa bir ölkənin dəyərləri və maraqları başqa ölkələr üçün yararlı, ən əsası isə xoşagələn və cəzbedicidirsə, ölkə dünyada müvəffəqiyyət qazanmış hesab olunur. Bu uğura sahib olan ölkə digərlərini asanlıqla təsir altına sala bilər. Josep Nay ölkələrin siyasi dəyərləri baxımından,ümumilikdə, onları demokratik və avtoritar siyasi sistemlər olmaq üzrə bir – birindən ayırır, lakin daha çox üstünlüyü isə demokratik dəyərlərə verir. Onun sözlərindən belə aydın olur ki, demokratik dəyərlər üzərində qurulan siyasi sistemlər avtoritar siyasi sistemlərə nəzərən daha güclü cəlbedicilik potensialına sahibdirlər. Bu cür dəyərləri olan siyasi sistemlərin dünyadakı digər cəmiyyətləri təsir altına salmaları elə də çətin deyil.
Başqa sözlə desək, əgər bir ölkə öz daxilində demokratikdirsə, daima beynəlxalq təşkilatlar ilə birgə işləməyə can atır və xarici siyasətində sülhü, insan hüquqlarını müdafiə edirsə, onda bu ölkə başqaları üçün hər zaman cəlbedici rola malikdir. Avtoritar siyasi sistemlərdən fərqli olaraq, demokratik siyasi sistemlər öz maraqlarını daha asan şəkildə, uzun müddət ərzində və sabit formada həyata keçirə bilirlər.
“Yumşaq güc” konsepsiyası ötən əsr – 80-ci illərin sonlarından etibarən hazırlanmağa başlamışdır. Josep Nay hələ o vaxtı elmi ədəbiyyatda bu anlayışın təməlin qoyanda onun siyasi sahədə bu dərəcə istifadə olunacağı məlum deyildi. Bu konsepsiyaya birbaşa olaraq yumşaq güc və onun reallaşdırılması üçün lazım olan vasitələr daxildir. Adətən ölkənin “yumşaq güc” siyasətinə aid olan amillər dedikdə, onun dili, mədəniyyəti, elm və təhsil sahəsi, diplomatik aləmdə nüfuzu və xüsusilə də onun siyasi dəyərləri başa düşülür. Bu siyasətin həyata keçirilməsi üçün lazım olan vasitələrə isə müxtəlif dövlət və qeyri – dövlət qurumları, təşkilatlar, elm ocaqları, təhsil mərkəzləri, həmçinin kütləvi informasiya vasitələri də daxildir. Yumşaq gücü sərt gücdən fərqləndirən ən mühüm cəhət də budur. Sərt və yumşaq güc arasındakı fərqli xüsusiyyətlər asan şəkildə müəyyən edilə bilir. Bu iki yanaşma tərzi beynəlxalq aləmdə dövlətlər tərəfindən reallaşdırılan vacib siyasi idarəetmə forması olmaqlarına baxmayaraq, özlərinə məxsus xarakter və funksiyaları ilə çox fərqlənirlər. Sərt güc münasibətlərdə məcburiyyətə üstünlük verirsə, yumşaq güc bunun tam əksinə olaraq bunu cəlbedici yollarla etməyə üstünlük verir. Beynəlxalq münasibətlərdə bəzən ölkələr digərlərinə nisbətən istədiklərinə çatmaq üçün daha çox gücə sahib olduqlarını görürlər. Buna görə də onların bu gücdən istifadəsində müxtəlif məqsədlər ola bilir. Amma necə istifadə olunmasından aslı olmayaraq, bir mənada məqsəd eynidir: “ölkənin istədiyi istiqamətdə münasibəti dəyişdirmək”. Bu gün də daha güclü olanın öz istədiyinə hansı yollar ilə nail olacağı müzakirə mövzusudur. Mütləq bir yol olmadığı üçün müxtəlif üsullar vardır. Bu üsullara daxil olan iki yanaşma tərzi sərt güc (hərbi və iqtisadi) və yumşaq güc hal-hazırda ölkələrin xarici siyasətlərində istifadə olunmaqdadır. Sərt güc və yumşaq güc arasındakı ən vacib fərqliliklərdən biri də zamandır. Sərt güc vasitəsi ilə tez bir zamanda nəticə əldə etmək olar. Yumşaq güclə isə bunun tam tərsi