“Kaspersky” şirkətinin sifarişi ilə Bakı şəhərində həyata keçirilmiş araşdırmanın* nəticələrinə görə, valideynlər övladlarının internetdə fəaliyyətlərini məhdudlaşdırmağa və onların kibertəhlükəsizliyinə görə narahat olmağa meyillidirlər, lakin özləri elementar təhlükəsizlik tədbirlərini unudurlar.
Bu barədə “Kaspersky” şirkətinin mütəxəssisləri Azərbaycan Resublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “İnnovasiyalar həftəsi – 2019” çərçivəsində baş tutmuş “Kaspersky Security Day” tədbirindən öncə keçirilmiş Mətbuat Konfransında məlumat veriblər.
Mətbuat Konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun və “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədovun salamlama nitqi ilə açıq elan edilib.
Mətbuat Konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, habelə “Kaspersky” şirkətinin nümayəndələrinin sahə üzrə məruzə və təqdimatları dinlənilib.
“Kaspersky” şirkəti tərəfindən aparılan sorğuda iştirak edən valideynlərin 74%-i bildirib ki, övladının elektron qurğularla keçirə biləcəyi vaxtı məhdudlaşdırır. Respondentlərin 85%-i hər zaman və ya lazım olduğu halda övladının elektron qurğularla nə etdiyinə və internetdə necə vaxt keçirdiyinə nəzarət edir. Paytaxt valideynlərinin 72%-i övladına bu cür nəzarət etməsini etik qaydalara uyğun sayır. Valideyn tərəfindən nəzarət göstəricisinin uşaq yetkinlik yaşına çatdıqda da yüksək qalması maraq doğurur. Məsələn, sorğuda iştirak etmiş valideynlərin yarısı 15-18 yaşlarında olan yeniyetmə övladlarının elektron qurğulardan istifadəsinə nəzarəti normal hesab edir.
Bakı şəhərində valideynlərin azyaşlıların kibertəhlükəsizlik vəziyyətinə münasibətini “Kaspersky”nin sifarişi ilə “Era” şirkəti 2019-cu ilin oktyabr ayında araşdırıb. Aparılan sorğuda 0-18 yaş arasında övladı olan 300 valideyn iştirak edib.
Araşdırmanın nəticələrinə əsasən valideynlərin 55%-i sosial şəbəkə hesablarında övladları haqqında mütəmadi olaraq foto və yazılar paylaşırlar. Onların yalnız 22%-i övladından şəbəkədə onun haqqında məlumat yerləşdirmək üçün razılıq alır. Rəyi öyrənilmiş valideyn respondentlərin 19%-i sosial şəbəkələrdə uşaqlarının həyatlarından hekayələr paylaşır, 14%-i hobbiləri haqqında yazır, 18%-i geolokasiya, 11%-i isə övladlarının oxuduğu təhsil müəssisəsi haqqında məlumat verirlər.
“Kaspersky” şirkətinin mütəxəssisləri xatırladır ki, bu cür şəxsi məlumatların yayılması azyaşlılar üçün potensial risklər yaradır, çünki cinayətkarlar uşağın harada və nə vaxt olması, nə ilə maraqlanması barədə ətraflı məlumat əldə edir və bundan yararlanaraq, onunla əlaqə qurmaq üçün istifadə edir.
Bir tərəfdən, paytaxtda yaşayan valideynlər bu potensial risklərdən xəbərdardırlar, buna görə də böyük əksəriyyəti (81%) bu cür postların yalnız dostları tərəfindən görülməsinə icazə verirlər. Lakin maraqlıdır ki, sorğuda iştirak etmiş valideynlərin 62%-i sosial şəbəkələrdə real həyatda tanış olmadıqları insanları dost siyahısına əlavə etdiklərini də etiraf edirlər.
“Valideynlərin narahatlığı anlaşılan və əsaslıdır, çünki övladlarımızı hər cür təhlükədən qorumaq istəyirik, internetdə isə təhlükə həqiqətən kifayət qədərdir. Ancaq valideynlər yalnız nəzarət etməli deyil, həm də övladlarına nümunə olmalıdırlar. Şəbəkədə təhlükəsizlik qaydalarına riayət, fərdi məlumatların mühafizəsinə və onların paylaşılmasına nəzarət, həmçinin, sosial şəbəkələrdə dost siyahısına yalnız şəxsən tanıdığınız insanları əlavə etmək vacibdir.
“Kibertəhlükəsizlik qaydalarına bütün ailə ilə birlikdə əməl etmək daha asandır”, – bunu “Kaspersky Lab” şirkətinin internetdə uşaq təhlükəsizliyi üzrə mütəxəssisi Konstantin İqnatyev qeyd edib.
Araşdırma nəticəsində Bakı şəhərində valideynlərin övladlarının internetdə ən çox təhlükəli və ya onlara uyğun olmayan məzmunu görə biləcəklərindən narahat olduqları məlum olub. Bu kateqoriyalara alkoqollu içki və narkotik istifadəsi (respondentlərin 71%-i), zorakılıq (respondentlərin 65%-i) və ya pornoqrafiya (59%-i) aiddir. Lakin “Kaspersky” şirkətinin daxili statistikasına görə, uşaqlar belə saytlara demək olar ki, daxil olmurlar.
Belə ki, 2019-cu ilin üç rübü ərzində paytaxtda yaşayan azyaşlıların yalnız 2%-i böyüklər üçün nəzərdə tutulmuş, 0,7%-i zorakılıq, 0,6%-i alkoqollu içki, tütün və narkotik vasitələrdən bəhs edən veb-saytlara daxil olublar. Uşaqların böyük əksəriyyətinin internetdə maraqlarına qısa videolar, serial və film izləmək, musiqi dinləmək və sosial şəbəkələrdə ünsiyyət qurmaq daxildir. “Kaspersky”nin məlumatına görə, bu ilin üç rübü ərzində uşaqların 45%-i multimediya məzmunlu saytlardan, 28%-i isə sosial şəbəkələr və mesencerlərdən istifadə ediblər.
Məlumatlar anonim statistika əsasında “Kaspersky” şirkətinin “Valideyn nəzarəti” modulundan istifadə etməklə və “Kaspersky Safe Kids” məhsulunun köməyi ilə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində toplanılıb
Valideynlərə sadalanan problemlərin anlaşılmasında, həmçinin, uşaqların zərərli məzmundan və digər internet təhlükələrindən qorunmasında “Kaspersky Safe Kids” həlli ilə yardım etmək olar. “Kaspersky”nin bu məhsulu bir çox aktual kibertəhdidləri tanıyır və məhdudlaşdırır, zərərli məzmunu filtrdən keçirir və potensial təhlükəli kənar şəxslərlə onlayn əlaqələrin qarşısını alır. Bundan əlavə, bu həll vasitəsilə valideynlər uşağın davranışından və sosial şəbəkələrdəki dostlar siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həmçinin real vaxt rejimində onun yerini də öyrənə bilər.
Vefa Ferecova