KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: Ukrayna harekete geçiyor

Kənan Novruzov: Ukrayna harekete geçiyor

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
184 0

Ukrayna hərəkətə keçir: Krımda gərginlik yaranacaq
ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya Silahlı Qüvvələri hərbi texnikasını Krımdan çıxarmağa başlayıb.
Bildirilib ki, bu, Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlıdır: “Peyk görüntüləri rus texnikasının Krımın Mevdevka rayonunda xeyli geri çəkildiyini göstərir. Amma onların hansı istiqamətdə hərəkət etdiyi məlum deyil”.
Bir müddət əvvəl Krımda ard-arda partlayışlar baş vermişdi.
Məlum olduğu kimi, Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski dəfələrlə deyiblər ki, Krım azad olunmadan müharibə başa çatmayacaq. Rəsmi Kiyevin mövqeyinə görə, sülh üçün ruslar işğal etdikləri bütün torpaqlardan, o cümlədən Krımdan çıxmalıdırlar.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bu günlərdə demişdi ki, Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır. Onun sözlərinə görə. Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.
Əlbəttə, Yusovun söylədiklərinin həm də informasiya müharibəsinin tərkib hissəsi olduğunu unutmamalıyıq. Amma mövcud mənzərə onu deməyə əsas verir ki, Krımdakı ruslar artıq təşviş içindədirlər və onlar başa düşürlər ki, Ukrayna torpaqlarını azad etməkdə qətiyyətlidir.
Ukrayna Prezident Ofisinin nümayəndəsi Andrey Sibiqa bu günlərdə demişdi ki, yalnız Krım məsələsində Rusiya ilə diplomatik danışıqlar aparıla bilər. O, bunu mümkün variantlardan biri kimi qiymətləndirmiş, hərbi yolu istisna etməmişdi.
Görünür, artıq nəinki Krımda yaşayan rusiyalılar, Kreml də başa düşür ki, yarımada ilə bağlı təhlükə var.
Doğrudur, indiki şəraitdə Krımda quru əməliyyatlarının başlanması, demək olar, mümkünsüzdür. Amma Ukrayna Silahlı Qüvvələri Krımdakı Rusiya bazarlarına havadan zərbələr endirməyə başlaya bilərlər. Nəticədə Rusiyanın yarımadadakı mövqeləri xeyli zəifləyə bilər. Bu isə perspektivdə Krımın azad olunmasına şərait yaradacaq.
Hazırda ən gərgin döyüşlər Donetsk vilayətinin Baxmut şəhərində gedir. Ukrayna tərəfi vəziyyətin gərgin olduğunu etiraf edir. Ukrayna qoşunlarının Baxmutda geri çəkiləcəyinə inanmıram. Yox, əgər bu olarsa, mümkündür ki, müdafiə qoşunları başqa istiqamətdə, o cümlədən Krımda intensiv əks- hücum əməliyyatlarına başlayacaqlar.
Rəsmi Kiyev qarşıdakı həftələrdə əks – hücum əməliyyatlarının başlanacağını elan edib. Bu əməliyyatların mayın sonuna kimi başlanacağı gözlənilir.
ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks- hücum əməliyyatlarına başlayacağını təsdiqləyib və bildirib ki, Vaşinqton Ukrayna Silahlı Qüvvələrini dəstəkləyəcək. Ehtimal edilən əməliyyatlarla bağlı Kiyevlə Vaşinqton arasında hələ ki, ictimaiyyətə açıqlanmayan razılığın əldə olunması mümkündür.
Müxtəlif iddialara görə, qarşıdakı aylarda müharibə daha da şiddətlənəcək. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da dünən rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında bu məsələyə münasibət bildirdi və dedi ki, payıza doğru döyüş meydanındakı durum daha da gərginləşəcək. Əlbəttə, Çavuşoğlunun bu fikrinə ciddi yanaşmaq lazımdır. O, təsadüfi açıqlamalar vermir. Üstəgəl, nəzərə almaq lazımdır ki, rəsmi Ankara müntəzəm olaraq hər iki tərəflə təmasdadır, həm Kiyevin, həm də Moskvanın mövqeyinə bələddir.
Çin və İranın Rusiya ilə hərbi əməkdaşlığı, Belarusun müharibəyə cəlb olunması istiqamətində Kremlin səyləri də onu göstərir ki, qarşıdakı aylar hər iki tərəf üçün kifayət qədər çətin, bəlkə də, həlledici olacaq. Ukrayna müdafiə naziri Oliksiy Reznikovun bir müddət əvvəl verdiyi müsahibələrin birində “bu il savaş başa çatacaq” deməsi də yuxarıdakı fikirlərimizi gücləndirir.
Bütün bu məqamlar fonunda yaxın gələcəkdə Krımda gərginliyin yaranması və Ukraynanın nəinki taktiki və strateji, həm də psixoloji üstünlük uğrunda hərəkətə keçməsi tamamilə gözləniləndir.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir