KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Khadija Ismayil: sizə tanımadığınız bir oğlandan danışıram

Khadija Ismayil: sizə tanımadığınız bir oğlandan danışıram

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
321 0

Bir ildir, sizə tanımadığınız bir oğlandan danışıram. İtkin xəbəri gələndə tanımadıqları gənci bizimlə bərabər axtaranlara, sonra nəşi tapılanda tanımadıqları oğlan üçün göz yaşı tökənlərə necə izah edəydim onun kim olduğunu?

Bu gün 22 yaşı olacaqdı, amma 21-nə də çatmadı. Nə etmişdi savaşa qədər? Nə yaşamışdı? Nə görmüşdü? Kim idi o?

Əgər qonşudakı qoca qadının yükünü əlindən alan, əsgərliyə gedəndə də məhəllə uşaqlarına bunu etməyi tapşıran qonşunuz varsa, Rövşəndir o.

Atası çox sərt, anası aşırı nəzarətcil olanda da böyüyə söz qaytarmaq olmaz deyib, mübahisə etməyən övladınız varsa, Rövşəndir o.

Gələcək haqda danışanda da, “papaya çox çətindir,” gərək elə eləyim, köməyim dəysin deyib, sənət arzularından imtina edən oğlunuz varsa, Rövşəndir o.

Bacısı ilə dərdləşəcək qədər yumşaq, onu qoruyacaq qədər güclü qardaşınız varsa, Rövşəndir o.

Aşırı proqressiv bibiylə dost ola biləcək qədər anlayışlı qaqa tanıyırsınızsa, o da Rövşəndir.

A bala, mikrorayonda hər dava dalaş yerindən səsin gəlir, uzaq dur deyəndə “dostumu tək qoymayacaqdım ki” deyən uşaqlar var ha, onlardan idi Rövşən…

Sizin heç son zəngdə qızlarla bir yerdəsiniz, çox içməyin deyib, sinfin oğlanları ilə mübahisə edən dostunuz oldumu?

Dostlarına “ciddi deyilsizsə, qızları oyuncaq eləməyin, hamımızın bacısı var” deyən oğlan çıxdımı heç qarşınıza? Rövşən idi o.

Hər şeyi bildiyini düşünməyən, hələ öyrənməliyəm deyən, özgüvəni qabiliyyətindən çox çox aşağı olan birini tanıyırsınızsa, Rövşən də elə idi.

Adi uşaq idi. Bir az utancaq, çöldə davakar, evdə mehriban, incə zarafatlı. Tanıdığım ən qanacaqlı yeniyetmə idi.

Biz onu müharibədən yox, həyatdan tanıdıq. Kaş siz də tanıyaydınız. Şəhidliyindən əvvəl özünü…

Bu gün 22 olacaqdı. Keçən il bu gün mən artıq bilirdim döyüşdə həlak olduğunu.
Amma ümid vermişdilər ailəmizə . “İrəli gediblər, rabitə yoxdur, amma xəbər gəlib ki, sağdılar” deyirdilər. Biz də axtarırdıq. Həmin gün onlarda tort da kəsdik, ümidimizi o tortun şamına tutuşdurduq, arzu tutduq. bilirdim yalançıdır o ümid. İndi isə darıxıram o yalançı ümidçün. Bir də bunu deməkçün:
Ad günün mübarək, Tatan…

Khadija Ismayil

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir