KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Lətafət Beybutova Ələskər qızı: NİZAMİ GƏNCƏVİ ƏDƏBİYYATINDA ƏMƏKSEVƏRLİLİK

Lətafət Beybutova Ələskər qızı: NİZAMİ GƏNCƏVİ ƏDƏBİYYATINDA ƏMƏKSEVƏRLİLİK

Kafkassam Editör Kafkassam Editör - - 13 dk okuma süresi
331 0

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Nizami Gəncəvi dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri ilə Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar aparılmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır. Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti dogma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya Cənubi Qafqaz, Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Xatırladaq ki, Nizaminin vəfatından sonra “Sirlər Xəzinəsi” haqqında ilk müfəssəl məlumata XIII əsr tarixçisi İbn Bibinin hicri 679-cu ildə tamamladığı “Kiçik Asiya səlcuqilərinin tarixi” adlı əsərində isə poemadan bir neçə beyt verilmşdir.
Gəncəvinin əmək və sərvət haqqında yaratdığı təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görürdü. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. O, əməyin yüksək nəticələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması, əmək adamının daima öz bacarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür. Əmək və əməkçi surətləri demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini təşkil edir. Nizami tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Nizamiyə görə, sənətə, sənətkara, əkinçi əməyinə qayğı göstərilməsə, hər kəsin öz peşəsinə görə işləmək imkanı yaradılmasa, sərvət azalar, vergilər ödənilməz, xəzinə də boş qalar.
Məhz Nizami Gəncəvi yaradıcılığının əsas süjet xətlərindən biri də zəhmət, sənətkarlıq, ustalıq, yaradıcılıq təşkil edir. Şair bütün əsərlərində şərəfli əmək insanı ucaldar prinsipi əsas tutaraq zəhmətə və əməkçi insanların yaratdıqları hər bir işi alqışlamış və bu qərara gəlmişdir ki, insan tutduğu hər bir vəzifədən asılı olmayaraq: “Vəzifə insana şan-şöhrət deyil, İnsan vəzifəyə şöhrət olmalı” devizini əsas tutmuş və öz əsərlərində əmək adamlarına dərin məhəbbətlə təsir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” əsərində Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocaya deyir ki, səndən bir qarın çörəyi heç kəs əsirgəməz, özünə bu qədər əziyyət vermə. Müdrik qoca cavan oğlanın məsləhətlərindən narazı qalaraq ona belə cavab verir: “mən əlimi bu zəhmətə öyrətdim ki, heç kəsə əl açıb möhtac olmayım, insanın kərpic kəsərək öz əməyi və zəhməti ilə çörək pulunu qazanması, başqalarına əl açmaqdan daha üstündür”.
Bu, əlbəttə, şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalı, halal əməyi ilə dolanışığını təmin etməyi bacarmalıdır. Bu əsər vasitəsilə heç kəsə boyun əyməmək, əməksevər olmaq kimi müsbət keyfiyyətlər aşılanır. Zəhmətkeş qoca da hələ həyatın sərt üzünü görməmiş gəncə əməksevərlik, halallıq dərsi verir. Qocanın dili ilə dediyi sözlərdən görünür ki, şair əməyə insana sərbəstlik verən, onu başqaları qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır, kərpic kəsməklə gündəlik gəlirini qarşılamağın utancverici bir hiss olmadığını dilə gətirir və bir qarın çörək üçün heç kəsə boyun əyməməyi təlqin edir, tüfeyli həyat sürən insanları pisləyir, onların cəmiyyətə heç bir xeyir gətirmədiyini bildirir. Kərpic kəsən kişi yaşadığı çətinliklərə baxmayaraq, həyatda heç vaxt məğlub olmadı, məğrur dayandı.
Qeyd edək ki, Nizami Gəncəvinin ilk iri həcmli əsəri olan “Sirlər Xəzinəsi” həm Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi, həm də şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi olmuşdur. Əsər hicri tarixilə 570-ci ildə, miladi təqvimilə 1174-1175-ci illərdə yazılmışdır. “Sirlər Xəzinəsi” zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə “Kəlilə və Dimnə”, “Qutadqu bilik”, “Hədiqətül-həqiqə”, “Siyasətnamə”, “Qabusnamə”, “Cəhar məqalə” və sair kimi əsərlərə yaxın olan “Sirlər Xəzinəsi” həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist və demokratik istiqamət vermişdir.
Humanist mütəfəkkirin belə mövqeyi onun insan şəxsiyyətinə atəşin vurğunluğundan və sonsuz hörmətindən irəli gəlirdi. Nizami Gəncəvi üçün insan ən uca varlıqdır. Həyatın bütün nemətləri və gözəllikləri yalnız insan naminə mövcuddur. Ömür insana şərəfli və layiqli yaşamaq üçün verilmişdir. İnsan yaşamalı və yaratmalıdır. Mütəfəkkirin məntiqinə görə, nəinki əmək və öz zəhməti ilə yaşamaq, hətta ləyaqətli və məğrur yaşamağın özü insan üçün şərəf işidir. Lakin insan özü üçün şərəfli həyatı heç də həmişə yarada, təmin edə bilmir. Daha doğrusu, insanlıq şərəfinə nail olmaq yollarının qarşısını kəsənlər onun özünə sədd çəkənlər vardır ki, cəmiyyət belələrinə öz qoynunda yer verməməlidir. İnsanlıq şərəfini ucuz tutanları və bu şərəfi ayaqlar altına alanları sosial ədalətin qorunması üçün təhlükə hesab edən Nizami, onları rəzil və riyakar, şərəfsiz və ləyaqətsiz adamlar kimi qiymətləndirir. Cəmiyyət məhz belə xislətli tiplərdən həmişə ziyan görmüşdür. Öz nəfsinin əsiri olan, zəhmətkeş insanların əməyi hesabına yaşayan və hətta varlanan adamlarda insaf və dəlalət keyfiyyətləri axtarmaq əbəsdir.
Nizaminin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Nizami Gəncəvi təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın, bəşəriyyətin ən sevimli şairi olaraq şöhrət qazanmışdır. Onun yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, onun ruhuna, əqlinə və təfəkkürünə hakim olur. Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır. Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir.

Lətafət Beybutova Ələskər qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin müdiri

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir