KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Libermanın 5 günlük Bakı səfəri – Regionda geosiyasi reallıqlar dəyişir?

Libermanın 5 günlük Bakı səfəri – Regionda geosiyasi reallıqlar dəyişir?

Kafkassam Editör Kafkassam Editör - - 9 dk okuma süresi
236 0

Abbasov: “İsrailin Azərbaycan və Gürcüstan vasitəsilə İrana təsir və ya təzyiq göstərmə ehtimalları inandırıcı deyil”.

Qeyd edək ki, yayılan məlumatlara əsasən Libermanın olduqca sıx qrafiki var. O, sentyabrın 12-də Gürcüstana qısa səfər edib və ertəsi gün dərhal Bakıya yola düşüb. Bakıda Liberman Azərbaycan prezidenti İlham Əliyevlə saatlarla sürən danışıqlar aparıb, daha sonra müdafiə naziri, fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı ilə görüşlər keçirib. İsrail müdafiə nazirinin Azərbaycanın xarici işlər naziri, baş naziri və baş nazirin müavini ilə görüşləri də nəzərdə tutulub.

İsrail Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a məlum olub ki, A.Libermanın Bakı səfəri sentyabrın 17-nə qədər davam edəcək. Beləliklə, İsrail dövlətinin müdafiə naziri və bu ölkənin aparıcı siyasi xadimlərindən biri Azərbaycanda daha 3 gün qalacaq. Bu, misli görünməmiş haldır və hansısa ölkənin müdafiə nazirinin 5 günlük xarici səfərinə rast gəlinməyib.

Libermanın Azərbaycan rəhbərliyi ilə danışıqları bağlı qapılar arxasında keçir və proqamı, müddəti baxımından misli görünməmiş bu səfərin nəticələrini şərh etmək tezdir.

Lakin bəzi ekspertlərə görə, Libermanın Bakı səfəri təhlükəsizlik baxımından önəm daşıyır. Məlumdur ki, son zamanlar İran-İsrail və ABŞ gərginliyi dünya mediasının əsas mövzularından birinə çevrilib.

Bu gərginik fonunda Libermanın bu səfərindən sonra bölgədə İrana qarşı aktivliyin artacağını gözləmək mümkündürmü? Ümumiyyətlə, İsrailin İrana qarşı Gürcüstan və Azərbaycan ərazilərindən yararlanmasını mümkündürmü? Hesab etmək olarmı ki, bizim regionda geosiyasi reallıqlar dəyişir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova və Tofiq Abbasovun fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “Əgər təxribat xarakterli bir plan olsaydı, müdafiə naziri Liberman açıq-aydın Azərbaycana gəlməzdi”.
İsrail müdafiə nazirinin Azərbaycanın səfərində hansısa təxribat xarakterli planın olmadığını vurğulayan politoloq Nəzakət Məmmədovanın fikrincə, bu səfər sırf iki ölkənin əməkdaşlığı üçün nəzərdə tutulub:

“Libermanın məhz indiki dövrdə Azərbaycana səfəri olduqca əhəmiyyətli və diqqətəlayiqdir. Belə ki, Rusiyadakı uğursuz görüşlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bəyanatlar səsləndirdi. Bununla yanaşı, Ermənistanın silahlı qüvvələri təlimlər keçirməyə başlayıb. Belə bir şəraitdə İsrail kimi nüfuzlu və qüdrətli bir dövlətin müdafiə nazirinin Azərbaycana səfəri önəmlidir.

Bildiyiniz kimi, İsrail Azərbaycanı müasir silah növləri və texnikalarla təchiz edir. Nəzərə alaq ki, İsrail bəzi ölkələrə silah məhdudiyyəti qoyub. Bu halda İsraildən silah almaq Azərbaycan Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəlməsinə də kömək edir.

Bu səfərin İrana və ya başqa bir ölkəyə qarşı yönəldiyini düşünmürəm. Çünki Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən heç bir zaman İrana qarşı təhdid olunmasına yol verə bilmərik və verilməyəcək. Əgər təxribat xarakterli bir plan olsaydı, müdafiə naziri Liberman açıq-aydın Azərbaycana gəlməzdi. Bu səfərlər məxfi olardı və danışıqlar gizli şəkildə aparılardı. Açıq səfər o deməkdir ki, sırf ikitərəfli əməkdaşlıqdan söhbət gedir.

Nəzakət Məmmədova: “Ermənistan ola bilər ki, İrana qarşı hansısa formada öz ərazisindən istifadə edilməsinə imkan verir”.
Bölgədə İranla bağlı hansısa canlanma var. Məsələn, Almanya kansleri Angela Merkelin Avropa Birliyi adından səfəri də Cənubi Qafqaz ölkələrinin İrana dəstəyini qazanmaq istəyindən irəli gəlirdi. Çünki ABŞ İrana qarşı sanksiyalar tətbiq edib və belə bir şəraitdə Avropa Birliyi sanksiyaların tətbiqindən narazı olduğu üçün ABŞ-a qarşı çıxır. Merkelin səfərində də bu məqamların öz əksini tapdığını istisna etmirəm. Hər bir halda Ermənistan ola bilər ki, İrana qarşı hansısa formada öz ərazisindən istifadə edilməsinə imkan verir. Onsuz da Ermənistanda hakimiyyət dəyişikliyinin bir səbəbi də İranın şimal sərhədlərində qeyri-sabitlik yaratmaq, İrana qarşı təxribatın həyata keçirilməsinə şərait yaratmaq ola bilər. Ancaq Azərbaycan heç vaxt buna icazə verməz”.

Tofiq Abbasov: “Rəsmi Təl-Əviv məhz müsəlman məmləkətləri ilə münasibətlərini genişləndirir”.
İsrailin əsas məqsədinin müsəlman ölkələri ilə münasibətlərinin daha çox yaxınlaşmasından ibarət olduğunu bildirən politoloq Tofiq Abbasova görə, məhz bu baxımdan hələlik İran faktoru ikinci dərəcəlidir:

“Ümumiyyətlə, İsrailin postsovet məkanına diqqəti getdikcə artır. Bu bir neçə amillərlə bağlıdır. Ən başlıcası ondan ibarətdir ki, rəsmi Təl-Əviv məhz müsəlman məmləkətləri ilə münasibətlərini genişləndirir. Bu sırada Azərbaycandan başqa Özbəkistan, Qazaxıstan, Qırğızstan və digərləri də var. O ki qaldı qeyri-müsəlman ölkələrinə, onlara dair də fəal siyasət yürüdülür. Çünki demək olar ki, bütün postsovet dövlətlərində çoxsaylı yəhudi icmaları var və onların bir qayda olaraq, İsrailə üfüqi münasibətlərin olması vacibdir. Bu zəmində Aviqdor Liberman əslən Moldovalıdır deyə, onu keçmiş Sovet respublikalarında kifayət qədər ilıq qarşılayırlar. Və həm də bu adam kifayət qədər çevik diplomatiyanın daşıyıcısı olduğuna görə, çətin məsələlərin öhdəsindən məharətlə gələ bilir.

Libermanın Azərbaycanla Gürcüstana səfərinə gəldikdə, bu iki dövlət mühüm və taleyüklü bölgədə olduqlarından Təl-Əvivi yaxından düşündürür. Məsələ tək İran problemi deyil. Qlobal təhlükəsizlik hazırda bütün sağlam düşüncəli elitaları düşündürür, bacarıq və qabiliyyəti olan qüvvələri bir yerə yığmağa kömək edir. Bu baxımdan Azərbaycanın imkanları Təl-Əvivə məlumdur. Odur ki, geniş spektorlu təhlükəsizlik problemləri iki məmləkət arasında əməli şəkildə işlənilir. Bir də ki, İsrail İranla dialoqa hazır olduğunu bəyan edir. Ola bilər ki, Qafqaz cütlüyü, yəni Azərbaycanla Gürcüstan bu kontekstdə əməli rol oynasınlar. Azərbaycanın bu sarıdan təcrübəsi var. Həm də rəsmi Bakı həm Tehranla, həm də Təl-Əvivlə münasibətlərin olmasından çox konstruktiv rol oynaya bilər. Bu, zənnimcə çox real məsələdir.

Tofiq Abbasov: “Qlobal təhlükəsizlik hazırda bütün sağlam düşüncəli elitaları düşündürür, bacarıq və qabiliyyəti olan qüvvələri bir yerə yığmağa kömək edir. Bu baxımdan Azərbaycanın imkanları Təl-Əvivə məlumdur”.
İsrailin Azərbaycan və Gürcüstan vasitəsilə İrana təsir və ya təzyiq göstərmə ehtimalları inandırıcı deyil. Əvvəla, Bakı özgələrin münasibətlərinə qarışmır və dünya dilplomatiyası bunu gözəl anlayır. Bu isə o deməkdir ki, bizi özgə oyunlara qatmaq istəkləri əbəsdir.

Əvvəla, Azərbaycan-İran münasibətləri hazırda yüksələn xətt üzrə inkişaf edir, bizim İranla vacib və taleyüklü layihələrimiz var ki, onlar mütləq şəkildə məntiqi sonluğa çatdırılmalıdır. Elə Gürcüstan da hazırda Tehranla münasibətlərini diversifikasiya etdirir. Ən azı Cənub-Qərb yeni kommunikasiya layihəsi getdikcə reallaşacaq.

Bu istiqamətdə İran-Azərbaycan-Gürcüstan-Avropa dəhlizi böyük əhəmiyyət kəsb edir. Heç bir sağlam düşüncəli elita belə imtiyazlı proqramdan şübhəli işlər naminə əl çəkməz. Odur ki, Bakı və Tbilisi praqmatizm xətti ilə hərəkətlərinə davam edəcəklər və paralel olaraq İsraillə də münasibətlərini sağlam müstəvidə saxlaya biləcəklər”.

Gülşən ŞƏRİF
pia.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir