KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Rövşənoğlu: İraqda baş verir Bağdaddakı iğtişaşların səbəbləri haqqında

Kənan Rövşənoğlu: İraqda baş verir Bağdaddakı iğtişaşların səbəbləri haqqında

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
275 0

İraqda baş verən gərginlik bir sutkadan sonra başa çatdı

“Sədr Hərəkatı”nın lideri Müqtəda əs-Sədr bu gün günorta saatlarında tərəfdarlarına müraciət edərək aksiyanı dayandırmağı və “yaşıl zona” adlanan, hökumət qurumlarının yerləşdiyi rayonu tərk etmələrini tələb edib. Artıq etirazçıların tədricən dağılışaraq ərazini tərk etdiyi bildirilir. Bunun daha bir təsdiqi isə İraq ərazisində fövqəladə vəziyyət rejiminin götürülməsi, İranla sərhədlərin açılmasıdır.

Çünki daha əvvəl iğtişaşlar səbəbi ilə sərhədlərin bağlanacağı, Ərbəin mərasiminin baş tutmayacağıyla bağlı narahatlıq var idi. Ancaq İran rəsmiləri artıq Sələmçə və Mehran sərhəd-keçid məntəqələrinin açıldığı, zəvvarların buraxıldığı barədə məlumat yayıb.

İraqda nələr oldu?

İraqda baş verənlərin kökü ölkədəki mövcud siyasi sistemlə, daha dəqiq, sistemin çalışmaması ilə bağlıdır. Üstəlik, xarici ölkələrin İraqdakı maraqları və bu maraqların toqquşması ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirir. 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalı və Səddam Hüseynin devrilməsindən sonra ölkədə Livandakı siyasi sistemə bənzər sistem qurulub, siyasi hakimiyyətin qolları etnik və dini-məzhəbi qruplar arasında bölünüb. Buna əsasən, İraq prezidenti kürd əsilli, yəni kürd siyasi qüvvələrin namizədi, parlament sədri sünni (ərəb), hökumət rəhbəri – baş nazir isə şiə (ərəb) olmalıdır. Bu sistem faktiki olaraq dalana dirənib və 2005-ci ildən bu yana İraqda keçirilən bütün seçkilərdən sonra hökumətin formalaşdırılması aylarla, bəzən bir ildən çox vaxt aparıb.

İraqda sonuncu parlament (növbədənkənar) seçkiləri ötən ilin oktyabrında keçirilib. Seçkilərin nəticələrinə əsasən, Müqtəda əs-Sədrin rəhbərlik etdiyi “Sədr Hərəkatı” 329 yerlik parlamentdə 54 mandat qazanaraq siyahı birincisi olub. Ancaq Sədr və tərəfdarları hökumət qurmaq üçün lazım olan parlament çoxluğunu bir araya toplaya bilmədi. Nəticədə İraqda hələ də müvəqqəti Kazımi hökuməti davam edir.

Ötən ay parlament qarşısında oturaq aksiyalara başlayan Sədr tərəfdarları parlamentin buraxılmasını və yeni seçkilər tələb edirdi. Ancaq bu baş vermədikdə aksiyaların hədəfi məhkəmə oldu. Ali Məhkəmə parlamenti buraxmaq səlahiyyətinin olmadığını bildirərək bundan imtina etdi. Bundan sonra aksiyaların məhkəmə binası önünə keçməsi gərginliyi və qarşıdurmanı alovlandırdı.

Lakin dünən başlayan toqquşmalarla birbaşa əlaqəsi olan daha iki mühüm hadisə baş verdi. Birincisi, İraqda yaşayan təqlid mərcəsi, siyasi proseslərdə aktiv təsiri olan Ayətullah Seyid Kazım Hairinin siyasətdən çəkildiyini elan etməsi idi. İraqda hazırda sağ olan nüfuzlu təqlid mərcələrindən biri olan Hairi siyasi sahədə fikir sahibi idi. Digər tərəfdən, Sədr ailəsi ilə yaxın hesab olunur.

Maraqlıdır ki, Ayətullah Hairi yaydığı açıqlamada gənclərə İran Ali dini lideri Ayətullah Seyid Əli Xameneyini dəstəkləmək çağırışı edib. O, açıqlamasında Ayətullah Xameneyini ümmətin lideri və zalım işğalçı qüvvələrə qarşı mübarizənin liderliyinə layiq şəxs adlandırıb.

Ayətullah Hairinin açıqlamasından bir qədər sonra isə Müqtəda əs-Sədr açıqlama yayaraq siyasətdən getdiyini, rəhbərlik etdiyi hərəkata məxsus təşkilat və qurumları buraxdığını, yalnız 3 təşkilatda (onlardan biri muzeydir) fəaliyyətini davam etdirəcəyini bildirdi. Onun bu açıqlamasından sonra Bağdadda qarışıqlıq yüksəldi və nəticədə Sədr tərəfdarları parlament və hökumət binalarını ələ keçirdi. Sonrakı saatlarda polis və təhlükəsizlik qüvvələri ilə bağlı baş verən atışmalarda 20-dək insan dünyasını dəyişdi.

Bir sutkalıq iğtişaşın arxasındakı səbəblər

İraqda baş verən iğtişaşların arxasında hansı qüvvə və məqsədlərin dayanması ilə bağlı bir neçə ehtimal var. İlkin ehtimal budur ki, Müqtəda əs-Sədr tərəfdarları içərisində xüsusi qruplar olub, onlar ölkədə sabitliyi pozmaq, Sədri sıradan çıxarmaq və onun nüfuzuna zərbə vurmaq üçün onun aksiyaları dayandırmaq və siyasətdən getmək bəyanatı verməsinin ardınca kütləvi iğtişaşlara başlayıb.

7620234.jpg (30 KB)

Bu ehtimalın maraqlı tərəfi ondadır ki, bir sıra yerli və İran media quruluşları təxribatların xaricdən, o cümlədən Səudiyyə Ərəbistanına bağlı qruplar tərəfindən qızışdırıldığını yazır.

Bəzi media orqanları isə hadisələrin bu şəkli almasının arxasında İrana yaxın qüvvələrin olduğunu yazır. Bu da ilk növbədə onu göstərir ki, İraqdakı çaxnaşma sadəcə ölkədaxili siyasi böhran deyil, İraq üzərində maraqlı qüvvələr arasında nüfuz müharibəsinin bir hissəsidir.

İkinci ehtimal budur ki, Ayətullah Hairinin siyasətdən çəkilməsi və məlum açıqlamasından sonra qəzəblənən Sədr kənara çəkilmək və fəaliyyətini dayandırmaqla bağlı tələsik qərar qəbul edir, ancaq onun bu hərəkəti tərs effekt verir. Onun hərəkatı içərisindəki qruplar kənardan hərəkətə gətirilərək İraqda xaos yaradılır və məsuliyyət Sədrin üzərinə atılır.

Üçüncü mümkün ehtimal Sədrin özünün güc göstərmək üçün bu hadisəni planlamasıdır. Müqtəda əs-Sədr İraqda ABŞ-ın mövcudluğuna qarşı olduğu kimi, eyni zamanda İranın açıq təsirinin olmasına qarşı çıxır. Ehtimal olunur ki, M.Sədr Bağdadda qısamüddətli iğtişaşlara şərait yaradıb və ya ən azından bir sutka davam etməsinə göz yumub. Nəticədə həm daxili siyasi-dini qruplara, həm də xaricə güc göstərək, İraqda əsas hesablaşılmalı qüvvə olduğunu nümayiş etdirib.

Əlbəttə, bütün bunlar ilkin ehtimallardır. Ancaq aydın məsələdir ki, Sədrin sakitlik çağırışı həm də siyasi danışıqların nəticəsidir. Yuxarıda qeyd olunan 3 versiyadan hansı birinin və ya ikisinin doğru olmasını yaxın günlərdə İraq siyasətində veriləcək qərarlara görə biləcəyik. Əgər Sədrin tələbləri qəbul olunacaqsa, o zaman bu aksiyaların arxasında onun özünün olması və ya ən azından bu aksiyalar vasitəsilə məqsədinə nail olması məlum olacaq. Əks təqdirdə, o, siyasi gücünü itirəcək və mümkündür ki, yaxın dövr üçün proseslərdən çəkiləcək.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir