KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Miqrantların Ermənistana pul göndərişləri azalır

Miqrantların Ermənistana pul göndərişləri azalır

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
365 0

Xaricdə, əsasən də Rusiyada işləyən ermənilərdən ölkəyə gələn çoxmilyonluq pul göndərişlərinin həcmi bu il də ciddi şəkildə azalmaqdadır. Bu da Ermənistanın istisadi artımını geriyə çəkir. AzadlıqRadiosunun erməni xidməti belə yazır.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-sentyabr ayı ərzində transfertlərin həcmi 1,1 milyard dollar təşkil edib. Bu da keçən ilin uyğun dövrü ilə müqayisədə təxminən 11 faiz azdır. Bu cür aşağı göstərici hətta 2009-cu il böhranında belə qeydə alınmamışdı.

Azalma tempi keçən il daha kəskin idi. Daxil olan pulların həcmi 2,12 milyarddan 1.63 milyarda düşmüşdü.

Həmin proses Rusiyadakı iqtisadi tənəzzülün fonunda baş vermişdi. Bura Ermənistandan ötrü maliyyə qaynağı baxımından həyat əhəmiyyətli ölkədir.

Bu ilin ilk 9 ayı ərzində yenə pul göndərişlərinin 60 faizi Rusiyanın payına düşür. Rəsmi statistikaya görə, elə həmin dövrdə ölkədə pərakəndə satışın 3,4 faiz azalması da bu amillə izah olunmalıdır.

​Rusiyaya ixrac artır

Bununla yanaşı, Milli Statistika Xidməti Ermənistanda ixracın ümumi həcminin 2016-cı ilin yanvar-sentyabrında 20 faiz artaraq 1,3 mlrd. dollar olduğunu qeydə alıb. Rusiyaya ixrac isə 55 faiz artaraq 260 milyon dollara çatıb.

Bu il Ermənistan iqtisadiyyatında 2-3 faiz arasında artım planlaşdırılır. Maliyyə naziri Vartan Aramian keçən ay etiraf edib ki, Ermənistan kimi ölkədə insanların həyat səviyyəsinə təsir göstərmək üçün bu çox cüzi artımdır.

Hökumət 2017-ci ildə 3,2 faiz artım olacağına ümid edir. Baş nazir Karen Karapetian əlverişsiz xarici iqtisadi mühitin və gələn il keçiriləcək parlament seçkilərinin “iqtisadi passivliyi” təhlükə altına saldığını deyir. “Biz bu hədəfin qarantiya altına alınmasından ötrü hər şeyi edirik”, – o, parlamentdə çıxışında deyib.

Müxalifətin proqnozu daha bədbindir

Amma iqtisadçı və müxalifyönlü, Ermənistan Milli Konqresinin rəhbərlərindən Vahagn Khachatrian pul göndərişlərinin azalmasını əsas gətirərək hökumətin qarşıya qoyduğu artım planını şübhə altına alır. Onun sözlərinə görə, transfertlər Ermənistan üçün bir nömrəli xarici valyuta mənbəyidir. Bu cür azalma ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir edəcək.

İqtisadçı belə izah edir:

“Ötən illərdə iqtisadi inkişafın bütün məntiqi transfertlərə əsaslanmışdı. Yəni iqtisadi siyasətin mənası bunlar idi: bizim transfertlər var, onlar əsasən Rusiyadan gəlir və transfertlər əsasında da burada insanlar onlara lazım olan həyati əhəmiyyətli mal alır və xidmətlərdən yararlanırlar. Bunun əsasında da iqtisadiyyatın lokomotivi məhz transfertlər oldu”.

Khachatrian həm də Rusiyada iqtisadi vəziyyət, Ermənistanın əsas ixracı olan əlvan metalların dünya qiymətləri barədə bədbin proqnozlar verib.

Ölkədən pul axını artıb

Məsələ bununla bitmir. Mərkəzi Bankın məlumatlarına görə, transfertlərin azalmasıyla yanaşı, pulun ölkədən çıxarılması da artıb. 2016-cı ilin 9 ayında fiziki şəxslər ölkədən 565 milyon dollar çıxarıb. Vahagn Khachatrian əmindir ki, vətəndaşlar hökumətin növbəti vədlərinə inanmır və planlarını Ermənistan iqtisadiyyatına bağlamırlar.

“Perspektiv görmürlər. Onlarda olan əmanətlər bank sisteminə getmir, yatırım olmur və iqtisadiyyatda aktiv kapital rolunda çıxış etmirlər”, – iqtisadçı belə deyir.

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiyada gələn il yenidən iqtisadi artım olacağını bildirir. Qurum Rusiyada 1 faiz, Ermənistanda 3,4 faiz iqtisadi artım proqnozlaşdırır.

2015-ci ildə Rusiya iqtisadiyyatında 3,7 faiz eniş oldu. Bu, neftin ucuzlaşması və Rusiyanın beynəlxalq maliyyə bazarlarına çıxışına məhdudiyyətlər qoyan beynəlxalq sanksiyalar ucbatından baş verdi. BVF bu il Rusiyada iqtisadi tənəzzülün 1 faizə düşəcəyini proqnozlaşdırır.
http://www.azadliq.org/a/ermenistan-9-ay-xaricdengelen-pul-azalib/28112873.html

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir