KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mehriban Vezir: Bu günkü Putin və “Türkmənçay Müqaviləsi”…

Mehriban Vezir: Bu günkü Putin və “Türkmənçay Müqaviləsi”…

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
349 0

Putin protokol tanımır, diplomatiyada rus ədəbsizliyini davam etdirir və bunu dünyaya göstərir, yəni “mən beləyəm” deyib meydan oxuyur…
Bu günlərdə Fransa prezidenti Makrona qarşı da ədəbsizlik etdi. Deyəcəksiniz, Makrona yaxşı etdi? Lakin söhbət protokoldan, siyasi ədəbdən gedir, hakimiyyətdə olanın şəxsi kültüründən, eyni zamanda komplekslərindən gedir.
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğanı da qapı dalında iki dəqiqə gözlətmiş və çəkdirib dünyaya yaymışdı. Diplomatiya təcrübəsində başqa bir ölkənin prezidentini qapı dalında saxlayıb videosunu yaymaq bəlkə də bir ilk idi ki… bu ilk də Putinin adına bağlıdı, adam gerçəkdən problemlidir…
Bir də oyuncağa çevirdiyi bir ağ masası var, masanı mesaj aləti edib, gah uzadır, gah gödəldir, istədiyini istədiyi güncə qoyur…
Amma sözüm onda deyil, sözüm diplomatik etiketdə və bunun nəticələrindədir… axı bu gün “Türkmənçay Müqaviləsi”nin növbəti kədərli ildönümüdür…
Sözüm rus elçisi və çarın xüsusi naziri Qriboyedovun 194 il əvvəl atın qurğuna bağlanıb Tehran küçələrində sürülməsində, parça-tikə edilməsindədir. Çünkü bu gün “Türkmənçay Müqaviləsi”nin – ən böyük tarixi bəlamızın 194-cü ilidir.
Nanəcib adamın əlinə hakimiyyət düşərsə… dünyanın işi zor olar… idarəetmədə kübarlıq, ağayanalıq, adamlıq sıfırın altına düşər… çünkü nanəcib şöhrətpərəsdir, fürsətcildir, “mənəm-mənəm” deyəndir, basdığını kəsəndir…
194 il öncə – 1828-ci ildə İran Türk dövləti – Qacar səltənəti Rusiyaya uduzdu. Rus qoşunu Təbrizi basdı. Və “basaram, alaram” deyə Tehranı hədələyib böyük, amma hədsiz böyük və insafsız bac istədi. Rusiya Qafqazın işğalında itirdiyi bütün xərci İrandan istədi və aldı. Danışıqları aparan Qriboyedov ayağını qatır kimi dirəyib bir addım da geri durmadı, fürsət vermədi, basdığını kəsdi…
Əlində özünün yazdığı bildiyiniz “Türmənçay Müqaviləsi” vardı. Bu müqavilə yarı Tiflisdə, yarıTəbriz yaxınlığındakı Türkmənçay kəndində hazırlanmışdı. İki müəllifindən biri, həm də diplomatik prosesin tək rəhbəri məlum Qriboyedov idi.
Qriboyedovun şəxsi qvardiyası erməni və gürcülərdən ibarət idi, Tiflisdən seçib yığmışdı, özü də qatı bir türk düşməni idi. Əski dekabrist olan bu adam yüksək təhsil, təlim almış, fransız və fars dillərini bilir, Şərq ədəbiyyatını sevir, Nizami Gəncəvi heyranı idi. İndiyə qədər səhnələrdən düşməyən “Ağıdan Bəla” pyesinin müəllifidir. Bir sözlə istedadlı idi, bilikli idi, yaraşıqlı idi, hünərli idi, amma adam deyildi…
İçi niftər dolu, azğın, pozğun və şöhrətpərəst idi…
Qacar səltənəntinin o ağır günlərində Qriboyedov rus çarının səlahiyyətli naziri olaraq bir neçə dəfə Fətəli şahla görüşmüş və hər dəfə şahın hüzurunda tərbiyəsizliklər etmişdi. Dövrün protokoluna görə ayaqüstdə durmalıykən xidmətçiləri saraya kreslo daşımış və bu səfir yayxanıb, ayağını ayağının üstünə aşırıb şahın hüzurunda oturmuşdu. Rus mənbələri yazır ki, Qriboyedov Fətəli şahla xərac müzakirəsində şahın gözünün içinə “sən məğlubsan, mən qalib” demiş, əsəbləşib hətta yerə tüpürmüşdü.
Belədə deyərlər: görməmişin əlinə fürsət düşdü…
Əlbəttə, bəlli ki, İran şahı məğlub idi, amma bunu həyasızca söyləmək, məncə, Qriboyedovun kompleksi, psixoloji problemi qisminə girir, görünür bu adam gerçəkdən adamlıqdan çıxmış biri idi…
Qayıdaq “Türkməmçay Müqaviləsi”nə… aktı hazırlayan Qriboyedov Qacarlar səltənəntindən elə bir xərac istədi ki, İranın bütün saray xanımları öz zinət əşyalarını verməli olmuşlar. Eləcə də İran əyanları, əşrəfləri, tüccarları, baqqalları, əsnafları, mal-mülk sahibləri arvadlarının, qızlarının boyun-boğazını söküb dövlətin borcuna verdilər. Xəzinədə olan ləl-cəvahirat, qızıl yetərsiz olduğundan əhalinin xalı-xalqçaları, gümüş qabları, ipək-xəzləri belə borc yükünə calandı.
(O talan günlərindən bu günə İran türkünün yaddaşında: “Vay, vay, Türkmənçay” deyə insafsızlığı ərz edən bir deyim qalmışdır)
VAY, VAY, TÜRKMƏNÇAY…
Bu qədərin haqsızlıq olduğunu bildirəndə isə Qriboyedov Tehranı almaqla hədələdi, xəracın verilməsi üçün məğlub tərəfə möhlət vermədi. Hətta rus çarı xərac miqdarının bu həddə tələb edilməsinə və ödəniş üçün müddət verilməməsinə heyrət etmişdi… Lakin bu heyrət gecikmişdi, Tehrandan Peterburqa ayyarıma çatan xəbər zaman aşamasına uğramışdı…
Qriboyedov 194 il əvvəlin bu günlərində Təbrizdə, Tehranda heç kəsi, taxt-tacın vəliəhdi Abbas Mirzəni, hətta Fətəli şahı belə saymırdı. Ətrafındakı erməni-gürcü kazaklarla at oynadırdı, soldatları Tehran küçələrində harın-harın dolaşır, böyük-kiçik bilmir, dükan-bazar ədəbini heçə sayırdılar…
Xalq isə altdan-altdan seyr edir və səbr edirdi…
Və nəyahət… olan oldu… son bəhanələri sadalamayım… uzun söhbətdi…
Tehran camaatı “Türkmənçay Müqaviləsi”nin insafsızlığından, şaha sayqısızlıqdan, kafirin dükan-bazardakı azğınlığından təngə gəlmişdi… bir qığılcımla da səbr kasası daşdı, əhali bir göz qırpımında rus iqamətgahını yerlə yeksan etdi… o qətliamdan bircə nəfər – palaza bürünüb gizlənmiş bir yavər – tək şahid sağ çıxmışdı. Özündən müştəbeh, harada olduğunu, nə etdiyini dərk etməyən Qriboyedovu atın quyruğuna bağladılar…
“Türkmənçay Müqaviləsi”nin müsibətləri isə 194 ildir davam etməkdədir… “ayrılsın ayrı düşsün bizə ayrılıq salan…”
Diplomatiyada ədəbsizlik hakimiyyətdə olanların əskiklik kompleksləridir, nanəcibliyidir. Masanı uzadıb gözəldərlər, müsahiblərini uşaq kimi küncə qoyarlar, qapı dalında saxlayıb dünyaya göstərərlər… və bu yolla öz “böyüklük”lərini sübut etmək istərlər… eləcə də öz rəftarları ilə adam olmadıqlarını tarixə yazmış olarlar…
Dünyanın isə arşını uzundur… o arşın bəzən atın quyruğuna da bağlana bilir…
Mehriban Vezir

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir