KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Kənan Novruzov: Paşinyan Putinə zəng etdi: Kim zəmanət verə bilər ki?

Kənan Novruzov: Paşinyan Putinə zəng etdi: Kim zəmanət verə bilər ki?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
286 0

Dünən Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Məlumata görə telefon danışığı rəsmi İrəvanın təşəbbüsü ilə baş tutub. Liderlər Qarabağdakı durumu müzakirə ediblər. Eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb.
Bundan başqa, tərəflər regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Regionda baş verən bir sıra hadisələrin, o cümlədən İrəvanın Qərbi meyilliliyi, Avrupa İttifaqının buradakı təsir gücünün artması, Paşinyanın sülhməramlılar haqqında səsləndirdiyi tənqidi fikirlər, ermənilərin Laçından çıxması və s. fonunda tərəflər arasında ən yüksək səviyyədə təmas gözlənilən idi. Sadaladığımız bütün məqamlar Kremli qıcıqlandırır. Bu mənada, yəqin ki, Rusiya Ermənistanı sıxışdırmağa çalışacaq.
İstisna deyil ki, dünənki telefon danışığında da Putin Paşinyana müəyyən xəbərdaqlırlar edib.
Telefon danışığının ermənilərin Laçında çıxdığı, sülhməramlıların ərazidəki postları sökdüyü bir vaxtda baş tutmasını təsadüfi hesab etmirəm. Çox güman ki, Putinlə Paşinyan bu barədə də fikir mübadiləsi aparıblar.
Əvvəllər də dediyimiz kimi, Rusiya ermənilərin Laçından çıxmasını istəmir. Çünki bu, Bakı ilə İrəvan arasında etimad mühitinin formalaşması istiqamətində növbəti addım ola bilər. Amma indi ermənilərin ərazilərimizi tərk etməkdən başqa yolu yoxdur. Etiraf etməliyik ki, Ermənistan hakimiyyəti də bu məsələdə siyasi iradə göstərir. Çox güman, ermənilər avqustun sonuna kimi Laçından çıxacaqlar. Amma təxribatlar planlaşdırılması mümkündür. Hətta istisna deyil ki, ehtimal edilən provokasiyalar məhz Moskvanın iştirakı ilə baş tutacaq. Sözügedən telefon danışığı zamanı bu məsələ barədə fikir mübadiləsi aparılmadığına kimsə zəmanət verə bilməz.
Həmçinin Rusiya sülhməramlıların ərazidən çıxmasını da istəmir. Əksinə, rus hərbçilərinin Qarabağda qalmaq müddətinin uzadılması Kremlin strateji maraqlarına uyğundur. Moskva bunun üçün əlindən gələni etməyə hazırdır. Şübhəsiz ki, sülhməramlılar Qarabağdakı mövcudluğunu təmin edə bilən başlıca səbəb Ermənistanla Azərbaycan arasında etimad mühitinin yaranmaması, gərginliyin qalmasıdır. Deməli, təxribatların davam etməsi Rusiya üçün həyati əhəmiyyətlidir.
Diqqətçəkən daha bir məqam ermənilərin Laçını tərk etməsi ilə əlaqədər olaraq bu günlərdə İrəvanda aksiyaların baş tutması idi. Həmin mitinqlərdə Rusiyanın və ya əlaltılarıın “əlinin” olması mümkündür. Əlbəttə, etirazlar bu və ya digər dərəcədə hakimiyyət üçün təhdiddir. Bu mitinqlər nəticəsində ən azından iqtidara etimad azala bilər. Bəlkə də, Rusiya əlaltıları vasitəsilə sadə xalqı ayağa qaldırmaqla Ermənistana xəbərdarlıq edir. Ola bilsin, telefon danışığı zamanı Putin bu barədə Paşinyana mövqeyini daha aydın çatdırıb. Bu baxımdan mitinqlərin növbəti günlərdə davam edib-etməməsi çox şeydən xəbər verə bilər.
Çox güman, Putinin Paşinyana təzyiqləri davam edəcək. Bu, yaxın gələcəkdə hansısa sabotaja səbəb ola bilər. Lakin rəsmi İrəvan başa düşməlidir ki, indi iradə göstərmək lazımdır. Əgər İrəvan indi Moskvaya qarşı müqavimət göstərə, manevr edə bilməsə, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilər.
Kənan Novruzov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir