KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Korrupsiyaya Qarşı Mübarizə: Azərbaycanda Atılan Addımlar

Korrupsiyaya Qarşı Mübarizə: Azərbaycanda Atılan Addımlar

Kafkassam Editör Kafkassam Editör - - 36 dk okuma süresi
355 0

Qloballaşma şəraitində dövlətin roluna və dövlət idarəçiliyinin çalışma əsaslarına yeni paradiqmalar və terminlər daxil olmuşdur. Dövlət idarəetməsi sahəsində həyata keçirilən siyasətin əsas qayəsini səmərəli və demokratik idarəçiliyin, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması,dövlət qulluqçusu ilə vətəndaş arasındakı münasibətlərdə yeni düşüncə tərzinin, məsuliyyətli, vətənpərvər, milli dəyərlərə sadiq, təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması təşkil edir. İslahatların gündəmində səmərəli, şəffaf idarəetmə mexanizmin yaradılması ilə yanaşı, dövlət qulluğuna ictimai etimadın artırılması, korrupsiyaya qarşı səmərəli mübarizə sisteminin, vətənpərvər, peşəkar və intellektual kadr korpusunun formalaşdırılması kimi mühüm məsələlər də öz yerini tapır.
Rüşvət beynəlxalq bir səviyəyə çataraq bütün dünyanı narahat edən olduqca aktual bir problemə çevrilmişdir. Təəccüblü deyildir ki, Dünya Bankı və mərkəzi ofisi Berlində yerləşən qeyri hökumət təşkilatlarından biri kimi fəaliyyət göstərən “Beynəlxalq Şəffaflıq Təşkilatı” rüşvət mövzusunda bir çox tədiqatlar aparmışdır ki, bu araşdırmalardan gəlinən nəticələrə görə də rüşvətə qarşı uğurlu mübarizə aparmaq üçün özəlləşdirmələr, rəqabət, bazar iqtisadiyyatını və fərdiyyəti gücləndirən istiqamətlər ön plana çıxarılmalıdır. Bundan başqa bu təşkilat tərəfindən rüşvətlə mübarizə üçün “yaxşı idarə” (govrenance) yolunda istənilən nəticələri əldə edə bilmək üçün həm də bir sıra islahatların aparılması tövsiyyə edilməkdədir. Bu istiqamətdə isə məhkəmə, məclis, cəmiyyət xərcləmələrinə ümumi nəzarətçiliyi, azad mətbuat, vətəndaş cəmiyyəti və bənzər bu kimi təşkilat, idarə və müəssisələr kordinasiya olunmuş bir şəkildə fəaliyyət göstərməlidirlər.
Qloballaşma faktıyla birlikdə, bir çox ölkələrdə bazar iqtisadiyyatı qəbul edilmiş və fərqli dərəcələrdə olmaq üzrə başlamışdır.
Qloballaşma prosesində dövlət idarəçiliyindəki yeni paradiqmalar dövlət qulluğu sisteminin də dəyişməsinə səbəb olmuşdur. Dövlət idarəçiliyində əsas olaraq Yerli özünüidarəetmə, Ortaq İdarəçilik (governance), Yeni Dövlət İdarəçiliyi (New Public Management), Davamlı İnkişaf (Sustainable Development) Yönetişim (govrenance), Cəmiyyət Administratorluğu, Keyfiyyət Rəhbərliyi, İştirakçılar, İştirakçılar ilə əlaqələr, Vətəndaş Məmnuniyyəti, Etik təhsil, Etik orqanlar, Etik məmur, Məlumat əldə etmə haqqı və mexanizmləri, Şəffaflıq və digər terminlər , paradiqmalar ortaya atılmışdır.
Dövlət qulluğu dövlət idarəçiliyini həyata keçirən əsas mexanizm olduğu üçün muasir dövrdə qloballaşma prosesi nəticəsində dövlət idarəçiliyində ortaya çıxarılan yeni paradiqmalar və həyata keçirilən yeni islahatlar dövlət qulluğunu da bu paradiqma və islahatlara uyğun olaraq formalaşdırmaqdadır.
Dövlət idarəçiliyinə bu yeni yanaşma ilə əlaqədar tənzimləmələr isə vətəndaş cəmiyyət administratorlğunu əsasına söykənən və bazar mərkəzli vətəndaş cəmiyyətinə keçidi əsas olaraq qəbul etməkdədir. “Managrealism”, “public management” “entrepreneurial public sector” kimi faktorlar isə yeni paradiqmanın təməl daşlarıdır. Bazar iqtisadiyyatına söykənən və də dünya iqtisadiyyatına və qloballaşmaya inteqrasiya olmuş açıq bir sistem təmin edilməlidir.
“Rüşvət”ə termin olaraq, idarəetmə elmində fərqli təriflər verilmişdir. Ancaq bununla yanaşı “Rüşvət” termininə çox qarışıq sosial-iqtisadi, mədəni ünsürlər və əlaqələr səbəbiylə bağlı bir çox təriflərin verilməsinə baxmayaraq ona əhatəli bir tərif verilə bilməmişdir. Bu səbələ də beynəlxalq sənədlərin çoxunda “rüşvət” terminin izahını vermək yerinə forma və növləri ilə əlaqədar məlumatlar verilməsi ilə kifayətlənilmişdir. Dünya bankının bu terminə vermiş olduğu tərifə görə isə “rüşvət” “dövlət gücünün özəl mənfətlər səbəbiylə mənfi niyyətlərlə istifadə edilməsi anlamını daşımaqdadır”
Siyasi və idarə edici kadrların vəzifələrini yerinə yetirirkən özlərinə müəyyən çıxarlar saxlamaları yaxud da ölkənin resurslarını dağıdarkən müəyən siniflərin mənfəətlərini güdərək siyasi fəaliyətlər rüşvətə işarədir.
Rüşvət, fərdi məqsədlər üçün idarə edici kadrların vəzifələrini yerinə yetirərkən qanunlara zidd şəkildə davranışıdır. Günümüzdə, əxlaqi problemlərin artması yalnız dövlət idarəetməsində deyil, bəzi sahələrdə ortaya çıxan korrupsiyanın səbəblərindəndir. Tarixin hər dövründə və hər coğrafiyasında korrupsiyanın ola biləcəyi mümkündür. Əhəmiyyətli olan doğru mübarizə üsullarının çıxarılması surətiylə korrupsiyanın ölçülərinin daraldılmasıdır. Azərbaycanda Korrupsiyaya qarşı mübarizə sivil və mütərəqqi metodlarla aparılmaqla aşağıda qeyd olunan həm qanunvericilik bazası həm də təşkilati əsasları yaradılmışdır.
-Ölkə Avropa Şurasının Korrupsiyaya ilə əlaqədar cinayət məsuliyyəti və mülki hüquqi məsuliyyət haqqında konvensiyalarını 2004-cü ildə ratifikasiya etmiş və həmin ilin iyununda Şuranın korrupsiyaya qarşı dövlətlər Qrupuna (GRECO) qoşulmuşdur;
-Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası (UNCAC) 2004-cü ildə imzalanaraq, 2005-ci ildə ratifikasiya edilmişdir. 2004-cü ildə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı qəbul edilmişdir. Proqramda 2004-2006-cı illər üçün həyata keçirilməli olan hüquqi və institusional islahatların geniş sahələri qeyd olunub;
-Azərbaycan Hökuməti BMT-nin Minilliyin inkişaf məqsədlərində (MİM) yaxşı idarəçilik öhdəliyi götürmüşdür. 2015-ci ilədək MİM-i qəbul eədn bütün dünya ölkələri, o cümlədən Azərbaycan bu sahədə ciddi irəliləyişlər əldə etməlidir;
-Azərbaycan Hökumətinin bir çox mühüm sənədlərində Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf Dövlət Proqramı, Yoxsulluğun azaldılması və Davamlı İnkişaf Strategiyası, Elektron-Azərbaycan Dövlət Proqramı, Dövlət İdarəçiliyində İslahatlar Haqqında Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli fərmanı;
-2006-cı ildə GRECO-nun qiymətləndirmə məruzəsində yeni 2007-2011-ci illər üçün “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyavə Fəaliyyət planının tətbiqi və mövcud qanunvericiliyə edilən dəyişikliklər və s. bir-çox digər sənədlər Azərbaycanda yaxşı idarəçiliyin qurulmasını qəbul edir və nəzərdə tutur;
-Azərbaycan Respublikası Prezidenti yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyası, Respublika Prokurorluğu yanında Korupsiyaya qarşı Mübarizə İdarəsi yaradılması və bu sahədə ciddi naliyyətlər əldə olunması bu mübarizənin ölkəmizdə sivil və mütərəqqi metodlarla aparıldığını təsdiq edir.
Korrupsiyaya qarşı mübarizədə təhsil ən əhəmiyyyətli təsirli vasitələrdən biridir. Təhsil sayəsində dəyərlər sistemi, etik davranış qaydaları və dövlət qullqçularının bu mövzuda təlimləndirilməsi, hazırlanması vacib məsələlərdəndir. Eyni zamanda dövlət qulluqçularının hazırlanması prosesində korrupsiyaya qarşı mübarizə üsullları kimi dəyərlər sisteminin formallaşdırlması zəruri əhəmiyyət kəsb edir. Bunlara misal olaraq hüquqi-mənəvi dəyərlər, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər, dövlətçilik ənənələridir.
Korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli istiqamət təhsil sahəsində dövlət tərəfindən həyata keçirilən islahatları qeyd etmək olar. Bu mənada Azərbaycanda Ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə “2009-2013-cü illər Ali təhsil sistemində islahatlar Dövlət Proqramı”, “2008-2012 Təhsil sisteminin informasiyalaşdırlması üzrə Dövlət Proqramı”ı bu proqramda əsas qarşıya qoyulan məqsəd müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir. Eyni zamanda Elm Fondunun yaradılması, “Elmin inkişafı üzrə milli Strategiyanın” təsdiq olunması bu istiqamətdə atılan zəruri addımlardır. Bütün yeniliklər təhsildən başlayır. Mükəmməl təhsil insanlara daha səmərəli həyat tərzi aşılayır. Hər hansı bir ölkənin uğurlarının nəticələrində məhz təhsil dayanır. İnsan inkişafının təməlində dayanan təhsil insanlara şüurlu qərarların verilməsində, sağlam həyat yaşamalarında, ölkənin inkişafına töhfələr verən yaxşı vətəndaşların hazırlanmasında böyük rol oynayır.
Günümüzdə sərmayənin rahatlıqla milli sərhədləri aşması və çok millətli şirkətlərin meydana çıxması korrupsiyanın da qloballaşmasına səbəb olmuşdur. Buna paralel olaraq son illərdə, korrupsiya ilə əlaqədar olaraq aparılan ampirik işlərin korrupsiyanın iqtisadi xərclərini ortaya qoyması, korrupsiyanın bazar mexanizmləri səbəbindən rəqabətə pozucu təsirləri, Beynəlxalq Şəffaflıq Hərəkatı, IMF, Dünya Bankı kimi beynəlxalq qurumların mövzuyla əhəmiyyətlə maraqlanması və daha bir çox səbəblə korrupsiya ilə mübarizəyə milli və beynəlxalq sferalarda çox böyük əhəmiyyət verilir. Lakin, korrupsiya hərəkətləri yalnız ictimai vəzifələrdə çalışanlara xas deyil. Özəl sektorda da korrupsiya kimi xarakterizə edilə biləcək davranışlar nəzərə çarpır. Sərmayə bazarlarında, banklarda, sərmayə ortaqlıqlarında, xüsusi maliyyə təşkilatlarında saxtakarlıq, fırıldaqçılıq, çirkli pul yuma kimi üsullar istifadə edilərək görülən işlər də korrupsiya olaraq xarakterizə edilməkdədir. Şübhəsiz, korrupsiya yuxarıda sadalanan cinayətlərlə məhdud deyil və korrupsiya ilə mübarizə çox tərəfli bir yanaşma tələb edir. Korrupsiya ilə mübarizədə daha təsirli nəticələr əldə olunması ilk öncə, ictimai sektorda şəffaflığın təmin edilməsi, yaxşı rəhbərlik və hesab vermə məsuliyyətinin inkişaf etdirilməsi, korrupsiyaya qarşı cəmiyyətin həssaslığının artırılması məqsədilə qısa və uzun müddətli siyasətlərin həyata keçirilməsi və bu istiqamətdəki tədbirlərin davamlılığının təmin edilməsinə bağlıdır. İqtisadi əlaqələrin və ticari fəaliyyətin genişlənməsi və müxtəlifləşməsi, bu sahədəki qanuni tənzimləmələrin sıxlığına paralel olaraq, qanun pozuntularının da artmasına gətirib çıxarır. İqtisadi əlaqələr və ticari fəaliyyətləri təşkil edən qaydaların iqtisadi mənfəət əldə etmək məqsədiylə pozulması ilə reallaşdırılan sui-istifadələr, işləniş üsulları baxımından son dərəcə mürəkkəb bir quruluşa malikdir. Korrupsiya bilinən ənənəvi cinayətlərdən bir çox baxımdan fərqli olması ilə yanaşı təsbit edilib ortaya çıxardılması, təsir və xərcləri ilə nəticə və zərər çəkmişləri baxımından özünə xas xüsusiyyətlər daşımaqdadır. Korrupsiya halları nəticəsində bir ölkənin iqtisadi və siyasi nizamı, ictimai və əxlaqi quruluşu, hüquq və asayiş nizamı birbaşa və ya dolaylı olaraq mənfi təsirlərə məruz qalır. Korrupsiyanın genişlənməsi, azad bazar iqtisadiyyatının təməl dinamikləri olan azad rəqabət, fərdi investisiyalar, qiymətlərin formalaşması, mal və xidmətlərin təqdim edilməsində tələb-təklif tarazlığının təmin edilməsi kimi ünsürləri korlamaqda və hətta işləməz vəziyyətə gətirməkdədir. Bundan əlavə hər bir maliyyə cinayətinin ölkə iqtisadiyyatına real olaraq verdiyi zərərlərin hesablanması ilə, bu cinayətlə mübarizənin əhəmiyyəti dəqiq olaraq aydınlaşır. Korrupsiya növlərinin müxtəlif olması, istifadə üsullarının fərqli olması və daima dəyişən bir quruluşa sahib olması səbəbiylə, mübarizə aparan personalın ixtisaslaşması və təhsili, istintaqlarda lazımlı texniki infrastruktur və təchizatın qurularaq texniki imkanlardan maksimum ölçüdə faydalanılması ayrı bir əhəmiyyət kəsb edir.
Korrupsiya ilə mübarizədə effektiv mübarizə sərgilənmədiyi təqdirdə yerli biznesin çox millətli maliyyə cinayət təşkilatlarının nüfuz və pul hakimiyyəti təsirinə düşərək real iqtisadiyyatın zəifləməsi, ictimai təşkilat və qurumların mənfəətçi qrupların hegemonluğu altına düşməsinə səbəb ola bilər. Bu vəziyyət ictimai və iqtisadi quruluşdakı inam və sabitlik mühitinin itməsi, demokratik təşkilat və qaydaların risk altına girməsi, gəlirin paylanmasında böyük ədalətsizliklərin yaşanması, dövlətə olan inamın itməsi kimi mənfilikləri bərabərində gətirə bilər.
Korrupsiyanın bürokratiyanı və siyasəti çürütdüyü, inflyasiyanı qızışdırdığı, iqtisadiyyata zərər verdiyi, haqsız rəqabət yaratdığı, beləliklə dövlətə və xalqa zərər verdiyi hamılıqla qəbul edilən bir gerçəkdir. Bu da bir gerçəkdir ki, korrupsiya halları yalnız günümüz cəmiyyətlərinə xas deyil, ən az dövlətlər qədər qədimlərə söykənir. Korrupsiyanın, şübhəsiz, ən əhəmiyyətli təsiri demokratiyanın əsas şərti olan ‘hüquqa bağlılıq’ prinsipi üzərindəki təsiridir. Korrupsiya demokratiyadakı bütün fərdlərin hüquq qarşısında bərabərliyi prinsipini ortadan qaldıraraq, ictimai mülkiyyət və imkanları bərabər şəkildə əldə etmək prinsipini zədələməkdə və beləliklə, ictimai mövqeləri və ya vəzifələri, kiçik bir qrupa xidmət edən və qarşılığında öz maraqlarını təmin edilən bir növ imtiyazlı yerlərə çevirməkdədir. Bunlarla yanaşı, korrupsiya qanunun aliliyinə qarşı duyulan hörmətə də böyük zərər verir, siyasi nüfuz xalqın dəstəyindən məhrum qalır, iqtidar ilə xalq arasında uçurum yaranır. Xarici investorların sərmayə qoyacaqları ölkələrdə axtardığı təməl xüsusiyyətlərin ilk üç sırasında ‘iqtisadi və siyasi sabitlik, az və aydın ola bilən bürokratiya və ən aşağı korrupsiyanın’ olması iqtisadiyyatın canlanması baxımından da korrrupsiya ilə mübarizənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bəzən də dövlətlərin iqtisadiyyatdakı hakim rolu korrupsiyanı artıran bir faktor olaraq qarşımıza çıxır. Cəmiyyət üçün güvən duyğusu ən əhəmiyyətli sərmayədir. Korrupsiya ilə mübarizədə təsirli bir strategiya təyin etmədən və sistemli tədbirlər görmədən yalnız sanksiyalar yoluyla müvəffəqiyyət əldə etmək olmaz. İctimaiyyətin gözləntilərinin qarşılana bilməməsi səbəbiylə dövlətə və sistemə bağlı güvən böyük ölçüdə zərər görür . Korrupsiya ilə mübarizədə əhəmiyyətli olan, hər şeydə olduğu kimi burada da keçici hallar deyil, qalıcı tənzimləmələrin aparılmasıdır. Bu mübarizədə hüquq mühafizə orqanlarının olduğu qədər, digər nəzarət etmə vəzifəsi olan təşkilatların, media, qeyri hökumət təşkilatları və universitetlərin də üzərinə çox ciddi vəzifələr düşür. Hər təşkilat üzərinə düşən vəzifəni layiqiylə yerinə yetirsə, korrupsiya cinayəti törədən səlahiyyətlilər təmizlənməyə başlayacaq və gələcək nəsillər daha yaxşı bir cəmiyyətdə yaşamaq şansını əldə edəcəklər. Ölkənin Əsas Qanununda dövlət idarəetmə sisteminin islahatları konsepsiyasında peşəkar dövlət qulluğu institutunun formalaşdırılması ən vacib məsələlərdən biri kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu işlənib hazırlanaraq 2000-ci ilin 21 iyul tarixində qəbul olunmuşdur. Bununla da vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə olunmasında iştirak etmək hüququnun tənzimlənməsinə və bu hüquqların reallaşmasına təminat verilmişdir. Konstitusiyanın 54-cü maddəsinin birinci hissəsində Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək, 55-ci maddəsində dövlətin idarə olunmasında iştirak etmək hüququnun olduğu, bu hüququ onların bilavasitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə biləcəyi, habelə onların dövlət orqanlarında qulluq etmək imkanına malik olması, eləcə də dövlət orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilməsi təsbit edilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularından bir tələbi də budur ki, onlar ölkənin iqtisadi inkişafını sürətləndirməyə dair təşəbbüslərə dərhal reaksiya versinlər və ümumi inkişafımıza yararlı təklifləri reallaşdırmağa yardımçı olsunlar, sahibkarlığın inkişafına xüsusi dəstək göstərsinlər. Əhalinin güzəranının yaxşılaşdırılması, ölkədə iş yerlərinin yaradılması məqsədilə dövlətdən asılı olan bütün tədbirlərin görüldüyünü, təkcə son illərdə ölkə iqtisadiyyatına daha çox sərmayə cəlb olunduğunu, iqtisadiyyatın rəqabətliliyinə görə Davos Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan iqtisadiyyatının 37-ci yerə layiq görülməsini, bir il ərzində 3 pillə irəliləməsini müsbət dəyərləndirən dövlətimizin başçısı yerli icra orqanları qarşısında məsələni konkret olaraq belə qoymuşdur ki, gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu və ya digər rayona nə qədər sərmayə gətirilməsi amilinə əsaslanacaqdır.
Qeyd edilməlidir ki, korrupsiya ilə mübarizə Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. İlk antikorrupsiya sənədi 2000-ci il 8 avqust tarixində ümumilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərman idi (15). Bu Fərmana uyğun olaraq Azərbaycanda sistematik və hərtərəfli anti-korrupsiya tədbirləri həyata keçirilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının üzvü olmuş və 2003-cü ildə “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”nı və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında Konvensiya”nı ratifikasiya etmişdir. Eyni ildə Azərbaycan Respublikası həmçinin BMT-nin “Korrupsiya və transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”sını da ratifikasiya etmişdir.

​Ölkəmizin anti-korrupsiya qanunvericiliyi beynəlxalq standartlara uyğun olaraq tamamilə yenilənmiş və qanunvericiliyin effektiv tətbiqi üçün institusional mexanizmlər yaradılmışdır. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi kimi xüsusiləşdirilmiş orqanlar korrupsiyaya qarşı mübarizə üzrə dövlət siyasətinin formalaşdırılmasında, korrupsiya cinayətlərinin təqibi və qarşısının alınması üzrə üzrə sistematik tədbirləri həyata keçirirlər. Azərbaycanda antikorrupsiya islahatları həmçinin Avropa Şurasının Korrupsiya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (QREKO), OECD-nin Antikorrupsiya Şəbəkəsi və BMT-nin” Korrupsiyaya əleyhinə Konvensiya”sın (UNCAC) İcmal Mexanizmi tərəfindən yüksək qiymətləndirilir.

Korrupsiyaya qarşı mübarizənin müntəzəmliyinin və onun həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq olunmuşdurVətəndaşların korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirilməsi, vətəndaş cəmiyyəti nümayəndələri ilə təmasın daha da gücləndirilməsi, dövlət orqanlarının nüfuzunun qaldırılması, əhalinin dövlət orqanlarına olan etimadının yüksəldilməsi; Korrupsiya halları ilə üzləşmiş vətəndaşlara ixtisaslaşmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə birbaşa və maneəsiz müraciət etmək imkanının təmin edilməsi, vətəndaşların etimadını qazanmaqla dövlətlə vətəndaş arasında sıx təmas xətti olan bu qurumun- “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, statistik və analitik məlumatların dərc edilməsi
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan-Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yaradılmışdır (1).
Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri fəaliyyət başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin Əsasnaməsi və Strukturu təsdiq edilmişdir Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruri olduğundan Azərbaycan Respublikasının Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanı ilə “Elektron Hökümət” portalı yaradılmış, ötən müddət ərzində portala daxil olan xidmətlərin sayı əhəmiyyətli dərəcədə artmışdır və hazırda portala 41 mərkəzi icra hakimiyyəti orqanın təqdim etdiyi 420-dən artıq elektron xidmət inteqrasiya olunmuşdur. Ölkəmizin “Elektron hökumət” quruculuğunda əldə etdiyi uğurlar beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir.
Komissiya 15 nəfər üzvdən, 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilmiş tərkibdə fəaliyyət göstərir.Komissiyanın səlahiyyətləri Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiya öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.
Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından – beynəlxalq iqtisadiyyatdan keçir.
İnsanlar öz tələbatlarını ödəmək üçün maddi nemətlər istehsal edirlər və çoxdan məlumdur ki, bir ölkə daxilində istehsalın genişləndirilməsi ilk növbədə təbii resurslardan asılı olur. Hava şəraiti, təbii resurslar, torpağın yararlılığı ciddi şəkildə ölkələrin iqtisadi inkişafına təsir göstərir. Lakin hər bir ölkədə və dünya miqyasında baş verən daxili proseslərin məğzini təbii amillərlə izah etmək həmişə doğru nəticə çıxarmağa imkan vermir. Təbii şərtlər bu və ya digər səviyyədə daimidir. İqtisadi inkişaf isə dinamikdir. Təxminən eyni təbii şəraitdə ayrı-ayrı cəmiyyətlər tam müxtəlif nəticələr əldə edirlər.

İdarəetmə etikası insanın və cəmiyyətin rifahı və xoşbəxtliyi, dövlətin və bütün bəşəriyyətin mühüm firavanlıq şərtidir. Şəxsiyyətin elmi bilikləri və praktik vərdişləri, qabiliyyətləri, təcrübəsi, hüquq mədəniyyəti, digər insanlarla münasibətlər etikası insanın və dövlətin həyat qabiliyyətinin yüksəldilməsi üçün qeyri-məhdud imkanlar mənbəyidir. O ilk növbədə şəxsiyyətin intelektindən, onun xarakterinin nəcibliyindən və möhkəm iradəsindən, vəziyyəti təhlil etmək qabiliyyətindən asılıdır.
Ümumiyyətlə, təcrübə göstərir ki, sosial rifaha xidmət edən çox şaxəli siyasətyürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özunəlayiq yer qazanırlar.
Bu gün Azərbaycanda bazar iqtisadiyyatının bəşəri prinsiplər əsasındafəaliyyəti təmin edilir. Bazar iqtisadiyyatı hər bir vətəndaşın ümumi sərvətlərdənbəhrələnməsinə, cəmiyyətdə gedən proseslərə inteqrasiyasına və fərdin kreativliyiningüclənməsinə xidmət edir. Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, olkənin iхrac potensialının gücləndirilməsi və idхaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini də vurğulamaq lazımdır. Azərbaycan hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə, bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür.
Sənaye potensialının gücləndirilməsi dedikdə, sohbət əsla keçmiş ittifaq dövründə
olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir.
Dovlətin bu sahədəki siyasəti, sadəcə, sahibkarlığa komək tədbirlərinin davamıdır
və perspektivli, iqtisadi noqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır.
Bütün araşdırmalar onu göstərir ki, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmiş vəonun strateji inkişafının problemləri ətraflı araşdırılmışdır, sənayedə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılması hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminəinteqrasiyası məsələləri sistemli tədqiq edilmişdir aparılmış hərtərəfli elmi araşdırmaların ümumiləşdirilməsi əsasında ölkə iqtisadiyyatının yaxın gələcəkdə inkişaf konturları və əsas hədəfləri müəyyənləşdirilmişdir. Azərbaycn öz tarixi müstəqilliyini bərpa etdikdən sonra bütün dünyaya demokrativ dövlət və vətəndaş cəmiyyətinin qurulması yolunu seçdiyini dünyaya bəyan etdi və cox mühüm islahatların həyata keçirilməsinə cəhdlər göstərildi Lakin ilk dövrlər bu istiqamətdə nəzərəçarpacaq irəliləyişlərin əldə edilməsi mümkün olmadı. Yalnız Ulu öndərin hakimiyyətə gəlişi ilə ciddi tədbirlər görülməyə başlandı. İlk növbədə əhliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirildi. Ölkəmizdə start götürən elektron hökümət layihəsi, Vergi sitemində tətbiq edilən vahid pəncərə sistemi məhz bu qəbildən olan tədbirlərdəndir.
Bu tədbirlərin ən başlıca özəlliyi onunla bağlıdır ki, bu zaman əhalinin dövlətə inamı, etibarı artır və paralael olaraq dövlət qulluğu imicinin formalaşması prosesinə təkan verirdi. Mütəxəssislərin fikrincə dövlət qulluğu imicinin inkişafı məhz əhaliyə dövlət orqanları tərəfindən göstərilən xidmətin keyfiyyətindən çox asılıdır.
Lakin əhaliyə xidmətin keyfiyyətində əsl dönüş, xalqımızın həyat rifahının yüksəldilməsinə yönəlmiş dövlət siyasətinin ən uğurlu nailiyyətlərindən biri olan 2013-cü ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Azərbaycan brendi sayılan “ASAN xidmət”in fəaliyyətini ilə baş vermişdir. “ASAN xidmət” (ASAN) – Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 13 iyul 2012-ci il tarixli, 685 nömrəli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin himayəsi altında yaradılmışdır. Bu agentliyin əsas məqsədlərini nəzərədən keçirək: vətəndaşların xərclərinin və vaxt itkilərinin azaldılması, vətəndaşlarla münasibətdə etika qaydalarının, nəzakətli davtranışın gözlənilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət müəssisələrinə inamın möhkəmləndirilməsi, şəffaflığın artırılması, rüşvətxorluqla mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə və s . Göründüyü kimi burada hər şey vətəndaşların rahatlığının və firavanlığının inkişafına, korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsinə istiqamətlənmişdir. Buütün bunlar isə öz nıvbəsində dövlətə simpatiyanın artmasına , dövlət siyasətinə pozitiv yanaşmanın təşəkkül tapmsına və düövət qulluğu imicinin inkişafına köklənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.


Murtəza Həsənov,
s.e.f.d.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir