KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Lokal toqquşmalar “3+3”ün işinə necə təsir göstərəcək?

Lokal toqquşmalar “3+3”ün işinə necə təsir göstərəcək?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
359 0

“3+3” mexanizminin yaradılmasında əsas məqsəd lokal konfliktlərin region ölkələri arasında həllinə nail olmaq olsa da, tərəflər arasında problemli məsələlər hələ də qalmaqdadır.

Xüsusən də, Ermənistan-Azərbaycan arasında münaqişə başa çatsa da, gərginlik getdikcə artır və vaxtaşırı şəhidlər veririk.

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində politoloq Ramiyyə Məmmədova qeyd edib.

Belə ki, “3+3” formatının regional proseslərə gələcək təsirini şərh edən politoloq üzv ölkələr arasında problemli vəziyyətin təhlilinə Gürcüstan üzərindən davam edib:

“Digər önəmli nüans isə, Gürcüstanın platformanın işində iştirak etməməsidir. Yəni Gürcüstan bu gün Rusiya ilə bir masaya oturmaq istəmir. Abxaziya və Osetiya problemi həll olunmadan Tiflis bu masaya oturmayacaq. Bu isə, platformanın işinə təsirsiz ötüşməyəcək”.

Politoloqun fikrincə, Gürcüstanın yoxluğuna rəğmən, iclas müsbət ab-havada keçib. “Xüsusilə də, Azərbaycan və Ermənistan nümayəndələrinin eyni formatda birgə iştirakı və “3+3” çərçivəsində digər formatlarda müzakirə olunan məsələlərə yenidən qayıdılmayacağını müsbət hal kimi qiymətləndirə bilərik”, deyə müsahibimiz qeyd edib.

Ramiyyə Məmmədova ilk görüşün qarşılıqlı anlayış şəraitində keçməsinə baxmayaraq, gələcək müzakirələrin platformanın işinin effektivliyini daha yaxşı nümayiş etdirəcəyini qeyd edib:

“İndi hələlik ilk görüş keçirildiyindən “3+3”ün regional proseslərə necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Növbəti görüşlərin necə nəticələnəcəyi isə, hələlik bəlli deyil. İlk görüşdə gözlənildiyi kimi ümumi təşkilati məsələlər müzakirəyə çıxarılıb. Platformada lokal münaqişələrin həlli müzakirə mövzusuna çevriləndə, yəqin ki, fikir ayrılıqları yenidən meydana çıxacaq”.

Politoloq yeni platforma çərçivəsində ilk iclasın müsbət tərəflərini bu cür təsnif edib:

– Azərbaycan-İran gərginliyinin sona çatması və tərəflərin yeni mexanizm formatında ilk iclasda birgə iştirakı. Əgər iclas 2 ay öncə olsa idi, yəqin ki, tərəflərin davranışları indiki kimi olmazdı.

– Platformada Türkiyənin aktiv rolu. Çünki artıq Türkiyə Rusiya ilə birgə regionun iki əsas güclü aktorundan biri olduğunu açıq şəkildə ortaya qoyur. Bu isə, Azərbaycan üçün bölgədə yalnız müsbət hal kimi dəyərləndirilə bilər.

– Gürcüstana açıq qapının qoyulması. Bəlkə də, bu dövlətlər Abxaziya və Cənubi Osetiya məsələsinin həlli istiqamətində müzakirələr aparsalar gələcəkdə, Gürcüstan da yeni formata maraq göstərə bilər.

– Formatın işinin gələcəkdə böyüməsi ehtimalının yüksək olması. Gələcəkdə platforma çərçivəsində enerji, logistika və iqtisadi məsələlərin də müzakirəyə çıxarılması əməkdaşlığı daha da gücləndirə bilər.

Ramiyyə Məmmədova, yeni platformanın Qərbin narahatlığına səbəb olduğuna da diqqət çəkib:

“Çünki region ölkələrinin, ələxsus da, NATO ölkəsi olan Türkiyənin müstəqil aktor kimi çıxış etməsi, Rusiya ilə birgə bölgədəki problemləri həll etməsi və iqtisadi əməkdaşlığı gücləndirməsi Qərbi narahat edir. Lakin əgər “3+3” lokal toqquşmaların həllində uğurlu ola biləcəksə, eyni zamanda regional inkişafı tətikləyə biləcəksə, bu regionun beynəlxalq miqyasda öz siyasətini diqtə etməsi üçün mühüm rol oynayacaq”.

Murad Əhmədov, Bizim.Media

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir