KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Mirmahmud Mirəlioğlu: Azərbaycan teleməkanı İran casusları ilə doludur

Mirmahmud Mirəlioğlu: Azərbaycan teleməkanı İran casusları ilə doludur

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
392 0

“İranla bağlı hökumətin bir sıra addımları oldu. Avqust ayında XİN İrana nota verdi. Ancaq səhəri gün qonşu və dost ifadələri işləndi. İran nə qonşudur, nə dost. 30 ildir biz bunu deyirdik, indi də sağ olsun, hökumətimiz deyir. Bir azdan isə hamı susacaq”.

Redaktor.az xəbər verir ki, bunu “qafqazinfo”ya müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

Onun sözlərinə görə, İranın casus şəbəkəsinin bu qədər çox olmasının səbəbi Azərbaycan hakimiyyətinin yanlış siyasətidir:

“Bizim keçmiş MTN nazirimiz DİN sistemindən gəlmiş, işini bilməyən, dövlətçilikdən xəbəri olmayan, anti-Azərbaycan mövqeyində olan bir adam idi. O, təhlükəsizlik orqanını darmadağın etdi. İranın casus şəbəkəsi niyə bu münbit şəraitdən istifadə etməsin?! Bu şəbəkə məktəblərimizə, dinimizə, siyasətimizə də sızdı. Azərbaycanda elə siyasətçilər var ki, bütövlükdən danışanda adamın dəngəsi pozulur, özünü itirir. Bu şəbəkə o qədər güclənib ki, indi hakimiyyət bunun çarəsini axtarır. Azərbaycan teleməkanı İran casusları ilə doludur. Mən bunu bütün məsuliyyətimlə ilk dəfədir sizə deyirəm. Mədəniyyət kanalında da, Yazıçılar Birliyində də bu şəbəkənin adamları var. Şəbəkəni məhv etmək üçün tarixi öyrənmək lazımdır”.

Partiya sədri bildirib ki, hər şeyə hazır olmaq lazımdır, təxribatlar da ola bilər:

“Amma millətini, dövlətini düşünən təbii ki, bunu etməz. Bunun qarşısını almaq üçün hər birimiz əsgər olmalıyıq. Siyasi sayıqlıq da lazımdır. Beyni yuyulmuş insanlar da var. Bunun qarşısını ala bilərik, bu istəyi də Azərbaycan hakimiyyəti ifadə edib”.

M.Mirəlioğlu İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnecat ölkəmizdəki fəaliyyəti barədə sualı da cavablandırıb.

“Ocaqnecat Azərbaycana gəldi. Onun fəaliyyəti zamanı dəfələrlə hakimiyyətin qarşısında konkret faktlarla məsələ qaldırmışıq. Bu adamlar “Xomeyni İmdad Xeyriyyə cəmiyyəti” adı ilə bir çox şeylər etdilər. Şəhid ailələrinin övladlarına toy etdilər. Ocaqnecatın rəhbərliyi ilə şəhid qızlarını gəlin köçürdülər. Casus şəbəkəsi insanların qəlbinə bu cür sızdı, qazi ailələrinə, şəhid ailələrinə dəstək verdilər. Ona görə dedim ki, bu ailələrə dövlət sahib durmalıdır. Cehizlərin verilməsi kampaniyasını dövlətin televiziyası olan AzTV reklam etdi. Bu yolla şəbəkə genişlənməyə başladı.

Ocaqnecat bura gələndə kiçik zabit idi, yəqin buradan gedəndə də general idi. Onun və onun kimilərin əlini öpən dindarlarımız var idi. Bunların hamısı bu hökumətin gözünün qabağında baş verib. Dövlət strukturları aldığı maaşa, oturduğu yerə görə cavab verməlidir. Onu Şuşaya apardılar. Arxasında namaz qıldılar. Biz etiraz etdik, daha sonra tez şəkilləri saytdan yığışdırdılar. Bütün bunların hamısı Azərbaycan hökumətinin gözünün qabağında baş vermir? Hüquq- mühafizə orqanları bu məsələni araşdırıb vətəndaşa məlumat verməlidir, vətəndaş da arxayın olmalıdır ki, onun dedikləri yerinə yetirildi, yaxud təhlükəsizliyimiz artıq təmin olunub. Bunlar bir dəfə papaq etsələr, minlərlə adamı küçələrə çıxararlar. Bunun qarşısı vaxtında alınmalı idi”, – deyə KXCP sədri bildirib.

Mirmahmud Mirəlioğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir