Azərbaycan İsrailin ən iri silah idxalatçılarından biridir. İsrail və Azərbaycan artıq uzun illərdir ki, müdafiə sahəsində fəal əməkdaşlıq edirlər. Bu iki ölkə hərbi əməkdaşlığın yeni səviyyəsinə qədəm qoyurlar.
AzVision.az xəbər verir ki, bunu 2012-2016-cı illərdə Gürcüstan Kəşfiyyat Xidmətinin köməkçisi, 2003-2005-ci illərdə Gürcüstan hərbi hava qüvvələrinin komandanı, general Amiran Salukvadze Dağ Yəhudilərinin Beynəlxalq Fondu – “STMEGI”yə eksklüziv müsahibəsində İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana rəsmi səfərini şərh edən edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan müsəlman ölkələri sırasında nadir istisnadır ki, İsraillə diplomatik əlaqələrə malikdir və bütün sahələrdə, xüsusə də, hərbi-texniki sferada sıx əməkdaşlıq edir. Salukvadzenin fikrincə, Liberman İsraildə ən nüfuzlu siyasətçilərdən biridir və onun Gürcüstan və Azərbaycana səfərləri olduqca mühüm faktordur. Onun Bakıya uzunmüddətli səfəri isə Azərbaycanla yeni və daha böyük hərbi əməkdaşlıq paketinin hazırlanmasından xəbər verir.
“İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana 5 günlük səfəri bu ölkələrin bir-biri ilə necə yaxın olduqlarını göstərir. Düşünmürəm ki, cənab Liberman tez-tez bu cür uzun çəkən rəsmi səfərlərə çıxır. Deməli, onun Azərbaycanda yüksək səviyyəli görüşlər keçirməsi və güc strukturlarının rəhbərləri ilə danışıqlar aparmasını nəzərə alsaq, təxmin etmək olar ki, İsraillə Azərbaycan arasında daha böyük hərbi-texniki əməkdaşlıq paketi hazırlanır. Yəqin ki, biz tezliklə bu barədə eşidəcəyik”.
Salukvadze Cənubi Qafqaza səfəri çərçivəsində Libermanın Ermənistana baş çəkməməsinə də aydınlıq gətirib. Bildirib ki, bunun bir çox səbəbləri var: “Birinci səbəb Dağlıq Qarabağ problemi və Azərbaycanla Ermənistan arasındakı münasibətlərdir. Görünür, Liberman paralel olaraq Ermənistana da səfər etməklə Bakıda özünə narahatlıq yaratmaq istəməyib. İkincisi, “erməni soyqırımı” adlanan bir məsələ var ki, bu il Knessetdə təsdiq olunmayıb və bu məsələ ilə bağlı Libermanın öz fikri var. Üçüncüsü, bu il Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Hələ baxaq görək, Ermənistanın yeni hökuməti İsraillə münasibətləri necə quracaq.”
Leyla Elbrusqızı