olaraq, qısa müddət ərzində nəticə əldə etmək demək olar mümkünsüzdür. Yumşaq gücün nəticələri uzun müddət sonra özünü büruzə verir. Bu iki yanaşmanı siyasətdə müqayisə etdikdə isə, yumşaq gücün daha təhlükəli olduğunu demək olar. Çünki sərt gücün həyata keçirilməsi üçün görüləcək tədbirlərin qabaqcadan proqnozlaşdırıla bilmə ehtimalı olduqca yüksəkdir. Lakin yumşaq güc üçün bu qəbul edilə bilməz. Həmçinin istər kəmiyyət, istərsə də keyfiyyət baxımından sərt gücü tənzimləmək mümkündür. Yumşaq güc üçün isə bu fikir inandırıcı səslənmir. Dünyada hökmranlıq etmək istəyən iri dövlətlərin siyasətlərində “yumşaq güc”ün olduğunu açıq şəkildə görmək mümkündür. Belə dövlətlər dedikdə, ilk ağıla ABŞ, Rusiya və Çin gəlir. Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-dür. Qədim zamandan bəri onlar arasında dünyada ağalıq etmək uğrunda gizli və ya açıq mübarizə olmuşdur. Baxmayaraq ki, II Dünya müharibəsi illərində Rusiya və ABŞ məcburi şəkildə müttəfiqlərə çevrilsələr də, müharibə bitdikdən dərhal sonra yenidən əvvəlki münasibətlərə qayıtdılar. Beləliklə, onların dünyaya hökm etmək uğrunda gedən mübarizəsi təkrar olaraq başlamış oldu.
C.Nayın Rusiya və Çinin “yumşaq güc” siyasəti ilə bağlı “Rusiya və Çin “yumşaq güc”də nəyi başa düşmürlər ?” adlı məqaləsi vardır. Bu məqalə 2013-cü ildə “Foreign Policy” jurnalında çap olunmuşdur. Bu məqalədə Nay Rusiya və Çini “yumşaq güc” siyasətindən öz dövlət maraqlarına görə istifadə etdikləri üçün qınayır. Onun fikrincə, ölkənin dəyərləri onu maraqlara görə deyil, cəmiyyətin ahənginə uyğun olaraq təbliğ edilməlidir.
Nay düşünür ki, Çin “sərt” və “yumşaq” güclərini tarazlaşdırmalıdır, çünki onun mədəni ənənəsi buna imkan verir. Çinli Ç.Desyun bu fikirlər ilə müəyyən qədər razılaşır. O, Çin mədəniyyətini altruist insana bənzədir. Yəni insan öz ailə maraqlarını şəxsi maraqlardan, dövlətin maraqlarını isə hər ikisindən üstün tutmalıdır. Məhz bu ənənə Çində cəmiyyətin özəyini müəyyən edib. Hər halda bu fikir əsasında həm Amerikanın, həm də Çinin müəyyən dərəcədə eyni düşüncələrə sahib olması müsbət qarşılanıb.
“Portland” media şirkətinin hazırladığı ” Soft Power 30″ adlı sıralamada dünyada “yumşaq güc” siyasətini daha uğurlu şəkildə yerinə yetirən ölkələr əks olunub. Bu sıralamaya əsasən, ilk üç yer ABŞ, İngiltərə və Almaniya olmuşdur. İlk onluqda isə Kanada, Fransa, Avstraliya, Yaponiya, İsveçrə, İsveç və Niderland olmuşdur. Siyahıda 30 ölkənin arasına Rusiya da daxil olmaqla 27-ci yeri tutmuşdur. Rusiya bu siyahıya daxil olan yeni ölkələrdəndir.
Son dövrlərdə isə sərt və yumşaq gücün qarşılıqlı əlaqəsi olan “ağıllı güc” üsulundan istifadə olunur. Josep Nay qeyd edir ki, “ağıllı güc” yanaşması sərt və yumşaq gücün birgə kombinasiyasını, lazım olan anda isə onlardan hansının daha təsirli olduğunu müəyyən edə bilir. Həmçinin o, “ağıllı güc”ün yayılmasının başqa halların məzmununda mövcud olan ən yaxşı strategiyaların birləşməsi üsulu olduğunu qeyd etmişdir. İndiki dövrdə ölkələr mövcud olmaq uğrunda daima mübarizə aparırlar. Təbiidir ki, bu baxımdan “güc” onlar üçün olduqca önəmlidir. Bir sıra ədəbiyyatlarda “güc” müxtəlif yollarla müəyyən edilmiş və şərh olunmuşdur.
Sərt gücdən fərqli olaraq yumşaq güc ölkənin cəlbedici yollar ilə öz məqsədlərinə çatmaq üsuludur. Bir baxımdan da yumşaq güc ənənəvi xarici siyasət vasitələrindən fərqli olaraq beynəlxalq münasibətlərdə daha xoşagələn vasitələr ilə ölkələr arasında mədəniyyət əlaqələrini inkişaf etdirir. Hər hansı bir ölkə öz “sərt güc”ü ilə başqa ölkələrə təzyiq göstərə və yaxud da o ölkəni idarə edə bilər. Lakin o “yumşaq güc” elementləri vasitəsi ilə başqalarına təsir göstərərsə, bu daha uzunmüddətli və qalıcı olmaqla yanaşı, həmçinin mövcud olan münasibətləri də öz xeyrinə dəyişə bilər.
Bu gün hər hansı problemin olmadığı bir mühitdə dövlətlərin başqalarına təsir etmək istəyi yönündə davranışları getdikcə artır. Məhz bu istiqamətdə güc amilindən müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Əsas olan bu məqsədlərin dəqiq olaraq müəyyənləşdirilməsidir.
Bu nöqteyi – nəzərdən “yumşaq güc” yanaşmasının siyasətdəki əhəmiyyəti böyükdür. Analitiklər tərəfindən “yumşaq güc”ə keçid müsbət bir hal kimi qiymətləndirilir. “Yumşaq güc” anlayışı özündə qarşılıqlı münasibətlərdə razılığa gəlməyi və ölkə mədəniyyətləri arasındakı əlaqələrin inkişafını nəzərdə tutur. Gələcəkdə də dünyanın beynəlxalq münasibətlərində “yumşaq güc”ün rolunun artması gözlənilir.
Azərbaycanda “yumşaq güc”ün necə həyata keçirilir. Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa etmiş, hərbi və iqtisadi cəhətdən zəif olan və Ermənistanın təzyiqlərinə məruz qalan Azərbaycan üçün siyasətdə “yumşaq güc” yanaşmasından istifadə etmək və dünya ictimaiyyətinin diqqətini məhz bu yolla cəlb etmək asan olmasa da, real idi.
1991-ci ildə respublikamız müstəqillik əldə etdikdən sonra öz dövlət siyasətində “yumşaq güc” amilindən istifadə etməyə başladı. Eyni zamanda Azərbaycan işğalçı Ermənistan ilə mübarizə aparmaq məqsədi ilə ölkədə hərbi qüvvəni getdikcə gücləndirirdi. Müstəqillik qazandıqdan sonra öz yerini tutmağa başlayan Azərbaycan “yumşaq güc”ün mövcud imkanlarını tam şəkildə tətbiq etməyə çalışırdı.
Ümumilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldi. Məhz bundan sonra göstərilən əsaslı səylər nəticəsində yeni yaradılmış dövlətin dünyada tanıdılması istiqamətində ciddi fəaliyyətə başlanıldı.
Heydər Əliyev bu istiqamət üzrə çoxlu siyasi görüşlər keçirmiş, ölkədə mövcud olan zəngin enerji mənbələrinin səmərəli şəkildə istifadəsi ilə qısa bir müddət ərzində milli iqtisadiyyatın bərpa olunmasına nail ola bilmişdir. Bütün bunlar yeni bir dövlət kimi Azərbaycanın tanınması yolunda mühüm addımlar olmuş və bu prosesi də olduqca sürətləndirmişdir. Heydər Əliyev siyasətdə “yumşaq güc” yanaşmasından məharətlə istifadə etmiş və buna görə də həmin dövrdə Azərbaycan dünya ölkələri ilə tərəf müqabilinə çevrilmişdir.
Heydər Əliyev özündən sonra da bu istiqamət üzrə bizlərə mühüm bir irs qoymuşdur. Belə ki, bugünki günümüzdə Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək, dövlətçiliyi yeni və yüksək mərhələyə qaldırmışdır. Dövlət başçısının hər zaman dediyi kimi: ” Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir”. Məhz bu ideya Azərbaycanın uzunmüddətli inkişaf strategiyası hesab olunur və görülən bütün tədbirlər bu strategiyanın reallaşdırılması üçün planlaşdırılır. İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanın iqtisadi potensialını daima artırmaqdadır. Bu iqtisadi potensial istər regional sahədə, istərsə də beynəlxalq sahədə ölkənin milli maraqlarını və mənafeyini qoruyub saxlamağa imkan verir.
Azərbaycanın zəngin mədəni irsinin dünyanın nəzərinə çatdırılması üçün mühüm işlər görülmüşdür. Bu yolda Heydər Əliyev Fondunun, xüsusilə birinci xanım Mehriban Əliyevanın rolu böyükdür. O, beynəlxalq muğam festivallarının təşkilatçısıdır və bununla yanaşı, dəyərli sərvətimiz olan muğamı bir daha dünyaya tanıtmışdır.
2012-ci ildə ölkəmizdə keçirilən “Avroviziya” musiqi yarışmasına ev sahibliyi etməyimiz mədəniyyətimizin tanıdılması istiqamətində atılan önəmli addım idi. “Avroviziya”nı təkcə musiqi yarışması kimi dəyərləndirmək yanlış olardı. Çünki bu yarışma ilə dəyərlərimizin dünya ölkələrinin diqqətinə çatdırılması ilə əlaqədar yüksək nəticə əldə edilmişdir. Bəlkə də bu nəticə hər hansı bir siyasi tədbir həyata keçirməklə mümkün olmayacaqdı, lakin “Avroviziya” yarışması ilə Azərbaycan buna nail oldu.
Bundan əlavə 2015-ci ildə ilk dəfə olaraq “Bakı – 2015” Avropa oyunlarının ölkəmizdə keçirilməsi dövlətin “yumşaq güc” amilinə nə dərəcədə önəm verdiyini bir daha sübut edir. 12-28 iyun tarixlərində davam edən birinci Avropa oyunları ərzində ev sahibi olan Azərbaycan 5 mindən artıq idmançıya və on mindən çox xarici qonağa öz qapılarını açmışdır. Ermənistan idmançılarının bu oyunlara dəvət edilməsi və ölkəmizdə onlara qarşı göstərilən münasibət Azərbaycanın həyata keçirdiyi “yumşaq güc” siyasətinin tərkibinə daxildir.
2017-ci ildə ölkəmizdə baş tutan tədbirlərin hər biri isə siyasətdə “yumşaq güc” yanaşmasının möhkəmləndirilməsi istiqamətində uğurla həyata keçirilmişdir. Belə ki, ilk olaraq IV İslam Həmrəyliyi oyunları yüksək səviyyədə və böyük məharətlə təşkil olunması ilə bugun də nümunəvi sayılır. Azərbaycanın həm belə potensiala sahib olması, həm də təşkilatçılıq qabiliyyəti misal olaraq göstərilir. Daha sonra 2017-ci ilin may ayında Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Bu Forumda dünya miqyasında əhəmiyyətli olan məsələlər müzakirə olundu. “Formula – 1” Azərbaycan Qran Prisi eynilə 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də maraqlı tədbirlərdən biri olmuşdur. Ölkəmizdə uğurlа həyаtа kеçiriln iqtisadi islahatlar sürətli iqtisadi inkişafla yanaşı, əhalinin həyat səviyyəsi və yаşаyış tərzinin yüksəlməsinə də əsаslı təsir göstərmişdir. Əslində bu, məntiqi nəticə kimi bаşqа cür də bilməzdi. Çünki iqtisadi amillə sıх bağlı оlan sоsial siyasət – birinci növbədə müvafiq vəsaitlərin tоplanması və оnun iqtisadiyyatın ümumi inkişafına sərf еdilməsi, sоnra isə bu vəsaitlərdən əhalinin tələbat strukturu nəzərə alınmaqla istifadə оlunması ilə əlаqədаrdır . Bu prinsipə ölkənin iqtisadi və sоsial inkişaf siyasətində хüsusi diqqət yеtirilir, əhalinin rifah halının yaхşılaşdırılmasının kоnkrеt istiqamətləri müəyyən еdilir. Dövlət bаşçısı cənаb Ilhаm Əliyеv аşаğıdаkılаrı söyləmişdir: «…Аzərbаycаn sərf еtməyən təşəbbüslərə qоşulmur, çirkli оyunlаrа qоşulmur, öz хаlqının mənаfеyini hər şеydən üstün tutur, öz хаlqının mili mаrаqlаrını hеç kimə güzəştə gеtmir. Bilirəm ki, bəzi хаrici dаirələr bundаn о qədər də rаzı dеyillər. Аmmа, bu bizim prоblеmimiz dеyildir. Bizim prоblеmimiz öz mili mаrаqlаrımızı müdаfiə еtmək, Аzərbаycаn хаlqının təhlükəsizliyini, sоsiаl rifаhını təmin еtmək,ölkəmizi uğurlа inkişаf еtdirmək, gücləndirmək, müstəqilliyimizi əbədi, dönməz еtmək, bölgədə imkаnlаrımızı gеnişləndirməkdir. Iqtisаdiyytın mоdеrnləşməsi, sənаyе sаhələrinin işə sаlınmаsı, Аzərbаycаndа yеni bir şərаitin yаrаnmаsınа gətirib çıхаrаcаqdır. Biz mаksimum çаlışmаlıyıq ki, istənilən sаhə ölkəmizin inkişаfını təmin еdə bilsin. Kənd təsərrüfаtı nəinki kəndliləri işlə təmin еtməli, еyni zаmаndа ümumi iqtisаdi pоtеnsiаlımızа böyük töhfə vеrməlidir.
Bu nöqtədə, güc ölçüsü olan yumşaq gücün bu gün və gələcəkdə ölkənin diplomatiya fəaliyyətində əvəzedilməz bir element olduğu aşkardır.
Bütün bunlar Azərbaycan Respublikasının siyasətdə “yumşaq güc” amilindən necə möhtəşəm şəkildə istifadə etdiyini göstərir. Bu gün də xalqımızın özünəməxsus milli-mənəvi dəyərləri bir baxımdan “yumşaq güc”ə çevrilərək, dövlətimizin dünyadakı nüfuzunu artırmağa davam edir.
Qloballaşmanın yaratdığı imkan və fürsətlərdən millətin və dövlətin uzun müddətlə inkişaf strategiyalarına uyğun olaraq istifadə etmək lazımdır.Burada da nümunə götürmək mümkündür.İnkişaf etmiş güclü dövlətlərin dayatdıqları siyasətlərdən çox onların inkişaf etmələrinə kömək edən siyasətlərin nələrdən ibarət olduğunu,ölkələrin inkişaf xətlərini zamanı,məkanı və ölkənin vəziyyətini nəzərə alaraq analiz etmək və inkişaf prosesində həyata keçirmək daha məqsədəuygun olar. Ancaq bu o demək deyil ki,inkişaf etmiş ölkələri geridən təqib etmək lazımdır. Qloballaşmanın gətirdiyi bəlkə də ən önəmli dəyəri: elmi-informasiyanı asan və ucuz əldə etmək,ölkəyə və cəmiyyətə faydalı olanlarını işləyib müxtəlif sahələrdə tədbiq etmək və nəhayət ən sonunda bu dəyərləri istehsal etmək, yaratmaq günümüzdə inkişafın əsil göstəricisi sayılmaqdadır.
Qloballaşma sadəcə xarici,obyektiv fenomen,təslim olunması ya da laqeyd qalınması mümkün olan bir durum deyildir.
İstər qlobal, istər regional və istərsə də milli ölçülərdə, siyasi, ictimai, diplomatik, iqtisadi, sosial-mədəni dəyişikliklər olmaqdadır. Cəmiyyətlərə və cəmiyyətlər arasında əlaqələrə köklü təsir göstərən bu inkişafa meyl ölkələrin siyasətinə də təsir göstərir.
Bu dəyişmə və çevrilmələr, ölkələrin daxili tarazlıqlarına təsir edərək istiqamətləndirdiyi kimi ölkələr arasındakı əlaqələrə də birbaşa təsir edir.
Hökumət və onun strukturları baxımından bu dəyişməyə paralel olaraq, daxili və xarici dinamiklərin yaxşı idarə olunması, ölkələrin sahib olduqları “milli güc ünsürləri” nın millətlərin rifahına, daxili və xarici sülhə, milli təhlükəsizliyinə xidmət göstərəcək şəkildə istifadə edilməsi, informasyaya söykənən idarəetmə anlayışını ön plana çıxartmışdır.
Dövlətlər baxımından, regional və qlobal mənada fəal, aktiv və müəyyənedici bir güc olmanın ən əsas şərtlərindən biri, milli güc ünsürlərinin yaxşı analiz edilməsi və onların düzgün idarə olunmasıdır. Bu isə regional və qlobal dəyişikliklərə paralel olaraq güc ünsürlərinin yaxşı analiz edilməsinə və dinamik proseslərdə idarə olunmasıyla sıx bağlıdır.

Ədəbiyyat siyahısı:
Məmmədov Novruz Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Qanun. Nəşr yeri, Bakı. Nəşr ili, 2013.

İnternet saytları :
1. http://atv.az/news/politics/95137-azerbaycanda-kecirilen-tedbirler
2. https://az.bccrwp.org/compare/difference-between-hard-power-and-soft-power/
3. https://news.milli.az/politics/336120.html
4. https://sesqazeti.az/news/analytics/387710.html

Murtəza HƏSƏNOĞLU
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu
kadr siyasəti kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir