“Köşki-balabanlar Araza baxar,
Araz suyu hənuz gözlərdən axar”.
El nisgili pis yandırar, pis yaxar,
Qəm var ikən qardaş deyib qaynardıq
“Yoldaş məni qurd apardı”- oynardıq.
Şəhriyar: Məmməd Rahimə birinci cavabından
Kimdir lider? Bığlı şairin və ya saqqallı aktyorun səhnədə dəlilik dərəcəsindəki bağırtılarını xəfif təbəssümlə seyr edərək bunun zövqündən məst olanlarmı?
Yoxsa şəraitdən asılı olmayaraq, həyatın bütün dönəmlərində hər vasitə ilə xalqına humanist düşüncə ümid aşılamağa çalışanlarmı?
Şairə bir ev verib onu özünün nökərinə çevirənlərmi?
Yoxsa ana dilinin tərənnümçüsünü dünyada tanıtmaq üçün bütün imkanlardan istifadə edənlərmi?
Kimdir lider? Şairin missiyasının onu tərifləməkdən ibarət olduğuna inanıb qələm əhlini öz əsarət və qorxu imperiyasının “vintciyi və təkərciyi” yapanlarmı?
Yoxsa şairin yaradıcılıq manifestinin
“Biz bir qatar tutiyi-şirin süxənlərik
Öz nəğməmizlə zinəti-sərvi- çəmənlərik”-
Fəlsəfəsindən ibarət olduğunu qəbul edənlərmi?
Bığlı şairin və ya saqqallı aktyorun ətrafa əxlaqsızlıq saçdığı zəmanəmizdə bu sualları yenidən müzakirə etmək utanc verici olduğu qədər də zəruridir.
Çünki cəmiyyətdəki dinamizmi aradan qaldırıb onu “yel əsməyən, yarpaq titrəməyən bir məkana” (Yaşar Qarayev) çevirən qüvvə öz ilhamını bığlı şairin və ya saqqallı aktyorun məstedici bağırtılarından alır.
Kimdir lider?
1954-cü ilin yayında Ankaraya bir kitab gəlir: Şəhriyarın Təbrizdə təzəcə çapdan çıxan “Heydərbabaya salam” poeması. Azərbaycan Kültür Dərnəyinin 1952-ci ildən çıxmağa başlayan “Azərbaycan” jurnalı poemanın ilk bölümünü sentyabr-oktyabr nömrələrində çap edir.
Müstəqil cümhuriyyətin qurucusu və mühacirətdəki istiqlal mübarizəsinin xəstə və yorğun lideri Məmməd Əmin Rəsulzadə “Heydərbabaya salam” barədə “Ədəbi bir hadisə” adlı məqalə yazaraq jurnalda çap etdirir.
Şəhriyarın Türkiyədə və dünyada diqqəti cəlb etməsinə Rəsulzadənin bu məqaləsi səbəb olur.
50-ci illərin ortalarından başlayaraq Türkiyədə Şəhriyar barədə meydana çıxan tədqiqatların iki önəmli müəllifini görürük:
1) Türkologiya sahəsində Rəşid Rəhməti Aratdan sonra Türkiyənin ikinci professoru olan gəncəli Əhməd Cəfəroğlu:
2) Borçalıda anadan olub ailəsi ilə Türkiyəyə köçən professor Məhərrəm Ergin.
Professor Erginin “Heydərbabaya salam”ı analiz edən 376 səhifəlik “Azəri Türkcəsi” kitabını Cənubi Azərbaycan məsələsi ilə bu və ya digər dərəcədə maraqlanan hər kəsə oxumağı tövsiyyə edirəm.
“Ədəbi bir hadisə” məqaləsi 1991-ci ilin payızında Bakıda çıxan “Yol” qəzetində çap edilib – istəyənlər ordan oxuya bilər.
Ömrünün son aylarında Şəhriyar barədə yazan Rəsulzadə “Ədəbi bir hadisə” adlı məqaləsi ilə “Heydərbabaya salam”ın müəllifini bölünmüş vətənin gələcəkdəki birlik simvoluna çevirdi.
Məmmədhüseyn Şəhriyar
Rəsulzadə bunu ikinci dəfə edirdi – daha əvvəl o, “İran Türkləri” terminini Türkiyənin və dünyanın siyasət müntəxəbatına daxil etmişdi.
Rəsulzadənin yazdığı məqalədən Şəhriyarın xəbəri oldumu?
Bilmirik.
Azərbaycanda Şəhriyarın tanınması 50-ci illərin axırlarından başladı və Qulamhüseyn Bəydili 1966-cı ildə ustadın seçilmiş əsərlərini çap etdirdi.
Bəs Azərbaycanda Rəsulzadənun məqaləsindən xəbədar olan var idimi?
O vaxtın biblioqrafiyaları bu sualı da cavabsız qoyur.
Rəsulzadənin 1951-də Ankarada çıxan “Böyük Azərbaycan şairi Nizami” kitabına akademik Bertels “Nizami” monoqrafiyasında istinad etmişdi.
Azərbaycan Nizamişünasları isə müstəqillik düvrünə qədər o kitabın adını da çəkməmişdilər.
Şəhriyarın əvvəlcə Türkiyədə, sonra Bakıda yaxından tanınmağa başlanması Bakı ilə Təbriz arasındakı ədəbi bağları gücləndirdi.
Ədəbiyyat “quş dili ilə xəbər göndərmə” funksiyasını Şəhriyar fenomeni üzərindən icra etməyə başladı.
Şəhriyarın Bakıya göndərdiyi mənzum məktubların mərkəzindəki adam-Süleyman Rüstəm idi. Bunun özü də simvolik bir hadisə olmaqla birlikdə, eyni zamanda, bu missiya Süleyman Rüstəmin haqqı idi.
Çünki o, 1942-ci ildən Təbrizdə çıxan “Azərbaycan” qəzetinin naşirlərindən biri və “Təbrizim” kimi təsirli bir şeirin müəllifi idi.
Süleyman Rüstəmə 4 mənzum məktub yazan Şəhriyar Şimali Azərbaycana göndəridiyi o biri mənzum məktublarda da Rüstəmi şeirlərinin, belə demək mümkünsə, “əsas qəhrəmanı”na çevirmişdi.
O biri simvollar isə Heydərbaba dağı və Araz çayı idi:
Heydərbaba üz Bakıya çöndərir
Hey gül dərir, bağlır sizə göndərir
Sözlərüvi hey əndərir, döndərir
Sənlə Süleyman Rüstəmi yad edir
Bu şivəylə Şəhriyarı şad edir.
(Məmməd Rahimə birinci cavabından)
Və ya:
Şanlı Rüstəm şeri gəlib çatıbdı
İçki kimi əhvalımı qatıbdı
Sanma təbim bəxtim kimi yatıbdı
İstəmirəm gözləri yaşlandıram
Közmələnən yaranı aşlandıram
Yazıb: ölsəm, nə xalqı zar istərəm
Nə qəbrim üstün gülüzar istərəm
Araz qırağında məzar istərəm
Açıq qoyun, gözüm o yarı görsün
O sazlı-sözlü Şəhriyarı görsün.
(Əbülfəz Hüseyniyə həsr etdiyi “El bülbülü” şeirindən)
Şəhriyarla Süleyman Rüstəm heç vaxt görüşə bilməsələr də, onların arasındakı mənzum məktublaşmaların sətir aralarından çox güclü siyasi mesajlar çıxarmaq mümkündür.
Onlar görüşməsələr də, 1979-dakı İran inqilabından sonra bir müddət Şəhriyardan xəbər ala bilməyən Süleyman Rüstəm ona həyəcanla yazmışdı:”Şəhriyar, haralardasan? Niyə səsin gəlmir? Niyə bir söz demirsən?”
Rəsulzadənin Türkiyədə çap etdiyi “Odlar yurdu” jurnalı
Müraciətdən təsirlənən Şəhriyar Bakıya “Qardaşım Süleyman Rüstəmə cavab” şeiri ilə cavab vermişdi.
Görüşmək arzusunda olanlardan biri də Əlağa Vahid idi:
Vahid bu şeri Təbrizə göndərmək istərəm,
Qismət olaydı bir görüşəm Şəhriyar ilə.
Söz görüşməkdən düşmüşkən, burada çox önəmli bir hadisəni xatırlatmadan keçə bilmərik. Əkrəm Əylislinin ədəbi mətbuatda ləğv etdiyi iki önəmli embarqo vardır ki, bunlar təxminən eyni vaxta düşür:
1) “Azərbaycan” jurnalının baş redaktoru olandan sonra Əylisli professor Rüstəm Əliyevin “Şəhriyarla görüşlərim” adlı məqaləsini çap etdi (1979-cu ilin avqust nömrəsində).
Bir müddət İranda işləyib Firdovsinin “Şahnamə”sinin elmi-tənqidi mətnini hazırlayan Əliyev ölkəyə qayıdarkən həbs edilərək cəza evində yatmışdı.
Professor Əliyevin 1969-da Tehranda “Gərək Şəhriyarı görüb, sonra ölüm” – təkidindən sonra ustad Təbrizdən Tehrana getməyə razı olmuş və görüşlərindən sonra Şəhriyar Rüstəm Əliyevə “Döyünmə və söyünmə” şeirini ithaf etmişdi.
Professor Əliyev Şəhriyarın səsini kasetə yazaraq Bakıya gətirmişdir.
2) Əkrəm Əylislinin mətbuatda yolunu açdığı ikinci adam Əbülfəz Elçibəy idi. Elçibəyin İbn-Sina haqqındakı “Şərqin böyük təbibi” adlı məqaləsini Əylisli baş redaktoru olduğu jurnalın 1979-cu il 12-ci nömrəsində “Ə.Əliyev” imzası ilə çap etmişdi.
O vaxtlar Şəhriyarın Təbrizdə çıxan kitabına azərbaycanlı rəssam Fəxrəddin Məmmədvəliyev illüstrasiyalar çəkmiş, Əbülfəz Elçibəyin kitab barədə yazdığı “Haqqın da bükülməz qolu, dönməz üzü vardır” adlı məqaləsi Əkrəm Əylislinin “Azərbaycan” ında işıq üzü görmüşdü.
Rəsulzadənin “Ədəbi bir hadisə” adlı məqaləsindən Əbülfəz Elçibəyin xəbəri vardımı?
Bunu da bilmirik.
Şəhriyar 18 sentyabr 1988-də vəfat edəndə “Azərbaycan müəllimi” qəzetində “Sanki bir dağ yıxıldı” adlı məqalə çap etdirən Xəlil Rzanın da “Ədəbi bir hadisə” məqaləsindən xəbərdar olub-olmadığını bilmirik.
Ustad üçün Nardaranda bir neçə gün ehsan verən Hacı Mayılın da.
Ancaq ustadın ölümündən 3 il sonra Məmmədəmin Rəsulzadənin ömrünün son aylarında yeni bir tarix yazdığından xəbərdar olduq.
Məqaləni mənə rəhmətlik Əhməd Qaraca vermişdi. Çapa hazırlayandan sonra mərhum professor Şamil Qurbanovda qaldı.
O vaxtlar Şamil müəllim mühacirət ədəbiyyatını tədqiq və təbliğ edirdi…
“Ədəbi bir hadisə” məqaləsində Rəsulzadə “Heydərbabaya salam”ın müəllifini fransız şairi Lafontenlə müqayisə edib.
Mədh etdiyiniz adamlar sizi kimlərlə müqayisə edib, ey bığlı şair, saqqallı aktyor?
Görün, sovet vaxtında “sosializmin tərənnümçüsü” olan Süleyman Rüstəm tarixdə Leninə həsr etdiyi şeirləri ilə qalıb, yoxsa parçalanmış Azərbaycan arasında “quş diliylə mesajlaşmanın simvolu” kimi?