KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Kənan Novruzov: Tərtər istiqamətindəki təxribatın “dirijoru” müxalifətdir, yoxsa iqtidar?

Kənan Novruzov: Tərtər istiqamətindəki təxribatın “dirijoru” müxalifətdir, yoxsa iqtidar?

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
328 0

Bir gün əvvəl gecə saat 00:23- dən 02:12- dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri
Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə bölmələrimiz
dərhal cavab tədbirləri görüblər. Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan yoxdur. Mövqelərimiz atəşə tutulan zaman Qapanlı yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib. Təxribat törədən qanunsuz erməni silahlı dəstəsinin üzvlərinin spirtli içkinin təsiri altında atəş açmaları müşahidə edilib. Hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilib.
Maraqlıdır ki, bu ərəfələrdə Qarabağda terrorçu dəstələrinin yenidən fəallaşması ilə bağlı informasiyalar yayılmaqdadır. Belə ki, erməni terror təşkilatı VOMA yenidən aktivləşməyə başlayıb. Vətən müharibəsindən sonra səsi batan terror təşkilatının sorağı son vaxtlar sosial şəbəkələrdən gəlir. Təşkilatın məlumatına görə, onlar yeni terrorçular hazırlamaq məqsədi ilə “filiallarından” birini Xankəndidə açmağa hazırlaşırlar.
Elə isə maraqlıdır, bu iki hadisənin bir- biri ilə nə qədər əlaqəsi var? Və daha vacibi: proseslər haradan idarə olunur? Nəzərə almaq lazımdır ki, Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ermənistan üçün regionda yeni mərhələ başlayıb. Baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrdə, regional əməkdaşlıqda maraqlı kimi görsənir. Müxalifət, o cümlədən “Qarabağ klanı” isə bunun qəti əleyhinədir. Təsadüfi deyil ki, müxalif deputatlar parlamentin, demək olar, hər iclasında iqtidarın xarici siyasətini tənqid edir, Paşinyanı xain adlandırırlarlar. Bu nöqteyi- nəzərdən sözügedən provokasiyaların arxasında narazı qüvvələrin dayanması daha ağlabatandır. Onlar bu yolla normallaşma əlaqələrinə zərbə vurmaq, prosesləri ləngitmək, hətta, ola bilsin, Ermənistan nümayəndələrinin Antalya diplomatiya forumunda iştirakının qarşısını almaq istəyirlər. Xüsusilə keçmiş hakimiyyətin hələ də ordu üzərində təsiri olduğunu nəzərə alsaq, bu ehtimal tamamilə mümkündür. Həm də indi münasibətləri korlamaq Paşinyana sərf etmir. Təxribatların iqtidarın əli ilə idarə olunması yalnız bir halda mümkündür: əgər hakimiyyət yenidən “suları durultmaq” naminə Azərbaycan və Türkiyədən hansısa divident umursa. Hərçənd bu, o qədər də inandırıcı deyil. Və ümumiyyətlə, indi Qarabağ ətrafında xaos Paşinyana sərf etmir.
Baş verənlərin daxildəki siyasi proseslərlə, o cümlədən prezident seçkiləri ilə də əlaqələndirmək mümkündür. Bəlkə də, müxalifət həmin posta öz namizədini gətirmək üçün iqtidara qarşı narazılıq yaratmaq istəyir.
Eyni zamanda xatırladaq ki, təxminən bir aydır, ATƏT- in Minsk Qrupunun fəallaşması ilə bağlı cəhdlər olur. Erməni rəsmiləri də bir neçə dəfə bu məzmunda açıqlamalar veriblər. Sonuncu dəfə isə
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Doğrudur, həmin görüşdə Minsk Qrupunun adı çəkilmədi. Lakin, ola bilsin, Qərb yenidən “oyuna daxil olmaq” üçün zəmin yaradır.
Bütün hallarda ən azından sülhməramlıların Qarabağda qalma müddətinin uzadılması üçün provokasiyalar gözlənilən idi. Oxşar saboyajlar gələcəkdə də olacaq. Lakin təxribatların geniş miqyas alacağı ehtimalı azdır. Bu, nəinki İrəvanın, heç Moskvanın da maraqlarına cavab vermir. Azərbaycan ordusunun növbəti anti-terror əməliyyatı isə istisna deyil.

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir