KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Mehmet Yüce: Qarabağı türk dünyasının təhsil vadisinə çevirməliyik

Mehmet Yüce: Qarabağı türk dünyasının təhsil vadisinə çevirməliyik

Kafkassam Editör Kafkassam Editör - - 10 dk okuma süresi
409 0

Hər keçən gün qardaşlıq əlaqələri daha da güclənən Türkiyə-Azərbaycan əməkdaşlığı bütün dünya üçün bir nümunə təşkil edir. Əsrlər boyu ən ağır sınaqlardan çıxmış bu əlaqələr hazırda yeni dönəmə daxil olub. Heç şübhəsiz ki, iki qardaş xalq arasındakı əlaqələrin daha da güclənməsi həm də təhsil sahəsində əməkdaşlığın sıx olmasından keçir. Lakin bu bir həqiqətdir ki, COVID-19 səbəbilə bir sıra sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən problemlər yaranıb. Bu özünü ali təhsil sahəsində də göstərir. Beləliklə, bayraqdar.info olaraq bu istiqamətdə başladığımız müzakirələri davam etdiririk. Növbəti həmsöhbətimiz isə UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof.Dr.Mehmet Yüce oldu.

Məlumat üçün bildirək ki, Prof.Dr.Mehmet Yüce 1973-cü ildə Türkiyənin Ağrı şəhərində anadan olub. 1987-1991-ci illərdə Bursanın Uludağ Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili, sonra isə Uludağ Universiteti Sosial Elmlər İnstitutunda, eyni ixtisası üzrə magistratura təhsili alıb. Məzun olduqdan sonra, 1994-cü ildə həmin universitetdə müəllim kimi əmək faaliyyətinə başlayıb. 1998-ci ildə doktorluq akademik dərəcəsi alıb.

2001-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfi, Qırgızıstan İqtisad və Girişimcilik Universitetinin Türk Dünyası İşlətmə Fakültəsində çalışıb. Qırgızıstanda göstərdiyi xidmətlərə görə, Qırğızıstan dövləti tərəfindən bir çox mükafatlara layiq görülüb. 2005-ci ildə dosent adını alıb.

Prof.Dr.Mehmet Yüce 2006-cı ildən fəaliyyətini Türkiyədə davam etdirib. 2008-ci ildə Uludağ Universitetinin Maliyyə hüququ kafedrasına müdir vəzifəsinə təyin olunub. 2010-cu ildə professor adını alıb. Uludağ Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin dekanı, Hüquq fakultəsinin dekanı və Uludağ Universitetinin prorektoru vəzifələrində çalışıb. Vergi hüququ sahəsində nəşr olunan bir çox kitab və məqalənin müəllifidir. 2021-ci il sentyabrın 9-da UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Beləliklə, ilk olaraq “Bakıda Türkiyə universitetlərinin ümumi mərkəzləşdirilmiş imtahanının keçirilməsi mümkündürmü” sualını cavablandıran M.Yüce deyib ki, bu məsələdə hər iki tərəf üçün vacib olan addım vahid imtahan mərkəzinin yaradılmasıdır: “Yəni, istər Azərbaycanda ali təhsil almaq istəyən türkiyəli gənclər, istərsə də Türkiyədə oxumaq istəyən azərbaycanlı gənclər hər iki ölkənin birlikdə formalaşdıracağı vahid imtahan mərkəzinə müraciət edib, imtahan verə bilərlər. Özü də bu mərkəz təkcə imtahan götürməklə işini bitirmiş hesab etməməlidir. Düşünürəm ki, həmin mərkəz eyni zamanda imtahan nəticəsinə uyğun olaraq gənclərin universitetlərə yerləşdirilməsini də həyata keçirməlidir. Yəni hər iki məsələdə şəxsi təşəbbüslər, yaxud da universitetlərin təkbaşına qərar vermək səlahiyyəti alınmalı, bütün məsələlər qurulacaq vahid imtahan mərkəzi tərəfindən öz həllini tapmalıdır. Düşünürəm ki, bu, təhsilin səviyyəsinin artması, gənclərin daha bilikli yetişməsi işinə də dəstək vermiş olar. Ləyaqət və bacarıq ali təhsilin keyfiyyəti üçün əvəzolunmaz bir ünsürdür. Buna görə də bir daha deyirəm, gənclərimizin bilik və bacarıqları nəzərə alınaraq universitetlərə yerləşdirilməsi həyata keçirilməlidir”.

M.Yüce onu da deyib ki, bundan başqa universitetlər təhsil qədər mədəniyyətin təbliği baxımından da mühüm rol oynayırlar: “Buna görə də gəncləri universitetlərə göndərəndə həmin ali təhsil müəssisələrinin fəaliyyət göstərdikləri şəhərlər də diqqətə alınmalıdır”.

Professor bu istiqamətdə digər bir vacib məsələni də bayraqdar.info vasitəsilə müvafiq qurumların diqqətinə çatdırmaq istədiyini deyib: “Bu gün eyni zamanda Azərbaycanın ali təhsil müəssisələrində oxuyan türkiyəli gənclərin sayının artırılması çox önəmlidir. Çünki Azərbaycana təhsil almaq üçün gələn Türkiyə türkü gənçlər, bir millət iki dövlət olan Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrini gələcək nəsillərə ötürəcək körpü rolunu oynayacaqlar. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Türkiyədəki gənclərin çoxu Azərbaycanın elmi, mədəniyyəti haqqında yetərli bilgilərə sahib deyillər. Buna görə də Azərbaycana təhsil almağa gələn türkiyəli gənclərin sayının artırılması vacibdir. Lakin bu məsələdə hər iki ölkənin üzərinə bir sıra vəzifələr düşür. Əvvəla ilk olaraq Türkiyə dövləti gənclərin Azərbaycanda oxuması üçün təbliğat aparmalı, onlara burs da daxil, bir sıra güzəştlər tətbiq etməlidir. Azərbaycan dövləti isə Türkiyədən gələcək gənclər üçün təhsil xərcinin azaldılması da daxil, universitetlər tərəfindən həmin gənclərə müəyyən güzəştlərin edilməsinə nail olmalıdır. Məsələn Bakı şəhərində kirayə haqları çox bahadır. Türkiyədə normal bir ailə bu kirayə haqqını ödəyəcək gücdə deyil. Buna görə də Türkiyədən gələcək tələbələrə yataqxana imkanları yaradılmalıdır. Digər bir məsələ hər iki ölkənin ali təhsil dərsliklərinin yaxınlaşdırılmasının vacibliyidir. Bunun üçün unuversitetlərarası əməkdaşlıq güclənməlidir. Məsələn ikili diplom tətbiqi müsbət nəticə verə bilər”.

Azərbaycanda Türkiyənin bir universitetinin filialının açılması, yaxud da iki qardaş ölkənin ortaq universitetinin yaradılması ilə bağlı suala gəlincə müsahibimiz aşağıdakıları bildirib: “Bir millət iki dövlət olan Türkiyə və Azərbaycan o qədər bir-birilə bütünləşib ki, Azərbaycanın universitetləri eynı zamanda Türkiyə, Türkiyənin universitetləri eyni zamanda Azərbaycan universitetləri sayılır. Buna görə də ayrı bir universitetin qurulmasına ehtiyac duyulmayıb. Əslində mənim təklifim budur ki, iki dövlət arasında imzalanacaq bir razılaşma ilə bu iki qardaş ölkənin universitetləri arasında akademik, yəni, professor-müəllim heyətinin qarşlıqlı mübadiləsi təşviq edilməlidir. Bunun üçün davamlı addımlar atılmalıdır. Bu məqsədlə universitetlərdə qardaş ölkənin professor-müəllim heyəti üçün kvota ayrılmalı və həmin heyət üçün işləmə icazəsi və s. kimi bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu, universitetlər arasında inteqrasiyanın dərinləməsinə təkan verəcək. Bununla da hər hansı ayrı bir universitetin qurulmasına ehtiyac qalmayacaq”.

“Eyni zamanda Qırğızıstandakı Manas Universiteti və Qazaxıstandakı Hoca Ahmet Yesevi Universitetində olduğu kimi Türkiyə və Azərbaycanın birilikdə təsisçiliyi ilə xüsusilə fəlsəfə, tarix və ədəbiyyat elmləri sahəsində akademik araşdırmaların intensiv olacağı “Beynəlxalq Nizami Gəncəvi Universiteti” nin qurulması türk mədəniyyətinə xidmət edə bilər. İctimai elmlər sahəsində köklü bir irsə malik olan bu coğrafiyada yetişəcək akademiklər ictimai elmlərə çoxlu töhfələr verə biləcəklər”, – deyə müsahibimiz əlavə edib.

M.Yüce onu da deyib ki, Qarabağı türk dünyasının təhsil vadisinə çevirməliyik: “Əslində, Qarabağı türk dünyasının təhsil vadisi etmək çərçivəsində başda Azərbaycan və Türkiyə olmaqla digər türk cümhuriyyətlərinin iştirakı ilə orada Türk Dünyası Universiteti adlanan yüksək təchizatlı bir texniki universitetin yaradılması müsbət nəticələr verə bilər. Yəni, bu, həm sözügedən ölkələr arasındakı dostluğun möhkəmlənməsinə, həm də Qarabağın təhsil kampusuna çevrilməsinə xidmət edəcək. Beləliklə, tarixdə qədim türk mədəniyyətinə töhfə verən elm və mədəniyyət coğrafiyası yenidən tarixi funksiyasına qovuşmuş olacaq. Bu eyni zamanda regional sülhə töhfə verəcək. Bu universitetin hər bir türk cümhuriyyətində bir fakültəsinin yaradılması faydalı olardı. Məsələn, Qazaxıstanda “Kosmos və Aviasiya Fakültəsi”, Qırğızıstanda “Əkinçilik və Heyvandarlıq Fakültəsi”, Türkmənistanda “Mədənçilik Fakültəsi”, Özbəkistanda “Maşınqayırma Fakültəsi” və Türkiyədə “Müdafiə Sənayesi Fakültəsi” qurula bilər”.
Nihat Göytürk

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir