KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. MİLLİ BIRLİK VƏ DÖVLƏT AĞLI

MİLLİ BIRLİK VƏ DÖVLƏT AĞLI

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
298 0
milli hareketciler

Milli Hərəkatçılar Birliyinin Bəyanatı MİLLİ BIRLİK VƏ DÖVLƏT AĞLI
Son üç ayda Azərbaycan tarixi baxımından çox önəmli bir dövr yaşandı. Dövlətimizin ilkəli (prinsipial) mövqeyi və ordumuzun qəhrəmanlığı torpaqlarımızın bir qismini düşmən işğalından qurtardı. Təxminən 44 gün boyunca şiddətli döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar və operativ-taktiki uğurlar bütün dünyanın diqqətini ordumuza və dövlətimizə yönəltdi.
Savaş boyunca xalqımız, onun müxtəlif zümrə və qrupları bütün həyati məsələləri bir yana qoyaraq, tarixdə çox nadir görünən bir milli birlik örnəyi göstərdi. Vətən torpaqlarının qurtuluşu uğrunda aparılan bu qutlu savaşda həqiqi milli birlik binasının təməlləri qoyuldu. İstər dövlət yönəticiləri, istərsə də toplum bir çox dəyərli mesajlar verdi və anlamlı addımlar atıldı. Dövlət rəhbərliyinin verdiyi və prezidentin müxtəlif müsahibələrində səsləndirdiyi milli birlik mesajları, dövlətçliyimizin milli kodlarını yaşadan, Cavad xan əmanəti qədim Gəncəni düşmənin bombaladığı gün yayımlanan anlamlı açıqlama, xalqımızın 17 Noyabr Milli Dirçəliş Gününün uzun illərdən sonra ilk dəfə təbrik edilməsi, işğaldan azad edilən rayonlarda prezident və vitse- prezidentin verdiyi görüntülər milli birlik baxımından ciddi önəm daşıyırdı.
Müxalifət təşkilatları, mətbuat orqanları və ictimai qurumlar qarşılıqlı ittiham və iqtidar əleyhdarlığını bir yana buraxaraq birlik və həmrəylik üçün əllərindən gələni etdilər. Nəticədə, elə bir birlik atmosferi və birlik təməli yarandı ki, bunun uzun müddət sürəcəyi, hətta daimi ola biləcəyi təsəvvürü formalaşdı. Əslində olması gərəkən də elə bu idi.
Ancaq hərbi əməliyyatların yarımçıq durdurulması və Rus hərbçilərinin Azərbaycan torpaqlarına girməsinə dair üçtərəfli bəyanatın imzalanması öncə şübhələrə, sonra da cəmiyyətdə bölünmələrə səbəb oldu. Bəyanatın imzalanmasından məmnun olanlar da, olmayanlar da, əslində belə bir şeyi gözləmirdilər. Cəmiyyətin məmnun olan kəsimləri bu bəyanatı təmtəraqla, hətta tam bir qələbə kimi qeyd etməyə başladılar, bəziləri hələ də buna davam edir. Halbuki əsl qələbəni Azərbaycan Ordusu savaş meydanında qazanmışdır.
Sazişə şübhəylə baxanlar isə, təbii ki, Rusiyaya olan güvənsizliyə görə durumdan məmnun deyillər. Ancaq ilk günlərdə çox adam yenə də gözləmə movqeyni seçdi, dövlət rəhbərliyini sıxışdırmamaq, ona şans vermək yolunu tutdu. Onlar bəzi qaranlıq məqamların aydınlaşacağını, Azərbaycan rəhbərliyinin, savaş günlərində olduğu kimi, Türkiyə ilə yaxın əməkdaşlıq edəcəyini, Rusiyanın da anlaşma çərçivəsində korrekt davranacağını düşündülər. Özəlliklə də, Türkiyə hərbi birliklərinin sürətlə bölgəyə gətiriləcəyinə, beləliklə, Rusiya hərbçilərinə qarşı bir tarazlıq yaradılacağına inandılar.
Lakin son bir neçə gündə bu sahədə gözləntilərin gerçəkləşmədiyi müşahidə edilir. Əslində, bu, ayrıca müzakirə edilməsi gərəkən bir məsələdir və yaxın günlərdə MHB olaraq ona münasibət bildirəcəyik. Burada toxunmaq istədiymiz isə konkret milli birlik məsələsidir. Təəssüf ki, bu sahədə ciddi narahatlıq doğuran hərəkətlər edilir, pozuculuq yönündə açıqlamalar verilir. Xüsusilə, iqtidarın əsassız və ziddiyyətli bəyanları son günlərdə tez-tez təkrar edilir.
Bəzi qurumlar və şəxslər Rusiyanın 27 il sonra yenidən Azərbaycan gəlməsindən ilham alaraq, milli birlik prosesini baltalamağa başlamışdır. İqtidar çevrələrindən bəzi qurumlar və

ictimai xadimlər milli dəyərlərə açıqca hörmətsizlik edir, özəlliklə, Türk dünyası ilə aramızı pozmaq yönündə məqsədyönlü çalışırlar. Qardaş Türkiyə əleyhinə bəyanlar, Türkiyəyə sayğısızlıq həddindən artıq çoxalmışdır. Bu baxımdan, ölkəni ve prezidenti təmsil edən bəzi səfirlərin, deputatların, icra hakimiyyəti başçılarının bəyanatları və hərəkətləri milli mənafeyimizə zidd olub cinayət xarakteri daşıyır. Özəlliklə, son günlərdə bir Milli Məclis üzvünün 27 il əvvəlki hadisələri kontekstindən çıxararaq nə öncəsini, nə də sonrasını təhlil etmədən yalan deməsi, iftira atması, milli birliyə qəsdən zərər verməsi cəzalandırılması lazım gələn hərəkətlərdir. Bərdədə Azərbaycan və Türkiyə bayraqlarına qarşı edilən hörmətsizlik, qardaş Türkiyə prezidentinin şəkillərinin cırılması kimi çirkin hadisələr milli birliyimizə də, Azərbaycan-Türkiyə qardaşlığına da xələl gətirir. Bunu edənlərin təcili surətdə tapılıb cəzalandırılması gərəkdir.
Azərbaycan prezidentinin xalqa son müraciətində də bu baxımdan uğursuz ifadələr var. Prezident özünün son bir neçə ildəki çıxışlarında dediyi kimi, xalqın qanını soran, vətənə və millətə hədsiz-hesabsız zərər vuran və buna görə də, işdən çıxarılan, həbs edilən icra başçıları və başqa vəzifəli şəxslər sanki yoxmuş kimi, 27-28 il əvvəlin rəhbər işçilərini qohumbazlıq və rüşvətxorluqla suçladı, o dövrdə milli güclərin dövlət çevrilişi etdiyini dedi. Əlbəttə, bu ittihamları heç kim ciddi qəbul etmir və inanmır. Çünki Azərbaycan Xalq Cəbhəsinin və Ə. Elçibəyin iqtidara necə gəldiyini və ölkəni hansı prinsiplərlə idarə edtiyini xalq yaxşı bilir, bu barədə ölkədə və xaricdə yüzlərlə məqalə və kitab yazılmışdır. Maraqlı burasıdır ki, o dövr hadisələrinin şahidi olan yaşlı nəsillə bərabər, gənclər də bunu çox yaxşı bilir və sosial medyada hər gün milyon dəfələrlə paylaşırlar. Hətta Heydər Əliyev başda olmaqla iqtidarın keçmiş və indiki təmsilçilərinin də bu barədə çox müsbət və qəti fikirləri dəfələrlə yayımlanmışdır.
Ölkə prezidenti bu mövzuları kimin məsləhəti və ya kimin təhrikiylə yenidən gündəmə gətirirsə-gətirsin, bu davranış dövlətçi bir davranış deyil, tərsinə, dövlət ağlına ziddir. Bu cür yanaşmalar xalqımızın birliyinə zərbə vurur. Ola bilsin ki, beşinci kolon nümayəndələri, Azərbaycan bağımsızlığının açıq və gizli düşmənləri Rusya qoşunlarının yenidən Azərbaycanda peyda olmasından cəsarətlənir, ölkəmizi haqq yolundan döndərə biləcəklərini, onu yenidən yad dövlətlərin quyruğuna bağlayacaqlarını, əvvəlki kimi maddi və mənəvi cəhətdən istismar edə biləcəklərini düşünürlər. Əgər belədirsə, çox yanılırlar, çünkü torpağını qanı bahasına qurtarmağı bacaran bir xalqı yenidən boyunduruq altına almaq, əsarətdə tutmaq asan deyildir və bundan sonra mümkün olmayacaqdır.
Biz MHB olaraq, cəmiyyətimizin bütün fərdlərini, bütün ictimai xadimləri, özəlliklə də iqtidar təmsilçilərini şəxsi emosiyalar və məsuliyyətsiz insanların tövsiyələri ilə deyil, dövlət ağlı ilə davranmağa, milli birlik və bərabərlik hədəflərini əsas almağa, bu yöndə çalışmağa səsləyirik. Millətimizə və dövlətimizə uğurlar diləyirik!
Saygılarımızla,
Milli Hərəkatçılar Birliyi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir