KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Məmməd Talıblı: ŞƏXSİ KİTABXANA KULTU (Bazar günü düşüncəsi)

Məmməd Talıblı: ŞƏXSİ KİTABXANA KULTU (Bazar günü düşüncəsi)

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
482 0

Əziz dostlar, bu gün iqtisadiyyatdan, siyasətdən, fəlsədən yox, mənəviyyatımızdan, iç dünyamızdan yazmaq istədim. Mənəvi dünyamızı qidalandıran və ona güc verən qaynaqlardan söz açmağı düşündüm. Bir az uzun mətn kimi alındı. Amma faydalı olmasına çox ümid etdiyim üçün ixtisar etmədən tam mətni sizlərlə bölüşürəm. Düşünə biləcəyiniz ilk sual bu olacaqdı: görən şəxsi kitabxananın vacibliyini qeyd edən Məmməd bəyin özünün də kiçicik bir kitabxanası varmı? Foto paylaşmağı sevmirəm. Amma bu dəfə yazının mətni ilə sinxronluq olsun deyə, sevmədiyimi də etməyə məcbur oldum. Oxuyun və birgə düşünək.
Şüuru olan və varlığının təyinatını bilən şəxsin öz aurası olmalıdır. Arada öz hücrəsinə çəkilməyi bacarmalıdır. Özünün təkbətək qaldığı məkanı olmalıdır. Rəssamın öz emalatxanası olduğu kimi musiqiçinində, heykəltaraşında öz yeri olmalıdır. Amma bir elm adamının da “olmazsa-olmaz”ı olan şəxi kitabxanası olmalıdır. Mən isə deyərdim ki, təkcə bilim insanlarının yox, yazıb-oxuma imkanı olan istənilən evdə kitabxananın olması olduqca vacibdir. O bir atribut və simvol anlamı daşımalıdır. Bu bir çağrış və tərbiyələndirmə üsuludur. Kitabxanalarımız həm də insanlarımızın mənəviyyatını qidalandıran mənbə kimi dərk olunmalıdır. Dahilərdən biri demiş: mən övladlarımı bəzən sözlərimə ehtiyac duymadan, evdəki kitabların cildləri ilə tərbiyə etmişəm.
Şəxsi kitabxanalara önəm həm də ona görə daha çox artırılmalıdır ki, kitab fondlarımız da zəifləyir. Müstəqilliyimizin ilk illərində ölkəmizdə dövlət fondlarında 4500 kitabxana var idi, hazırda 2000 civarındadır. Dövlətin kitabxana fondları 2 dəfədən çox azalıb. Yerində dönərxanalar, kababxanalar, çayxanalar və başqa “xanalar” açılıb. Həm da buna görə daha çox şəxsi kitabxana kultu yaratmalıyıq. Biz inkişafa aparmaq istədiyimiz bir cəmiyyətdə kitabxana kultunu aşılamalıyıq. Kitablarsız dünya haqqında yazılan bəlli həqiqətləri oxuya bilmərik. Bəlli olmayan həqiqətləri isə kitablara yazdırmadan da kitabımızı oxutdura bilmərik.
Bildiyimi kimi “kult” sözü bir obyekt ətrafında qurulan pərəstiş sistemini nəzərdə tutur. İnsana pərəstiş etmək təhlükəlidir. Amma kitaba pərəstiş vacibdir. Sovetlər zamanı kommunist elitasının öz kultları var idi. Pianinonun olması istənilən mədəni ailənin ev əşyaları içərisində vacib bir komponent sayılardı. Fərq etmir, hətta onda ifa edə bilməsən, notları tanımasan da bunu elitarlığın mühüm ünsürü sayırdılar.
Bəzi ailələr zənginliyin, yeyib-içmək mədəniyyətinin mühüm əlaməti olaraq bahalı viski, şərab, konyak şüşələrini evin müəyyən güşəsində saxlayırdı. Və bu kult indi də davam edir. Bu da həmin ailə başçılarının nədən zövqalmasının əlamətini ifadə edir. Belə nümunələri daha da çox artırmaq olar. Çünki hər bir ailədə hansı dəyərlərlə yaşamağın öz əlamətləri var.
Hansı maddi və mənəvi nemətlərə önəm verməyi təzahür etdirən çoxsaylı elementlər mövcuddur. Bu təkcə mənzillərin dekorativ tərtibatı deyil, həm də ailənin iç dünyasının nələrlə doldurulması haqqında ətrafa ismarıc verən mühüm əlamətdir. Bütün insanlar içindəki boşluğu müxtəlif yollarla doldurmaq istəyir. Biri bahalı mebellə, biri bahalı daş-qaşla, biri qadınla, biri içki ilə…
Çağdaş filosoflar içərisində daha çox sevdiyim və əsərlərin böyük maraqlı oxuduğum Oşodur. Onun “Qızıl külçələr” əsərini oxuyan müasir insanın yaşantılarından boğularaq yazdığı bu fikir diqqətimdə xüsusi qalıb: “İnsan içindəki boşluğu pulla, sevgililərlə doldurmaq istəyir. Çünki bu boşluqla yaşa bilmirsən, onu nəyləsə doldurmaq istəyirsən. Bu çox dəhşətdir. Bu, qorxu dol həyatdır. İçində boşluq varsa, yaşamaq qeyri-mümkündür.”
Müasir dövrdə insanlar mənzillərini müxtəlif bahalı əşyalarla doldururlar. Bu ailənin nə ilə nəfəs aldığını, necə inkişaf etmək niyyətini və hansı tələblərlə yaşadığını aydın ifadə edən bir mənzərədir. Əslində isə biz övladlarımıza bir şeyi nəsiyyət etməliyik: evində televizorunun ölçüsü kitablarının həcmindən böyük olan insanlara çox da güvənməsinlər!
Kitablarsız evin dizaynı gözqamaşdırıcı ola bilər, amma mənasız və maraqsız olacaqdır. Filosof Siseron içində kitab olmayan otağı ruhsuz bədənə bənzədirdi. Adi insana elə gəlir ki, 10-15 kitabı axıracan oxuyub qurtarsa, daha ona kitab lazım deyil. O, artıq dünya elm xəzinəsinə sahibdir. Bu onun üçün “doyma” nöqtəsidir. Kamilləşmənin tam qurtardığı sərhəddə gəlib çatıb. Böyük yazıçı Xorxe Lyuis Borxesin yazdığı 3 cümlə gözüaçıq, sağlam və gənc insanlar üçün çox ibrətamiz örnək ola bilər: “Gözlərim tam tutulsa belə mən yenə də kitab alıram. Mən evimi kitabla doldururam. Kitab – xoşbəxtlik əldə etməyə bəslənən ümiddir”.
Kitabxana evlə də məhdudlaşmalı deyil. Avtomobilimiz də, çantamız da minikitabxana rolunu oynamalıdır. Ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamukun maraqlı bir bənzətməsi var: “Cibinizdə, çantanızda bir kitab daşımaq; xoşbəxt olmayan zamanınızda cibinizdə, çantanızda size xoşbəxt edəcək ötəri bir dünya daşımaq deməkdir.”
Gənclər təhsil aldıqları universitetlərin kitabxanasının olmasına arxayın olub öz şəxsi ktabxana qurmaq istəyinin üstündən də xətt çəkməli deyillər. Universitetlərin kitabxanaları müəyyən zaman kəsiyi üçün istifadə fürsəti yaradır. Amma bu imkanın sənə ömürlük təminat yaratdığını demir. Universitet və kitabxana əlaqəsində Tomas Carlyle söyləyirdi ki, günümüzün gerçək universiteti yaxşı bir kitab kolleksiyasıdır.
Kitab kolleksiyası həm də dekorativ görkəm və ya imitasiya məqsədli olmalı deyil. Ğözdən pərdə asmaq üçün bərbəzəkli kitabların tərtibat edildiyi məkan necə görünmək narahatlığını aradan qaldıra bilər, amma necə olacaq sualına pessimizini özündə saxlayır. Şəxsi kitabxanalar bir könül rahatlığı otağı olmalıdır. Əgər orada ruhun dincəlmirsə və ürəyin rahatlıq tapmırsa, yenə də qaranlıqla əhatə olunmusan deməkdir. Yavuz Bülentin bir fikrin oxumuşdum. Kitabxananı qaramat mühitlə müqayisə edərək yazmışdı ki, kitabsız və kitabxanasız evlər mağaranın qaranlığından fərqlənmir. Qaranlıqdan bizi işıqlı gələcəyə aparan yollar yenə də kitablardan keçir. Çünki kitablar zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən – nəsillərə yetirən fikir gəmiləridir.
Yenə də sevdiyim şuara qayıdıram: din də məscid nədirsə, elmdə də kitabxana odur…

Məmməd Talıblı

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir