KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Kənan Novruzov: Taxıl sazişi” bərpa olacaq?- Ərdoğan bunu bacararsa…

Kənan Novruzov: Taxıl sazişi” bərpa olacaq?- Ərdoğan bunu bacararsa…

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
118 0

Rusiya KİV-i diplomatik mənbələrə istinadən bildirib ki, İstanbulda Türkiyə, BMT və Rusiya nümayəndələrinin iştirakı ilə “Taxıl sazişi” ilə bağlı görüş keçirilə bilər.
Qeyd olunub ki, hazırda görüşün təşkili imkanları qiymətləndirilir: “Müzakirə üçün konkret təkliflər hazırlanır. Müvafiq kanallar koordinasiya prosesini davam etdirir”.
Görüşün tarixi açıqlanmayıb.
Məlum olduğu kimi, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə “Taxıl sazişi” imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.
BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nin müddətini uzatmağa çağırıb.
Rəsmi Moskva “Taxıl sazişi”ndən birtərəfli qaydada çıxandan sonra Ankara razılığın bərpası üçün səmimi səylər göstərməyə davam edir.
Türkiyə “Taxıl sazişi”nin bərpasında, həqiqətən, maraqlıdır. Bunun bir neçə səbəbi var. Birincisi, Ankara bunu bacarmaqla dünyanı aclıq təhlükəsindən xilas edə bilər. Bu isə Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın dünyadakı nüfuzuna daha müsbət təsir edəcək. İkincisi, Türkiyə müharibənin bitməsini istəyir. “Taxıl sazişi” Rusiya ilə Ukraynanın ortaq maraq dairəsi ola bilər. Beləliklə, razılığın bərpası həm də ehtimal edilən sülh üçün pəncərə rolunu oynaya bilər. Üçüncüsü, Türkiyə bu yolla proseslərdəki təsir gücünü qoruya bilər.
Hazırda “Taxıl sazişi”nin bərpası istiqamətində müxtəlif səviyyələrdə təmaslar davam edir. Ərdoğan prosesə şəxsən nəzarət edir.
İddia edildiyi kimi, İstanbulda üçtərəfli görüşün keçirilməsi praktiki cəhətdən mümkündür. Amma bu müzakirələr, yəqin ki, Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşündən sonra olacaq. Çox güman, İstanbulda keçirilməsi nəzərdə tutulan görüşdən əvvəl liderlər bəzi detallar barədə razılıq əldə etməyə çalışacaqlar.
Eyni zamanda əgər İstanbulda üçtərəfli görüş olacaqsa, Türkiyə mütləq Ukrayna ilə də koordinasiyalı davranacaq. Bu mənada ehtimal edilən görüşdən əvvəl Ərdoğanın ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışması mümkündür.
Ehtimal etmək olar ki, Türkiyə “Taxıl sazişi”nin bərpasına nail olacaq. Beləliklə, Ərdoğan dünyanı qlobal aclıq təhlükəsindən xilas edə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir