Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın ilk günlərində demişdi ki, Rusiyanın 2019-cu ildə ən böyük uğursuzluğu ümumi daxili məhsulun cüzi artımı idi: “Rusiyanın imkanları böyükdür, ona görə də növbəti illərdə artım tempinə nail olmalıyıq”. Onun bu açıqlamasını REAL TV-nin yanvarın 4-də yayımlanan “Atlas” proqramının “Sitatlar” rubrikasında səsləndirmiş və Peskovun haqlı olmasına belə bir şərh vermişdim ki, Rusiya İqtisadiyyat Nazirliyinin hesabatına görə Rusiyanın 2019-cu ildə ümumi daxili məhsulu cəmi 1.3 faiz artıb. Sonuncu cümləm beləydi: “Əslində Peskovun açıqlaması baş nazir Dmtiri Medvedevə mesajdır ki, prezident Vladimir Putin Nazirlər Kabinetinin fəaliyyətindən narazıdır”.
Medvedev Putinin gənclik dostudur. Ancaq rusların məşhur atalar sözlərində deyildiyi kimi, dostluq ayrı, iş ayrı. Putinin prezidentlik müddətinin bitməsinə 4 il qalıb. Putin hakimiyyətdə olduğu illərdə Rusiyanın dağılmasının qarşısını aldı, Çeçenistanı ram etdi, ölkədə siyasi sabitlik yaratdı, üstəgəl bölgədə fəallığını artırdı. Ancaq nə etdisə, Rusiyada iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə nail olmadı. Dmitri Medvedev baş nazir kimi zəif fiqur idi. Ona görə də Putin Dmitri Medvedev başda olmaqla hökuməti istefaya göndərdi. Putinin daha çevik baş nazirə ehtiyacı var.
Elhan Şahinoğlu