KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Kənan Novruzov: “Taliban” legitimləşə bilər, amma…

Kənan Novruzov: “Taliban” legitimləşə bilər, amma…

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
280 0

Bu günlərdə Qətərdə Çinin xarici işlər naziri Van Yi ilə müvəqqəti “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan
Mötəkki arasında danışıqlar olub. “Taliban” nümayəndəsi Əfqanıstan ərazisindən Çinə təhlükə yaratmaq üçün heç bir qüvvəyə icazə verilməyəcəyini vurğulayıb.
“Ağ Ev”də keçirilən brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə bildirib ki, Vaşinqton Əfqanıstanla bağlı məsələlərdə Moskva və Pekinlə konstruktiv məsləhətləşmələr apara bilər: “Düşünürəm ki, biz hər iki ölkə ilə konstruktiv dialoq apara bilərik. Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Romada keçiriləcək G20 sammitində şəxsən iştirak etmək niyyətində deyillər. Lakin bizim bu istiqamətdə Rusiya və Çinlə qarşılıqlı əlaqədə ola biləcəyimiz başqa formatlar, o cümlədən müxtəlif regional görüşlər var”.
Pentaqonun “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İŞİD və Əl-Qaidə kimi terror təşkilatlarının terror aktı törədə bilməsi xəbərdarlığı da diqqət çəkir. Pentaqon nümayəndələri hücumların Əfqanıstandan kənarda bir yerdə gözlənildiyini deyiblər. ABŞ müdafiə naziri Lyod Austin bu günlərdə Əl- Qaidə terror təşkilatının Əfqanıstanda yenidən formalaşmasının mümkün olduğunu bildirib. “İŞİD və Əl- Qaidə kimi terror təşkilatlarının hakimiyyətdəki boşluqlardan yararlanması təbiidir. Belə bir şey olsa, ABŞ müdaxilə edəcək”.
Şübhəsiz, bütün bunlar onu göstərir ki, “Taliban” dünya siyasətinin əsas mövzularından biridir. Yəqin, hələ xeyli müddət belə davam edəcək.
Fikrimcə, beynəlxalq ictimaiyyət Əfqanıstandakı yeni hakimiyyəti tanımağa meyillidir. Hər halda verilən açıqlamalar və bir çox dövlətin konkret mövqeyi bunu göstərir. Doğrudur, Moskva və Pekin narahatdır. Elə buna görə “Taliban” xarici işlər naziri deyib ki, Çin üçün hansısa təhdid olmayacaq. Moskva isə, çox güman, güzəştə getməlidir. Əks halda Ankara ilə münasibətlərda ziddiyət yarana bilər. Bu, indiki halda şimal qonşumuz üçün arzuolunan deyil.
Noyabrın ikinci yarısında Əfqanıstandakı durumla bağlı ABŞ, Pakistan, Rusiya və Çin nümayəndələrinin görüşü gözlənilir. Əslində heyət balanslıdır. Sonuncu iki ölkə “Taliban”ı tanımaq istəmir. Pakistan həmin qruplaşmaya müsbət mesajlar verən dövlətlərdəndir. ABŞ isə düşünür. Ancaq dediyimiz kimi, Rusiya “Taliban”a göz yummalı olacaq.
Qoşunların Əfqanıstandan çıxarılmasından və bütün silah- sursatın ölkədəki yeni hakimiyyətə qalmasından sonra daxildə Bayden administrasiyasına qarşı narazılıqların yarandığını nəzərə alsaq, ola bilsin, ABŞ yenidən Əfqanıstana daxil olmağın yollarını axtarır. Elə buna görə müdafiə naziri yuxarıda xatırlatdığımız açıqlamada ölkəyə müdaxilə ehtimalını istisna etməyib. Bu, bir növ “ayaq yeri qoymaq” deməkdir.
İstənilən halda “Taliban”ın legitimləşmək şansı daha çoxdur. Və böyük ehtimalla bu, olacaq. Amma yeni hakimiyyət daim nəzarət altında qalacaq. O vaxtadək danışıqların intensivləşməsi, müxtəlif razılıqların əldə olunması mümkündür. Əgər “Taliban” qırmızı xətti keçsə, bu, ona baha başa gələcək.
Kənan Novruzov kafkassam

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir