KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Moskvada artan Qarabağ müzakirələri..

Moskvada artan Qarabağ müzakirələri..

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
511 0

.

ATƏT-in Minsk qrupunun həmsədrləri martın 11-də Azərbaycan prezidenti ilə görüşdən sonra mətbuat konfransı keçirdilər. Ən maraqlı açıqlamaları Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland səsləndirdi.

Birincisi, amerikalı diplomat dedi ki, münaqişə uzun müddətdən bəri davam etsə də, həlli yolları mövcuddur. Ancaq Riçard Hoqland konkret hansı “həll planı”ndan söhbət getdiyini tələffüz etmədi.

İkincisi, amerikalı diplomat dedi ki, hazırda Rusiyanın fəal vasitəçi olmasında anormal heç nə yoxdur. Onun sözlərinə görə Kolin Pauel ABŞ-ın dövlət katibi oduğu illərdə də Vaşinqton vasitəçilikdə fəal idi. Əslində bu sözlər Vaşinqtonun hazırda passiv olmasının etirafıdır. Kolin Pauel 10 il əvvəl dövlət katibi olub. Belə çıxır ki, son 10 ildə Vaşinqtonu Dağlıq Qarabağ münaqişəsinin həlli az maraqlandırıb.

Üçüncüsü, amerikalı diplomat dedi ki, Azərbaycan və Ermənistan rəsmilərinin sərt ritorikası, müharibə çağırışları daxili ictimaiyyətə hesablanıb. Hərbi ritorikadan daha çox torpaqları işğal altında olan dövlət – Azərbaycan istifadə edir. Doğrudur, ara-sıra Ermənistan prezidenti və donşu ölkənin digər rəsmiləri də müharibənin mümkünlüyündən danışırlar. Ancaq məlumdur ki, Ermənistan status-kvonun uzanmasına çalışır. Müharibə ifadəsini daha çox status-kvonu dəyişmək istəyən tərəf səsləndirməlidir. Hərbi ritorikanın yumşaldımasının yeganə yolu “mərhələli həll” planının reallaşmasıdır. Bu baş vermədən hərbi ritorika azalmayacaq.

Qarabağ mövzusu başqa iki görüşdə də müzakirə edildi və hər iki görüş Moskvada oldu.

Birinci görüş martın 10-da baş verdi. Türkiyənin prezidenti Rəcəb Təyyub Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Qarabağdan da danışdı. Bu mövzunun gümdəmə gətirilməsinin təşəbbüskarı həmişə kimi Türkiyə tərəfi idi. Bu iki dövlət başçısının təyyarə böhranından sonra dördüncü görüşü idi. Ərdoğanla Putin Moskvada daha çox Suriyadakı vəziyyəti müzakirə etdilər. Bu gözlənilən idi. Buna baxmayaraq, Ərdoğan Putinlə görüşdə Azərbaycana aid iki mövzunu da gündəmə gətirməsi bizim üçün önəmli idi. Ərdoğan birinci cümləsində dedi ki, Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həll etmək lazımdır, əks halda bölgədə müharibə təhlükəsi qalacaq. Ərdoğan ikinci cümləsində isə Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasını təklif etdi. Ərdoğanın Azərbaycana aid mövzuları Putinin diqqətinə çatdırması rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildi. Kreml Ərdoğanın təklifi ilə Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına müsbət yanaşsa da, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyi planladırmır.

İkinci görüş martın 15-də baş verdi. Ərdoğanın ardından Ermənistan prezidenti də Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Görüş iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunsa da, prezidentlər Qarabağ münaqişəsindən də danışdılar. Prezidentlərin görüşündən başqa iki ölkənin hərbçiləri də görüşdü. Rusiyanın baş qərargah rəisi Valeriy Gerasimov Ermənistanın baş qərargah rəisi Movses Akopyanla iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi.

Serj Sərkisyanın Moskvaya səfərindən əsas məqsədi atəşkəsə riayət olunacağına dair Moskvadan təminat almaqdır. Sərkisyan istəyir ki, Kreml aprel ayında Azərbaycana hücuma keçməyə imkan verməsin, Bakıya təzyiqini artırsın və o bu vəziyyətdə seçkini “planlaşdırdığı” kimi keçirsin.

Aprel ayı Ermənistan üçün ağır keçəcək. Ermənistan hakimiyyətinin, müxtəlif siyasi dairələrinin və cəmiyyətinin aprel ayı ilə bağlı iki böyük qorxusu var.

Birinci qorxu ondan ibarətdir ki, aprel ayında Azərbaycan ordusu yenidən hücuma keçərək yeni ərazilər azad edəcək və bu zaman Ermənistan ordusunda keçən il olduğu kimi böyük itkilər qeydə alınacaq. Ermənistanın əhalisi onsuz da azalır. Növbəti dəfə yüzlərlə itkini Ermənistan cəmiyyətinin həzm etməsi problematikdir.

İkinci qorxu isə ondan ibarətdir ki, 2 aprel parlament seçkisində Ermənistanda ara qarışacaq. Ermənistanda Sərkisyana qarşı bəzi qrupların hətta silahlı müqavimət göstərməsi də mümkündür. Çünki Ermənistanda seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür. Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdülər, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Misal üçün seçkiqabağı mitinqlərin birində keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açdılarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir.

Sərkisyanın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün digər məqsədi Gümrüdə Rusiya ilə birgə hərbi-sənaye kompleksinin yaradılmasıdır. Putin 2013-cü ildə Ermənistana səfəri zamanı Sərkisyanla birgə Gümrüdəki Rusiyanın hərbi bazasına baş çəkdikdə, orada birgə hərbi sənaye istehsalına başlanacağını vəd etmişdi. Üstündən 4 il keçib, nəticə yoxdur. Azərbaycanın hərbi sənayesi inkişaf edir, hər il yeni silah və texnika istehsal olunur. Ermənistanın isə belə geniş imkanları yoxdur. Ona görə də Sərkisyanın ümidi onadır ki, Putin Ermənistanda hərbi istehsala kömək edəcək. Rusiyanın nə marağı var ki, Ermənistanda hərbi sənaye istehsalına başlasın? Kreml hərbi istehsalı Rusiya ərazisində qurub və satışdan milyardlarla dollar qazanır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir